Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ cəbhəsində gərgin gecə - düşmən yeni itkilər verdi


Azərbaycanın müdafiə naziri ön cəbhədə; rəsmi Bakı beynəlxalq aləmə çağırış etdi; Moskva ikibaşlı oyun oynayır; politoloq: “Rusiya həll prosesini öz nəzarətinə keçirmək istəyir”


Aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada belə deyilir. 

Qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş verən hadisələrə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyır.

Düşmən artıq öz itkilərini açıqlamağa başlayıb. Belə ki, 26-sı gecəsi qoşunların təmas xəttində baş verən atışmada 1 əsgərin öldüyü, daha 3 erməni əsgərinin yaralandığı rəsmən etiraf edilib. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi Kamavor Xaçatryan açıqlayıb. Ancaq erməni sosial şəbəkə istifadəçiləri 26-27 aprel tarixlərində Talış kəndi ətrafında baş verən və artilleriya atəşi ilə müşayiət olunan toqquşmada 17 erməni hərbçisinin öldüyünü, 32 nəfərin isə yaralandığını bildirirlər.



Azərbaycan Müdafiə Nazirliyi isə ermənilərin artilleriya atəşi nəticəsində mülki evlərin dağıldığını bildirib, itki olmadığını açıqlayıb. Azərbaycan tərəfin yaydığı rəsmi məlumatda o da qeyd olunur ki, erməni silahlı bölmələri beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadə etməyə başlayıb. “Bildiririk ki, cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır. Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət hər zaman olduğu kimi yenə də Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür” - məlumatda vurğulanır.

Düşmənin Tərtər rayonunun cəbhəboyu kəndlərini atəşə tutması nəticəsində 8 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Ermənilərin atdığı “Qrad” mərmilərindən biri İsmayılbəyli kəndində 35 kilovatlıq elektrik yarımstansiyasının yaxınlığında partlayıb. Yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kənd elektriksiz qalıb. Azğınlaşmış düşmənin açdığı atəş nəticəsində Qarağacı kənd qəbiristanlığı da ciddi ziyan görüb - 20-yə yaxın məzar dağıdılıb.

Ermənistan bütün cəhdlərini davam etdirir ki, aprelin ilk günlərində məğlubiyyətə uğramasının əvəzini çıxsın. Ancaq son günlərdə də erməni tərəf bir neçə döyüşçü, bir tank itirib. Azərbaycana mənəvi-psixoloji təzyiq göstərməkdən ötrü düşmən saxta səs yazılarını yayıb. Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yaydığı telefon danışıqlarını özündə əks etdirən audioyazıya münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı aznews.az-a açıqlamasında bildirib ki, ermənilərin yaydığı guya bizim itki verməyimizlə bağlı telefon danışıqlarından ibarət səs yazısı saxtadır: “Onlar həmin saxta səs yazılarını artıq neçənci dəfədir dövriyyəyə buraxırlar. Bu səs yazıları Ermənistanın hərbi kriminal rəhbərliyinin xəstə təxəyyülünün məhsuludur. Azərbaycan tərəfi heç bir itki verməyib və bu barədə düşmən tərəfinin yaydığı məlumatlar kökündən yalandır. Hazırda təmas xəttində vəziyyət stabildir və Azərbaycan ordusu əməliyyat şəraitinə tam nəzarət edir”. 

*** 



Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ötən gün də cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitallarının birində olub və həkimlərlə görüşüblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev müdafiə nazirinə görülən işlər haqqında məlumat verib. Bildirilib ki, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları ən müasir tibbi avadanlıqla tam təmin olunub. Sonda mobil səhra hospitalında yaradılan tibbi şəraitlə tanış olan general-polkovnik Z. Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.



Daha sonra nazir ön cəbhədəki hərbçilərimizlə görüşüb. Rəsmi məlumata görə, cəbhəboyu zonada səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov, düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə Azərbaycan prezidenti, Ali Baş Komandanı İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb. 

MN-in mətbuat xidmətindən musavat.com-a daxil olan məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb. Kəşfiyyat bölmələrinin təlim nöqtəsində, artilleriya bölmələrinin atışın idarə edilməsi məntəqəsində olan general-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması ilə əlaqədar müvafiq göstərişlər verib.

***

“Cəbhədə təxribatı kimin törətdiyi hər kəsə məlumdur. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını almaq və düşmənə layiqli cavab vermək üçün bütün lazımi tədbirləri görür”.  Bunu isə Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Moskvada deyib (APA). Cəbhədə vəziyyətin nəzarət altında olduğunu söyləyən nazir müavini Azərbaycan Silahlı Qüvvələrinin xidmətini layiqincə davam etdirdiyini qeyd edib.

Düşmənin təmas xəttində möhkəmlənməklə yanaşı, fürsət düşən kimi hücuma keçmək, itirilmiş mövqelərini bərpa etmək niyyətində olduğu hər kəsə aydındır. Yayılan xəbərlərə görə, ermənilər Lələtəpə və Tərtər cəbhələrinə xeyli sayda canlı qüvvə və hərbi texnika gətirib. Düşmənin qisas almaq üçün məqam gəzdiyi şübhə doğurmur. Dayaqları sarsılan erməni hakimiyyəti ən azı bir yüksəkliyi geri almaqla situasiyanı xeyrinə dəyişmək istəyir. Hətta Serj Sərkisyanın yaxın günlərdə Ermənistan hökumətini istefaya göndərə biləcəyi xəbəri yayılıb. Ermənistanın “Joxovurd” qəzeti yazıb ki, Sərkisyan baş nazir Ovik Abramyanın yerinə Prezident Aparatının rəhbəri Vigen Sərkisyanı gətirmək istəyir. Aprel döyüşlərindəki uğursuzluqlara görə Sərkisyan bundan əvvəl üç generalı vəzifəsindən azad edib. Ancaq bu, onu xilas etmir. 



Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Moskva səfəri çərçivəsində rusiyalı həmkarı ilə görüşüb ondan dəstək istəməsi də bunu təsdiqləyir. Moskvada keçirilən V Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya müdafiə naziri Sergey Şoyqu deyib ki, Rusiya öz müttəfiqlərinin ordularının milli təhlükəsizliyə təhdid yaradan qüvvələrə qarşı effektiv müqavimət göstərməsi üçün müasir silah və hərbi texnika ilə təchizatında maraqlıdır. 5 aprel razılaşmasını Ermənistanın açıq şəkildə pozması, Sərkisyanın danışıqlardan imtina açıqlaması, cəbhədəki diversiya-təxribatlar İrəvanın məxfi şəkildə Rusiyadan təlimat aldığı şübhələrinin əsassız olmadığını deməyə imkan verir. Artıq Rusiyadan bir qrup həkim Qarabağdakı erməni əsgərlərini müalicə etməyə gəlib. Bunun ardınca sülhməramlıların gəlməyəcəyini kimsə deyə bilməz. Artıq rusiyalı ekspertlər də bu barədə xəbərdarlıq edib.   

“Hesab edirəm ki, Cənubi Qafqazda vəziyyətin yenidən gərginləşməsi Ermənistanın və Azərbaycanın əlaqələri ilə bağlı olan məsələ deyil. Bu, Rusiyanın Dağlıq Qarabağda sülhməramlı qoşun yerləşdirməsi perspektivi ilə əlaqədardır”. Modern.az saytının məlumatına görə, bunu Ermənistan mətbuatına müsahibəsində rusiyalı tanınmış publisist və siyasi analitik Andrey Piontkovskiy cəbhə xəttindəki gərginliyi şərh edərkən deyib.

Bu arada Rusiya növbəti dəfə tərəflərə müraciət edib. “Dağlıq Qarabağdakı situasiya təmkinli olmağı tələb edir”. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, hazırda əsas məqsəd qarşıdurmanın yenidən qızışmasına yol verməməkdir: “Biz əminik ki, tərəflər daha dayanıqlı sülh razılaşmasının əldə olunmasına yönəlmiş danışıqlar prosesini yeniləməlidirlər. Hazırda birinci məqsəd  sözsüz ki, situasiyanın sakitləşməsi, yeni aqressiyaya imkan verməməkdir”.

Bəs Rusiya ətraf rayonların boşaldılmasının qarşılığında nə tələb edir? Azərbaycan hansısa təklifləri qəbul edə bilərmi? “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Azərbaycanın Rusiyadan gələn hansısa təşəbbüslərə razılıq verməsini mümkün saymır: “Azərbaycan 1990-cı illərin əvvəllərində də Rusiyanın Dağlıq Qarabağla bağlı planlarını məhz Qərb dövlətlərinin dəstəyi ilə pozmuşdu. Rusiya Dağlıq Qarabağa öz sülhməramlı qüvvələrini yerləşdirmək istəyirdi, bu məqsədlə Azərbaycan hakimiyyətinə təzyiq edirdi. Rəsmi Bakı Rusiyanın təzyiqlərindən 1994-cü ildə Budapeştdə keçirilən ATƏT sammiti vasitəsilə qurtuldu. Qərb dövlətləri həmin sammitdə belə qərar qəbul etdilər ki, Dağlıq Qarabağda yalnız bir ölkənin sülhməramlıları yerləşdirilə bilməz, bölgədə sülhməramlıların tərkibi proporsional şəkildə müəyyənləşməlidir. Rusiya bu qərarın əleyhinə çıxa bilmədi. İndi də oxşar vəziyyət yaranıb. Rusiya Dağlıq Qarabağ münaqişəsini və həll prosesini öz nəzarətinə keçirmək istəyir. Ona görə də elə etmək lazımdır ki, ATƏT-in Minsk Qrupunun digər iki həmsədri - Fransa və ABŞ, o cümlədən ATƏT-in hazırki sədri Almaniya prosesdə fəal iştirak etsin, Rusiyanın təkbaşına vasitəçilik missiyasına imkan verməsinlər. Bu, döyüş meydanında bir az da irəriləmək üçün Azərbaycana zəruri vaxt qazandırır”.



E.Şahinoğlu qeyd etdi ki, Azərbaycan Moskvadakı təhlükəsizlik konfransında müdafiə nazirinin müavini səviyyəsində təmsil olunduğu halda, Ermənistandan Rusiya paytaxtına müdafiə naziri Seyran Ohanyan qatılıb: “Halbuki Ohanyanın cəbhə bölgəsindəki indiki ağır vəziyyətdə işğalçı qüvvələrə nəzarət etmək üçün ölkəsində olmağa ehtiyac var. Demək, Ermənistan ordusunun vəziyyəti o qədər ağırdır ki, Moskvaya minnətçi düşməyə daha çox ehtiyacları var. Moskvadan birinci istəkləri odur ki, Rusiya separatçıların itkilərinin artmaması üçün Azərbaycana təsir etsin. İkinci istəkləri isə 200 milyon dollar kreditlərlə bağlıdır. Rusiya Ermənistana 200 milyon dollar kredit verməlidir ki, İrəvan özünə silah və sursat alsın. Ancaq Rusiya bu pulu hələ Ermənistana verməyib. Ermənistan nə yeni hərbi texnika ala bilir, nə də cəbhə bölgəsində itkilərinin yerini doldura bilir. Odur ki, Rusiyaya yalvarmaqdan başqa çarələri qalmayıb”. 

***
Bu arada rəsmi Bakı Ermənistandan beynəlxalq aləmə şikayət edib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatçı əməlləri nəticəsində cəbhə xəttində baş vermiş gərginlik və insidentlərlə bağlı xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən BMT-nin baş katibi Pan Ki Mun, Təhlükəsizlik Şurasının sədri Liu Jieyi və ATƏT Daimi Şurasının sədri Pol Eberharda müvafiq məktublar ünvanlanıb. Bakı həmin qurumları Ermənistandan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb etməyə çağırıb.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar