Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qatilin əzabları


Orxan Cuvarlının hekayəsi


Əzab
 
“Onun daxili dünyasından... “
 
Bələdçinin dəhlizi bürüyən şən qəhqəhəsi onu yuxunun bağrından qopardı. Əvvəl harada olduğunu anlaya bilməsə də, kupenin hər bir köşəsinə matdım-matdım baxdıqdan sonra yersiz tərəddüdləri zərrə-zərrə yox olmağa başladı. Dikəldi, əlini qeyri-ixtiyari masadakı siqaret qutusuna uzatdı. Masanın üstü dağınıq idi; telefon, alışqan, boş su butulkası, bardaq, çörək qırıntıları, kəsik kolbasa. Telefon və alışqanı gödəkcənin cibinə qoyub zibilləri ehtiyatla sellofana boşaltdı və tambura keçdi.
 
Sinəsində dözülməz bir göynərti var idi, sanki ucsuz-bucaqsız bir boşluğa yuvarlanmış, qəddar bir əl qəlbini köksünün dərinliklərindən söküb qoparmışdı; ruhuna qədər işləyən bu giziltini duyan kimi dərhal anlayırdı – bir siqaret yandırmalıdır. Yoxsa bu göynərti daha da şiddətli bir hal alaraq onun nəfəsini kəsirdi.
 
Gecənin bir aləmində eynən bu duyğulardan o qədər əziyyət çəkmişdi ki... Yuxunun ən şirin vaxtında tövşüyə-tövşüyə kamodun üstündən siqaret qutusunu qamarlayıb balkona çıxmağı bir olur, içindəki yanğını söndürdükdən sonra isti yatağına uzanıb yenidən şirin yuxuya gedirdi. O, bunları düşünə-düşünə damağındakı siqareti odladı və dərin bir qullab çəkdi, tüstünü tamburun saralmış tavanına üfürüb pəncərənin laxlayan dəmirlərinə dirsəkləndi. Külək ləkəli pəncərədən içəri sivişib yaralı quş kimi siqaret tüstüsünü burum-burum yox edirdi. Tamburun əzici sükutunu qatarın ahəstə yerişindən ətrafa yayılan taqqıltıları, bir də ara-sıra çox tanış fit pozurdu.
 
Yağışın pəncərədə parıldayan kövrək damlaları süzülərək qəribə naxışlar yaratmışdı. Göz işlədikcə uzanan bozumtul səmaya, sürünüb gedən qara bulud topalarına, yağışın əmələ gətirdiyi çirkli gölməçələrə baxdı; nəzərlərini geriyə yıxılan işıq dirəklərinə, aramla uzaqlaşan ağaclara zillədi. Uzaqlarda hədəf seçdiyi hər qaraltı onun boylandığı pəncərəyə doğru böyüyərək gəlir, bərabərinə çatdıqda isə eyni qaydada kiçilərək qara nöqtəyə çevrilir, nəhayət, görünməz olurdu...
 
Az sonra bu qəribə məşğuliyyətdən bezərək kupeyə keçdi, çantasını götürüb çıxdı. Qatarın şıltaq təkanlarından səntirləyə-səntirləyə çıxış qapısına doğru irəlilədi. Şişman bələdçi ətəyini dartışdıraraq arıq, ayaqları bir-birinə dolaşan bir oğlanla birgə kupedən çıxdı; hər ikisi çıxış qapısını ağzında söhbət etməyə başladılar. Onu yuxudan ayıldan qəhqəhənin səbəbini indi anladı. Bələdçi qadın nəsə danışır, gənc isə razılıq əlaməti kimi başını yelləyirdi. Qadın şişman idi, 30 bəlkə də 35 yaşı olardı. Paltarının, saçının səliqəsi diqqət çəkirdi, bir sözlə xoş qadın təsiri bağışlayırdı. Gözucu oğlana da baxdı: sısqa, ovurdlarını tük basmış, dodağında çapıq olan bu gəncə vur-tut 25-26 yaş vermək olardı; geyimi çox səliqəsiz idi, pırtlaşıq saçları görkəmini daha da eybəcərləşdirirdi.
 
Oğlan ciddi-cəhdlə söhbətə girişir, tez-tez əlini bələdçinin çiyninə qoyaraq onu söhbətin səmimiliyinə inandırmağa çalışır, yerli-yersiz şaqqanaq çəkərək söhbətin məcrasını dəyişirdi. Onun gəlişindən sonra səs tonları dəyişdi, xısın-xısın söhbətə davam etdilər. Divardakı cədvələ və qol saatına baxdı, vağzala çatmağa hələ 40 dəqiqəlik bir zaman qalmışdı. Gözlərini cədvəldəki şəhər adlarına zillədi; hər ünvanın qarşısında qatarın çatacağı zaman qeyd olunmuşdu, bu dəqiqliyə özü də mat qaldı. Məhz bu intervala görə qatarın sürəti artıb-azalırdı. Qadın tələsik oğlanla sağollaşdı və kupeyə keçdi...
 
- Çox dalğın görünürsüz.
 
Bələdçinin gümrah səsi onu qarmaqarışıq fikirlərin cəncəlindən, zilləndiyi, qeyd olunan saatları ölçüb-biçdiyi bu cədvəlin dərinliklərindən ayırdı. Onun nə zaman kupedən çıxdığını, ona yaxınlaşdığını hiss etməmişdi.
 
- Yox, sadəcə zaman keçirdirəm. Cədvələ baxıram.
 
- Maraqlı məşğuliyyətdir. İşə başladığım ilk vaxtlarda mən də saatlarla baxırdım.
 
- Bəs sonra?
 
- Sonra hər stansiyada dəqiqələrin tam dəqiq yazıldığını gördüm. Ünvana qeyd olunan vaxtda çatırsan. Və bu mənim üçün marağını itirdi-son cümləni şən bir ədayla, saçını alnından geri ataraq söylədi.
 
- Maraqlıdır... Sürəti bu cədvəl əsasında müəyyən edirlər.
 
- Əlbəttə, yoxsa o qədər qatar toqquşar ki...
 
- Hə.
 
- Boş verin. Qəhvə içəcəm, istəyirsiz?
 
- Pis olmaz – soyuq tərzdə cavab verdi.
 
Az sonra iki fincan qəhvəylə qayıtdı. Bir fincanı ona uzatdı, öz qəhvəsini isə üfürə-üfürə, ehtiyatla qurtumlamağa başladı.
 
- Çox sağ olun. Nə zamandır bələdçilik edirsiz?
 
- Dəyməz. Artıq beş ilə yaxınlaşır.
 
- Oho... Yollardan sıxılmırsız ki?
 
- Doğrusu, sıxılıram. Ona görə tez-tez qatar dəyişirəm. Mən monoton həyatı sevmirəm. Eyni insanlardan, eyni söhbətlərdən sıxıldığım kimi eyni şəhərlərdən də tez usanıram.
 
- Çox şəhərdə olmusuz?
 
- O qədər... Əvvəl Bakı-Moskva qatarında idim, sonra Bakı-Tümen, sonra Bakı-Adler qatarına keçdim. Uzun müddət bu qatarda işlədim. Soçi, Adler gözəl şəhərlərdir. Ordan bir az gec sıxıldım – məsum-məsum gülümsədi.
 
- Bəs bu qatarda?
 
- Bir ildir ki, Bakı-Tiflis qatarındayam. Hələ ki bezməmişəm.
 
- Tiflis gözəl şəhərdir.
 
- Elədir, mənim uşaqlığım Tifisdə keçib. Bəlkə də ona görə doğma gəlir. Amma qiyamət havası var. Orda tapdığım hüzuru hələ heç bir yerdə hiss edə bilməmişəm. Siz də tez-tez gedirsiz ?
 
- Yox ikinci dəfədir, bir işim var idi, həll edib qayıtdım. Amma Bakı da pis şəhər deyil.
 
- Eh, Bakı... Vaxt var idi, buranın hər qarışı mənə doğma gəlirdi. Amma indi hər şey marağını itirib.
 
- Niyə?
 
- Nə bilim. İnsanı gərək qaldığı yerə bağlayan bir şey olsun. Mən heç bir şəhərə uyğunlaşa bilmirəm. Gərək tez-tez məkanımı dəyişim, tanımadığım, yad mühitə düşüm, yeni çevrəm, yeni tanışlarım olsun. Ona görə bələdçilik edirəm. Bir gün Bakıda, bir gün Tiflisdə, kim bilir daha hansı şəhərlər məni gözləyir.
 
- Bələdçilik maraqlı olar. Neçə-neçə yeni insanlar tanıyırsız – bununla o bayaqkı sısqa oğlana eyham vururdu, amma qadın fikirli idi və heç bir şey anlamadı.
 
- Çox maraqlıdır. Yol çox adama yorucu gəlir, amma mənə təskinlik verən elə bu yollardır. Gecə uzunu pəncərəmdən qaraltılara, hər saniyə yenilənən mənzərəyə baxıram. Bələdçilik ona görə maraqlı peşədir ki, pəncərənin o üzündəki tablo davamlı yenilənir, göz yorulmur.
 
- Bayaq tamburda eynən bunları düşünürdüm.
 
Söhbətin bu yerində bütün sözlər boğazına tıxandı. Sanki bütün sözlər bitdi, aramsız sualları yox oldu, qaynar söhbətin bütün həyəcanı yerini qəribə bir boşluğa buraxdı; tərs kimi qəhvə də bitmişdi. Qatarın arabir verdiyi fit sükutu daha da darıxdırıcı, dözülməz edirdi. Amma söhbətin bitməsini heç istəmirdi. Bilirdi ki, bir az daha sussa qadın onunla vidalaşacaq və yoğun baldırlarını sürüyə-sürüyə kupeyə keçəcək, odur ki tələsik soruşdu:
 
- Evlisiz? – sualın mənasızlığını, özünü necə də gülünc vəziyyətə saldığını anlayıb peşman oldu.
 
- Yox. 6 ildir ki, yoldaşımdan ayrılmışam.
 
Sualı verdiyinə çox peşman oldu. Çünki qadının bayaqkı şən cizgiləri miskin, hüznlü bir kimliyə büründü, həlim səsi bir az ciddiləşdi.
 
- Bağışlayın. Deyəsən, unudulmuş xatirələri yadınıza saldım.
 
- Yox , yox , narahat olmayın, önəmli deyil. Bəs siz nə işləyirsiz?
 
Söhbətin axarından bu sualın veriləcəyi məlum idi. Amma sual nə qədər gözlənilən olsa da, özünü itirdi, nə cavab verəcəyini bilmədi, tələsik bir yalan uydurub zəif bir səslə ;
 
- Rəssamam – dedi.
 
- Ooo... Çox gözəl sənətdir. İşlərinizi görmək istəyərdim.
 
Söylədiyi yalandan yanaqları pörtmüşdü, söhbəti dəyişmək istədi, amma qatarın ürküdücü fiti eşidildi və enməyə hazırlaşan sərnişinlərin hay-həşiri qopdu. Uşaqlıqdan qələbəliyi sevmirdi; çantasından çıxardığı kağıza nömrəsini yazdı və bələdçinin yaxa cibinə dürtüşdürərək ;
 
- Görüşərik – dedi.
 
Perrona enər-enməz anlaşılmaz bir yüngüllük varlığını sardı. Qatarın bürkülü ab-havasından Bakı vağzalının payız qoxan perronuna ani keçiddən sonra əhvalı xeyli duruldu; hava rütubətli idi, yağış təzəcə səngimişdi, Bakıda payızın melanxolik ətri duyulurdu. Uzun müddət yaxınlıqdakı dirəyə söykəndi və bir siqaret odlayaraq perrondakı əndişəli izdihama baxdı.
 
Hamı kimisə gözləyir, qatardan enənlərə diqqət kəsilirdi. Qatardan düşən kimi qucaqlaşanlar, ağlaşanlar, qol-boyun olub vağzalın çıxışına doğru gedənlər onun gözünün önündə qaraltıdan savayı bir şey deyildi; çünki o, baxışlarını sərnişinlərlə xoş təbəssümlə vidalaşan, uğurlar diləyən bələdçiyə zilləmişdi. Qatardan ən son bayaq gözucu baxdığı sısqa oğlan düşdü; qısa müddət bələdçiylə nəsə danışdı və qatardan endi; qarşılayanı yox idi, aram-aram şəhərə doğru üz tutdu. İzdiham seyrəkləşmişdi, səs-küy, qışqır-bağır sovuşmuşdu, az sonra perronda ondan və göyərçinlərdən başqa heç kim yox idi. İlan kimi depoya doğru sürünən qatara və qapıların ağzında duran, getdikcə uzaqlaşan, uzaqlaşdıqca nöqtəni andıran bəyaz köynəkli bələdçilərə baxırdı...
 
***
 
Qatar gözdən itəndə canında qəribə bir gizilti duydu. Axşamçağının ayazı canını bürüməyə başlamışdı, çantasını götürüb şəhərə doğru üz tutdu. Evi vağzala yaxın olsa da, piyada getməyə nə dizində təpəri, nə də ki, bir qırıq həvəsi yox idi. Taksilərdən birinə yaxınlaşıb ünvanı göstərdi. İşıldayan vitrinlərə, tıxacdan yenicə qurtulmuş asudə yollara baxa-baxa xəyala dalmışdı. Sürücünün “Çatdıq “ – sözünə xəyaldan ayılıb ovcunda sıxdığı pulu ona uzatdı.
 
Mənzilinə çıxıb, pallı-paltarlı xeyli müddət divana sərildi; akvariumda sağa-sola üzən balıqlara baxıb, saatın cansıxan çıqqıltısını dinlədi, hətta bir balaca mürgülədi də. Evin içində özünə yer tapa bilmirdi; ilıq vanna qəbul etdi, tələsik buterbrod hazırlayıb yedi, uzun müddət balkonda siqaret tüstülətdi. Yataq otağına keçdi, işığı yandırmağa ərindi, əl havasına çarpayını tapıb uzandı. Gecə lampasını yandırdı, kamodun üstündəki bir qalaq kitaba baxdı; Qorkinin “ Mənim universitetlərim”ini vərəqlədi və uzun müddət kitabın üz qabığına baxdı, lampanı söndürüb əllərini başının arxasında çarpazladı.
 
Otağın yarıqaranlıq atmosferində ona illərdir ki, tanış olan bir qoxu - günah qoxusu duyulurdu. Məhz bu qoxunu duyduğu anda burun pərələri genişlənir, təhtəlşüurunun öləzimiş alovunda qəribə bir fikir közərirdi: dünyada bu qoxunu duymaq bacarığı bir tək ona verilib.
 
Amma hərdən sərsəmlədiyinin fərqinə vararaq başını narazılıqla yelləyirdi. O bu qoxunu içinə çəkə-çəkə çarəsiz baxışlarını tavana zilləmişdi. Gördüyü işlərin ağırlığını həmişə gecələr, yerinə uzandığında dərk edirdi. Sanki çarpayıya uzanana qədər etdiyi işlərin ciddiliyini, qazandığı günahların ağırlığını dərk edə bilmirdi. Sanki çarpayıya uzanana qədər həmin iyrənc əməlləri törədən o deyildi. Sanki çarpayının üzərində naməlum, sehrli bir qüvvə var idi və o uzanan kimi bu qüvvə onun bütün varlığına hopur və onun günahı qəbuletmə instinktini qəflətdən oyadırdı. Yalnız və yalnız çarpayıya uzandığında vicdanı gözlərinin önünə gəlib dikilir, ona barmaq silkələyir və iç dünyasında bəzən sabaha qədər davam edən fırtına başlayırdı; onun qana bulaşmış əlləri ilə ləkələnmiş vicdanının amansız mübarizəsi.
 
Yalnız bu zaman ürəyi qorxu hissini dadıb sinəsində çapalayırdı; yalnız bu zaman kürəyində və alnında soyuq tər puçurlanırdı; yalnız bu zaman günahkar əlləri titrəyir, qurbanının son yalvarışları, çırpınışları, ölüm anında çıxardığı xırıltı qulaqlarından getmirdi. Bir gün əvvələ qayıtdı...
 
Tiflisdə bıçaqlayıb öldürdüyü qurbanının yalvarışlarını xatırladıqca bütün bədəni titrədi. Qurbanını işdən çıxıb maşınına doğru addımlayarkən yaxalamışdı; əlində möhkəm-möhkəm sıxdığı bıçağı üç dəfə ürəyinə saplamışdı. Bu onun nə ilk cinayəti idi, nə də sonuncu olacaqdı.
 
O kim idi? Həyatın sehrli labirintlərində yolunu azmış bir cani. Qaydalar bəsit idi; kiminsə bir kəslə ciddi ədavəti vardısa və bu ölümlə nəticələnməli idisə, həmin şəxs şəhərin ən məşhur canisinin – yəni onun yanına gəlir, bir diplomat pulu onun masasına qoyur və qurbanının kimliyi haqqında ona məlumat verirdi. Onun vəzifəsi yalnız bu idi; yanına gələn sifarişçiləri diqqətlə dinləmək, növbəti qurbanının rəsminə dəfələrlə baxmaq və günlərlə özünü həm fikrən, həm də ruhən bu qətlə hazırlamaq.
 
Onu nə ədavətin səbəbi, nə də ki qurbanının günahı maraqlandırırdı; onu maraqlandıran bir şey var idi; PUL. İlk illər onu bu iyrənc peşəyə gözünü pərdə kimi tutmuş pul hərisliyi sürükləsə də , sonralar bu vərdişindən əl çəkə bilmədi. İllərdir ki, bu işlə məşğuldur, kifayət qədər pul toplayıb; bu yoldan dönə bilməməsinin yeganə səbəbi caniliyin bir xəstəlik kimi onun ruhuna qədər işləməsi idi.
 
İndiyə qədər bəlkə də, yüzlərlə can almışdı və onda belə bir fikir formalaşmışdı ; içini bürümüş xılt, hiddət qurbanlarına endirdiyi hər zərbədə gilə-gilə canından çıxırdı. Məhz bu anlamsız sözlər ilə özünü illərlə ovutmuşdu. Onun ən çox çətinlik çəkdiyi zaman qətlin axşamıydı, çətini bitmək bilməyən bu gecəni yola vermək idi; sonra hər şey öz axarına düşürdü. Və bu axşam da həmin axşamlardan bəlkə də ən şiddətlisi idi. Yerində hey qıvrılır, haldan hala düşür, durmadan tər axıdırdı. Beynini cırmaqlayan bütün fikirləri bir anlıq unudaraq çarpayının altındakı diplomatı götürüb sinəsinə qoydu, bu təmasdan sonra canındakı üşütmə bir xeyli azaldı.
 
Ürəyinin başına qoyduğu dollar dolu diplomata baxdı, sanki mənəvi təskinlik tapdı və qeyd-şərtsiz razılaşdı ki, heç bir günah işləməyib ; hətta qısa bir müddət bu yalana özü də inandı. Onun var-dövlət hərisliyi bu dərəcədə şiddətli idi, amma daxilindəki xof yenidən baş qaldırdı. Dikəlib oturaq vəziyyət aldı. Bələdçinin “Siz nə işləyirsiz?“ sualını və atüstü uydurduğu yalanı xatırlayıb acı-acı gülümsədi. Axı nə cavab verə bilərdi? Onu yaralayan suallardan ən dəhşətlisi bu idi. Çünki bu sual qarşısında onun bütün cavabları cılız və aciz görünürdü.
 
Bu yoldan dönməyi çox düşünmüşdü, hətta tövbə etmək fikrinə düşmüşdü; ta ki növbəti sifarişi dinləyənə və masanın üzərindəki pul dolu diplomata baxana qədər. Bu an hər şey sıfırlanırdı. Bütün diqqətini sifarişçinin nitqinə və istəklərinə verirdi. Qəribədir ki, istəklər təkcə öldürmək arzusu ilə bitmirdi; bəzi sifarişçilər hətta qurbanın necə öldürüləcəyini də xüsusi əmr kimi ona tapşırırdı.
 
Onu bu işin ustası edən də elə bu idi-çeşidli ölüm metodları. Ölüm metodları istənilən qədər idi; küt alətlə, silahla, bıçaqla, boynunu sındıraraq və s. Bəzi amansız sifarişçilər qurbanın başını, qulağını, dilini, çıxarılmış gözünü, hətta ürəyini istədikdə belə bu tələblər onu heyrətə gətirmirdi; o öyrəncəli idi, bəzi məqamlarda işi ilə öyünürdü. Qurbanlarının siyahısı dəhşətli dərəcədə uzun idi; bu siyahıda hər peşənin sahibini tapmaq olardı; biznesmen, həkim, barmen, jurnalist...
 
...Bunları düşünə-düşünə heç cür rahatlıq tapa bilmirdi. Vicdanıyla olan bu mühakimədən, daxili hesablaşmadan həmişə var-dövlət hərisliyi qalıb çıxırdı. Onun üçün can almaq sıradan bir məşğuliyyət idi; insan xislətinə xas olan vəhşilik onun bütün hərəkətlərinə hopmuşdu. Ruhuna qədər onu incidən xəyalları beynindən atmağa, yuxuya getməyə çalışırdı.
 
O, ümid edirdi; ümid edirdi ki, sabah açılacaq, daxili çarpışması, insani hisslərinin üsyanı sona çatacaq, içində çilik-çilik olmuş bütün vicdanı yenidən bərpa olacaq, həyat əvvəlki axarı ilə davam edəcək, növbəti qətl axşamına qədər canı həmişəki hüzuruna qovuşacaq.
 
Müəyyən qədər haqlı idi, çünki sabah o yenə heç nə olmamış kimi həyatına davam edəcəkdi. Lakin, o bir şeyin fərqində deyildi; vicdanının üsyanı bir gün daha da şiddətli bir hal alacaq, onun ləkələnmiş vicdanı illər sonra da olsa, mənən durulacaq və qələbə bayrağını onun amansız, qana susamış qəlbinə saplayacaq. Bütün bunlardan xəbərsiz yuxunun dərinliklərinə yuvarlandı...(kulis.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar