Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qapıda ölən külək



Bu gün şair Qəşəm Nəcəfzadənin doğum günüdür


Bu münasibətlə onu təbrik edir və Xanım Səfərovanın “Qəşəm Nəcəfzadənin bir şeirindəki külək” məqaləsini təqidim edirik.
 
Sakit havada pəncərədən baxanda, elə bil təbiətə «stop» işarəsi göstərilib, amma elə ki, külək doğuldu, ağac evlərə, saçlar üzlərə, yarpaqlar budaqlara sarılır, qovuşur. Həqiqi mənasında düşünərkən küləyin ölümünün insanlığın, birbaşa həyatın ölümü olduğunu anlamaq o qədər də çətin deyil.
 
Ədəbiyyatda elə şairlər olur ki, onların adları bir tarixi dövrü əhatə etməyə qadirdir. Bu, o şairlərə nəsib olur ki, onlar ya ədəbiyyata yeni fikir çaları, fərqli düşüncə, hadisələrə təkrar olunmayan tərəflərdən baxış gətirsin və ya həmin fikirləri yeni ifadəetmə formasında yeni tərzdə təqdim edə bilsinlər.
 
Orta əsrlərdə mövcud olduğu kimi, hal-hazırda müasir dövrümüzdə də bu cür yenilikçi qələm sahibləri vardır.
İndiki dövrdə ədəbiyyatımızın maraqlı şairlərindən biri də Qəşəm Nəcəfzadədir. Onun hər kəsdən seçilən, başqalarına bənzəməyən yaradıcılıq yolu var və bu yolla da o, oxucuya daima müşahidə etdiyi hadisəyə fərqli prizmadan baxmağı aşılayır.
 
Şairin yaradıcılığı mövzu baxımından da olduqca rəngarəng və zəngindir. Elə bil hər birinə bir sevgi hakimdir.
 
Ümumiyyətlə, qeyri-adilik onun ədəbiyyatda seçdiyi üsuldur. Sonuncu kitabında ilk şeiri də məhz bu üsulun bəhrəsidir. Bu, elə bir şeirdir ki, misrasının biri tarixə, biri sevgiyə, biri isə birbaşa insanlığa bəşəriyyətə söykənir. Haqqında bəhs etdiyim şeirin adı elə ondakı qeyri-adiliyi doğurur, bu fərqliliyin mənbəyidir: «Oğlum, qapını aç, qapıda bir külək ölür».
 
Külək! Adi təbiət hadisəsi. Adi olduğu qədər də ədəbiyyata qeyri-adilik gətirən mövzu. Ədəbi abidələrə nəzər yetirərkən belə bir faktın şahidi oluruq ki, külək bir neçə əsərin mövzu obyekti olmuşdur. Bunların bəzilərində küləkdən bilavasitə, bəzilərində isə dolayısı ilə bəhs edilib. Lakin daha çox oxşar aspektdən yanaşılıb. Lakin bu şeir onların heç birinə bənzəmir. Burada küləyə tamamilə fərqli düşüncəylə yanaşılıb. Bu da ki, Qəşəm Nəcəfzadənin ədəbiyyata gətirdiyi yeni fikir formasıdır. Bir çox oxucuların öyrəşmədiyi və ilk baxışda anlamadığı bir tərz.
 
Heca vəznli şeirlərin çox olduğu və həm də tüğyan etdiyi bir dövrdə sərbəstliyə meyl birmənalı qarşılanmır. Lakin onu da nəzərə almaq lazımdır ki, bəzi heca vəznli şeirlərdə qafiyə fikri sındırır. Burada isə müəllif sərbəstliyə meyl edərək həm fikrini gözəl ifadə edib, həm də yeri gəldikcə qafiyələrdən, ahəng yaradan elementlərdən istifadə edir.
 
Şeirdə haqqında sadəcə təbiət hadisəsi kimi danışılmayan külək daha geniş fonda verilir. Küləyin adi insanların görə bilmədiyi tərəfləri burda özünü göstərir. Şairə görə külək canlıdır, doğulur, ölür, yenidən doğulur. Külək gərək nəyinsə vasitəsilə görünsün, əgər görünmüsə, ölümə məhkumdur.
 
«Qapıda bir külək ölür». Bəli, qapının arxası küləyin ölüm məkanıdır, son nöqtədir. Əgər qapı açılarsa, külək o an həmin qapıdan doğulur.
 
Şeirin tam ilk misralarından da görünür ki, ilk növbədə, küləyi yaşadan, onu dünyaya göstərən yaşıl yarpaqlı ağaclar, budaqlardır. Təbiətin canlı olduğunu, onun daim inkişafda olduğunu bizə məhz bitkilər, ağaclar çatdırır. Külək də gərək budaqdan qalxa ki, onda görünə ki, biz onun da yaşadığının şahidi olaq. Əgər küləyin özünü tanıtdığı o budağı qırılıbsa, o külək əsməyə, titrəməyə yer tapmır. Kaş ki, küləyin ümidi sınmayaydı da, birisinin heç fikirləşmədən qırdığı o budaq qalaydı da, bu külək də onu qucaqlayaydı. Külək, şairə görə, budaqdan, ağacdan doğulur. O budaqdan keçə bilməyən külək yıxılıb qapının arxasına:
 
Bəlkə, dünən sındırdığın budaqdı,
Oğlum, qapını aç, qapıda bir külək ölür.
Bəlkə, dünən əkmədiyin ağacdı,
Bəs niyə qapımızda ölsün bu gözəl külək?
 
Müəllif küləyin doğulmasını çox incə, çox duyğulu kəlmələrlə ifadə edib. Külək yeni doğulub, demək, hələ kiçikdi, hələ təzə-təzə yeriyir, hələ qüvvəti, gücü azdı. O, hələ ağac əsdirməyə, hələ onun içindən keçməyə qadir deyil, onun əli bir yaşıl yarpağa yetər, onu hələ o yarpaq saxlayır. Amma külək də arzusu kama yetməyən insana bənzəyir, qopan, hələ də yeli ağacda qalan yarpağını tapa bilmir. Bəlkə elə o yarpağı bilərəkdən kimsə qoparıb:
 
Bəlkə bir ağacın kəm gəlibdi yarpağı,
Qəfil ayağı sürüşüb küləyin.
 
Şair küləyi qəribə simada verməyə çalışır, onu kişilərə bənzədir, elə bil, külək də başa düşür ki, bu həyatın dirəyi qadın saçıdır. Hər zərrəcik bir telin arasındadır. Külək qadın saçını sevir, onu uçurduqca özü də coşur, cavanlaşır. Külək əvvəl şığıyır qadın saçının üstünə girib qalır arasında, sonra saça dayanır ondan dayaq axtarır, ona yeni nəfəs verir qadın saçı. Onun axtardığı o qadın saçı indi əlinə keçmir. Elə bil, küləyin evi yıxılır, o saçlarda nələr vardı, necə ətir, necə qoxu?
 
Küləyin sürətidi qadınların saçları,
Saçlar hanı?
Uçub küləyin diləyi.
 
«Külək gərək ata dəyə, at hanı?» - misrası bir neçə cəhətdən oxucunu özünə çəkə bilər.
 
Müəllif atı küləyin arzularının kamı kimi göstərir. Zəmanədən uzaq düşmüş atı sanki yenidən qaytarmaq üçün küləkdən istifadə edir. Bir vasitə kimi onu dilə gətirərək əslində hər şeyin təbiisinin daha gözəl olduğuna insanı inandırır.
 
Bir misrada çox qeyri-adi fikirlər göz önünə gətirilir. Küləyin ata dəyərək ondan ilham aldığını, bu gün isə o ilham, o güc, qüvvət, igidliyin mənbəyinin yoxluğu onun qol-qanadını qırdığını təsvir edir. Çapa-çapa onu yarıb keçən atın ayaqlarının səsi üçün darıxır külək. O külək bu gün cansız avtomobillərə dəyirsə, bu ona həzz verməyəcək, çünki nəyi əsdirsin?! Külək atın sağa uçan, solda titrəyən tellərinin həsrətini çəkir. Külək bu dünyaya ata meydan oxuya bilər. At dördnala çaparaq sanki küləyi tərkinə alıb bu dünyadan qaçırır.
 
Müəllif bu cür ifadələrlə, küləyə can verməklə onun da hisslərinin olduğunu əks etdirir. Şairə görə külək hər şeydən xəbərdar olduğu üçün fərqə varmağı bacarır. Külək bəşəriyyətlə üz-üzə qoyularaq onda da insanlığa xas xüsusiyyətlərin mövcud olduğu fikrini təsdiqləyir, həm də oxucuda da istər-istəməz bu fikrin arxasınca düşməyə stimul yaradır.
 
Əsərdə bir detal daha çox nəzərimi özünə cəlb etdi ki, sevgi elementi burdan da yan keçməyib. Q.Nəcəfzadənin yaradıcılığı əsasən sevgi motivinə əsaslandığından müxtəlif mövzulara da müraciət edərkən onların içərisinə elə ustalıqla, peşəkarlıqla sevgi qatır ki, müəyyən bir artıqlıqdan, yersizlikdən söhbət etməyə yer qalmır. Sevgidən kiçik bir iz də olsa, şeirlərinə qoymağı bacarır. Burda da Q.Nəcəfzadənin küləyi hər şeyin şahidi olduğu üçün sevgi də onun əlindən çıxmayıb.
 
Küləyi də dərindən, bütün ayrıntıları ilə birlikdə təsvir edir. Bu təsir də onu bir yerdə dayanmağa qoymur və o da qərarsızlaşır, tələsik, qəfil süzülüb nəfəs-nəfəsə duran sevgililərin nəfəsinə qarışır. Dodağı-dodaqdan, nəfəsi-nəfəsdən ayırdığından əzab çəkməyə başlayır.
 
Qəşəm müəllim küləyi elə həmişə eyni görkəmdə təqdim etmir. Onun bəzən bu cür tələskənliyini, sonradan əzabını çəkdiyi addımlar atdığını oxucuya çatdırır, yəni onu robotlaşdırmır, insanlaşdırır. İşlətdiyi günahın böyüklüyünü dərk edən külək «yağışdan çıxıb yağmura düşür», günahdan qaçıb ölümdə gizlənir:
 
Külək gərək sevənlərin arasından keçməyə,
Deyəsən, keçib oğlum, qapıda bir külək ölür.
 
İnsanlığa bənzədilən, bəşəriyyətə tən tutulan külək elə insandan doğulur. Kimisinin saçında, kimisinin əlində, kimisinin paltarında gizlənərək onlardan yeni həyat alır, tumurcuqlayır, təzədən göyərir, sanki insanın içinə bir külək girir, amma yüz külək törəyir, özünü yenidən təbiətə atır. İnsanın ruhunun içindən qalxan tumurcuqlamış külək dağdan aşa-aşa ucalır:
 
Külək adama dəyər, qalxar
Körpə bir tumurcuq kimi
Şumaq budaqdan çıxar.
 
Küləyin yaranması ilə insanın yaranması bir-birinə tən tutulur. Əlbəttə ki, təbiətdə hər bir şeyin ilkin məskəni torpaqdır, həyat ordan başlayır, həmçinin külək də ilk nəfəsini torpaqdan alır. Otların üstünə çıxır, əvvəl onun saçlarına sığal çəkir, onları darayır, sonra o tellərdən qanad taxıb uçur ağacların yaşıl yarpaqlarına:
 
Külək gərək əldən göyərə,
Otdan yüksələ.
Dünyaya bir yaşıl yarpaqdan əsə
 
Ümumiyyətlə, Qəşəm Nəcəfzadə də adi hadisələrə qeyri-adi yanaşan, hər şeyə hamıdan seçilən tərzdə baxmağı bacaran göz var. Gördüyü şeylərin təkcə simasını yox, həm də daxilini nəzərə çatdırmağı çox yaxşı bacarır. Hər adilikdə, sadəlikdə bir böyük anlam görür.
 
Adi bir uşaq corabı və bu adi uşaq corabının yellənərək pəncərəyə dəyməsi. Adi insan baxanda burda heç bir xüsusi şey görə bilmir. Lakin şair qeyd edir ki, bu, həqiqətən görməyi bacaranlar üçün sadəcə corab deyil, küləkdir. Özünü saf təmiz şüşədə axtarar külək.
 
Gərək pəncərə şüşəsinə külək,
Zivədə asılmış bir uşaq corabından dəyə.
 
Külək əsə-əsə, uça-uça güldən ətir götürür, onu bu cahana paylayır, bir yoldan keçib oranın tozunu göyə sovurur. Şair burda da keçmişi axtarır. Hal-hazırkı durumdan şikayətlənməni külək vasitəsilə verir. Onun küləyi nə gül tapır, nə də yolu tozluyor. Tozçün darıxır, “udmağa” bircə qram toz axtarır. Hanı o tozlar ki, qaldırıb bir qızın ayaqlarına çırpsın, hanı? Yoxdu. Daha ayaq dəymədiyindən o yollara ot basıb, uçub o tozlar. Yəqin elə ona görə külək qalxa bilmir, can üstədir. Yenə bu qapıya söykənir, o qapı açılar da, bəlkə, o tozu tapıb içər.
 
Bir yol tapmadı tozunu qaldırmağa,
Yolu basıbdı otlar.
Otların üstüncə sürüşdü külək,
Qalxa bilmədi ayağa.
 
Şair halına acıdığı küləyi ölməyə qoymur, onu əbədi yaşatmaq istəyir, çünki hər şey onun üçün darıxacaq, hər şey küləyin yolunu gözləyəcək. Ən çox da tellər. Düz qalan tellər bir gün bu duruşlarından bezəcək.
 
Uçmaq istəyəcək, rəsmiliyin əlindən qurturmağa can atacaq. Sərbəst olub o yana-bu yana çevirmək üçün külək nəfəsi axtaracaq tellər:
 
Oğlum, qapını aç, qapıda bir külək ölür,
O küləyi ağlayan ən çox sənin
Külək kimi qalxan telin olacaq.
 
Şair üçün bütövlükdə külək həyatdı, insandı, nəfəsdi. Həyatın ayrı-ayrı komponentlərini özündə birləşdirir. Külək var, deməli, insan var, bəşəriyyət var, hərəkət var, canlanma var. Külək yoxdusa, deməli, hər şey ətalətdədir, donub tərpənmir.
 
Sakit havada pəncərədən baxanda, elə bil təbiətə «stop» işarəsi göstərilib, amma elə ki, külək doğuldu, ağac evlərə, saçlar üzlərə, yarpaqlar budaqlara sarılır, qovuşur. Həqiqi mənasında düşünərkən küləyin ölümünün insanlığın, birbaşa həyatın ölümü olduğunu anlamaq o qədər də çətin deyil.
 
Əsər təkcə məzmun gözəlliyi, fikir nadirliyi baxımından deyil, sənətkarlıq baxımından da güclü və qeyri-adidir.
Şeirdə söz tapılma sərraslıqla yerinə yetirilib. Elə sözlər var ki, onları çıxararaq əvəzinə onun sinonimini, ona yaxın olan bir sözü qoysaq, şeirin poetik gücü itər.
 
«Bəlkə, bir ağacın kəm gəlibdi yarpağı» misrasında kəm sözü.
 
Kəm sözü əksik, az sözlərilə yaxınmənalıdır, amma kəm sözünün əvəzinə bu sözlərdən birini qoysaq, əsərin təsir gücü azalar. Lakin bu sözlə müəllif, sanki, ağacın arzularının da yarpağı kimi əksik olduğunu göstərir.
 
«Şumal budaqdan çıxar» ifadəsində şumal sözünün yerinə düz, dik sözlərini işlətsəydi müəllif, canlılıq ölərdi. Bu cür işləndikdə isə budaq düz qamətli insana bənzəyir, külək ona qalxır, ta ən yüksək yerinə çatınca. Bəlkə, elə o küləyin nəfəsi o budağı elə şumal, cavan, gözəl saxlayıb. Bəlkə elə o budağı o külək qaldırıb elə ucaya.
 
Qəşəm Nəcəfzadə əsərlərində dialektlərdən istifadəyə müəyyən qədər yer verir. Əlbəttə, hər dialekt sözdən yerli-yersiz işlətmək olmaz, bunun da müəyyən çərçivəsi olmalıdır. Lakin əgər o dialekt söz əsəri daha da gözəlləşdirə, daha da doğmalaşdırırsa, niyə də olmasın. Həm də əgər həmin sözün ifadə etdiyi məna oxucuya daha yaxındırsa, daha təsirlidirsə, niyə də yox?
Q.Nəcəfzadə dialektləri məhz ədəbiyyata bu cür gətirir.
 
Bu şeirində də şair maraqlı bir dialekt sözü əsərin canına hopdurub: zivə sözü. Bu söz paltar asılan ip mənasını verir. Söz oxucunu özünə çəkir. Oxucunun yadına bir kənd, uşaq corabları və onları qoxlayan kəndin təmiz nəfəsli küləyi düşür.
 
Bu xüsusiyyət də şairi digərlərindən fərqləndirir, heç kimə bənzəmədiyi açıq-aydın göz qarşısında durur. Doğrudur, şivələrə xas sözlərdən müxtəlif müəlliflər istifadə ediblər. Lakin müasir dövrümüz üçün o qədər də xarakterik deyil. Həm də bir qədər başqa formada işlənir. Lakin burda bu söz elə tapılıb qoyulub ki, onun əvəzinə bu misraya başqa bir söz salmaq qeyri-mümkündür.
Şeirin dilində bədii təsvir və ifadə vasitələrindən istifadə olunub. Əsər başdan-başa metafora ilə bürünüb. Külək insanlaşdırılır, canlılaşdırılır. Doğulmaq və ölmək insana, canlılara məxsus xüsusiyyətlərdir. Şair bunları zərifliklə küləyin üzərinə köçürür, misraları elə qurur ki, oxucuya süni görünməsin, o əsəri oxuduqca həqiqətən də küləyin bu cür xüsusiyyətlərinin olduğuna inansın.
 
Tumurcuqlama gülə, bitkiyə xas bir əlamətdir. Burda təşbeh vasitəsilə külək tumurcuğa bənzədilir. Bu təşbeh ənənəvi bənzətmələrdən kənara çıxıb oxucuna özünə cəlb etdirir. «Körpə tumurcuq kimi şumal budaqdan çıxar» misrası ilə küləyin pöhrələndiyinin şahidi oluruq.
 
«O küləyi ağlayan ən çox sənin külək kimi qalxan telin olacaq» ifadəsində tel küləklə eyniləşdirilir, bu da eşidilməyən təşbehdir. Bədii sualların işlənməsində də şairin özünəməxsusluğu gözə çarpır. «Bəs niyə qapımızda ölsün bu gözəl külək?» Təəssüf hissilə, ürək ağrısı ilə qeyd olunur. Bunu sual cümləsi şəklində işlətmək oxucunu düşünməyə vadar edir.
 
Əsərdə elə bil, tez-tez nə isə axtarılır, gah «saçlar hanı?», gah «at hanı?», «tel hanı?», gah da «uşaqlar hanı» deyilə-deyilə ötüb keçənlər yada salınır. Bu suallarda ənənəvi bədii suallardan seçilən bir ab-hava var. Elə bil, bu suallara şair özü də cavab axtarır, kimdənsə cavab gözləyir. Əslində doğru cavabları billə-bilə bunu başqasından eşitmək istəyir.
 
Təkrir şeirin dilinə ahəng verir, burda işlənən təkrar sözlər şeirin dilinə ağırlıq gətirmir, əksinə qulaq oxşayır.
 
Dəfələrlə təkrar olunan əsas söz külək sözüdür. Lakin hər dəfə onun izahı ilə fərqli verilir ki, burda təkrarlanmanı hiss etmirsən, sanki əvvəlki «külək tamam başqadır, sonrakı tamam başqa.
 
Misraların əvvəlində anaforalardan istifadə edilməklə ahəng yaradılır. «Bəlkə» sözü şeirin əvvəlinci misralarında təkrarlanır. Şair özü üçün nəyisə dəqiqləşdirmək istəyir: «Bəlkə dünən sındırdığın budaqdı» «Bəlkə dünən əkmədiyin ağacdı», «Bəlkə bu ağacın kəm gəlibdi yarpağı».
 
Külək gərək ata dəyə, at hanı?
Külək gərək telə deyə, tel hanı?
 
Bu iki misra bir-birindən yalnız at və tel sözlərilə fərqlənir. Maraqlısı ondan ibarətdir ki, bu fərqlənmə cümlələri bir-birindən məzmunca tamamilə ayırıb asossasiya yaradır.
 
Bir misrada bir sözün bir neçə dəfə təkrar olunduğuna da rast gəlmək olar: «Əsdi, əsdi dəyməyə əl tapmadı», «Hanı, hanı uşaqlar?»
 
Bildiyimiz kimi, şeir dili üçün inversiya xarakterikdir. Şeirdə inversiyadan sadəcə bu xüsusiyyəti izləmək üçün deyil, fikrin bu cür doğulduğu istifadə olunur. «Bəs niyə qapımızda ölsün bu gözəl külək?», «Qəfil ayağı sürüşüb küləyin», «Bir corab görmədi zivədə yelləməyə».
 
Beləliklə, əsərdə məzmun gözəlliyi, fikir nadirliyi və forma qeyri-adiliyi tam mənasında vəhdət təşkil edir. Şeir daha çox hazır oxucu üçündür. Küləiyn həyat, bəşəriyyət olması, ona tən tutulması yeni bir fikirdir. Şeirin qəribəliyi həm də ondan ibarətdir ki, hər dəfə oxuyanda təzə nə isə tapmaq olur. Sonda bircə bunu deyə bilərəm ki, ədəbiyyatımız Qəşəm Nəcəfzadələr üçün çoxdan darıxıb. (kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar