Biznesmen Fərəcov keçmiş gəmiçilik şefinin adamı olan Vika xanıma rüşvət verməyib deyə malları 11 gün bərəyə buraxılmayıb
Qazaxıstan vətəndaşı, Aktau şəhər sakini olan iş adamı Dadaş Fərəcov “Yeni Müsavat”a müraciət edib. D.Fərəcov müraciətində Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) keçmiş rəisi Aydın Bəşirov haqda ağır ittihamlar səsləndirib.
D.Fərəcov 2011-ci ilin yayında Gürcüstandan Azərbaycanı tranzit keçməklə Qazaxıstana mal aparmaq istəyib: “Mən uzun müddətdir Gürcüstandan Qazaxıstana Azərbaycanın quru və su məkanı vasitəsilə mal aparıram. Bu dəfə də növbəti səfər idi. Yük maşınımın nömrəsi 10 OX 148 və qabaq nömrəsi 10 ZA 726 idi. Gürcüstandan Azərbaycandan tranzit keçməklə Qazaxıstana ümumi çəkisi 21 ton gilas və şaftalı aparırdım. Bu meyvələrin ümumi dəyəri 42 min dollar idi. Sürücümüz İbrahim Yüzbaşovla Qırmızı Körpünü keçib, Bakıya gəldik. Bakıya çatıb, gəmiyə bilet almaq üçün kassaya müraciət etdik”.
İş adamı qeyd etdi ki, bilet ala bilmək üçün 2 saat kassanın açılmasını gözləyib: “Baş kassir Vika adlı xanım idi. O, özünü elə aparırdı sanki kassa şəxsi mağazasıdır. İstədiyi vaxt açırdı, bağlayırdı. Məcburən 2 saat dözüb kassanın açılmasını gözlədik.
Kassada işləyən oğlana gediş haqqını verib, biletimizi aldıq. Bir az keçmişdi Vika gəlib həmin kassada işləyən oğlanın üstünə qışqırdı ki, niyə ondan icazəsiz bilet yazıb sərnişinə verib. Burda da qayda belədir: yük aparmaq üçün yükün yükləndiyi nəqliyyat vasitəsinin bir metri üçün bilet pulu 65 dollardan hesablanır. Mən 16,5 metr maşın və sürücümün bileti pulu daxil olmaqla, 1200 dollar ödəmişdim. Vika bu pulu kassaya ödəyəndə məndən əlavə 150 dollar istədi".
Şikayətçi 150 dollar “haqq” verməkdən imtina edib, ardınca onunla rus dilində danışan Vika adlı xanımla mübahisə başlanıb: “Kassada vurulan elanlar rusca yazılmışdı. Azərbaycan dövlətinin rəsmi dili var. Rusca niyə yazılmalıdır? Sonra Vikadan soruşdum ”Bakıda doğulmusan", dedi, hə. Soruşdum niyə rusca danışırsan? Bu iradlarım onun xoşuna gəlmədi, üstəlik, 150 dolları verməkdən imtina etmişdim. Ona görə də mənə acığı tutdu və dedi ki, sən mallarını bərəyə keçirə bilməyəcəksən".
İş adamı xəzinədarın diqqətinə çatdırıb ki, onun əlində bileti və sənədləri var və kimsə malları saxlaya bilməz: “Ancaq o qadının dediyi oldu. Öyrəndim ki, sən demə, bu qadın Aydın Bəşirovun ən yaxın adamı imiş. Nəticəsi olaraq axşam limana daxil olanda bütün maşınları bərəyə buraxdılar, bizimkini isə saxladılar. Giriş qapısına tapşırıq verilmişdi ki, bizim maşın buraxılmasın. Liman rəisi Nəriman adlı şəxsin yanına getdim, dedi ki, guya Vikanı təhqir etmişəm, yuxarıdan tapşırıq gəlib bu maşın limana buraxılmasın. Beləcə 11 gün çöldə qaldıq”.
D.Fərəcov problemi həll etmək üçün bu müddət ərzində A.Bəşirovun müavinləri ilə telefon əlaqəsi saxlayıb: “Onun müavinləri mənə dedilər ki, bu məsələ bizim səlahiyyətimizdə deyil, birbaşa Aydın Bəşirovluqdur. Gərək sən Vikadan üzr istəyəsən, onda işin düzələ”.
Sahibkar “Qara Qarayev” gəmisinin kapitanı Şahinlə də əlaqə saxlayıb: “Mənə dedi ki, səni qapıdan buraxa bilərlər. Ancaq tapşırıq verilib ki, bərəyə buraxılmayasan. Dedi, çox ora-bura şikayət etmə, Aydın Bəşirov yuxarı dairələrə bağlıdır, dayaqları güclüdür, səni məhv edərlər. Sonra gömrük tranzit xidmətinin işçisi İlqar maşınımı məcburən içəri saldırdı. Dedi, bu maşına baxmalıyam. Çünki tranzit gedir. Baxdılar, möhür vurdular. Amma mühafizəçilər dedilər ki, məni buraxsalar, Aydın Bəşirov onları işdən qovacaq.
Nəhayət, 11 gün sonra yenidən gömrük rüsumu, yol xərci, bilet pulu ödədik və maşınımızı Qazaxıstana buraxdılar. Bu da 52 min dollara gəlib çıxdı. Hətta Qazaxıstan gömrüyündə bildilər ki, Aydın Bəşirov Vika adlı xanıma görə mənim maşınımın keçməsinə imkan verməyib". Qazaxıstan vətəndaşı Azərbaycanın baş prokuroruna, daxili işlər nazirinə və Ali Məhkəmə sədrinə müraciət etdi: “Mən bu işə baxılmasını, mənə dəyən maddi-mənəvi ziyanın ödənilməsini tələb edirəm. Övladlarım Bakıda yaşayır. Onların başına bir iş gəlsə, məsuliyyəti dövlət orqanları daşıyır”.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.(musavat)