Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev niyə hədəfdədir? – SOCAR-ın nüfuzdan salınması cəhdinin pərdəarxası


Qardaş ölkənin tarixinə qanlı hərflərlə yazılacaq 15 iyul qiyamı “Qafqaz əfsanəsi”nə son nöqtəni qoysa da, əslində ali məktəbin kitabı çoxdan bağlanmışdı


 2013-cü ildə Türkiyə prezidentinin Azərbaycana səfəri zamanı ölkə başçılarının görüşündən sonra Gülənçi təhsil ocaqlarının fəaliyyətinə son verilməsi və onların SOCAR-ın idarəçiliyinə verilməsi elə Qafqaz Universitetinin də qələminin qırılmasının ilk mərhələsi idi.

Baxmayaraq ki, o zaman bir çox mətbu orqanları bu hadisəni başqa donda təqdim etmişdilər: SOCAR prezidenti Rövnəq Abdullayevi Fətullah Gülənə meyllilikdə günahlandırmışdılar. Hətta bir il sonra – 2014-cü ildə Qafqaz Universitetinin dosenti İsa Hüseynova aid edilən səs yazısı yayımlanmış və onun diliylə Rövnəq Abdullayev “Hizmət” hərəkatının Azərbaycandakı lideri kimi təqdim olunmuş, rişxəndlə məlum qərardan sonra “Hizmət” hərəkatının beyninin hoca əfəndi, sponsorunun isə SOCAR olduğu bildirilmişdi…

Üzərindən az keçməmiş SOCAR-ın atdığı bir sıra addımlarla bu iddiaların tutarlı olmadığı, hansısa məkrli məqsədlərlə ortaya atıldığı anlaşılmışdı. Belə ki, şirkət 2014-cü ilin 19 iyul tarixində başda “Araz” kursları olmaqla, bütün “Hizmət” məktəblərini bağlamış, Rövnəq Abdullayev isə bu addımın səbəbini iqtisadi və sektor fərqi amiliylə əsaslandıraraq demişdir: “Biz düşünürük ki, ARDNŞ-in bu sahə ilə məşğul olmaması daha yaxşı olardı. Neftçi neft çıxarmaqla, Təhsil Nazirliyi təhsillə məşğul olmalıdır”.

Rövnəq Abdullayevin bu fikirləri “Hizmət” məktəblərinə xoş baxmadığından xəbər verirdi, sadəcə dövlət şirkəti kimi SOCAR-ın, istəsə də istəməsə də, müəyyən sosial öhdəlikləri yerinə yetirməyə mükəlləf olduğunu və Gülənçiləri zərərsizləşdirmə işinin ən etibarlı ələ həvalə edildiyini  göstərirdi…

Üzərindən 2 il keçdikdən sonra Fətullah Gülənə bağlı son qalanın –  Qafqaz Universitetinin digər gülənçi təhsil ocaqlarıyla eyni taleyi yaşaması da bu addımların söz-söhbətə son qoymaq üçün atılmadığını, əskinə, təhsil ocaqlarının Fətullah Gülən müridlərindən tədrici təmizləmək əməliyyatının həyata keçirildiyini sübut edirdi. Bu baxımdan 15 iyul qiyamı təmizləmə planını sonlandırmaq üçün yaxşı bir bəhanə oldu…

Elədirsə, ortaya suallar çıxır: Fətullah Gülən məktəblərini zərərsizləşdirmək niyə məhz SOCAR-a həvalə edilmişdi? Azərbaycanın dövlət müəssisəsi olan bir şirkət və onun rəhbərliyi barədə belə məlumatlar zaman-zaman medianın gündəminə gətirilməsi nəylə bağlıdır?

Zənnimizcə, ilk suala qismən də olsa, yuxarıda cavab verdik: məqsəd çətin bir əməliyyatı həyata keçirmək və bu işi tədrici üsullara aparmaqdırsa, seçiləcək əməliyyatçı da ən çox etibar etdiyin qurum və ya şəxs olmalıdır. Azərbaycan siyasi iradəsinin  SOCAR-a və onun rəhbərliyinə etimadının isə xüsusi səbəbləri var və yazının sonrakı bölümlərində bu barədə danışılacaq.

 “Qara piar”ın məqsədi

SOCAR və onun rəhbərliyi barədə irəli sürülən ittihamlara gəlincə, bu kimi iddialar yeni deyil və onlar təkcə 2013 və 2014-cü illərdə yox, bütün kritik siyasi situasiyalarda, o cümlədən də indi eyni tezis və arqumentlərlə təkrarlanıb.

Araşdırmalarımız göstərir ki, SOCAR təhbərliyinə qarşı kritik situasiyalarda başladılan bu “qara piar” kampaniyası əslində bir neçə səbəblə bağldır.

Şübhəsiz ki, başlıca səbəb komandadaxili rəqabətdən irəli gəlir. Azərbaycanın ən zəngin dövlət şirkəti olan SOCAR, təbii ki, bir çox məmurun və həm dəarxasındakı xarici gücün (bu haqda ayrıca araşdırmamız var deyə, hələlik ona toxunmuruq – H.O.) uğrunda rəqabət apardığı, nəzarətinə götürməyə çalışdığı qurumlardan biridir. Xüsusilə indiki böhran vəziyyətində ölkədə ən, bəlkə də yeganə rentabelli iqtisadi quruluş kimi özünü qoruyan şirkət bir çoxlarının tamahını qabardır, onu daxili və xarici rəqabətin əsas məkanına çevirir. Rəqabəti qazanmaq üçün isə şirkətin lideri və onun fəaliyyəti barədə “qara piar” kampanıyası aparmaq tələb olunur.

SOCAR-ın adının Türkiyə siyasi iradəsinin terror təşkilatı olmaqda günahlandırdığı “Hizmət” hərəkatıyla bağlanması isə təsadüfi deyil. Sirr deyil ki, Azərbaycanın iri məmurları öhdələrinə müəyyən dövlətlərdə ölkə maraqlarının müdafiəsi öhdəliyi götürüblər və adətən, məmurlarımız bu fəaliyyətlərini daha çox xaricdə təhsil almış övladlarının həmin ölkələrdə qurduğu mədəniyyət və təhsil qurumları vasitəsilə aparırlar. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov Avropada, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Amerikada diaspor təşkilatı yaradıb və bu sahədə fəallq göstərməyə çalışdığı kimi, Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin öhdəsinə də Türkiyə düşüb. Rəşadın 2013-cü ildə İstanbulda yaratdığı AzeDer adlı təşkilat təhsil, mədəniyyət və həmrəylik istiqamətində fəaliyyət göstərir, müəyyən işlər görür. Təbii ki, onun fəaliyyətinin çətin vəziyyətə salınması və beləcə, atasının tutduğu mövqeyinin sarsıdılması üçün adının Türkiyə siyasi iradəsini ən çox qıcıqlandıran bir təşkilatla bərabər çəkilməsi Rövnəq Abdullayevin əleydarlarının başlıca zərbə istiqamətlərindəndir.

Milli şirkətdən transmilli şirkətə

Araşdırmalarımız göstərir ki, SOCAR prezidentinə qarşı aparılan “qara piar” kampaniyası yalnız Fəthullah Gülənçilərlə əlaqədə ittihamla məhdudlaşmır, şirkətin digər layihələrinin də gözdən salınmasına ciddi səy göstərilir. Gah bəlli mətbuat səhifələrində böyük idman tədbirlərinin sponsorluğunun mənasızlığı gündəmə gətirilir, çəkilən xərclər boşuna israfçılıq kimi təqdim olunur, bəzən isə qlobal neft böhranının yaratdığı problemlər qurumun adına yazılır. Halbuki, SOCAR-ın qlobal neft böhranı zamanında yürütdüyü siyasətin kifayət qədər rassional olduğu bir sıra beynəlxalq qurumlar tərəfindən etiraf olunur.

İstərsənizsə, gəlin, belə təşkilatlardan biri – ABŞ-da yerləşən “Dinar Standart”ın hazırladığı bir siyahıya diqqət yetirək: qurumun 2015-ci ildə 57 islam ölkəsi arasında apardığı araşdırmaya əsasən, ilk yeri SOCAR tutub.

SOCAR-ın bu nailiyyəti isə əsassız deyil. Məlumata görə, şirkət 78.79%-lik artım göstəricisi ilə öz rəqiblərini qabaqlayıb. Onun ən yaxın rəqibləri isə 34,64%-lə LNOC,  31,80%-lə “Proton”dur. Siyahıda yer alan CEO-ların 8-nin türk, 8-nin malayziyalı, 7-sinin BƏƏ-nə və 50 şirkətin 12-sinin neft və təbii qaz sektorun aid olması da SOCAR-ın zəif rəqiblərlə yarışmadığını göstərir.

Eyni bazar qiymətləri şəraitində, üstəlik, daha az rezerv potensialına malik imkanlarla əldə olunan uğuru, əlbəttə ki, təkcə obyektiv amillərlə əsaslandırmaq mümkün deyil. Bu nailiyyətdə subyektiv amillərin də mühüm rol onadığı  aydındır.

Başlıca subyektiv amil, əlbəttə ki, şirkətin prezidenti Rövnəq Abdullayevin yüksək işgüzarlıq qabiliyyətindən və ona tapşırılan vəzifəyə hədsiz məsuliyyətli yanaşma hissindən irəli gəlir.

Görünür, onu uğura götürən bu keyfiyyəti, həm də də rəqiblərini ən çox qıcıqlandıran haldır ki, tapşırıldığı sahələrdə bacarıqsızlıq və uğursuzluq nümayiş etdirənlər indi Rövnəq Abdullayevi daha çox yerli və xarici ictimai rəydə, həmçinin hakimiyyətin üst qatlarında “qəzet materialları” ilə nüfuzdan salmağa, ölkə rəhbərinin ona olan ənənəvi etimadını sarsıtmağa çalışırlar.

Bəli, məhz ölkə başçısının ənənəvi və sabit etimadını…

Siyasi iradənin etimadı

Şübhəsiz ki, SOCAR prezidentini hakimiyyətdaxili rəqabətdə ön plana çıxaran əsas xüsusiyyətlərindən biri də ölkə rəhbərliyi qarşısında qazandığı yüksək etimadla bağlıdır.

Bu iddianı Rövnəq Abdullayevin şirkətin ən uzunmüddətli rəhbərlərindən biri olması faktı da təsdiqləyir.

9 dekabr 2005-ci ildə sələfi Natiq Əliyevdən şirkəti dövr alan Rövnəq Abdullayev indiki vəzifəsini 11 ildir dayanmadan davam etdirir. Sələfi Natiq Əliyevin eyni vəzifəni 12 il daşıması və bu müddətin böyük hissəsini quruculuq fəaliyyətinə, bağlanan müqavilələrin infrastrukturunun qurulmasına həsr etməsini nəzərə alsaq, müstəqillik illərindən sonra çıxarılan neft və qazın böyük hissəsi Rövnəq Abdullayevin rəhbərliyi dövrünə düşür.  Elə bu faktın özü dövlət iradəsinin Rövnəq Abdullayevə böyük etimadının ən ciddi sübutu  sayıla bilər.

Onu da nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də SOCAR-a yad adam deyil. Ölkə başçısı indiki postuna oturmamışdan əvvəl 1994-cü ildən 2003-cü ilə qədər SOCAR-ın vitse-prezidenti və birinci vitse-prezidenti olub. Sözsüz ki, rəhbərlik təcrübəsini qazandığı 9 il dövrdə o, Azərbaycanın ən böyük dövlət şirkətinin bütün iş prinsiplərinə, sirlərinə bələd olmuş, rəhbər kadrları yaxından tanımış, kimə etibar edəcəyini dəqiqləşdirmişdi. Prezidentliyinin ilk illərində isə yaxından tanıdığı şirkətin rəhbərliyini məhz Rövnəq Abdullayevə həvalə etmişdi. Bu, o dövr idi ki, Azərbaycanda Neft Fondunun əsas kapital yığımları məhz bu zaman ölkəyə gəlirdi. Statistikaya əsasən, indiyə qədər ən böyük kapital yığımı neftin qiymətinin yüksək olduğu və hasilatın pik həddə çatdığı 2007-2010-cü illərə düşüb. Yəni Rövnəq Abdullayevə böyük etimadın göstərildiyi ilk dövrlərə. Bu etimadın tam 11 ildir davam etməsi, sözsüz ki, SOCAR prezidentinin ona həvalə edilən işin öhdəsindən layiqincə gəldiyini göstərir.

“Qara piar”ın digər başlıca arqumenti: reklam israfçılığı

Müxtəlif yerli və xarici mətbu orqanlarında SOCAR-ın işindən çox, onun müxtəlif sosial sahələrə, ölkəmizin və özünün reklamına ayırdığı vəsaitlərin daha çox müzakirəyə çıxarıldığını müşahidə edirik. Xüsusilə Avropa miqyaslı idman oyunlarının maliyyələşdirilməsinə çəkilən xərclərin böyüklüyü, indiki böhran şəraitində bunun nə dərəcədə gərəkli olub-olmadığı gündəmə gətirilir və dartışılır.

İlk baxışdan, doğrudan, irəli sürülən iddialarda həqiqət payı yox deyil. İlin-günün bu vaxtında futbol üzrə Avropa çempionatının maliyyələşdirilməsinə, stadionlarda SOCAR-ın reklam olunmasına çəkilən xərclər qətiyyən anlamlı təsir bağışlamır.Fəqət  o reklamların gətirdiyi dividentləri, bağlanan müqavilələrin tarixini düşünəndə, şirkət rəhbərliyinə haqq verməmək mümkün deyil.

Əvvəla, ona diqqət yetirmək gərəkdir ki, UEFA və SOCAR arasında tərəfdaşlıq müqaviləsinin imzalanması 2013-cü ilə təsadüf edir. Həmin il neft qiymətləri də, onun Azərbaycandakı hasilatı da özünün ən pik nöqtəsində idi. Dünya bazarında bir barrel neftin 100 dollardan baha satıldığı bu dövr iqtisadiyyatımızın  bir çox sahələrdə çiçəklənməsiylə yadda qalmışdı. Dövlət büdcəsi 22 milyard dollara yaxın məbləğdə müəyyənləşdirilmişdi ki, bu da indiyəqədərki ən yüksək hədd hesab olunurdu.

Əlbəttə ki, 2013-cü ildə heç kim cəmi bir ildən sonra ABŞRusiya rəqabətinin neftin qiymətlərinə təsir edəcəyini proqnozlaşdıra bilməzdi. Hətta Dünya Bankının proqnozlarında belə, qiymətlərin 2014-cü və sonrakı illərdə də 100 dolların üzərində olacağı təxmin edilirdi. Belə bir şəraitdə Azərbaycana gələcək neft kapitalının bir sıra layihələrə yönlədirilməsi və qeyri-neft sektorunun inkişafı proqramlarının həyata keçirilməsindən təbii heç nə ola bilməzdi. Azərbaycanın və SOCAR-ın dünyada reklamı da bu tədbirlərdən biri idi və müxtəlif qlobal təşkilatlarla bağlanan müqavilələr də həmin ehtiyacdan doğurdu. Kim bilir, bəlkə də bir ildən sonra qeyri-iqtisadi yollarla neftin qiymətinin dəfələrlə aşağı düşəcəyi təxmin olunsaydı, UEFA və digər beynəlxalq təşkilatlarla həmin müqavilələr bağlanmazdı. Fəqət SOCAR rəhbərliyi kahinliklə deyil, real iqtisadi fəaliyyətlə məşğul olduğundan, gələcək planlarını da mövcud bazar qiymətləri əsasında qurmalıydı və qurmuşdu da.

Real bazar münasibətləri əsasında qurulan ölkəmizin dünyaya tanıdılması projesi ilk növbədə Azərbaycanda turizm sektorunun inkişafına təkan verər, insanlarımızın fərqli və gözəl adət-ənənələri, təbiətimizin füsunkarlığı əcnəbiləri özünə çəkərdi. Bu isə reklama xərclədiyimiz pulların qat-qat artığının sabah geri qayıtması anlamına gəlirdi.

Reklam pulları geri qayıdır

Hətta SOCAR-ın sadəcə özünün tanıdılması və reklamı belə, xərclənən bu vəsaitə dəyərdi. Çünki qlobal idman yarışılarının reklam afişalarında dünya brendləriylə yanaşı görünmək milli şirkətimizin transmilli biznes strukturuna iddia ortaya qoyması demək idi. Təsadüfi deyil ki, son Avropa çempionatında SOCAR-la yanaşı görünən şirkətlər də kifayət qədər nüfuzlu qlobal quruluşlardır- Coca-Cola, Adidas, McDonald’s, Hyundai/Kia, Continental, Orange, TurkishAirlines, Hisense və Carlsberg…

SOCAR-ın öz etirafına görə, dünya brendləriylə eyni cərgədə görünmək onun üçün dünyanın bir çox ölkələrində açdığı yanacaqdoldurma şəbəkələrini tanıtmaq, ciddi və etibarlı iqtisadi quruluş olduğunu göstərmək məqsədi daşıyır və reklam şirkətin satış imkanlarını artıra bilərdi. Verilən məlumatlar isə bu hədəfin öz məqsədinə çatdığını göstərir.

Bildirildiyinə görə, çempionatdan sonra SOCAR-ın Azərbaycan və İsveçrədəki yanacaqdoldurma məntəqələrimizdə satışların həcmi 15%, Ukrayna və Rumıniyada 20%, Gürcüstanda isə 30% artıb. Bu deyilənlərə bir də tarnsmilli şirkətə çevrilmək iddiasının ortaya qoyulmasının SOCAR-ın dünya birjalarındakı səhmlərinin qiymətinin artımına da müsbət təsir edəcəyini hesaba qatsaq, reklama çəkilən xərclərin boşuna israfçılıq olmadığını görə bilərik.

Üstəlik, Azərbaycanın 2020-ci il Avropa çempionatına ev sahibliyi edən ölkələrdən biri kimi də UEFA-nın tədbirlərində fəal iştirakı tələb olunurdu. UEFA İcraiyyə Komitəsinin Bakıya bu haqqı verən toplantısının 1994-cü ildə, Azərbaycanla tərəfdaşlıq müqaviləsi bağladıqdan bir il sonra keçirilməsi də təsadüfi deyildi. Görünür, Bakının Avropa-2020 çempionatının ev sahibliyinə çevrilməsində UEFA ilə bağlanan bu müqavilənin ciddi rolu olub.

İqtisadi və siyasi divident

Ölkəmizin dünyaya tanıdılmasına xidmət edəcək bu addımlar iqtisadi divident olmaqla yanaşı, bir sıra problemlərimizin həllinə də müsbət təsir göstərə bilər.Avropanın ən ciddi idman yarışlarına ev sahibliyi edən bir ölkə kimi yaradacağımız müasir, sivil, demokratik dəyərlərə sahib məmləkət imici beynəlxalq aləmdə təsir gücümüzü, sözümüzün ötkəmliyini artırar.

O başqa məsələdir ki, biz əlimizə düşən bu fürsətləri çox zaman düzgün qiymətləndirmir, siyasi və iqtisadi islahatlarda geri qalmağımızla bir çox qapıları üzümüzə bağlayırıq. Amma gəlin, razılaşaq ki, bu məsələdə SOCAR-ın zərrə qədər də günahı yoxdur. Bu şirkət öz üzərinə düşən vəzifəni yerinə yetirir, ondan istifadə edib-edə bilməmək məsuliyyəti digər qurumların  üzərinə düşür…

Nəticə

Məsələlərə bu aspektdən yanaşanda, SOCAR-a qarşı irəli sürülən ittihamların kökündə əslində həqiqətdən daha çox, hansısa hakimiyyətdaxili rəqabətin və ya SOCAR-ın nüfuzdan salınaraq zəiflədilib ələ keçirilməsində maraqlı olan xarici dairələrin sistemli fəaliyyətinin durduğu anlaşılır. Bu yolda da ilk hədəf, təbii ki, ölkənin siyasi iradəsinin etimadını qazanan şirkət rəhbərini gözdən salmaq, onun fəaliyyətini ləkələməkdir. Xüsusilə Azərbaycanın siyasi həyatında önəmli dəyişikliklərin gözlənildiyi indiki şəraitdə…

Bu bir həqiqətdir ki, ən çox hədəf seçilənlər məhz ən çox etimad qazananlar olur… (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar