Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qohum evliliklərinin fəsadları


Bu günlərdə BBC Azərbaycancada maraqlı bir araşdırma dərc edilib


Qohum evliliklərindən bəhs olunan araşdırmada tibbi və sosial gerçəkliklər bütün detalları ilə əks olunub.

Darvin qohum evliliklərindən şikayətçi olub

“Economist” yazır ki, məşhur Çarlz Darvin öz dayısı qızı ilə evlənib və bəlkə də buna görə peşmançılıq çəkirmiş. Böyük alimin sonrakı illərdə bitkilər üzərində apardığı təcrübələr ona yaxın qohumlarla evliliyin “bütün şər effektlərini” bariz şəkildə göstəribmiş.

O, 1870-ci ildə bir millət vəkilinə yazdığı məktubda gələn dəfə keçiriləcək əhali siyahıyaalmasında adamların qohumları ilə evli olmalarının statistikaya salınmasını təklif edirdi. Məktubda yazırdı ki, qan qohumlarının evliliyindən “kar, kor və lal uşaqların törənməsi geniş yayılıb”.

Darvinin təklifi rədd edilmişdi. Britaniya Amerikada olduğunun əksinə, “birinci nəsil qan qohumları” (dayı və əmi uşaqları arasında) ilə evli olanların qeydiyyatına başlamamış və bunu praktikada qadağan etməmişdi. Britaniya cəmiyyəti əmi/dayı uşaqları arasında evliliyin arzuuolunmaz olduğu fikrinə tədricən gəlsə də, bunu ağlasığmaz hesab etmirdi. Bu fikir dəyişikliyi indi bütün dünyada gedir.

Məlumatlar dağınıqdır, amma ümumi meyl aydındır. Məsələn, İordaniyada 1990-cı ildə nikahların 57 faizi qan qohumları arasında bağlanmışdı, lakin artıq 2012-ci ildə bu rəqəm 35 faizə enib. İsrail ərəbləri arasında aparılmış sorğu 2000-ci ilədək bağlanmış nikahların 20 faizinin qan qohumları arasında olduğunu göstərib. 2005-ci ildə bu rəqəm 12 faizə enib. Qan qohumları arasında evliliklərin sayı Pakistan, Türkiyə və cənubi Hindistanda da azalmaqdadır. Ümumiyyətlə, deyəsən, Qətərdən başqa belə nikahların sayı bütün dünyada azalmağa doğru gedir.

“Economist” yazır ki, bu meylin güclənməsində tibb işçilərinin apardığı maarifləndirmə işi böyük rol oynayıb. Alimlər artıq uzun müddətdir ki, qan qohumları arasında nikahların müxtəlif genetik xəstəliklərin üzə çıxmasına səbəb olduğu barədə, həm də çox yaxşı dəlillərlə həyəcan təbili çalırdılar.

Cehiz mədəniyyəti olan cəmiyyətlərdə daha populyardır

Ən maraqlı araşdırma isə İngiltərənin şimalındakı Bradford şəhərində aparılıb. Burada 2007 və 2011-ci illər arasında doğulmuş pakistanlı körpələrin 37 faizi qan qohumu olan valideynlərdən doğulub. Alimlər bu qənaətə gəlmişdilər ki, əmiuşaqları və dayıuşaqları arasındakı izdivaclar doğuş deffektlərini 3 faizdən 6 faizə, yəni iki dəfə artırır!

Əlbəttə, heç də bütün doğuş qüsurları ciddi deyil və ciddi tibbi problemlər ortaya çıxmaya da bilər. Üstəlik, bir çox mədəniyyətlərdə qan qohumları arasında evlilik təqdir edilir. Bunun da öz səbəbləri var. Cehiz mədəniyyəti olan xalqlarda qohuma ərə gedən qızlar bu izdivaca çox az pul töhfəsi verirlər. Bundan başqa, belə ailələrdə doğulan uşaqları yaxın qohumlar göz bəbəyi kimi qoruyurlar.

Məsələn, Omanda aparılmış bir sorğu göstərib ki, respondentlərin əksəriyyəti qan qohumları arasında izdivacların təhlükəsini bilsə də, belə nikahlara haqq qazandırıb. Buna baxmayaraq, dayı/əmiuşaqları arasında nikahlar elə demoqrafik baxımdan da yox olmağa məhkumdur. Qohumlar arasında evlənmənin populyar olduğu ölkələrdə təbii artım onsuz da azalır.

Məsələn, 1980-ci illərin əvvəllərində Pakistanda fertillik reyti 6,4 idi, yəni orta hesabla bir qadın uşaq doğa biləcək yaşlarında 6-7 uşaq doğa bilərdi. İndi bu rəqəm 3, 4-ə düşüb və BMT demoqraflarının təxminlərinə görə, 2040-cı illərdə 2, 4-ə düşəcək. İranda bu rəqəm 1980-ci illərin əvvəlindən artıq 6, 5-dən 1, 6-ya düşüb. Beləliklə, dayı/əmiuşaqları arasında evlilik hallarının sayı ilk növbədə ona görə azalacaq ki, ümumilikdə əmi və dayı uşaqlarının sayı azalacaq.

İki alim - Bilal Bərəkət və Stuart Gietel-Basten yazır ki, 5 uşaq doğan qadının 25 əmi/dayıoğlusu olmalıdır. Amma o dünyaya cəmi iki uşaq gətirəndə əmi-dayı uşaqlarının sayı cəmi 3-ə düşür.

Qohum evliliyindən doğulanların hansı xəstəliyi olur?

“Yeni Müsavat” isə xatırladır ki, əslində tibbi göstəricilərdə qohum evlilikləri ilə bağlı birmənalı fikir var. Belə ki, birinci dərəcəli qohumlar, yəni xalaoğlu, əmioğlu, əmiqızı və s. arasında evliliklərdə əsas məsələ dölün sağlam gen götürmə ehtimalının məhdudlaşmasıdır. Yəni döl hər iki valideyndən gen götürdüyü üçün yaxın qohumlarda müxtəlif xəstəliklər nəsil üzrə davam elədiyindən, məsələn, şəkərli diabet, döldə onların qalma ehtimalı daha çox artır. Ona görə də evlənən cütlüklərin qohumluq əlaqələrinin olmaması məsləhətdir.

Ən təhlükəli nikah - xalaqızı-xalaoğlu evlənirsə...

Son araşdırmaya görə, qohum evliliklərindən doğulan uşaqların 55%-i müxtəlif dərəcəli xəstəliklə dünyaya gəlirlər. Bəzi hallarda evlənən cütlüyün qan qrupunda uyğunluq olarsa, bunun problem yaratmayacağını düşünənlər var. Amma həkimlər sübut edib ki, bu faktorun xəstə doğulacaq uşaqla heç bir əlaqəsi yoxdur, əsas genetik koddur. Həkimlər iddia edir ki, evlənəcək fərdlərin eyni soyunda vaxtilə hər hansı xəstəlik olubsa, doğulacaq uşaqda da bu xəstəliyin olması yüksək risk daşıyır.

Tibbi nöqteyi-nəzərdən bu belə izah olunur: dominant (özünü büruzə verən) genlərlə və resessiv (gizli qalan ) genlərlə keçən xəstəliklər var. Resessiv genlərlə keçən xəstəliklər daha geniş yayılıb. Yad bir insanla ailə quranda bu xəstəliklər özlərini büruzə vermir, çünki yad insanda xəstə genlər olmadığından, sağlam genlər resessiv genləri örtür. Amma iki qohumda bir xəstəlik varsa, iki resessiv gen bir-biri ilə birləşəndə xəstəlik özünü büruzə verir. O baxımdan bütün qohum nikahlarda əksər halda xəstə uşaqların doğulma ehtimalı çox yüksək olur. Nəsildə, ulu baba, nənədə olan xəstəliklər bu tip evliliklərdən olan körpələrdə təkrarən meydana çıxır. Bu da ondan irəli gəlir ki, ulu baba, nənədə xəstəlik canda olub, özünü biruzə verməyib. Sadəcə, onların gələcək nəsli bu genləri özləri ilə götürüblər. Ümumi tendensiya onu göstərir ki, xalaoğlu-xalaqızı nikahlarından olan uşaqlar daha çox qüsurlu olur.

Qərbdə qohum evliliyi... olduqca azdır

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 12 faizini qüsurlular təşkil edir. Bu əngəlli insanların əksəriyyətinin ana-ataları qohumdur. Konkretləşdirsək, dünyadakı qüsurluların 40,5 faizinin ata-anaları qohumdurlar. Qüsurluların 22 faizi fiziki, 44 faizi zehni probelmlərdən əziyyət çəkir. Türkiyədə belələrinin sayı 7 milyona qədərdir. Dünyada qohum nikahların sayına gəlincə, Qərb ölkələrində qohum evliliklərə az rast gəlinir.

Məsələn, İngiltərədə əhalinin 0.56 faizi, Hollandiyada 0.36 faizi, İsveçdə 0.90 faizi, Hindistanda 20 faizi, Yamaykada 44.44 faizi, Küveytdə 54.3 faizi qohumlarla evlidir. Almaniyada yəhudilərin 35.80 faiz, ABŞ-ın bəzi bölgələrində 56.60 faiz əmi uşağı, dayı uşağı, öz dilləri ilə desək, kuzenləri ilə evlidir. Lakin ABŞ-ın 50 ştatından 24-də əmi, dayı, xala, bibi uşaqlarıyla, yəni 1-ci dərəcəli qohumlarla ailə qurmaq qadağandır. 6 ştatda evlənmək istəyən qohumların qarşısına bəzi şərtlər qoyulub. Məsələn, Arizondakı qaydalara görə, yaşın 65-i keçibsə və ikinizdən biriniz sonsuzsunuzsa, onda evlənə bilərsiniz. Ona görə də amerikalılar əvvəldən heç bir beşiyin başında bizdəki kimi “göbəkkəsdi” etmirlər.

Katoliklərdə müəyyən şərtlər var. Katoliklər 4-cü nəslə qədər qohumların nikahlarını kəsmirlər. Onlara görə, dördüncü nəsilə qədər evlilik insest, yəni ailə üzvlərindən sayılır. Pravoslavlarda və protestantlarda da bu qaydalar mövcuddur. Onu da deyək ki, Asiya və İslam ölkələrində qohumlararası evliliklərə daha çox rast gəlinir. Şərq ölkələri sıralamasında Türkiyə bütün ölkələri geridə qoyub. Türkiyənin müxtəlif bölgələrində aparılan sorğuya görə, ümumilikdə hər 100 evlilikdən 15-i qohumlar arasında olur. Təkcə Türkiyənin Trakya bölgəsində qohumlararası evliliyə müsbət rəy vermirlər. Onlar yeddinci nəsildən sonra bir-biri ilə evlənirlər. Çünki yeddinci nəsildən sonra insanlar yad sayılırlar. Pakistanlıların 55 faizi də öz qohumlarını seçir.

Danimarkada həkimlər gəlmələr arasında qüsurlarla doğulan uşaqların sayının sürələ artdığını və inanılmaz səviyyəyə çatdığını bildiriblər. Ona görə də həkimlər qohum nikahların qarşısını almaq üçün qanunların sərtləşdirilməsini istəyirlər.

Azərbaycanlılar statistikanı “zorlayır”

Respublikamızda isə qeydə alınan nikahların 56 faizi qohumlar arasındadır. Qohumlar arasında nikahlar daha çox Şəki, MasallıBakıda yayılıb. BMT-nin Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə, həmin bölgələrdə irsi xəstəliklərin yayılma tempi 15 faiz təşkil edir. Bunlar arasnıda ən çox yayılanı talassemiyadır. Müəyyən olunub ki, Azərbaycanda 10-dan çox irsi xəstəlik mövcuddur. Bu xəstəliklərlə doğulan uşaqların sayı isə ilbəil artır.

Azərbaycan Hemotoloqlar və Transfizioloqlar Cəmiyyətinin məlumatına görə, Azərbaycanda hər 12 nəfərdən 1-i talassemiya xəstəsidir. Bu xəstəliyin daşıyıcıları arasında evlənmə ehtimalı da çox yüksəkdir. Onların isə dünyaya xəstə uşaq gətirmə ehtimalı 25 faizdir. Uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşaqların aşağı çəki ilə dünyaya gəlməsi faktlarına ən çox qohum nikahlarda rast gəlinir.

Xatırladaq ki, hər il təxminən 300-dən çox uşağı xəstə doğulan valideyn Ailə Planşadırması Mərkəzinə müraciət edir. Bunlardan 6,9 faizi qohum nikahlardan dünyaya gələnlərdir. Belə uşaqlarda ata tərəfindən ötürülən irsi xəstəliklər əsas rol oynayıb. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar