Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qız Qalasındakı intiharın sirri



Xəbər verdiyimiz kimi, noyabrın 24-də Xırdalan şəhər sakini Qrişayev Yuri Qriqoryeviç özünü Qız Qalasından atıb


Qeyd edək ki, ilk öncə intihar etmiş şəxsin kimliyini müəyyənləşdirmək bir qədər çətin olduğu üçün işin istintaqını aparan Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi bununla bağlı paytaxt sakinlərinin yardımına baş vurmaq qərarına gəlmişdi. Yalnız bundan sonra mərhumla bağlı bir sıra zəruri bilgilər əldə edilib.
 
Bildirdiyimiz kimi, artıq faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Lakin bugünədək intiharın səbəbləri bəlli deyil.

Nəzərinizə çatdıraq ki, 1983-cü il təvəllüdlü,  Xırdalan şəhəri məhəllə 27, ev 21, mənzil 29-da (Biz ilk öncə onun bu mənzildə yaşadığını zənn edirdik. Lakin sözügedən ünvana çatdıqda məlum oldu ki, o, burada yaşamır. Bu barədə bir qədər sonra – V.M.) yaşayan Qrişayevin atası təxminən 20 il bundan öncə özünü Qanlı Gölə ataraq öldürüb. Qeyd edək ki, bu hadisə oxucularımızın diqqətini cəlb etdiyi üçün bu gün Yuri Qrişayevin yaşadığı ünvana – Xırdalan şəhərinə yollandıq.
 
Əslində 27-ci məhəlləni tapmaq o qədər də asan olmadı. Lakin “Soruşu-soruşa Bağdadı da tapmaq olar”  prinsipindən çıxış edərək Xırdalan sakinlərinin yardımlarına baş vurduq. Beləcə, gəlib çıxdıq Qrişayevin məhəlləsinə. İndi qalır bircə onun yaşadığı mənzili dəqiqləşdirmək. Bir qədər öncə də qeyd etdiyimiz kimi biz onun 29-cu mənzildə yaşadığını zənn edirdik. Daha doğrusu, hüquq mühafizə orqanlarından əldə etdiyimiz bilgilərdə belə deyilirdi. Odur ki, mərhumun yaşadığı məhəlləyə çatdıqda həyətdə əyləşmiş qadınlardan Yuri Qrişayevin 29-cu mənzildə yaşayıb-yaşamadığını soruşduq. Sözün açığı, aldığımız cavab bizi xeyli təəccübləndirdi. Çünki Qrişayevin qonşuları onu tanımadıqlarını və burada belə bir adamın yaşamadığını bildirdilər. “Bizim binada Yuri adlı şəxs yoxdur. Mənzil 29-da isə azərbaycanlı ailə yaşayır. Yəqin səhv gəlmisiz” deyən xanım bir qədər fikirləşdikdən sonra 1-ci blokda rus millətindən olan ana-balanın yaşadığını qeyd etdi: “Hə, birinci blokda 5-ci mərtəbədə bir otaqlı mənzildə ana ilə oğlu yaşayır. Onlar milliyyətcə rusdurlar. Lakin həmin mənzil 29 yox, 19-dur. Yəqin sizə ora lazımdır”.
 
Qrişayevin ev ünvanını dəqiqləşdirdikdən sonra 19-cu mənzilə doğru istiqamət aldıq. Blokun qarşısında insan izdihamı görmədikdə bir qədər təəccübləndik. Axı, adətən rəhmətə gedən olanda qohum-əqraba, dost-tanış azı bir həftə mərhumun evinin qarşısında yığılır, başsağlığına gəlirlər. Burada isə demək olar ki, heç kim yox idi. Yalnız 5-ci mərtəbəyə qalxdıqda Qrişayevin yaşadığı mənzilin qapısının qarşısında iki kişi və bir qadınla qarşılaşdıq. Onlar bizim kim olduğumuzu soruşdular. Publika.az saytından gəldiyimizi və Yuri ilə bağlı bir sıra bilgilər əldə etmək, reportaj hazırlamaq niyyətində olduğumuzu bildirdikdə xanım Qrişayevin anası olduğunu dedi. Adının Marina olduğunu qeyd edən qadın ilk öncə danışmaq istəmədiyini və deyəcək sözünün olmadığını bildirdi. Lakin çətin də olsa, onu hadisə ilə ağlı danışdırmağa razı sala bildik, ancaq şəklinin çəkilməsinə etiraz etdi.
Beləliklə, oğlunun intihar xəbərini eşitdikdə şok olduğunu və hələ də özünə gələ bilmədiyini deyən Marina xanım Yuri Qrişayevin xaraktercə mülayim, xoşxasiyyət olduğunu qeyd etdi:
 
“Mənim oğlum sakit insan idi. Onun heç kimlə işi olmazdı. Bildiyim qədər heç kimlə ədavəti yox idi. O. təcrübəli aşbaz olub. İşlədiyi kollektivlərdə də hamı ondan razı olub. Bir qədər sonra onun iş yoldaşları da gələcək. Onlardan da Yuri barədə soruşa bilərsiniz. İnanmıram ki, kimsə onu pisləsin”. Mərhumun qonşularla bir o qədər də ünsiyyət qurmadığını vurğulayan Marina xanım özünün də bir qədər qapalı insan olduğunu bildirdi: “Oğlum da, mən də qonşularla mütəmadi ünsiyyət quran, gediş-gəliş edən insanlar deyilik”.
 
Yurinin özünə qəsd etməsinə gəlincə, anası qeyd etdi ki, bununla bağlı onda heç bir informasiya yoxdur: “Onun kimə görə və hansı səbəbdən özünü öldürməsini deyə bilmərəm. Polis əməkdaşları da deyirlər ki, işi araşdırırlar. Lakin hələ ortada heç bir səbəb yoxdur. Görünür, onun bizdən gizli saxladığı hansısa problemləri olub. Ancaq mən bunu bilmirəm”.
 
20 il öncə Yurinin atasının da intihar etdiyini xatırlatdıqdan sonra Marina xanımdan bununla bağlı məlumat almaq istədik. O isə həmin məsələnin də müəmmalı olduğunu bildirdi: “Bəli, Yurinin atası da intihar etmişdi. Ancaq onun da nə üçün özünə qəsd etdiyini indiyədək bilmirəm. Görünür, bu ata-balanın taleyinə yazılıb…"
 
Övladını itirmiş ananın dərdini daha da təzələmədən Yuri Qrişayevin iş yoldaşları ilə söhbətləşməyə başladıq. Mərhumun 2010-cu ildən aşbaz kimi fəaliyyət göstərdiyini və bu sahədə peşəkarlardan olduğunu dilə gətirən iş yoldaşları ondan razılıqla danışdı: “Yuri ilə müxtəlif vaxtlarda bir yerdə çalışmışıq. O, olduqca sakit adam idi.  İşdə heç kimlə problemi yox idi. İndiyə kimi bizlər üçün maraqlıdır ki, o, niyə özünə qəsd edib. Sadəcə onu bilirik ki, Yuri ölümündən bir qədər əvvəl intihar edəcəyini bildiribmiş. Yəqin onun bizdən, hətta anasından gizli saxladığı dərdi olub. Kim bilir, o nədən əziyyət çəkirdi…”
 
Qeyd edək ki, söhbət zamanı o da məlum oldu ki, mərhum 2010-2011-ci illərdə “Tadım Pizza”da, 2011-2012-ci illərdə “İce Club Lounge”, daha sonra “Otto Efes beer Baku”da, 25 avqust 2012-ci il tarixdən 5 aprel 2013-cü ilədək “Studio 2”də, 12 may 2013-cü ildən 15 avqust 2013-cü ilə kimi “Delicia”da, 20 avqust 2013-cü ildən 10 oktyabr 2013-cü ilədək yenidən “Tadım Pizza”da, 20 may 2014-cü ildən 23 sentyabr 2014-cü ilə kimi “Fruit & Sea Food”da şef-aşbaz vəzifələrində çalışıb. Mərhumun son iş yeri isə “Xenta Absenta Pub” olub.
 
Bundan sonra mərhumun qonşuları ilə danışmaq qərarına gəldik. Adıçəkilən şəxsin noyabrın 24-də özünü Qız Qalasından atdığını bildirdikdə Yurinin qonşuları xeyli təəccübləndilər: “Vallah, bizim bundan heç xəbərimiz olmayıb. Ümumiyyətlə, onlar qonşularla qaynayıb-qarışan insanlar deyil. Düzdür, oğlan sakit, səssiz, tərbiyəli birisi olub. Səhər işə gedib axşam isə evinə gəlib. Heç Allahın salamını da vermirdi”. Yuri Qrişayevin qonşularının iddiasına görə, onun anasının psixi cəhətdən müəyyən problemləri var: “Yazıq oğlan anasının əlindən cana doymuşdu. Yurinin anası psixi cəhətdən problemli adamdır. Bir müddət öncə onun evində saxladığı it ölmüşdü. Bundan sonra Yurinin anası Marinanın əsəbləri pozulduğu üçün evindəki televizoru və digər məişət əşyalarını eyvandan aşağı atmağa başladı. Həmin vaxt bununla bağlı polis də gəlmişdi. Hətta telekanallar bunu efirə də vermişdilər. Bir sözlə, iti öldükdən sonra Marinanın psixoloji durumu əməlli-başlı dəyişdi. Yuri özü isə kifayət qədər sakit, tərbiyəli idi. Allah rəhmət eləsin”.
 
Yurinin qonşusu olan qadınlarla söhbətləşdikdən sonra mərhumun yaşadığı blokun qarşısındakı cavanlara müraciət etdik. Onlar Marina xanımın iş yoldaşları olduqlarını dedilər: “Biz Yurini o qədər də yaxından tanımırdıq. Sadəcə bildiyimiz odur ki, heç kimlə işi olmayan birisi idi”.
 
Bəlli oldu ki, mərhumun anası Xırdalan şəhərinin mərkəzində yerləşən çay evlərindən birində xadimə-qabyuyan vəzifəsində çalışır.
 
“Baxın, siz də bizim kimi azı bir saatdan artıqdır ki, burdasınız. Gördüyünüz kimi, bu gün Yurini dəfn etməyə aparmağa belə adam tapılmır. Onların qonşularla əlaqəsi olmayıb. Qohumları, dost-tanışları isə o qədər də çox deyil. Bu səbəbdən də dəfn xərclərini biz – Marinanın iş yoldaşları öz üzərimizə götürmüşük. Yuri üçün tabutu da, Mehdiabadda “Sovxoz” deyilən ərazidəki qəbiristanlıqda qəbir yerini də biz almışıq. Nə etmək olar, yazıqdırlar. Bunları Allah rizasına edirik. Onu da deyək ki, rus olsa da o, spirtli içkilərə meyilli adam deyildi”.
 
Gənclər Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda onun dəfn olunması üçün 300 manat ödədiklərini söylədilər: “Əvvəlcə bizdən 450 manat istəyirdilər. Lakin uzun söz-söhbətdən sonra vəziyyəti izah etdik və 300 manatla razılaşdılar. Budur, bu da onun tabutu. Bir azdan aparacağıq. Yazıq özünü, anasını, eləcə də qonum-qonşusunu bədbəxt etdi. İndi bu işə görə nə qədər adamı aparıb sorğu-sual edəcəklər. O, “WhatsApp “da statuslarının birində “Özümü elə öldürəcəm ki, heç kim niyə və nə üçün, kimə görə öldüyümü bilməsin” deyə qeyd edib. Biz belə düşünürük ki, onun ölümündə qız məsələsi əsas rol oynaya bilər. Ancaq polis hələlik bu versiyanı da təsdiqləməyib. Deyilənlərə görə, Qız Qalasında olduğu vaxt oununla birlikdə orada 3 çinli də olub. Kim bilir orada nə baş verib…”
 
Bir sözlə, Yuri Qriqayevin anası, iş yoldaşları, qonşuları onun hansı səbəbdən intihar etməsilə bağlı hər hansı məlumata malik deyillər. Mərhum bu gün saat 14:15 radələrində dəfn olunmaq üçün yaşadığı mənzildən Mehdiabad qəsəbəsindəki qəbiristanlığa aparıldı.(publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar