Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Regional siyasətin dəyişən rəngi


Türkiyə- 2014:Ərdoğan, Fəthullah Gülən və "cemaatı"


Keçən həftə bütün dünyanın diqqət mərkəzində olan Türkiyədəki bələdiyyə seçkiləri başa çatdı. Seçkiqabağı kampaniyanın çox gərgin və qızğın keçdiyi ölkədə seçkilərin nəticələri gözləniləndən çox fərqli oldu. 

Əksər siyasi ekspertlərin hakim partiyanın böyük fiaskoya uğradığını proqnozlaşdırmasının əksinə olaraq, Ərdoğanın lideri olduğu AK Partiya yen iri şəhər bələdiyyələrini qazandı. Ölkənin nəbzinin vurduğu İstanbul və paytaxt Ankarada gedən qızğın siyasi mübarizə bu dəfə də AKP namizədlərinin qələbəsi ilə bitdi. Bu, AKP-nin yerlərdə hakimiyyətini möhkəmləndirməsi, gələcək parlement seçkilərində daha çox səs qazanması deməkdir. Keçən bələdiyyə seçkilərində səslərin 38%-ni qazanan AKP bu seçkilərdə faizini 45-ə çatdıraraq daha da gücləndiyini sübut etdi.

Son aylar ölkəni qarışdıran rüşvət qalmaqalları, kompromat müharibəsi, Ərdoğan və hakim AKP əlehinə aparılan əks təbliğatın tərsinə effekt verdiyi seçkilərdə başqa nəticə gözləyənləri şoka saldı. Kompromat müharibəsinin intensivliyinə, çox populyar media orqanları tərəfindən aparılmasına baxmayaraq AKP 2014 bələdiyyə seçkilərində parlaq qələbə qazandı. Müxalifət ruh düşgünlüyünə məruz qalaraq qınına çəkilib məğlubiyyətin səbəblərini axtarır. Ölkədə siyasi ab-hava tamamilə dəyişmək üzrədir. İlkin proqnozlarda ana müxalifətin lideri Kamal Kılıçdaroğlu və MHP lideri Dövlət Baxçalının istefa verəcəyi bildirilir. Amma hələlik sakitlikdir. Keçən seçkilərə nisbətən bu seçkilərdə faizlərini cüzi də olsa artıran müxalifət bu "artımdan" sallaşaraq elektoratının qarşısına çıxmağı planlaşdırır. Ən azından artım var.

CHP-ni bitirmə planı

Əslində, son 5 ildə R.T.Ərdoğanın bütün çıxışları, bəyanatları və müsahibələrinə diqqət yetirsək görərik ki, baş nazirin strategiyası ana müxalifətin dəyişməsi üzərində qurulmuşdu. MHP-nin yüngül tənqidi, CHP-nin isə Ərdoğanın "top atəşi" altında olması onu göstərir ki, baş nazir mərkəz sağın iki partiyasını bir-birinə yaxınlaşdırmaq üçün əlindən gələni edib. Əksər mühafizəkar qanunların qəbulu məsələsində MHP hakim partiyaya parlamentdə həmişə dəstək verib. Son beş ildə həyata keçirilən bu daxili siyasi strategiya Türkiyəni həmişə nəzarətdə saxlamaq istəyən qlobal güclərin bərk təşvişinə səbəb oldu və hamımıza məlum olan proseslərə start verildi. Çünki türk düşmənləri beyinlərinə imperiya təfəkkürü hakim olan dindar və millətçi türklərin ittifaqından qorxduqları kimi heç bir şeydən qorxmurlar. Ərdoğanın bu planının qarşısını nəyin bahasına olursa-olsun almaq lazım idi. ABŞ-ın İranı çökdürmək istiqamətində apardığı siyasəti iflasa uğradan Ərdoğan, Osmanlını dirçəltmək, regionda Türkiyəni lider dövlətə çevirmək təşəbbüsünə görə Qərbin iri kapitalist monopoliyalarının "qara siyahısına" düşdü. İrandakı getdikcə dərinləşən iqtisadi-maliyyə böhranını aradan qaldırmaqda Tehrana yardım edən Türkiyəni cəzalandırmaq qərarına gələn ABŞ-ın neft lobbisi, keçən ilin sonlarına yaxın ölkənin daxilini qarışdırmaq üçün hərəkətə keçdi. İstanbulda başlayan "Gezi parkı olayları" qısa müddətdə Türkiyənin əksər iri şəhərlərinə sıçrayaraq az qala vətəndaş müharibəsi təhlükəsi yaratdı. Hakimiyyətin hadisələrə soyuqqanlı yanaşması və ictimai institutları işə salaraq vəziyyətə müdaxilə etməsi bir neçə aydan sonra kütləvi iğtişaşların sakitləşməsi ilə nəticələndi. "Qlobal mafiya" Türkiyədəki oyunun birinci hissəsini uduzdu. İkinci hissədə nəyin planlaşdırıldığını isə gələcək göstərəcək...

Fəthullah Gülən və "cemaatı"

AKP hakimiyyəti ilə arası soyuq olan dindar camaatın böyük bir hissəsinin lider kimi qəbul etdiyi Fəthullah Gülən bu dəfə qlobal güclərin Türkiyəyə qarşı istifadə etdiyi ən böyük silah oldu. İllərlə türk dövlətinin hakimiyyət strukturlarına sızmış "Gülen cemaatının" üzvləri Ərdoğanın "İranı xilas etmə əməliyyatının" ayrı-ayrı detallarını mətbuata sızdıraraq ölkədə daxili vəziyyəti gərginləşdirdilər. Çox böyük siyasi qalmaqala səbəb olan bu video və foto görüntülər Ərdoğan hökumətinin üç nazirini vəzifəsindən etdi. Nazirlərin oğulları, əslən İran azərbaycanlısı olan iş adamı Rza Zərrab, türkiyəli biznesmen və bankirlər bu qalmaqaldan sonra həbs edildilər. Ərdoğana mane olmaq istəyən qüvvələr ölkəni silkələməyə müəssər oldular. Hadisə az qala hakimiyyət böhranına gətirib çıxaracaqdı ki, yenə ictimai institutların səyi nəticəsində gərgin atmosfer yumşaldıldı və daxili təhlükə sovuşdu. CHP-nin 2014 bələdiyyə seçkilərindən sonra sıradan çıxarılacağını görən "qlobal mafiya" Gülənə CHP-ni dəstəkləmək təlimatı verdi. "Hocaefendinin" İstanbulda Sarıgül olmaqla bütün şəhərlərdə CHP namizədlərinə səs vermək üçün tərəfdarlarına xəbər göndərməsi həmişə Türkiyənin tarixində xarici qüvvələrin bu ölkəyə təsir mexanizmi kimi istifadə etdiyi partiyanı birdəfəlik siyasi iflasdan qorudu.

Türkiyənin regional güc mərkəzi olmasına heç bir əngəl qalmadı

Saray fitnəsi təhlükəsi sovuşdu. Daxildəki casusların üzə çıxarılmasından sonra polis, prokurorluq, məhkəmə və xüsusi-xidmət orqanları sıralarında aparılan təmizləmə işləri daxildən türk dövlətini zəiflətmək iqtidarında olan satqın qrupların zərərsizləşdirilməsi ilə nəticələndi. Ordu daxilindəki casus şəbəkəsinin "Ergenekon" əməliyyatı nəticəsində ifşa olunmasından sonra, digər strukturlarda aparılan bu təmizlik artıq türk dövlətinin regionun siyasi xəritəsinin formalaşmasında yaxından iştirak edəcəyinə dəlalət edir. Regional enerji dəhlizinə çevrilən Türkiyənin "neft lobbisi" üçün əhəmiyyətinin artması bu ölkədə daxili siyasi təlatümlərin zaman-zaman baş verəcəyindən xəbər verir. Birinci "sarsıntıdan" salamat çıxan Ərdoğanın növbəti zərbələri necə dəf edəcəyinin isə yaxın bir neçə il ərzində şahidi olacağıq.

Parlament seçkiləri və prezident institutu

Bir ildən sonra, yəni 2015-ci ildə baş tutacaq parlament seçkilərinin nəticələri haqqında artıq proqnoz vermək olar. Yuxarıda qeyd etdiyimiz maneələrə baxmayaraq yenə qalib gələn AKP-nin budəfəki parlament seçkilərində yüzdə 50% səs qazanacağı artıq heç kəsdə şəkk-şübhə doğurmur. Aradakı bir il ərzində Ərdoğanın "CHP-ni bitirmə planı"nı yeni metodlarla həyata keçirəcəyi təqdirdə ölkənin siyasi rənginin birdəfəlik dəyişəcəyi dəqiqdir. Gələcəkdə isə parlament seçkilərini qazanacaq AKP konstitusiyanı dəyişdirərək Türkiyənin prezident respublikası olmasını təmin edəcək, daxildəki "qanuniləşdirilmiş" mərkəzdənqaçmaya şərait yaradan bir çox qaydalardan dövlətin canını qurtararaq milli burjuaziya maraqları əsasında xarici siyasət yürüdəcək və ölkəni ABŞ modelli inkişaf etmiş bir dövlətə çevirəcək. Hazırki siyasi müstəvidə müşahidə edilənlər məhz bu qənaəti formalaşdırır.

Qafqaz ÖMƏROV


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Maydan hərəkatı”: səbələr və nəticələr

Böyük Azərbaycan və Rusiyanın “Qafqaz əsiri“

Təriqət savaşı: Gülənçiliklə Nurçuluğun fərqi

Şanxay zirvəsi və ya “Rusiyanın xilası“ əməliyyatı

Xaos və kürdlərin bitməyən “azadlıq mübarizəsi“

Azərbaycan - Özbəkistan: bir qardaşlığın qısa tarixçəsi

“Qara çərşəmbə axşamı“ və Rusiya ilə birlikdə çökən Ermənistan

Ən çox oxunanalar