Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Mirqədirovun həbsi ilə bağlı ilk beynəlxalq reaksiyalar


Dövlətə xəyanətdə suçlanan jurnalistin vəkili apelyasiya şikayəti hazırlayıb; Leyla Yunusun telefonuna zəng çatmır; Cinayət işində adı keçən Laura Baqdasaryan danışdı


Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq 3 aylıq həbs edilən “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovla bağlı apelyasiya şikayəti hazırlanıb.

Bu barədə “Yeni Müsavat”a məlumat verən R.Mirqədirovun vəkili Fuad Ağayevin sözlərinə görə, müvəkkilinə qarşı olduqca absurd ittiham irəli sürülüb: “Raufu tanıyan hər kəs əmindir ki, bu ittihamların heç bir əsası yoxdur. İttihamda bircə sübutun belə təqdim olunmaması çox şeydən xəbər verir. Fikrimcə, məqsəd odur ki, ümumiyyətlə, QHT-lərin beynəlxalq aləmdə, dövlətlərarası tədbirlərdə iştirakını heçə endirsinlər, onları sıradan çıxartsınlar”.  Vəkil bildirdi ki, hüquqi istiqamətdə tələb olunan bütün addımlar atılacaq: “Artıq apelyasiya şikayəti hazırdır, yəqin ki, sabah (bu gün-red.) məhkəməyə təqdim edəcəyəm. Şikayət ərizəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı 3 aylıq həbs qərarının ləğv olunmasını və Rauf Mirqədirovun azadlığa buraxılmasını istəyirik. Bundan əlavə, müvafiq vəsatətlərim olacaq”.  Vəkil onu da qeyd etdi ki, R.Mirqədirovun 74 yaşlı anası, 84 yaşlı atası da xəstə adamlardır və onlar oğluna görə narahatdırlar.

Vəkil dünən R.Mirqədirovla görüşüb. Vəkilin dediyinə görə, saxlanılan gün R.Mirqədirovun səhhətində problem yaransa da, artıq hər hansı nigarançılıq yoxdur. R.Mirqədirovun mətbuata müraciətinin olub-olmadığını soruşduqda F.Ağayev “Rauf ”birmənalı şəkildə bilin ki, mənim heç bir təqsirim yoxdur" söylədi" cavabını verdi.

Xatırladaq ki, Baş Prokurorluğun rəsmi məlumatında R.Mirqədirovun 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edildiyi, həmçinin onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğu əksini tapıb.

Milli Məclisin deputatı Asim Mollazadə bildirdi ki, bu məsələ ilə bağlı aydınlığın yaranmasına zərurət var: “İstintaq orqanları mütləq bir məlumat verməlidirlər ki, ittiham nədən ibarətdir, nəyə əsaslanır? Ona görə də biz istintaqı aparan orqanlardan ictimaiyyəti bu hadisə ilə bağlı geniş məlumatlandıracağını gözləyirik. Mütləq aydınlıq gətirilməlidir ki, istintaq nəyə görə aparılır və ittihamların əsası nədir”.  

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı dedi ki, bir neçə gündür böyrəyindəki daş ona ciddi əziyyət verdiyindən evdən bayıra çıxa bilmir və ev şəraitində müalicə olunur: “Odur ki, hələlik Raufun məsələsi ilə bağlı hər hansı yeni məlumatım yoxdur. Gücüm ancaq evdən telefon zənglərinə cavab verməyə çatır. Kiminsə bu məsələ ilə bağlı iş görməsi üçün də gərək mənim özümdən hərəkət olsun. Bir az özümə gəlim, sonra baxaq görək nə olur”.

Jurnalist Rauf Murqədirovla bağlı adı hallanan Ermənistanın “Region” Araşdırmalar İnstitutunun direktoru Laura Baqdasaryan öz facebook səhifəsində ittihama münasibətini bildirib: “Sən demə, Rauf Mirqədirovu Azərbaycanda mənə görə saxlayıblar. Sən demə, mən erməni xüsusi xidmət orqanlarının rezidentiyəmmiş, Rauf Mirqədirov isə mənə Azərbaycan ordusunun dislokasiyası barədə məlumat verirmiş. Belə bir ittiham Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanları üçün rüsvayçılıqdır”. Laura Baqdasaryan daha sonra yazır ki, Rauf Mirqədirov www.publicdialogues.info layihəsinin müəlliflərindən biri olsa da, tədbirlərə hər zaman internet üzərindən qatılıb: “Məntiqlə mənim Azərbaycandakı tərəfdaşım - Sülh və Demokratiya İnstitutuna qarşı təqiblər başlaya bilər”.

Artıq Bakıdakı diplomatik korpus və beynəlxalq təşkilatlardan da reaksiya gəlməkdədir. ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist R.Mirqədirovun Türkiyədən qəfil deportasiyası və Bakıda saxlanmasından narahatdır. Bu barədə AzadlıqRadiosuna Bakıdakı ABŞ səfirliyinin mətbuat xidmətindən bildirilib. “Biz həmçinin Mirqədirovun Azərbaycan hökumətini tənqid edən yazıları, yaxud onun Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası (Track II) cəhdlərində iştirakından dolayı həbs olunması iddialarına görə narahatıq”.

“Xalq diplomatiyası (Track II) kontaktları hər iki cəmiyyəti münaqişənin dinc həllinə hazırlayan, etimad-yaradan mühüm tədbirlərdir” deyə, səfirliyin məlumatında bildirilir.
Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi (JMK) bu həbslə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: ““Ayna-Zerkalo” qəzetində verilən məlumata görə, Rauf Mirqədirov qeyri-hökumət layihələri çərçivəsində 1990-cı illərdən diplomatik əlaqələrin kəsildiyi Azərbaycan-Ermənistan arasındakı dialoqlarda iştirak edib". R.Mirqədirovun Azərbaycanda barmaqlıq arasına salınan 9-cu jurnalist olduğunu vurğulayan JMK onu da əlavə edir ki, Azərbaycan bu ilin may ayında rotasiya qaydasında Avropa Şurasına rəhbərlik edəcək.

JMK-nın Orta Asiya üzrə koordinatoru Nina Ognianova Azərbaycan hakimiyyətini jurnalistə qarşı təzyiqlərə son qoymağa çağırır: “Azərbaycan getdikcə Avropada jurnalistləri daha çox həbs edən ölkəyə çevrilir”.

Aprelin 22-də gün ərzində bir neçə dəfə Leyla və Arif Yunusla danışmağa cəhd göstərsək də, mobil telefonları qapalı oldu. Yalnız bir halda A.Yunus “tədbirdəyik, heç cür danışa bilmirik, sağ olun” deyib telefonu qapatdı. Qeyd edək ki, L.Yunus mətbuata açıqlamasında  Ermənistanın “Region” Təhqiqatlar Mərkəzi ilə  əməkdaşlıq etdiyinə görə həbsə alınacağını ehtimal etdiyini deyib.

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı və Əvəz Həsənov Rauf Mirqədirovla bağlı prezident İlham Əliyevə müraciət ediblər.

Onlar uzun illərdir Azərbaycanda jurnalist və ictimai-siyasi fəaliyyət ilə məşğul olan bütün insanları yaxşı tanıdıqlarını qeyd ediblər. Müəlliflər bildirirlər ki, R.Mirqədirov 1988-ci ildən başlayan jurnalist fəaliyyətində rusdilli media qurumları arasında araşdırma-jurnalistikasının ən bacarıqlı nümayəndəsi kimi tanınır. Onun  yazdığı bütün məqalə və təhlillər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması və bu işğal nəticəsində haqqı pozulan insanların səsinin tanınmasına xidmət edib.

Hüquq müdafiəçiləri Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya müharibəsinin getdiyi bir dövrdə Azərbaycandan kənarda qələminə hörmət olunan və məqalələrinə istinad olunan çox istedadlı bir jurnalistin vətənə xəyanət maddəsi ilə ittiham olunmasına təəssüflənir və R.Mirqədirovun belə cinayət törədəcəyinə inanmadıqlarını bildirirlər.

Bununla yanaşı, hüquq müdafiəçiləri ölkə prezidentindən R.Mirqədirovun işi üzrə obyektiv təhqiqatın aparılmasını öz nəzarətinə götürməsini, onun təhlil aparmaq potensialından dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı informasiya müharibəsində istifadə edilməsinə yardımçı olmasını xahiş ediblər.

“Rauf Mirqədirovun dövlətə xəyanətə ittiham olunmasına münasibət bildirmək çətindir. Çünki bizim əlimizdə faktlar yoxdu. Hər halda, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onun işi ilə bağlı araşdırma aparılır”. Bu sözləri modern.-az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib. O vurğulayıb ki, QAT “xalq diplomatiyası”nda hansısa formada iştirakın qəti əleyhinədir: “Hesab edirik burada ən azından iki təhlükəli məqam var. ”Xalq diplomatiyası" xətti ilə İrəvana gedən jurnalistlərimizin, QHT nümayəndələrinin, rəsmi nümayəndələrin bu səfərləri Ermənistanın maraqlarına cavab verir. Çünki kənardan beynəlxalq təşkilatların nəzərində belə bir fikir yaranır ki, Azərbaycanla Ermənistan arasında heç bir problem yoxdur və əməkdaşlıq edirlər. Təbii ki, bu da Azərbaycanın maraqlarına cavab vermir". QAT sədrinin sözlərinə görə, belə səfərlərin iştirakçılarının  Ermənistan xüsusi xidmət orqanları tərəfindən ələ alınması üçün çox münbit bir şərait yaradır:

"Səfər gedişində onları elə bir təhlükəli vəziyyətə sala, qorxuda, şəkil və videolarla şantaj edə bilərlər. Ona görə də hesab edirəm ki, bu da Rauf Mirqədirov məsələsi üzərinə müəyyən mənada aydınlıq gətirmək üçün əlavə bir fakt kimi ortaya çıxır".(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar