Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal mistika, Qloba mistikası


Rusiyalı astroloq Pavel Qloba deyib ki, rus şairi Mixail Lermontovun anadan olmasının 200 illiyi ilə əlaqədar olaraq 2014-cü ildə müharibələr olacaq


Qloba müharibə olası ölkələrdən Suriyanın, İranın, Azərbaycanın və Türkmənistanın adını çəkib.

Siz astroloqda fəhmə, intuisiyaya, analitik təfəkkürə baxın, siz canınız. Bunları bilməyə nə var ki. 

Suriya da zatən iki ildir müharibə gedir, 100 mindən artıq adam ölüb. AzərbaycanErmənistan 25 ildir müharibə şəraitində yaşayır, atəşkəs rejimi elan edilməsinə baxmayaraq, hər iki tərəfin snayperləri nişangahın plyusunda hədəf görən kimi vururlar. İran isə neçə vaxtdır ABŞ və İsrail tərəfindən hədələnir, araya Misir, Suriya, Liviya haqq-hesabları girməsəydi, yəqin ki, indi o da “müharibə-müharibə” oynayırdı.

Qaldı Türkmənistan. Bax, bu efirdə yeni səsdir. Türkmənistan neytral ölkədir, başını İsveçrənin başına qoşub, hərbi bloklara-filana da qoşulmur. Rəsmi Aşqabadın yalnız bizimlə arası, türkün sözü, limonidir. O da yataq məsələsinə görə. Söhbət qoyun yatağından, yaxud da yatmaq üçün nəzərdə tutulan yataqdan getmir. Bunlar boş şeylərdir. 

Arada neft-qaz yatağı söhbəti var. O vaxt Türkmənbaşı da “Xəzərdən qan iyi gəlir” demişdi, hədə biçmişdi. Ancaq o nəzərə almamışdı ki, yataqdan pay olmaz, biz pul gələn şeylərə münasibətdə çox sərtik, lazım gəlsə... Allah tərəfi, iş Xəzərdəki yataqlara gələndə Lazım özünü yetirdi və biz türkmənlərə xox gələn kimi onlar geri çəkildilər. Hərçənd deyilənə görə, Xəzərin cənub hissəsində də İranın hərbi gəmiləri bizimkilərə xox gəlib və biz də gecəylə həsləyib geri çəkilmişik və bunu səsə-küyə salmamışıq. Çünki hər dəqiqə yataq söhbəti eləməzlər. 

Bu heç. Biz müharibə xüsusunda həssasıq. Hərdən hapa-gopa basmağımız var, amma militarist camaat deyilik. 

Şimal qonşumuz isə aqressivdir. Qloba deyir ki, Lermontovun lənətlənmiş yubileyində Rusiyanı qəsdən müharibəyə sürükləyirlər. Ancaq cənab astroloq demir ki, Lermontovun buraya nə dəxli var. Düzdür, şair vaxtilə “Qafqaz altımdadır, ən uca zirvədə mən” deyə bir misra yazıb və hazırda Rusiya Qafqazı yenidən təpiyinin altında qoymaq istəyir, amma nəyə görə müharibə kimi ciddi hadisələr Suvorov, Kutuzov, Naximov kimi hərbçilərin yubileyində yox, şairin yubileyində düşməlidir? 

İkincisi, aləmlə əcəmi müharibəyə Rusiya sürükləyir, gah Gürcüstana cumur, gah Ukrayna diş qıcayır, gah Dağıstanda qoşun yığır, gah Barens dənizində lotuluq edir, gah da köhnə oylaqlara dönmək istəyir. 

Hamı da ona torpaq borcludur, amma özü heç kimə heç nə verməz. Odur, yazıq yaponlar 60 ildir gözləyirlər ki, rus insafa gələcək, Kuril adalarını onlara qaytaracaq, müftə də yox, lap puluyla. Amma hanı? Almanların Köniqsberqi 70 ildir rusun əlində Kalininqrad olaraq qalıb, heç söhbəti də getmir, amma Kreml Qara dənizdə Krım davası aparır.

Bilmirəm, Qloba öz ölkəsinin aqressiv və imperialist siyasətini niyə mistik şeylərə bağlayır, amma burada qlobal mistikaya yer yoxdur. Sadəcə, o boyda ölkə daha bir bəstəboy diktatorun əlində aciz qalıb. 

Mistikaya qalsa, hələ də inananlar var ki, 1941-ci ildə faşist Almaniyası sovet Rusiyasına ona görə hücum edib ki, arxeoloqlar Özbəkistanda əmir Teymurun məzarını açıblar. Guya o özü sağlığında deyibmiş ki, belə şey etməyin, peşman olarsınız. 

Amma işə baxın, bir özbək sərkərdəsinin məzarı açılır, ara yerdə rus və alman sərkərdələri qurban gedir (güllələnir, əsir düşürlər).  

Bir də astroloq Qlobanın Yer kürəsinin insanlarının iyul ayından noyabr ayınadək ehtiyatlı olmağa səsləməsini anlamaq olmur. Guya qalan vaxtlar salamatçılıq olacaq? Neçə illərdir Pakistan, İraq, Əfqanıstan, Misir, Nigeriya, Liviya, Suriya və sair ölkələr ayın neçəsi, həftənin neçənci günü olmasına baxmadan, hicri-qəməri və qriqorian təqviminə məhəl qoymadan qırğındadırlar. 

Yeri gəlsə, o ölkələrdə nəinki Lermontovu, heç Puşkini də tanımırlar, tanıdıqları bircə Putindir. O da müharibə tərəfdarıdır. Hərçənd bilmək olmaz, Lermontov salamat olsaydı, yəqin ki, indi Putinə qahmar çıxan rus ədiblərindən biri olar, oturub onun şəninə “Zəmanəmizin qəhrəmanı - 2” romanı yazardı.

Samir SARI


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Dincəlmək istəyir o da azacıq” – generalın Dubay tətili

Ən çox oxunanalar