Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadınlar niyə zorakılığa məruz qalır?



“Bu gün qadın sığınacağına üz tutan qadınlara həm ailənin, həm də cəmiyyətin münasibəti birmənalı deyil”


...“Qanun “namus” adı altında törədilən cinayətlərə görə cəzanın yüngülləşməsini nəzərdə tutmur”.
 
...“Cinayətkarların böyük əksəriyyəti məişət zorakılığı baş verən ailələrin övladlarıdır”.
 
...“Bir neçə ildən sonra Azərbaycanda bir qıza dörd oğlan düşəcək”.
 
...“Məişət zorakılığından şikayət edən qadınlar qınaq obyektidir”.
 
...“Zorakılıq faktları mediaya çıxarılmamalıdır”.
 
...“Qurani-Kərimi təfsir edənlərin çoxu kişilər olduğundan, təfsirlər kişilərin xeyrinədir”.
 
Bu fikirlər APA TV-də efirə gedən “Sosium” proqramında qadınlara qarşı şiddətə həsr olunmuş müzakirələrdə səslənib.
 
Verilişin qonağı, hüquqşünas ekspert Günel Səfərova Azərbaycanda məişət zorakılığı hallarının çox olmasının səbəblərindən danışıb: “Zorakılığın kökündə yatan bir səbəb yoxdur. 2008-2009-cu ildə BMT-nin Əhali Fondu ilə birlikdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin araşdırmasının nəticəsinə görə Azərbaycanda qadına qarşı zorakılığın 67 faiz olduğu aşkar edildi. Bunun səbəbləri sırasında sosial vəziyyətin aşağı olması, insanların psixoloji vəziyyətinə sosial vəziyyətin təsiri, ailədə tərəflərin aqressiv davranışı kimi amillər göstərilirdi. Sorğu nəticəsində məlum oldu ki, insanların bir qrupu uşaqlıqdan zorakılığa məruz qalmışdılar və bu onların sonrakı  həyatlarında da üzə çıxırdı. Digər bir qrup isə sanki zorakılığı mədəniyyətin bir parçası kimi qəbul edən tərəf idi. 1979-cu ildə qadına qarşı ayrı-seçkiliyin hər növünə qarşı konvensiya qəbul olundu. 1995-ci ildə Azərbaycan da bu konvensiyaya qoşuldu, 2006-cı ildə ölkəmizdə “Gender bərabərliyi haqqında” qanun, 2010-cu ildə isə “Məişət zorakılığı haqqında” qanun qəbul edildi. Yəni qanunlarda müəyyən boşluqlar olmasına baxmayaraq, qanuni cəhətdən vəziyyət tənzimlənir. Lakin hələ də qadın sığınacaq mərkəzlərinin olması, zorakılıq qurbanları üçün xüsusi bərpa mərkəzlərinin olmasında çatışmazlıqlar var, qadın polisin olmaması, heç də bütün halların qeydiyyata düşməməsi problemin həllinə mane olur”.
 
Hüquqşünas qadınların ölümü ilə nəticələnən bir çox ailədaxili cinayətlərdə “namus” faktorunun qabardılmasının ictimai fikirlə bağlı olduğunu deyib: “Cinayət Məcəlləsində yüngülləşdirici və ağırlaşdırıcı hallar tam aydın şəkildə göstərilir. Namus, əxlaqsızlıq üstündə öldürülən insana görə yüngülləşdirici hal nəzərdə tutulmur. Bəzi ailədaxili cinayətlərə də məhz ictimai qınağa görə “namus” adı verirlər. Bütün məişət zorakılığı hallarının kökünə baxsaq, orda kişilərin gətirdiyi arqument namus-qeyrət məsələləridir. Qadınlara qarşı zorlama faktları da gizlədilir, çünki həbsxanada belələrinə qarşı davranışın başqa cür olacağından ehtiyat edirlər”.
 
Günel Səfərova zorakılığın qarşısını almaq üçün effektiv mübarizə üsullarından danışıb: “İctimai fikrə təsir alətlərindən birincisi təhsildir. Dərsliklərdəki şəkillərdə ananın yerini görmək cəmiyyətdə qadın modelinin yerinə münasibəti müəyyənləşdirməyə kifayət edir. Azərbaycanda 2014-cü ildə 11 min boşanma faktı qeydə alınıb, bu rəqəm 2013-cü ildə 8500 olub. Əslində, boşanma bir tərəfdən zorakılığın qarşısını alan faktordur, amma bu digər tərəfdən uşağa psixoloji zorakılıqdır. Zorakılıqla mübarizə aparmaq üçün 3 ayrılmaz məfhum olmalıdır - qanunvericilik, icra və mədəniyyət, din”.
 
Qonaq qadına qarşı zorakılığın ən bariz nümunəsi olan selektiv abortlara da münasibət bildirib: “Azərbaycanda ailə planlaşdırması, selektiv abortlar və s. tənzimlənməsi üçün 2008-ci ildən Milli Məclisə təqdim olunan reproduktiv sağlamlıq barədə qanunun qəbulu hələ də ləngiyir. Selektiv abortlar gələcəkdə böyük problemlər yaradacaq. Bu, insana verilən təbii hüququn, yaşama hüququnun əlindən alınmasıdır. Selektiv abortlar tənzimlənməsə, illər sonra bir qıza 4 oğlan düşəcək və Azərbaycanda qızların sayı olduqca azalacaq. Düzdür, hazırda qanunla yalnız 3 aya qədər aborta icazə verilir. Lakin gerçəkdə 3 ayı keçmiş o qədər abortlar həyata keçirilir ki... Məhz bu məsələ ilə bağlı KİV-in gücündən təbliğat vasitəsi istifadə etmək lazımdır”.
 
Verilişin digər qonağı, psixoloq Vəfa Rəşidova məişət zorakılığının uşaq psixologiyasına təsiri barədə maraqlı fikirlər səsləndirib: “Zaman keçdikcə, insan psixologiyası dəyişir. İndiki baxış bucaqları tamam fərqlidir. Bu dəyişkənlik isə normaldır, amma təbii ki, baxır hansı yöndə dəyişkənlik. Analizlər göstərir ki, zorakılığa meylin əsas səbəbi ailədən gələn travmalardır. Uşaq atasını nə formada görürsə, ata onun anasına, bacısına qarşı nə cür münasibət bəsləyirsə, həmin övlad nə qədər atasına oxşamaq istəməsə də, nəticədə, illər sonra eyni proses, eyni tablo onun öz ailəsində təkrarlanır. Zorakılıq baş verən ailələrdə böyüyən uşaqlar potensial cinayətkarlardır. Bu uşaqlar daim qorxu içində yaşayırlar, itirməkdən, atanın gəlib onları döyəcəyindən qorxurlar. Bu isə uşaqda nəinki psixoloji, hətta psixiatrik problemlərə səbəb olur. Bəzən qadınlar dəfələrlə zorakılıqla qarşılaşsa da, bundan şikayət etmirlər. Araşdırmalar göstərir ki, belə qadınların bəziləri mazoxizmə və ya sadizmə meylli olur”.
 
Verilişdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə son illər məişət zorakılığının artdığını və maarifləndirmə tədbirlərinin istənilən nəticəni vermədiyini təəssüflə qeyd edib: “Son illər cəmiyyətdə zorakılığa və cinayətə meyl xeyli artıb. Əgər 2013-cü ildə Daxili İşlər Nazirliyi tərəfindən 1803 zorakılıq faktı qeydə alınıbsa, 2014-cü ildə bu rəqəm 2214 olub. Məncə, qanunvericilikdə boşluq yoxdur, qanunun icra mexanizmi müəyyən dövlət qurumları tərəfindən ləngidilir. Məsələn, “Məişət zorakılığı haqqında” qanunda mühafizə orderi deyilən bölmə var, burada qısa və uzun müddətli mühafizə orderləri nəzərdə tutulub. Qısa müddətli mühafizə orderi 2011-ci ildən icra mexanizmində artıq nəzərdə tutulub, ancaq bu günə qədər, yalnız  beş ədəd mühafizə orderi verilib. Səbəbi isə qanunun icrasının süni şəkildə ləngidilməsidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirmə işləri görür, lakin bu tədbirlər hələlik gözlədiyimiz effekti vermir. Çünki əhali özü də buna hazır deyil. Bu baxımdan sosial çarxların təsiri danılmazdır”.
 
Rahil Süleymanzadə zorakılığa meylin artmasında medianın da təsiri olduğunu deyib: “Əgər xəbər saytını açanda ilk səhifədə 6 zorakılıq haqqında xəbər varsa və bir insan hər gün bunu oxuyarsa, onun təfəkküründə ancaq zorakılıq  qalır. Əlbəttə, faktı gizlətmək olmaz, ancaq faktlar o halda mətbuata çıxa bilər ki, hüquq-mühafizə orqanları hadisəyə reaksiya vermir. Əgər məişət zorakılığı baş veribsə və hüquq-mühafizə orqanları tərəfindən araşdırılırsa, bunu mətbuata verib insanların gözündə belə halları adiləşdirməyin əleyhinəyəm. Çox vaxt məişət zorakılığına məruz qalan qadın polisə müraciət etdikdə, cəmiyyət buna görə onu qınayır. Ona görə də bəzən qadınlar qorxaraq hüquq-mühafizə orqanlarına şikayət etməyə çəkinir və zorakılığa boyun əyməyə davam edir. Zorakılığın digər səbəbi də erkən nikahlardır. 2010-cu ildə sorğu nəticəsində məlum oldu ki, ailə quran azyaşlılardan cəmi iki faizi təhsilini davam etdirib. Erkən nikahlar gələcəkdə gənclərin savadsızlığına gətirib çıxarır”.
 
Proqramda iştirak edən ilahiyyatçı Elşad Miri Qurani-Kərimdə qadının döyülməsinə haqq qazandıran ayələr barədə məlumat verib: “Qadına qarşı zorakılığın islamla əlaqələndirilməsinin kökündə savadsızlıq, cəhalət dayanır. Azərbaycanda əhalinin 95 faizi müsəlman olsa da, özünü müsəlman adlandıranların əksəriyyəti bircə dəfə də olsa, Qurani-Kərimi açıb oxumayıb. Qurani-Kərimdə qadınlara aid surə var, lakin insanlar bu surədən yalnız özünə sərf edən ayələri çıxarır. Məsələn, bəziləri “Nisa” surəsinin 24-cü ayəsində müvəqqəti nikah adlandırılan, əslində isə, əxlaqsızlıqdan fərqi olmayan siğəni önə çıxarırlar, digərləri “Nisa” surəsində qadının döyülməsinə haqq verildiyini iddia edir. Halbuki, Qurani-Kərimdə kişilərə aid ayrıca surə yoxdur. Qadınların döyülməsinə haqq verən ayənin çox əvvəlində deyilir ki, onlarla xoş rəftar edin. Təəssüf ki, bu gün təfsirçilərin 99 faizi kişilər olduğuna görə, təfsirlərdə yanlışlığa yol verilir. Qurani-Kərimdə heç bir zaman psixoloji amildən sonra fizioloji amilin gəlməsi mümkün deyil. Ərəb dilində “darabbə” sözü bir çox mənaları ifadə etdiyi halda, məhz qadın məsələsində “döyün” deyə tərcümə olunur. Halbuki, burada qadına nəsihət etmək, yatağını ayırmaq, üçüncü mərhələdə isə ondan ayrı qalmaq, uzaqlaşmaqdan söhbət gedir. Peyğəmbərimiz özü heç vaxt qadına əl qaldırmayıb, xanımları barədə ağır söz söyləməyib, sadəcə, cəza vermək istəyəndə onlardan ayrı qalıb”.
 
Qonaq İslamda qadınla kişi arasında fərq olmadığını sübut edən nümunələrdən misal gətirib: “İslamda kişinin yeri haradadırsa, qadının da yeri də oradadır. Peyğəmbərimizin işləyən qadına dəstəyi ilə bağlı rəvayətlər var. Bu gün təəssüf ki, qadın kişinin qabırğasından yaranan bir məxluq kimi təqdim edilir. İslamda qadınla bağlı irad tutulan məsələlər iki qadının şahidliyinin bir kişinin şahidliyinə bərabər tutulması, qadına kişidən az miras payı düşməsi, qadının döyülməyinə icazə verilməsi, azyaşlı qızların ərə verilməsidir ki, bunların həqiqi islama dəxli yoxdur. Həqiqi islamı hər hansı dövlətdə axtarmaq lazım deyil. Bu gün həqiqi islam Qurandır. Bu məsələdə ən böyük problem cəhalət, xurafat, mövhumat, din adına ortaya çıxıb dindən xəbərsiz bisavadların ortaya atdıqları məqamlardır. Bütün bunların qarşısını almaq üçün dövlət qurumları, savadlı ilahiyyatçılar, media əl-ələ verməlidir. Həm İslamda, həm Allahın gözündə qadın və kişi də bərabərdir, bütün surələrdə “ey müsəlman kişilər və qadınlar” deyə xitab edilir. Quranda qadının sədəqə verməsi ilə bağlı ayələr var, hansı ki, sədəqəni yalnız öz qazancından vermək olar. Lakin bu kişiyə yubka geydirmək və ya qadını kişinin yerinə keçirmək kimi anlaşılmamalıdır. Qadın və kişi bərabərdir, lakin onların hər ikisinin cəmiyyətdə özünəməxsus yeri var”.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar