Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reklam xarakterli SMS-lər - Mobil operatorlar abunəçilərinə nə zaman hörmətlə yanaşacaq?


Fazil Mustafa: “Mobil rabitə bazarı ilə bağlı müəyyən inhisarçılığa son qoymaq lazımdır. Çünki inhisarçılıq olduğuna görə mobil operatorların hansısa şəkildə fəaliyyətinə mane olmaq olmur”


Eyyub Hüseynov: “Mobil operatorlar hökmran mövqelərinə arxayın olduqlarına görə istehlakçıların hüquqlarını pozmaqda davam edirlər”.

Azərbaycanda mobil telefondan istifadə edən hər kəsin narahat olduğu məsələlərdən biri də gündəlik reklam tipli SMS-lər almasıdır. Narahatedici məsələlərdən biri ona görə deyirəm ki, mobil operatorların xidmətində müəyyən çatışmamazlıqlar mövcuddur. İndiki əsas mövzumuz isə reklam tipli SMS-lərlə bağlıdır.

Maraqlıdır ki, bu SMS-lər vaxt məhdudiyyəti qoyulmadan gecə saatlarında belə abunəçinin telefonuna gələ bilər. Abunəçilərə göndərilən SMS-lərin üçüncü qrupuna aid edilən bu mesajlar  istehlakçıya xəbərdarlıq edilmədən göndərilən SMS hesab olunur. Reklam tipli bu SMS-lərin abunəçilərə onlardan icazəsiz göndərilməsi Azərbacanın mobil operatorlarının öz abunəçilərinə birbaşa hörmətsizlik nümayişi olmaqla yanaşı, ölkə qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Qəribədir ki, bu halların qarşısını almaqla məsuliyyətli olan qurumlar da  mövcud olan biabırçı vəziyyətə sadəcə göz yumurlar və bu da qanunsuzluğun daha da böyüməsinə səbəb olur. Bir müddət əvvəl isə məsələ Milli Məclisdə müzakirə olunduqdan sonra Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil operatorlara xəbərdarlıq etsə də, bu xəbərdalıqda havadan asılı olaraq qalıb. Görünən budur ki, mobil rabitə şirkətləri  abunəçilərin şikayətlərindən və xəbərdarlıqlardan bir nəticə çıxarmağı bacarmayıblar. Belə olan halda vətəndaşların hüquq pozuntusunun qarşısını almaq üçün nə etmək lazımdır? 

Reklam xarakterli SMS-lər mövzusu ilə bağlı PİA.AZ hazırladığı sorğunu oxucularına təqdim edir:


Fazil Mustafa: “Reklam xarakterli SMS-lərin göndərilməsi bilərəkdən edilir. Çünki vətəndaşı mümkün olduğu qədər soymaq üçün bu işi həyata keçirirlər”.


Mobil rabitə bazarının nəzarətsiz qaldığını bildirən deputat Fazil Mustafaya görə, bu nəzarətsizlikdən dolayı yaranan inhisarçılıq vətəndaşların soyulmasına və hüquqlarının pozulmasına şərait yaradır:

“Mobil rabitə bazarı ilə bağlı müəyyən inhisarçılığa son qoymaq lazımdır. Çünki inhisarçılıq olduğuna görə, mobil operatorların hansısa şəkildə fəaliyyətinə mane olmaq olmur. Buna görə də qiymətlərin artımı da müşahidə olunur, istədikləri qiyməti yazırlar. Bu, vətəndaşı soymaq üçün düşünülən bir vasitədir. Bu məsələlər üzrə nəzarət olmadığına görə mobil operatorlar istədikləri şəkildə zəngləri tənzimləyirlər və vətəndaşlardan qeyri-qanuni olaraq xeyli vəsait uda bilirlər. Mobil rabitə bazarı ən nəzarətsiz sahələrdən biridir. Hesab edirəm ki, buna qarşı cəmiyyətdə müəyyən iradlar bildirilməlidir. Reklam xarakterli SMS-lərin göndərilməsi bilərəkdən edilir. Çünki vətəndaşı mümkün olduğu qədər soymaq üçün bu işi həyata keçirirlər. Bu məsələyə qarşı dəfələrlə mətbuatda da fikirlər səsləndirilsə də, hansısa konkret tədbirlər görülmür. Bu da sırf inhisarçılıqla bağlı məsələdir. 

Mobil operatorlara xəbərdarlıq edilməsinə baxmayaraq, nəticəssiz olduğu halda konkret tədbirlər görülməlidir. Milli Məclisdə özəl şirkətin və ya hansısa sahənin məsələsi tənzimlənməməlidir. Qanunvericilikdə bu cür hüquq pozuntusu yolverilməzdir. Nazirlik də formal xəbərdarlıq etməklə kifayənməməli və konkret tədbirlər görməlidir. Eyni zamanda mobil operatorlarla bağlı hansı tədbirlərin görüldüyünü cəmiyyətə məlumat verməlidir”. 


Eyyub Hüseynov: “Rabitə Nazirliyi bu məsələdə qayda-qanun yaratmır. İqtisadiyyat Nazirliyi isə siyasi mövqe nümayiş etdirir”.


İstehlakçıların hüquqlarının pozulması və aldadılmasına Nazirliklərin laqeyd yanaşdıqlarını vurğulayan Azad İstehlakçılar Birliyinin sədrinin sədri Eyyub Hüseynova görə, mobil operatorlar bu laqeydlikdən istifadə edərək hökmranlıq edirlər:

“Təsadüfi deyil ki, 2015-ci ilin 15 mart tarixində İqtisadiyyat Nazirliyi ilə birlikdə “Ümumidünya istehlakçılar günü”nü qeyd edən zaman  bütün mobil operatorların nümayəndələri, İqtisadiyyat Nazirliyi və Rabitə Nazirliyinin yüksək çinli nümayəndələri iştirak edirdi. Mən bu tədbirdəki radikal çıxışımda mobil operatorların istehlakçı hüquqlarını pozması hallarından əl çəkmələrini təklif etdim. Biz dəfələrlə bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə məktublar göndərmişik. Çox təəssüflər olsun ki, istehlakçıların xəbəri olmadan mobil operatorlar istehlakçılarla bağladıqları müqavilənin şərtlərinə əks olaraq, istehlakçıları narahat edən problemlər yaradırlar. Hətta burada istehlakçıdan pul almaq halları da mövcuddur. Misal üçün, Sabirabaddan Həsənova Sənubər adlı vətəndaşımız bizə şifahi şikayət etmişdilər. Belə ki, bu xanım qısa mesajların gəlməsi nəticəsində 450 manat ziyana düşüb. Pulunun getməsi müqabilində bir nəticənin olmadığını görən qadın etiraz etdiyi zaman onu şəhərdə bir yerə çağırıblar və böyük endirimlə məişət malı verəcəklərini bildiriblər. Qadın həmin yerə getdiyində isə 10%-dən artıq endirim edə bilməyəcəklərini deyiblər. Yəni, minlərlə bu cür insanların hüquqları pozulub. 

Mobil operatorlar öz hökmran mövqelərindən istifadə edirlər və istehlakçıların hüquqlarını pozurlar. Çox təəssüf ki, Rabitə Nazirliyi bu məsələdə qayda-qanun yaratmır. Iqtisadiyyat Nazirliyi isə siyasi mövqe nümayiş etdirir. Mobil operatorlarla bağlı bizə gələn şikayətlərin heç birini danışıq yolu ilə həll edə bilməmişik. Ümumiyyətlə, onlar insanlarla birbaşa əlaqəyə girmirlər. Biz böyük firmalarla danışıq üsulu ilə problemi həll edə bilirik. Mobil operatorlar hökmran mövqelərinə arxayın olduqlarına görə istehlakçıların hüquqlarını pozmaqda davam edirlər”.


Azər Qaramanlı: “Bizim xidmət sektorunda müştərinin cibinə girmək “şərəf” məsələsi kimi qəbul edilir”.


PİA.AZ-ın baş redaktoru Azər Qaramanlı hesab edir ki, baş verən qanunsuzluğun və soyğunçuluğun qarşısını almaq üçün Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məsuliyyət daşıyır, lakin onlar da öz məsuliyyətini tam olaraq başa düşə bilmirlər, ya da bu məsuliyyətdən yayınırlar:

“Reklam tipli SMS-lər abunəçiyə narahatlıq verməklə yanaşı, abunəçinin balansını da soyur. Yəni, faktiki olaraq Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar, ya da onların əlbir işlədikləri bilinməyən hansısa qurumlar öz müştərilərinin pullarını oğurlamaqla məşğul olurlar. Azərbaycan xidmət sektorunun acı reallıqlarından biri də budur. Müştəri məmnuniyyətinin sıfır olduğu ölkəmizdə xidmət sektoru öz abunəçilərinin cibinə girməyi, abunəçinin pulunu sırtıqcasına oğurlamağı adi hal bilir. Daha doğrusu, bizim xidmət sektorunda müştərinin cibinə girmək “şərəf” məsələsi kimi qəbul edilir. Nə qədər acınacaqlı olsa da, bu belədir.

Hər kəsə bəllidir ki, mobil operatorların öz müştərilərinin razılığı olmadan onlara yolladığı reklam tipli SMS müqabilində abunəçinin balansından müəyyən məbləğdə vəsait çıxılır. Normalda bu analoqu olmayan haldır və bunu mobil operatorların həm həyasızlığı, həm də faktiki olaraq qanunvericiliyin tələblərinin açıq şəkildə pozması kimi dəyərləndirmək mümkündür. Mobil rabitə şirkətlərinin bu açıq həyasızlığı isə həddini aşdığı kimi, milyonlarla abunəçilərin də haqlı və qanuni narazılığının yaranmasına səbəb olur. Onlardan biri də mənəm və açıq deyim ki, bu hal məni sadəcə narahat etmir, həm də özümdən çıxarır. Amma heç bir şeyin faydası yoxdur. Mobil operatorlar rahat şəkildə öz soyğunçuluqlarını davam etdirirlər. Artıq uzun müddətdir ki, bu məsələ ölkə ictimaiyyətinin diqqət mərkəzindədir, hətta problem bir neçə dəfə Milli Məclis səviyyəsində qaldırılsa da,  mobil operatorlar öz əməllərindən nəinki əl çəkmirlər, hətta bu soyğunçuluq tendesiyasını daha da genişləndirirlər. Öz növbəsində isə abunəçilər mobil operatorların bu soyğunçuluğu qarşısında aciz durumdadırlar. Çünki onlar mobil operatorlara qarşı heç bir şey edə bilmirlər.

Milli Məclisdə də problemi dilə gətirən deputatlar bu soyğunçu addıma qarşı müvafiq tədbirlərin görülməsini irəli sürsələr də, onların təklifləri də havadan asılı qalıb. Mobil operatorların işini nizamlamaqla məsuliyyətli olan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə abunəçidən daha aciz bir durum nümayiş etdirir. Onlar hətta baş verənləri normal şəkildə şərh belə edə bilmirlər və bir qayda olaraq, məsuliyyəti mobil operatorların üzərinə atırlar. Halbuki baş verən qanunsuz halların qarşısını almaq üçün məhz bu nazirlik məsuldur. Lakin belə görünür ki, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz məsuliyyətini tam olaraq başa düşə bilmir, ya da məsuliyyətdən yayınır. Belə olmasaydı, abunəçilərlə heç bir yazılı müqavilə bağlanılmadan və mövcud yazılı müqavilədə əvvəlcədən razılaşdırılmadan təşkil edilən belə xidmətlərin dayandırılması ilə əlaqədar Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hər üç mobil operatora xəbərdarlıq məktubları göndərməklə işini bitmiş hesab etməzdi, qanunsuzluğa görə mobil operatorları məsuliyyətə cəlb edər və onları qanunsuz gəlir əldə etmək məqsədi ilə öz abunəçilərindən oğurluq etdiklərinə görə cəzalandırardı. Amma bu baş vermir. Nazirliyin xəbərdarlığından sonra da mobil operatorlar öz qanunsuz fəaliyyətlərini açıq şəkildə davam etdirirlər. O zaman sual olunur, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kimə xəbərdarlıq edib və niyə xəbərdarlıq edib? 

Bəlkə bu xəbərdarlıq ancaq gözdən pərdə asmaq üçün olub. Görünür ki, bu belədir və Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu davranışı mobil operatorlarla ortaq çalışmaları şübhələrini yaradır. Bu şübhələri ortadan qaldırmaq üçünsə, Nazirlik həmən bu rəzalətə son qoymalı və qanunsuz gəlir əldə etmək məqsədi ilə abunəçilərinin hesabından pul silən mobil operatorları cəzalandırmalıdır. Öz növbəsində isə mobil operatorlar abunəçilərindən, Azərbaycan xalqından üzr istəyərək bu günə qədər mənimsədiyi vəsaitləri abunəçilərinə geri qaytarmalıdır. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı Milli Məclis və hökümət birlikdə komissiya yaratmalı və bu məsələni araşdırmalıdır”.


Rövşən Əsədov: “Mobil operatorlar ölkəmizdə qanunları yəhərləyir. Ona görə də müraciətlərimiz hələ də cavabsız qalıb”.


“Cümhuriyət” qəzeti və cebhe.info xəbər portalının mədəniyyət müxbiri Rövşən Əsədov hesab edir ki, mobil operatorların yüksək xidmət səviyyəsindən çox, kommersiya məsələsinə önəm verməsi abonentlərin aldadılmasında əsas rol oynayır:

“Əlbəttə çox sıxıcı və narahatedici haldır. Gecə-gündüz demədən abonentləri onların icazəsi olmadan narahat edirlər, bu azmış kimi abonentin icazəsi olmadan onun balansından müəyyən məbləğdə pul silinir, heç bir razılıqları olmadan müəyyən tarif paketlərinə, kampaniyalara üzv edilir.  Bu isə istehlakçının birbaşa olaraq hüquqlarının pozulmasıdır. Dəfələrlə bu qanun pozuntusu ilə üzləşmişəm. Hətta hazırda da telefonumda oxunmamış 34 mesaj var. Bir neçə dəfə bu barədə “Azercell” şirkətinə rəsmi, qeyri-rəsmi müraciətlər etmişəm, cavab məktubunda bu cür mesajlara son qoyulduğunu, əgər yenidən gələrsə, buna görə “Azərcell” şirkətinin məsuliyyət daşımadığını bildiriblər. Bununla bağlı silsilə yazılar da hazırlamışam,  Azad İstehlakçılar Birliyinə də müraciət etmişəm. Oradan verilən məlumata görə, bu tip müraciətlərin sayı-hesabı yoxdur. Mən də o sayı-hesabı olmayan müraciətçilərdən biri oldum, amma ortalıqda heç bir hərəkətlənmə yoxdur. 

“Azərcell” isə öz partnyor şirkətlərinə bu barədə xəbərdarlıq etmir. Çünki onlar arasında müqavilə var və o müqavilə əsasında onlar “bazarlıq” edirlər. Onlar üçün istehlakçı,abonent yox, kommersiya maraqlıdır. Deyirlər ki, biz hansısa partnyor şirkətə məhdudiyyət qoya bilmərik, hərçənd ki, “Azərcell” şirkəti və digər operatorlar abonentin nömrəsini partnyor şirkətə özləri təqdim edirlər. Hansısa bir partnyor şirkət mənim telefon nömrəmi hardan tapa bilər ki? Təbii ki, birbaşa olaraq məsuliyyət operatorun çiyinləri üzərindədir. Bu barədə “Azərcell” şirkətinə şikayət etmək də gülüncdür, çünki şirkət özü barəsində heç bir tədbir görməyəcək və hətta yüngülvari xəbərdarlıq belə etməyəcək. Mövcud situasiyanı bir cümlə ilə ifadə etsək, bunu əminliklə deyə bilərik ki, “Azərcell” ölkəmizdə qanunları yəhərləyir. Ona görə də müraciətlərimiz hələ də cavabsız qalıb”.


Günel Fərhadqızı: “Sərt tədbirlər görülməzsə, mobil operatorlar həm beynimizə, həm cibimizə girərək, fırıldaq yolu ilə bizi soyacaqlar”.


Şikayətinin nəticəsiz qalması nəticəsi iki mobil operatordan imtina edən yazıçı, maliyyəçi, risk meneceri Günel Fərhadqızı bildirib ki, ciddi addımlar atılmasa yaranmış vəziyyət vətəndaşlara maddi-mənəvi zərər vurmaqda davam edəcək:

“Mobil rabitə operatorlarının müştəri məlumatı sirri sayılan və müştərinin razılığı olmadan və yazılı müraciəti olmadan nömrəsinin ötürülməsi və ya hansısa şirkətlərin reklam kampaniyalarına qoşması qanunaziddir və istehlakçı hüquqlarının birbaşa pozulmasıdır. Məhz bu səbəbdən iki mobil operatorun xidmətindən imtina etmişəm. Çünki özlərinin göndərdikləri reklam xarakterli SMS-lərə görə balansımdan pul tuturdular. Şikayətimə baxmırdılar, qeydə almırdılar. Halbuki hər iki operatorda nömrəm qızıl nömrə idi. Nəticənin olmadığını görüb, nömrəmi bağladım və abunələri olmaqdan imtina etdim. Başqa nömrəmi isə nömrə daşıma xidməti vasitəsilə digər operatora keçirdim. 

Bu operatorda reklam xarakterli ismarışlar az gəlir, adəti üzrə müştərisi olduğum və alqı-satqı əməliyyatı zamanı müştəri blankında mobil nömrəmi qeyd etdiyim mağazalardan endirim kampaniyaları ilə bağlı ismarışlar gəlir, bu cür SMS-lərdən bəzən bir müştəri kimi yararlanıram. Lakin müştərisi olmadığım və özümün vermədiyim təqdirdə gündə bir şirkətdən, eləcə də qısa nömrələrdən reklam xarakterli məlumatların gəlməsinə, hər hansı bir reklamın zorla sırınmasına və müştərilərin narahat edilməsinə qarşıyam. Bununla bağlı həmin operatora yazılı şəkildə şikayət etmək lazımdır. Tədbir görülməyəndə isə həmin mobil operatorun özündən istehlakçı hüququnun pozulması ilə bağlı şikayət etmək, onları qanunu pozduqlarına görə cəzalandırmaq, cərimələtmək lazımdır. Sərt tədbirlər görülməzsə, mobil operatorlar həm beynimizə, həm cibimizə girərək, fırıldaq yolu ilə bizi soyacaqlar”.


İsa Həsənoğlu: “Mobil provayderi günahlandırdıqda, bu problemi Content Provayderlərinə həvalə edirlər. Halbuki Content Provayderlər mobil provayderlərlə partnyorluq edirlər”.


Reklam xarakterli SMS-lərin mobil operatorlar tərəfindən qarşılıqlı əməkdaşlıq əsasında göndərildiyini qeyd edən proqram təminatı üzrə test mütəxəssisi İsa Həsənoğlu qeyd edib ki, rekalm tipli SMS-lər adətən bilərəkdən və ya bilməyərəkdən abunə olduğumuz halda gəlir:

“Təbii ki, hüquq pozuntusudur. Şikayət etdikdə hansısa xidmətə bilmədən abunə olduğumuz məlum olur və deaktiv etmə məlumatlarını göndərdikdən sonra deaktiv etdikdə bu proses dayanır. Mobil provayderi günahlandırdıqda, bu problemi Content Provayderlərinə həvalə edirlər. Content Provayderlər başqa şirkətlərdir. Mobil provayderlərlə partnyorluq edirlər. SMS-lə xidmətlər təklif edirlər, xidmət əvəzində hesabdan məbləğ tuta bilirlər. Birdəfəlik xidmətlər (məs: zengimcell) və uzunmüddətli xidmətlər var (Abunə olaraq. məs: bürclər). 

SMS-lər adətən abunə olduğumuz halda gəlir. Abunə olmanın isə iki yolu var: ya "Mobil Data" ilə naməlum linkə daxil olarkən, ya da qısa nömrəyə mesaj göndərərkən. Content Provayderlər də yerli mobil saytlarla partnyorluq edir. Mobil Data ilə bu sayta daxil olduqda təsadüfən "Abunə ol" düyməsinə klikləyəndə hansısa xidmətə qoşulur. Naməlum link ilə abunə olanlar adətən bunun fərqində olmurlar. Xülasə, abonentlərin rizası xaricində bu və ya digər növdə mesajların gəlməsini doğru qəbul etmirəm”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar