Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ququşun ölməyi


Ququş deyirdi ona hamı. Mən də o cür çağırırdım. Adınısa bilmirdim. Əslində demişdilər, amma vecsiz məlumat kimi unutmuşdum


Sovetskidə küçələr darısqaldı, gərək maşını divara “lezva” kimi sıxasan ki, başqa maşınlara keçməyə yer qalsın. Əvvəl-əvvəl maşını saxlamağa çətinlik çəkirdim. Bir dəfə gəlib maşının qabağında dayandı, mənə kömək elədi: “Ver-ver, əlini sola bur”.
 
Lap axırda isə əlavə elədi: “A kişi, 40 il taksimotornuda şofer işləmişəm e”.
 
Ququşu belə tanıdım.
 
Maşını park etməyi ondan öyrəndim.
 
Başım çıxmırdı Ququşdan, şoferlikdən danışanda da 40 il deyərdi, içəridə yatmaqdan söhbət açanda da. Di gəl ki, əlli beş yaşı heç olmazdı.
 
Balacaboy kişi idi. Saçı-başı adətən qarğıdalı saçağı kimi dağınıq olardı. Çürümüş taxta çəpəri xatırladan ağzından sözlər elə bil bir-birinə dəyə-dəyə əzil-əzilə çıxardı-xırıltıyla.
 
Sovetskiyə köçməmişdən əvvəl bu köhnə evimizə əl gəzdirdim. Hamamın yerinə metlax vurmamışdan əvvəl xırım-xırda daş tökülməli idi. Balaca kisələrə yığılmış daş-kəsəyi gətirib məhlədə bir qırağa yığmışdıq. Bəzilərini evə daşımışdıq, bir neçəsi qalmışdı. Səhər məhləyə gəlib maşını saxlayan kimi üstümə şeşələndi: “Alə, məhləni zibilləmişdiz. Səhər zibilyığana bu meşokları atmaq üçün 3 manat verdim”.
 
O dəqiqə üstünə təpindim: “Neyləmisən, onları hamamın yerinə tökəcəkdik. Sənə kim demişdi? Çox nahaq iş tutmusan!”
 
Gördü ki, planı alınmır, bir az yavaşdan qayıtdı: “Öz canımçün iki manat vermişəm...” Gördü yenə ağız-burnumu büzürəm lap astadan dedi: “Mən ölüm, bir manat ver...”
 
Hə, Ququş elə-belə şeylərin şotuna yaşayırdı. Səhər tezdən ondan-bundan içki pulunu düzəltdimi, günortaya kimi məhlədə girələnərdi. Günortadan sonra paxmel gələndə bir də başlayardı “ova”. Qonşularsa evdə artıq yemək qalanda mütləq ona da bir boşqab göndərirdilər.
 
Ailəsi atıb getmişdi Ququşu, oğlu hansısa rayonda yaşayırdı. Ququş da neçə il yatıb çıxmışdı. İndi də pyaniskalıq eləyirdi. Qəbirdən azca böyük olan yarı-zirzəmi mənzildə yaşayırdı. Məhlədə heç kəs onun xətrinə dəyməzdi. Öz güzəranını sürərdi.
 
Hər dəfə məni görəndə salamlaşıb hal-əhval tutardı. Ailəylə olanda yaxınlaşmazdı. Sonra xırıltılı səsi ilə astadan deyərdi:
 
“Seyid, bir-iki manat olmaz?”
 
“Seyid, siqaretin yoxdu?”
 
Bir dəfə işdən gəlmişəm. Elə dalandaca qabağıma çıxdı: “Seyid, uzağa səfərim var, mənə bir az kömək edə bilərsən-yol xərci?”
 
Fikirləşdim hara gedir görəsən? Kömək deyəndə nə qədər pul nəzərində tutur? Ona görə bunu müəyyənləşdirmək üçün soruşdum: “Səfərin haradır?”
 
“Əhmədliyə getməliyəm”.
 
Gülmək tutdu məni... Əlimi cibimə apardım, 30 qəpik çıxdı.
 
O dəqiqə qamarladı. Bilirdim ki, Əhmədli-zad bəhanədi, araq pulu düzəlməyib.
 
Sovetskinin köçürülməsi xəbəri çıxanda deyəsən bircə o sevinmədi.
 
“Nə verəcəklər mənə? 9 kvadrat evim var, qəbir boydadı. Bu pula gedib nə alacam? Harda alacam? Mənə elə bura yaxşıdı. Burda da öləcəm. Heç yerə gedən deyiləm”.
 
Düz deyirdi. O burada, Sovetskidə Ququş idi. Masazırda, Sarayda, Hökməlidə onu tanıyıb hörmət qoyan, dəmi gələndə araq pulu, acanda bir qab xörəyini verən kim idi?
 
Elə bil özü də bu həqiqəti bildiyindən köçməyə qorxurdu.
 
Bununla belə arada mənə “şad xəbər” verib ümidləndirməyi vardı:
 
“Seyid, özüm ölüm, azkvadratlılar haqqında qərar çıxacaq, darıxma. Köçmürsən? Neyləyəsən? Sənin də evin balacadır da”.
 
“Seyid, deyirlər azkvadratlılara ev verəcəklər... Sentirdə... Özüm ölüm”.
 
“Seyid, 28 may bayramından sonra qərar çıxacaq. Lap az qalıb...”
 
Ququşun ümidlərinin sayı-hesabı yox idi.
 
Hamıya ümid verirdi. Özü isə köçməyə qorxurdu.
 
***
 
Üç gün əvvəl köhnə məhləyə getmişdim. (Sökülmə qərarından sonra daha orda yaşamıram.)
 
Dedilər öldü Ququş.
 
Xəstələnib yatağa düşdü, iki həftədəcə əriyib getdi.
 
Bilmədim sevinim, yoxsa kədərlənim.
 
Masazırda, Xırdalanda, Sulutpədə... yaşaya bilməzdi Ququş.
Onunki elə bura idi, Sovetski idi.
 
Ona görə köhnə kişilər kimi tədbirli davrandı Ququş.
 
Bu dəfə doğrudan da səfəri uzağa oldu.
 
Doqquz kvadratlıq evindən bir az balaca olan yeni mənzilə köçdü Ququş.

Mirmehdi AĞAOĞLU


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Azərbaycanın hərbi dənizçiləri NATO qiymətləndirilməsi təlimində iştirak edib - Fotolar

Rəsulzadənin portretini çəkdiyinə görə ölümə məhkum edilən azərbaycanlı rəssam

Mirmehdi Ağaoğlunun “İmamın şəkli” hekayəsi

Avtobusdakı davanın gizlinləri: Pozitiv diskriminasiya

"Ermənistan Türkiyə-Azərbaycan birgə hərbi təlimlərdən ciddi narahatdır"

Ən çox oxunanalar