Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ müstəvisində yeni diplomatik həmlə


“Sürünən müharibə” ehtimalının artması belə bir imperativi ortaya çıxarıb; Rusiyanın Ermənistanı itirməmək istəyi sülh perspektivinə əlavə təhlükələr vəd edir...


I Avropa Oyunları bitdikdən sonra Dağlıq Qarabağ probleminin gündəmə artıq öz əvvəlki “biçimində” qayıdacağı gözlənilir. Hər halda, beynəlxalq idman yarışı onsuz da unudulmaqda olan problemi daha arxa plana itələmişdi. Bəzi təhlilçilərə görə, oyunların yaratdığı məcburi taym-autun ardınca cəbhə bölgəsində vəziyyət qəfildən kəskinləşə də bilər.

Bu xüsusda düşmən tərəf artıq öz təlaşını ortaya qoyub. Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib ki, Avropa Oyunlarından sonra təmas xəttində Azərbaycan guya situasiyanı ağırlaşdıran addımlara gedə bilər. 

Əslində hazırda işğalçı ölkə daxilində hakimiyyət əleyhinə davam edən etiraz aksiyaları cəbhə xəttində yeni eskalasiyaları, yeni bir mini-müharibə riskini daha real edir. Çünki o halda Serj Sərkisyan rejimi daxili ictimai diqqəti xarici təhlükəyə yönəldib özünə qarşı təzyiqləri azaltmış olardı.

Ancaq hadisələrin bu cür inkişafı rəsmi İrəvan üçün əks-effekt də verə bilər. O baxımdan ki, yeni əsgər ölümləri Ermənistan rəhbərliyini daha çıxılmaz duruma salar. Üstəgəl, Rusiyanın Ermənistandakı etirazlarda özünü göstərən anti-Rusiya meyllərinə zərbə vurmaq üçün belə itkilərə zəmin yaradacağı istisna edilmir.

Artıq Moskvadan buna bənzər xəbərdarlıqlar səslənib. Rusiyalı politoloqlardan biri bildirib ki, İrəvanda vəziyyət nəzarətdən çıxsa, Moskva proseslərə daha fəal müdaxilə edəcək, Ermənistana Dağlıq Qarabağ məsələsi vasitəsilə təsir edəcək. 

***
Bir şey dəqiqdir və Ermənistandakı proseslərə Rusiyadan olan reaksiyalar da bunu göstərdi ki, Kreml postsovet məkanındakı əsas forpostunu elə-belə əldən buraxmayacaq və lazım gəlsə, hətta yeni Qarabağ müharibəsinə stimul yaradacaq. Bu mənada rusiyalı deputatlardan birinin söylədiyi fikir də diqqətçəkicidir. Demişdi ki, “postsovet məkanında Rusiyanın faktiki, iki müttəfiqi var - Ermənistan və Belarus. Onu da Amerika əlimizdən almaq istəyir...”   


                         
“The Wall Street Journal”ın bu mövzuda müşahidəsi də maraq kəsb edir. Jurnal Kremlin Ermənistandakı hadisələrə görə həyəcan içində olduğunu yazıb (axar.az). Qəzetin iddiasına görə, Sərkisyan Moskvanın yaxın müttəfiqidir və Kreml onun fəaliyyətsizliyindən narahatdır: “Ermənistan prezidenti və onu rusiyalı himayədarları artıq xalqın nə dərəcədə narazı olduğunu hiss edirlər. Kreml buna görə İrəvana hərbi yardım məqsədilə 200 milyon dollarlıq kredit verib. Moskva həmçinin rus əsgəri, qatil Permyakovu Ermənistan məhkəmələrinə təhvil verib. Putin üçün əsas olan Ermənistana qoyulan hərbi investisiyalardır. Gümrüdəki hərbi bazada 5 min əsgər var. Rusiya bunlarsız Xəzər dənizi və Mərkəzi Asiyanı idarə etmək qabiliyyətinə sahib deyil. Putin Qafqaza 2008-ci ildə Gürcüstandan ayırdığı parçalarla birgə öz imperiyasının bir hissəsi kimi baxır, həmçinin Ermənistanın da üzv olduğu Avrasiya İttifaqında sabitlik istəyir”.

*** 
Moskvanın obyektiv narahatlığı, Rusiyadan gələn mesajlar əslində böyük güclərin Dağlıq Qarabağ amilindən geosiyasi faktor kimi yaxın perspektivdə daha güclü şəkildə yararlanmağa çalışacağından xəbər verir. Demək, Qarabağ sülh danışıqlarının, diplomatik səylərin çəkisi xeyli artmış kimidir. Onu da nəzərə alsaq ki, yay mövsümü hərbi əməliyyatların aparılması üçün ən əlverişli dövr hesab edilir, o zaman Dağlıq Qarabağ müstəvisində tezliklə yeni diplomatik həmləyə ehtiyac duyulduğu ortaya çıxar. 



Bu imperativi ABŞ-ın Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Avropa Oyunları zamanı Bakı və İrəvana etdiyi səfərdən görmək olardı. Amerikalı diplomat müharibə ehtimalından narahatlığını açıq şəkildə ifadə edərək demişdi ki, vasitəçilər tezliklə AzərbaycanErmənistan prezidentlərinin - İlham Əliyev və Serj Sərkisyanın növbəti görüşünün baş tutması üçün səylərini artıracaqlar. Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta da analoji açıqlama vermişdi.
*** 
Hər şeydən göründüyü kimi, qarşıdakı yay ayları Dağlıq Qarabağ problemi ətrafındakı situasiya üçün məxsusi bir sınaq dövrü olacaq. Bir sıra hərbi analitiklər bu dövrün kifayət qədər gərgin keçəcəyini istisna eləmirlər. Təbii ki, vəziyyətə Ukraynadakı, Donbasdakı proseslərin də təsiri qaçılmaz olacaq. Əgər Rusiya Ukraynanın Cənub-Şərqində yeni hərbi avantüraya qol qoysa, o zaman Qərblə yeni qarşıdurmanın əsk-sədası mütləq Güney Qafqazda, Qarabağ konflikti zonasında da və danışıqlar müstəvisində də duyulacaq. 

Hərçənd amerikalı diplomat Uorlik bildirib ki, Qarabağ məsələsində ABŞ-la Rusiya arasında fikir ayrılığı yoxdur. Gerçəklik isə əlbəttə ki, başqa şeyi deyir. Ən azı ona görə fikir ayrılığı var ki, Vaşinqton və Moskvanın Qarabağ ixtilafından güddüyü maraqlar bir-birinə diametral ziddiyyət təşkil edir. 



Məhz bu ziddiyyət özünü ötən ilin avqustunda təmas xəttində “3 günlük müharibə” zamanı bir daha qabarıq şəkildə göstərmişdi. Həmin eskalasiyada bəzi təhlilçilər “Amerika izi” görsələr də, əksəriyyət “rus barmağı” tapmışdılar. Motiv aydın idi - Kreml bununla konfliktə, münaqişə tərəflərinə ən güclü təsir rıçaqının olduğunu nümayiş etdirmək, Qərbə “əzələ” göstərmək istəmişdi. Ardınca Putinin təşkil etdiyi Soçi görüşü də Rusiyanın Qarabağ məsələsində siyasi-hərbi imkanlarının nümayişinə hesablanmışdı. 

***
Moskva belə bir “əzələ nümayişi”nə təkrar ehtiyac duya bilərmi? Sualın cavabı yəqin ki, Qərbin Qarabağ müstəvisində nə dərəcədə çevik diplomatik addımlar atacağından asılı olacaq. Bu yerdə yada salaq ki, prezidentlərin sonuncu görüşü ötən il oktyabrın 27-də, Parisdə baş tutub və hər hansı birgə sənədin və ya bəyannamənin qəbul edilməməsi ilə yekunlaşıb. Yəni nəticəsiz başa çatıb. 

Paris sammitindən sonra növbəti belə görüşün bu ilin sentyabrında - BMT Baş Məclisinin illik toplantısı çərçivəsində olacağı anons edilmişdi. Sentyabra kimi isə qarşıda hələ iki təhlükəli ay durur - iyul və avqust. 

Əlbəttə ki, Azərbaycan işğal altındakı torpaqlarını istənilən vasitələrlə azad eləmək hüququna malikdir və sonsuzadək səmərəsiz sülh danışıqlarının iştirakçısı ola bilməz. Ölkə özünün hərbi qüdrətini boşuna artırmır, silah-sursat da vitrinə qoyulmaq üçün deyil... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar