Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb regionda Rusiyaya qarşı ikinci cəbhə açır


Azərbaycanda qafqazsayağı Maydan hazırlayırlar


Morninqstarın xəbərdarlığının əks-sədası Rusiyadan gəldi; pravda.ru videokanalı bölgəmizdə rəngli inqilab layihələrinə həsr etdiyi verilişdə ilginc detallara diqqət yönəltdi; Amerikanın geosiyasi planlarında Türkiyəyə də rol ayrıldığı deyilir...

Ukraynada avrointeqrasiya tələbləri ilə başlayan Maydan hadisələri hələ məntiqi sonluğa çatmayıb. Ancaq bir şey indidən aydındır ki, bu hadisələr MDB-nin və Şərqi Avropa məkanının ən mühüm ölkəsini - Ukraynanı Rusiyanın siyasi-hərbi təsir zonasından həmişəlik çıxarıb. Paralel olaraq, Putinin SSRİ-ni yeni qiyafədə bərpa eləməyə yönəlik Avrasiya layihələrinin aqibəti məlum hadisələrlə uğursuzluğa tuş gəlib.

Bu üzdən Kreml başçısı Maydan proseslərinin heç olmasa başqa postsovet regionlarına, ələlxüsus Güney Qafqaza sirayət eləməməsinə səy edir, prosesin təkrarlanmaması üçün ən müxtəlif və preventiv planlar üzərində baş sındırır. Təbii ki, belə bir məram rəngli inqilablarda maraqlı olmayan yerli antidemokratik rejimlərin də istəyi ilə yüzdə yüz uzlaşır.

Bu yerdə yada ötən həftəsonu Almaniyanın nüfuzlu “Der Spiegel” nəşrində getmiş bir məqalə düşür. Məqalədə Rusiyanın Azərbaycanı da hədəf ala biləcək yeni qorxunc planından bəhs olunurdu. Bildirilirdi ki, Moskva potensial tətbiq yeri Qafqaz və Ukrayna olacaq, həmçinin postsovet məkanında rəngli inqilabları önləməkdə istifadə edilə biləcək özəl ordu hazırlıqlarına başlayıb.



Müəllif konkret faktlara istinadən qeyd edirdi ki, Kreml ABŞ-ın “Blackwater”inə bənzər özəl silahlı qüvvələrin yaradılması planı üzərində ciddi şəkildə işləyir. Ehtimal edilir ki, belə bir yeni, dövlətüstü strukturlardan “siyasi həssas situasiyalarda” istifadə olunacaq. 
***
Rusiyanın pravda.ru videokanalının birbaşa efirində getmiş və Güney Qafqaz ölkələrində protest hərəkatın perspektivlərinə həsr olunmuş analitik veriliş bu xüsusda təxminlərə başqa yandan işıq sala bilər. Region dövlətlərində (şübhəsiz, əsasən AzərbaycanErmənistan nəzərdə tutulur) Ukraynasayağı Maydanın mümkünlüyünə həsr olunan müzakirələrdə bəzi fikirlər xüsusilə diqqət çəkir.

Məsələn, qeyd edilir ki, korrupsiyalaşmış oliqarxiya rejimlərinin özünün mövcudluğu, milli sərvətlərin düzgün bölüşdürülməməsi potensial Maydan üçün onsuz da hər zaman zəmin yaradır. Hərgah, rusiyayönlü politoloq hesab edir ki, guya Maydan hadisələrini körükləməklə Qərb eyni zamanda həmin ölkələrin dövlətçiliyini məhv eləmək, onları daha asan idarə olunan hala gətirmək niyyəti güdməkdədir. Rusiyanın Maydan hadisələrinə qarşı çıxması guya həm də bu amillə bağlıdır.



Sitat: “Artıq Güney Qafqazda situasiya güclü şəkildə laxladılmaqdadır. Əslində daxildən Ermənistanı yox, bütün regionu partlatmaq, Rusiya ətrafında sabitsizlik kəməri yaratmaq istəyirlər. Suriyada məğlub olan Qərb Rusiyadan əvəzini Ukrayna çıxmaqdadır. Buna hazırlıqlar çoxdan gedirdi. Növbədə Qafqaz ölkələridir. Bu, Qərbin geosiyasi planlarına daxil olan məsələlər sırasındadır”.

Ekspert Maydanın təhdid elədiyi əsas ölkənin məhz Ermənistan olacağını düşünür: “Partlayışın mərkəzində Ermənistan duracaq. Episentr də o olacaq. Çünki region ölkələrindən məhz Ermənistan Rusiyaya hərbi-siyasi cəhətdən ən güclü şəkildə bağlanan dövlətdir, burada Rusiyanın yeganə leqal hərbi bazası var və üstəlik, yerli hakimiyyətdən sosial narazılıq çox böyükdür. Bizdə artıq Maydan komitələri, gənclərin bu yöndə müxtəlif təşkilatları, QHT-lər mövcuddur”. 



Politoloqun iddiasına görə, regionda destabilizasiya üçün daha bir faktor odur ki, “Gürcüstanda, Azərbaycanda və Ermənistanda KİV faktiki, Qərbin nəzarəti altındadır və hər üç ölkədə onlar koordinasiya olunmuş şəkildə fəaliyyət göstərir”.

Onun qənaətincə, Qərb Rusiyanı regiondan vurub çıxarmaq üçün Qafqazda Kremlə qarşı ikinci cəbhə açmaq istəyir: “Bölgədə Ukraynasayağı Maydanın, inqilabların təkrarlanması üçün xüsusən son aylarda ciddi fəallaşma hiss olunur və özünü son zamanlar Dağlıq Qarabağ konflikti ətrafında gərginləşən situasiyada da göstərməkdədir. Belə qənaət hasil olur ki, Qərb Qarabağ məsələsi ilə bağlı hansısa dəyişikliyin daxildə yaradacağı spontan etirazları da hesaba alır. Prosesə həmçinin Türkiyə cəlb olunacaq. Bir sözlə, hazırda bölgədə dondurulmuş kimi görünən situasiyanın donu hər an açıla bilər”.

***
Xatırladaq ki, Azərbaycanda Maydanın təkrarlana biləcəyi barədə ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar da AzadlıqRadiosuna məlum qalmaqallı müsahibəsində xəbərdarlıq eləmişdi. Buna görə hakimiyyət dairələrinin dərhal sərt qınağına tuş gələn diplomat bildirmişdi ki, əgər ölkədə təməl azadlıqlar tapdanmaqda davam edərsə, vətəndaş cəmiyyətinə qarşı çox sərt mövqe tutularsa, vətəndaş cəmiyyətinə nəfəs almağa imkan yaradılmazsa, onda Ukraynadakı hadisələr nə vaxtsa Azərbaycanda da təkrarlana bilər.
Səfirin açıq mətnlə söylədiyi sərt fikirləri rəsmi Bakı hələ də həzm edə bilməyib. 

Gerçək belədir ki, bunu az qala “Amerika Azərbaycanda Maydan hazırlayır” kimi anlayan ölkə iqtidarı günü bu gün də dünyanın 1 nömrəli dövlətinə qarşı təbliğat kampaniyasını davam etdirir, Vaşinqtonun “maliyyələşdirdiyi əlaltı qurumlar” vasitəsilə Azərbaycanda inqilab hazırlıqları içində olması görüntüsü yaradır. Bundan əlavə, hakimiyyətin yazılı və elektron mətbuatında vaxtaşırı surətdə “ifşaedici” materiallar dərc edilir, antiqərbçi “ekspertlər”in dilindən uzaqgedən, anti-Qərb xarakterli proqnozlar səsləndirilir.
Azərbaycanda son qalmaqallı siyasi həbslərin bir ucunun məhz bu motivə bağlı olduğuna şübhə edənlər yəqin ki, qalmayıb. Gerçək budur ki, tutulan tanınmış simaların mütləq əksəriyyəti (İlqar Məmmədov, Anar Məmmədli, Tofiq Yaqublu, Leyla Yunus, Rauf Mirqədirov) məhz qərbyönlü qüvvələri təmsil edən şəxslərdir. Azərbaycan iqtidarının kontur-Maydan tədbirləri yəqin ki, bu həbslərlə məhdudlaşmayacaq. Ancaq bunlar ölkədə qafqazsayağı Maydanı önləyə biləcəkmi? Sual budur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar