Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qeyd yazmaqla bir-birilə danışan ailə


Azərbaycan dilində ilk dəfə layihə


Kulis.Az Macarstan yazıçısı Mikloş Vamoşun “Ailə yazışmaları” hekayəsini təqdim edir.
 
Qeyd: Pityu və Pişta – İştvan adının qısaltmalarıdır.
 
Pityu, axşam mütləq evdə ol, Bela dayı bizə qonaq gələcək. Keçən dəfə sən salam vermək əvəzinə dodaqaltı nələrsə mızıldanıb, sonra da evdən çıxıb getdiyin üçün mən hələ də xəcalət çəkirəm. Mariyə də çatdır ki, evdə olsun. Hə, süd almağı da yaddan çıxartma!
 
Öpürəm. Anan
 
Pityucan! Nahar ocağın üstündədir, kartofu qızdır və arabir qarışdır ki, yanmasın. Dərslərini oxu!
 
Nənən
 
Mari, anamız bu axşam evdə olmanı xahiş etdi: o gülməşəkər Bela dayı bizə təşrif buyuracaqmış. Mən bu gün məşqdə olmalıyam, odur ki, mənə çox da bel bağlamayın. Az qala yadımdan çıxmışdı: süd də alarsan!
 
İştvan
 
Pişta, sizə gəlmişdim, ancaq səni tapmadım. Axı, biz sözləşmişdik.
 
Juja
 
Mağazaya getməyinə getdim, ancaq artıq süd qurtarmışdı.
 
Mari
 
Vətəndaşlar! Təcili kirayə haqqını ödəyin. Ayın onu çoxdan ötüb. Lift pulunu ödəməyi də unutmayın.
 
Xidmətçi qadın
 
Mən kafeyə getdim.
 
Ata
 
Pityu! Əgər axşam saat ona qədər evə dönsən, mütləq məni oyat, səninlə vacib söhbətim var. Özünü lap heyvan kimi aparırsan! Heç kəsə qədir-qiymət qoymursan. Atan saat yarım geciksə də, sözümü yerə salmadı, gəlib çıxdı. Sən isə mənim xahişimi qulaqardına vurdun. Niyə ailəmizin ümumi dərd-sərindən yaxanı kənara çəkirsən? Bela dayını nədən xoşlamadığını isə heç cür başa düşə bilmirəm. Onun ki sənə heç bir pisliyi dəyməyib!
 
O, hamımıza hədiyyə gətirmişdi, sənin payını şkafına qoymuşam.
 
Öpürəm, anan
 
Ana, mən saat on birdən sonra evə gəldim. Mümkünsə, məni tezdən, yeddiyə işləmiş oyat, fizikadan dərsi təkrarlamalıyam. Şokolad xoşuma gəldi.
 
İştvan
 
Mari, zəhmət olmasa, bunları al:
2 kilo kartof,
1 paket yağ,
3 dənə limon (çox da iri olmasın),
2 dənə krem-pendir,
1 litr süd.
 
Mütləq al ha! Dünən mən üçüncü mərtəbədə yaşayan Vernyakın arvadından öyrəndim ki, mağazada süd saat səkkizə qədər olur. Belə çıxır ki, sən məni aldatmısan. Pulu şkafa qoymuşam.
 
Öz aramızdır, yemək yeyəndən sonra qabları yumağı da tərgitmisən. Bu nə deməkdir?! Axşam mətbəxi səliqəyə sal!
 
Öpürəm. Anan
 
Nənəcan! Məktəbdə bizdən 10 forint pul yığırlar, babadan istədim vermədi, mən də sənin pulqabından götürdüm.
 
İştvan
 
Pityu, baba ilə nənə gəzintiyə çıxıblar. Sənin də kinoya, ya da gəzməyə getməyin yerinə düşərdi. Mənim bir tanışım bizə gələcək. Əvvəlcədən təşəkkürlər!
 
Mari
 
Ana, məktəbdə məndən 10 forint istəyiblər, zəhmət olmasa, pulu şkafa qoy. Coğrafiya müəlliməsi gündəliyimə yazıb ki, rübdə mənə 1 verəcək. Ancaq mən çalışıb düzəldərəm, təki sən gündəliyimə qol çək ki, bundan xəbərin var.
 
İştvan
 
Pityu! Sən özünü lap axmaqlığa qoymusan! Gündəliyi mənə qollatdırırsan, özün isə gecə yarıyacan küçədə veyllənirsən! Bir də ki, gündəliyində həmin qeyddən başqa iki dənə də “bir”in var. Ağlını başına yığ! Yoxsa hər şeyi açıb, atana deyərəm!
 
Öpürəm, anan
 
Mən kart oynamağa gedirəm. Axşam yeməyinə gəlməyəcəyəm.
 
Karoy
 
Mari, baba ilə nənənin radio üzündən sözləri çəp gəlib: babamız radionun səsini azaltmaq istəmədiyindən nənə əsəbiləşib və halı xarablaşıb. “Təcili yardım” gəlib onu xəstəxanaya apardı. Bunu anamıza xəbər ver. Nənənin yanına aparmaq üçün bir bağlama düzəltmişəm. Orada gecə köynəyi, çəkələk və sabun var. Mən gəzməyə gedirəm, amma anaya demişəm ki, filateliya dərnəyinə getməliyəm. Çao!
 
İştvan
 
Ana, nənə xəstəxanadadır, baba da özünü pis hiss edirdi, odur ki, bufetdəki çaxırdan süzüb içdi. İndi yatır. İçində gecə köynəyi, çəkələk və sabun olan bağlamanı xəstəxanaya, nənəyə çatdırmaq lazımdır. Mən rəsm dərnəyinə getdim.
 
Mari
 
Axşam gec gələcəyəm, məni gözləməyin!
 
Ata
 
Karoy! Belə olmaz! Özünü lap yad adamlar kimi aparırsan! Axı, sən mənim ərim, uşaqların isə atasısan. Evə nə vaxt dönsən, mütləq məni oyat. Sənə deyiləsi sözüm var!
 
İrma
 
Anası! Rica edirəm, mənim üçün 20 forint pul qoy. Vacib lazımdır! Həm də çox lazımdır!
 
İştvan
 
Karoy, bir həftədir ki, biz səninlə rastlaşa və bircə kəlmə kəsə bilmirik. Anam xəstəxanadadır. Atam da kefsizləyib. Pityunun hər dəqiqə gimnaziyadan qovulmaq qorxusu var. Qonşular Marini düz binamızın girişində bir oğlanla öpüşən görüblər. Sənin isə bütün bunlar vecinə deyil, çünki heç nə ilə maraqlanmırsan. Günlərin bir günü mən səni kandardan içəri buraxmasam, buna heç təəccüblənmə! Onda arxayınlıqla öz məşuqələrinin yanına köçüb, onlarla yaşaya bilərsən!
 
İrma
 
Pityu, anan səndən şikayətlənir. Sən lap yolunu azmısan. Dərslərinə baxmırsan, evə gecədən keçmiş gəlirsən. Özünü yığışdır! Yoxsa səni qulaqlarından divara mıxlayaram! Mariyə də çatdır ki, bunlar eyni dərəcədə ona da aiddir.
 
Atan
 
Ana, baba üçün həkim çağırmışdıq, tapşırdı ki, ağır infarkt keçirdiyi üçün yataqdan qalxmasın. Stolun üstündəki reseptdə sadalanan dərmanları təcili almaq lazımdır.
 
İştvan
 
Ana, səhər atamın yanına tanımadığım bir qadın gəlmişdi. Mən təsadüfən evə baş çəksəm də, atam məni uzun müddət evə buraxmadı. Deyəsən, belə getsə, öz evimizə də girə bilməyəcəyik. Gözlərin aydın olsun!
 
Mari
 
Karoy! Məni hövsələdən çıxartma. Onsuz da səbr kasam dolub-daşır. Mən səndən boşanıram. Rədd ol cəhənnəmə!
 
Əşyalarını kiçik otağa yığmışam, elə orada da yaşayarsan. Mari bundan sonra mənim otağımda yatacaq. Bir də gözümə görünmə!
 
İrma
 
İrma, sən həmişə dəymə-düşər olmusan. Necə bilirsənsə, elə də elə. Mən də sənin əlindən cana yığılmışam! İstədiyin kimi yaşa! Gecən xeyrə qalsın!
 
Karoy
 
Ana, gimnaziya məni lap cana yığıb, onu atıram! Axşam özüm hər şeyi sənə başa salaram.
 
İştvan
 
Karoy! Doğma oğlunun, yəni İştvanın taleyi həll olunur. O gimnaziyanı atmaq istəyir. Təhsilini davam etdirmək istəmir. Mümkünsə, onunla özün danış! Axı, hər necə olsa, sən onun atasısan! Bir dostu onu tamam başdan çıxarıb, oğlun da peşə məktəbinə girmək niyyətindədir. İştvan deyir ki, dilənçi kimi əl açıb bizdən pul qoparmaq onun lap zəhləsini töküb.
 
Belə getsə, onun axırı necə olacaq?!
 
İrma
 
Siz məni tamamilə unutmusunuz, evdə heç kəs qayğıma qalmır.
 
Baba
 
Ana, babanın halı pis idi. Elə hey çığırırdı, qonşuların çağırdığı “Təcili yardım” onu xəstəxanaya apardı. Az sonra oradan zəng edib bildirdilər ki, kişi keçinib. Atamın iş yerinə də zəng vurublar, işdə tapılmayıb. Bildiriblər ki, evə getmək adıyla işdən icazə alıb. Axşam saat 7-yə kimi sizi gözlədim, indi isə rəfiqəmgilə gedirəm. Evdə tək qalmaqdan qorxuram.
 
Evə bir az ertə gələ bilməzsən?! İndi sən bütün vaxtını sevimli Bela dayı ilə keçirirsən! Artıq sənin üzün də yadımdan çıxıb. Arabir bufetdə qeydlər yazıb qoyduğun üçün də, görünür, Tanrıya şükürlər etməliyəm.
 
Mari
 
Pityu, zəhmət olmasa, babanın ölümü haqda şəhadətnaməni evlər idarəsinə apar və mağazadan aşağıdakıları al:
 
1 baton çörək,
200 qram kolbasa, xahiş elə nazik doğrasınlar,
1 litr süd.
 
Öpürəm, anan
 
Mari, Kalman Sakay adlı birisi zəng etmişdi. Axşam təkrar zəng vurmasını xahiş etdim.
 
İştvan
 
Karoy! Atamın dəfninə gəlməməyin sənin gönüqalınlığını bir daha sübut etdi. Nə olsun ki, biz boşanmaq üçün ərizə vermişik. Axı, bütün köhnə münasibətlərin üstündən belə heyvancasına xətt çəkmək də olmaz! Camaat bizə nə deyər?!
 
Öz aramızdır, biz dost kimi də ayrıla bilərdik! İndi mən elə yalqızam ki, özümü dünyada tamamilə kimsəsiz sayıram.
 
İrma
 
Ana, atam xahiş etdi sənə çatdırım ki, o bizdən ayrılır. Mən özüm də bundan gec, yəni bu qeydi yazmamışdan qabaq xəbər tutdum. Bütün geyimlərini iri çamadana yığıb, apardı. Mən kinoya gedirəm.
 
Sənin o başdanxarab Belana məndən salam de.
 
Bir də... mən artıq üç gündür ki, poliqrafiya üzrə sənət məktəbində oxuyuram. Nə bilmək olar, bəlkə də bu xəbər sənin üçün maraqlı olacaq?
 
İştvan
 
Ana, axşam səni xeyli gözlədim. Attila da bizdə idi, yadında, sənə onun haqqında danışmışdım. Yadına gəlir? Biz onunla bir-birimizi çox gözəl başa düşürük. Çox istərdim ki, sizi tanış edim. Təəssüf ki, səni uzun-uzadı gözləməyimiz hədər getdi. Attila teatra bilet alıb, ona görə də evə gec gələcəm.
 
Mari
 
Pityu, sən lap həddini aşmısan! O sənin üçün sadəcə Bela yox, Bela dayıdır. İkincisi, o heç də başdanxarab deyil! Üçüncüsü, sən unutmamalısan ki, mən onunla məhrəm münasibətlərdəyəm və ona qarşı bu cür davranmana əsla yol vermərəm!
 
Öpürəm, anan
 
Pityu, bu gün sən mütləq xəstəxanaya, nənənə baş çəkməlisən. Düz bir həftədir ki, heç kim onu yoluxmur! Bir banka kompot alıb onun üçün apar, pulunu sonra sənə qaytararam!
 
Öpürəm, anan
 
Mari, zəhmət olmasa, nənənə bir baş çək. Gedəndə bir banka kompot apar, bu gün mən buna heç cür imkan tapmayacağam.
 
İştvan
 
Ana, nənənin yanına özün get, mən Attila ilə rəqsə gedəcəyəm, vaxtım yoxdur. Öz aramızdır, o – sənin anandır.
 
Mari
 
Pityu, Mari, bu axşam hər ikiniz mütləq evdə olun, sizinlə göz-gözə və ciddi danışmaq istəyirəm. Hər ikiniz artıq dərrakəli adamlarsınız, inanıram ki, məni də başa düşərsiniz. Çox yəqin ki, Bela dayı bu yaxınlarda bizim evə köçəcək.
 
Öpürəm, ananız
 
Ana, üçüncü dəfədir ki, işıq pulu üçün hesab gətirirlər, barı bundan ötrü pul qoy!
 
İştvan
 
Bela! Mən dərziyə gedirəm, tez qayıdacağam! Şam yeməyi ocağın üstündədir, çox ac olsan, qızdırıb yeyərsən. Amma çox istərdim ki, məni də gözləyəsən, onda birlikdə şam edərik.
 
Sənin İrman
 
Ana, mən Attilaya ərə gedirəm. Üç həftədən sonra toyumuzdur. Yəqin ki, sən məni başa düşər və bu seçimimi bəyənərsən! İnanıram ki, sevinəcəksən. Əgər sevinməsən də, artıq mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur.
 
Mari
 
Ana, xahiş edirəm Belaya tapşır ki, mənim əşyalarıma toxunmasın! Keçən dəfə bir qutu siqaretimi əkişdirmişdi, ondan nə xəbər çıxdı, nə ətər! Bir də ki, bu birinci dəfə deyil.
 
İştvan
 
Mari, rica edirəm, axşam evdə ol. Nikah məsələnlə bağlı səninlə ciddi söhbətim olacaq. Sən ağıllı qızsan, belə məsələlərdə necə gəldi qərar vermək olmaz. Tələsmək yersizdir! Çünki burada sənin gələcək taleyin həll olunur!
 
Attila yaxşı oğlandır, ədəblidir, ancaq o, vur-tut texnikdir. Sən özünə daha imkanlı ər tapa bilərdin! Mənim fikrim belədir! Axşam hər şeyi yerli-yataqlı danışarıq! Öz aramızdır, Bela da eynilə bu cür düşünür.
 
Öpürəm, anan
 
Heç sənin öz fikrin məni zərrə qədər maraqlandırmır, onda qalmış Belanın fikri ola. Mən istədiyim kimi yaşamağa qərarlıyam.
 
Mari
 
Pityu, zəhmət olmasa, Bela ilə nəzakətli davran! Unutma ki, sənin nəyi necə qəbul etməyindən asılı olmayaraq, mən sənin ananam, o isə mənim ərimdir!
 
Öpürəm, anan
 
Bu gün mən evə bir az gec dönəcəyəm.
 
Bela
Pityu, lütfən, bunları mağazadan al:
1 baton çörək,
300 qram kolbasa,
yarım kilo un,
200 qram şokolad,
bir şüşə şərab.
 
Bu gün Bela dayının ad günüdür. İmkan daxilində evdə ol, gəlib ləziz yeməklər hazırlayacağam.
 
Öpürəm, anan
 
Mən dostlarımla pivə içməyə getdim.
 
Bela
 
Bela! Mən sənin adına süfrə açmışdım, oturub səni gözlədik. Sən isə gəlib çıxmadın! Öz ad gününü də unutmusan! Bütün axşamı biş-düşə sərf eləmişdim, sən isə evə gəlməyə də gərək duymadın! Heç xəcalət çəkirsən?! Beynində dost-aşnalarından başqa heç nəyə yer yoxdur!
 
İrma
 
Pityu, Belaya zəhmət olmasa, xəbər ver ki, mənim işim başımdan aşdığından evə nisbətən gec dönəcəyəm.
 
Öpürəm, anan
 
Bela xahiş elədi çatdırım ki, o, kafedədir. Dedi ki, əgər bir də onun dalınca oraya getsən, bəxtindən küsməlisən.
 
İştvan
 
Pişta, Vera adlı birisi gəlmişdi. Sənə çatdırmaq üçün qoyduğu kağızda yazıb: “Pişta, unutmusan nədir? Axı, biz bu günə vədələşmişdik! Əgər bunu bir zarafat hesab edirsənsə, çox yersizdir! Vera”
 
Mari
 
Pityu, axşam sən mütləq evdə olmalısan. Bu xahişimi Mariyə də çatdır. Dejye dayı bizə qonaq gələcək. Xatirindədirsə, sənə ondan bəhs etmişdim. O, çox gözəl insandır. Mariyə deməyi unutma.
 
Öpürəm. Anan. Öpürəm
 
Dilimizə çevirdi - Azad Yaşar 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar