Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ probleminin həlli yolu Avrasiya İqtisadi Birliyindən keçir?


Politoloq: “Rusiya-Türkiyə-Azərbaycan eyni ittifaqda birləşsələr, bu Dağlıq Qarabağ probleminin həllinə bilavasitə kömək göstərər”


“Hal-hazırda Azərbaycan çətin seçim qarşısında qalıb: Müstəqillik, yoxsa müstəqilliyin məhdudlaşdırılması şərti ilə Qarabağın qaytarılması”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Rusiya Araşdırmalar İnstitutunun rəhbəri Saleh Yılmazın Rusiya Türkiyə və Azərbaycanın Avrasiya İqtisadi Birliyinə cəlb edilməsi ilə bağlı fikirlərini PİA.AZ-a şərh edəkən qeyd edib.

Xatırladaq ki, Türkiyənin İldırım Bəyazid Universitetinin professoru, Rusiya Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Saleh Yılmaz bildirib ki, Rusiya Türkiyə və Azərbaycanı Avrasiya İqtisadi Birliyinə cəlb edə bilərsə, Qarabağ probleminin dinc yolla nizamlanması mümkün olar. Eyni zamanda türkiyəli politoloq vurğulayıb ki, əks təqdirdə Rusiya-Türkiyə strateji əməkdaşlığı uzun sürməyəcək.

Türkiyə və Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olması Türkiyə və Azərbaycanın geostrateji maraqlarına nə qədər uyğundur və bu baş verərsə, Ermənistanın və Rusiyanın Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılıq verəcəklərini mümkün hesab etmək olar?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Related image

Nəzakət Məmmədova: “Azərbaycan Avrasiya İqtisadi Birliyininə qoşulsa belə, Rusiya son ana qədər Dağlıq Qarabağ məsələsinin həllinə mane olacaq”.


Türkiyə-Rusiya yaxınlaşmasının Dağlıq Qarabağ məsələsinin həlli üçün faydalı ola biləcəyini vurğulayan politoloq Nəzakət Məmmədova əlavə edib ki, Türkiyə və Rusiya yaxınlaşan kimi dərhal Ermənistan narahat olur. Çünki Azərbaycan-Türkiyə-Rusiya strateji əməkdaşlığı Ermənistanın mövqelərinin zəifləməsinə səbəb olur:

“Mən əslində professor Saleh Yılmazın fikirlərinə şərikəm. Yəni onun dediklərində həqiqət var. Həqiqətən də Rusiya-Türkiyə-Azərbaycan strateji ittifaqda birləşsələr, bu Dağlıq Qarabağ probleminin həllinə bilavasitə kömək göstərər. Rusiya Avrasiya İqtisadi Birliyini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və digər hərbi, siyasi, iqtisadi  təşkilatları yaratmaqla özünün postsovet məkanındakı, eyni zamanda qonşu bölgədəki təsirini bərpa etməyə çalışır. Avrasiya İqtisadi Birliyinin baxmayaraq ki, adı iqtisadi ittifaqdır, əslində bu təşkilat ilk növbədə geosiyasi təşkilatdır. 

Bütün siyasi ittifaqlar da əslində iqtisadi birlikdən başlayır. İqtisadi, ticarət, maliyyə maraqlar yekunda siyasi ittifaqa gətirib çıxara bilər. Məsələn Avropa Birliyi də siyasi ittifaq kimi yaranmamışdır. Avropa Birliyi 2-ci Dünya Müharibəsindən sonra Almaniya və Fransanın kömür və polad sənayelərini birləşdirilməsi nəticəsində yaranmışdı. Hansı ki, Almaniya və Fransa bir-birinə düşmən olan ölkələr idi. Amma Avropa başa düşdü ki, bunlar arasında iqtisadi birlik olarsa, siyasi düşmənçilik də aradan qalxacaq. Həqiqətən də belə oldu. 

Bu təcrübədən istifadə edərək Rusiya da başa düşür ki, siyasi çağrışlar etməklə bir yerdə olmaq mümkün deyil. Ümumi iqtisadiyyatı birləşdirmək bu ölkələr arasında siyasi birliyi təmin edəcək. Buna görə də Rusiya İqtisadi Avrasiya Birliyini yaradıb. Əsas məqsəd də odur ki, Pribaltika ölkələri istisna olmaqla digər possovet ölkələri bu ittifaqda olsunlar. Ermənistan Rusiyanın yaratdığı bütün təşkilatlarda iştirak etdiyinə görə Rusiya o ölkəyə üstünlük verir. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü idi və sonra haqlı olaraq bu təşkilatdan çıxdı. Azərbaycan o təşkilatdan çıxamağını belə əsaslandırdı ki, eyni hərbi ittifaqda birləşən ölkədən biri digərinin ərazisini işğal edib. 

Nəzakət Məmmədova: “Türkiyə-Rusiya ittifaqı müvəqqətidir. Çünki Türkiyə və Rusiya imperiya ambisiyaları olan ölkələrdir”.


Azərbaycanın Avrasiya İqtisadi Birliyinin qoşulmasını Rusiya istəyir. Çünki Azərbaycan kimi iqtisadi resursları olan, əhalisi çox, geosiyasi mövqeyi olduqca əlverişli olan bir ölkənin Avrasiya İqtisadi Birliyində olması Rusiyanın gücünü birə-beş artırardı. Amma Azərbaycan elan edib ki, ölkə balanslaşdırılmış siyasət yeridir. Professor Saleh Yılmazın dediyi kimi əgər Azərbaycan o ittifaqa daxil olsa, çox qısa zamanda Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. 

Onu da qeyd edim ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması müstəqilliyinin müəyyən qədər itirilməsi deməkdir. Yəni Azərbaycan yenidən Rusiyanın orbitinə, təsir dairəsinə düşə bilər. Azərbaycan bunu istəmir və Heydər Əliyev müstəqilliyimiz əbədidir deyib. Azərbaycan artıq əbədiyyən müstəqil olub. Buna görə də AzərbaycanRusiyanın, nə də başqa ölkənin tərkibinə daxil ola bilməz. Hal-hazırda Azərbaycan çətin seçim qarşısında qalıb: Müstəqillik, yoxsa müstəqilliyin məhdudlaşdırılması şərti ilə Qarabağın qaytarılması. 

İndiki zamanda dünyada Avrasiyaçılıq və Atlantizm arasında nüfuz savaşı gedir. Dünyanın əhəmiyyətli bölgələrini öz aralarında bölüşmək, paylaşmaq uğrunda mübarizə gedir. Əlbəttə ki, ABŞ və Qərb ölkələri bir istiqamətdədir, Rusiya, Çin, İran, Türkiyə və Yaxın Şərqin bəzi ölkələri bir tərəfdə yer alıblar. Türkiyə indiyə qədər Atlantik dövlətlərin təsiirndə olan ölkə idi. Lakin Ərdoğanın hakimiyyətə gəlməsindən sonra və Yaxın Şərqdə baş verən son münaqişələr, inqilablardan sonra Türkiyə özünün geosiyasi seçimini daha çox Avrasiyaçılıq, Rusiya ilə ittifaq şəraitində görür. Mən burada da Saleh bəylə razıyam ki, Türkiyə-Rusiya ittifaqı müvəqqətidir. Çünki Türkiyə və Rusiya imperiya ambisiyaları olan ölkələrdir. Belə ölkələr adi dövlət statusunu qəbul etmək istəmirlər. Onlar heç olmasa regional böyük dövlət olmaq istəyirlər.

Nəzakət Məmmədova: “Həm Qərb, həm Rusiya bərabər gücdə mübarizə aparırlar. Əgər tərəflərdən biri zəifləsəydi biz güclü tərəfə keçib öz problemimizi həll edə bilərdik”.


Bildiyimiz kimi Türkiyə və Rusiya Qərbin təzyiqlərini məruz qalıblar. Hətta Rusiya Qərbin sanksiyalarına məruz qalıb. İndi Türkiyəyə də iqtisadi təzyiqlər edirlər. Məsələn Türkiyədə dolların qiyməti çox qalxdı. Çünki xarici ölkələr lirəni dəyərdən salıb, seçki öncəsi ölkəni qarışdırmağa çalışırlar. Həmçinin Ərdoğana qarşı Qərbprərəst qüvvələri yetişdirib ortaya çıxardırlar. Türkiyədə xüsusən referendumdan sonra ölkə başçısının mövqeyi əsas rol oynayır. Ərdoğan isə Rusiya ilə yaxınlaşır və bu iki ölkə arasında hərbi, siyasi, iqtisadi yaxınlıq var. Kumilov Rusiya və Türkiyə ittifaqına "meşə və çöl" ittifaqı demişdi. Yəni o türkləri köçəri xalq olaraq çöl xalqı, rusları da meşə xalqı görərək bu cür yanaşma etmişdi. Rusiyanın özündə də Avrasiyaçılıq xətti olub. Kremlin əsas ideoloqlarından biri olan Duqin də Rusiyanı Avrasiyanın lideri kimi görür. 

Rusiya-Türkiyə ittifaqı Azərbaycan xeyirli olar ki, ziyanlı olmaz. Ümumiyyətlə Azərbaycan istəyir ki, bölgədə, dünyada sülh olsun. Azərbaycanın hardasa, müharibə olmasında marağı yoxdur. Türkiyə-Rusiyanın yaxınlaşması Azərbaycana faydalıdır. Həmçinin bu yaxınlaşma Dağlıq Qarabağ məsələsinin həlli üçün də faydalıdır. Türkiyə və Rusiya yaxınlaşan kimi dərhal Ermənistan narahat olur. Çünki Azərbaycan-Türkiyə-Rusiya ittifaqı Ermənistanın mövqelərinin zəifləməsinə səbəb olacaq. Ermənistanda Qərbyönümlü hakimiyyətin qələbə qazanması Türkiyəyə, İrana qarşı yönəlib. Bu dövrdə də Azərbaycan-Türkiyə-Rusiya ittifaqının yaranması çox vacibdir.

Onu da qeyd edim ki, Azərbaycan  Avrasiya İqtisadi Birliyini qəbul olunmağa tələsmir. Düşünmürəm ki, yaxın prespektivdə də bu baş verəcək. Hətta Avropa Birliyi Azərbaycanla saziş imzalamaq istəyir. Onsuz da Azərbaycan Avrasiya İqtisadi Birliyininə qoşulsa belə, Rusiya son ana qədər Dağlıq Qarabağ məsələsinin həllinə mane olacaq. Həm Qərb, həm Rusiya bərabər gücdə mübarizə aparırlar. Əgər tərəflərdən biri zəifləsəydi biz güclü tərəfə keçib öz problemimizi həll edə bilərdik. Hal-hazırda geosiyasi seçim edib birin tərəfində durmaq çox təhlükəlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar