Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayevə qarşı daha bir iddia


Rövnəq Abdullayevlə Ərdoğana yaxın oliqarxların ortaq qaz biznesi


Türkiyə müxalifətindən sual: “Nədən SOCAR-ın qaz şirkəti Remzi Gür, Fatih Baltacı və Fettah Tamince ilə ortaqdır?”

Türkiyədə ARDNŞ-lə (SOCAR) AKP hökuməti arasında korrupsiya əlaqələri barədə suallar qaldırılıb.

Virtualaz.org saytı xəbər verir ki, bu məsələ Türkiyənin Hesablama Palatasının (Sayıştay) ölkənin qaz operatoru BOTAŞ-a dair hesabatından sonra meydana çıxıb. Sayıştay 2010-cu ildə Azərbaycan və Türkiyə arasında qaz alqı-satqısına dair bağlanmış yeni müqavilənin dövlət şirkəti olan BOTAŞ-ı yüz milyonlarla dollar ziyana saldığını, bu müqavilə əsasında Azərbaycandan alınan qaza görə 1,4 milyard dollar artıq pul ödəndiyini, 2021-ci ilədək bu rəqəmin 15 milyard dollara çatacağını bildirib.

Ana müxalifət partiyası CHP-nin korrupsiya ilə mübarizə komissiyasının rəhbəri, millət vəkili Aykut Erdoğdu bu hesabatla bağlı enerji və təbii ehtiyatlar naziri Taner Yıldıza rəsmi soğru göndərərək izahat istəyib.



Virtualaz.org saytının xəbər verdiyi kimi, A.Erdoğdu qaz müqaviləsinin arxasında korrupsiya sövdələşməsinin dayandığından şübhələnir və AKP hökumətini dövləti milyardlarla dollar ziyana salmaqda təqsirləndirir. A.Erdoğdunun dediyi kimi, Hesablama Palatasının hesabatı ilə bağlı “tut yemiş bülbül” kimi susan enerji və təbii ehtiyatlar naziri hələ bu sorğuya cavab verməyib.

CHP millət vəkili isə bu gün - dekabrın 16-da Türkiyənin “Cümhurriyet” qəzetinə müsahibəsində Azərbaycanla Türkiyə arasında imzalanmış qaz müqaviləsində nədən korrupsiyadan şübhələndiyini əsaslandırmağa çalışıb.

A.Erdoğdu deyib ki, Azərbaycanla bağlanmış qaz müqaviləsinin ziyanları barədə Sayıştayın BOTAŞ-a dair hesabatının 51-ci səhifəsində göstərilir. Bu hesabat parlamentə təqdim edilsə də hökumət ona reaksiya verməyib. Enerji və təbii ehtiyatlar naziri isə sanki heç nə eşitməmiş kimi susur.



“Enerji naziri Yıldız Azərbaycanla əvvəlki müqavilədə yer alan 120 dollar limitini pozub. Əvvəlki müqaviləyə əsasən Azərbaycandan alınan qazın hər 1000 kubmetrinin qiyməti 120 dollardan çox ola bilməzdi. Nəticədə qiymət 400 dollara qədər çıxdı. Azərbaycana 1,4 milyard dollar qiymət fərqi ödənildi. BOTAŞ-ın Azərbaycan qazını ixrac hüququ əlindən alındı. Nəticədə şirkətin məruz qalacağı ziyanın məbləği 526 milyon dollara çatacaq. Bu anlaşmaların arxasında çox kirli alverin olduğunu düşünürəm” - deyə CHP millət vəkili bildirib.

A.Erdoğdu “kirli alver” deyərkən nəyi nəzərdə tutduğunu da bildirib: “Nədən SOCAR-ın təbii qaz şirkəti Remzi Gürlə, Fettah Tamince ilə, Fatih Baltacı ilə ortaqdır? Üç şəxsin ortaq özəlliyi baş nazir Ərdoğana çox yaxın şəxslər olması deyilmi?”.



Virtualaz.org saytı CHP millət vəkilinin SOCAR-ın hansı təbii qaz şirkətindən söhbət açdığını və adıçəkilən şəxslərin kimliyini araşdırıb. Məlum olub ki, söhbət 2012-ci ilin noyabrında SOCAR-ın Türkiyə bazarında qaz satışı üçün qurduğu ortaq şirkətdən gedir.

Həmin vaxt SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Enerji AŞ” Fettah Temince və Fatih Baltacının ortaq şirkəti “Çığ Enerji” arasında təbii qazın satışını təşkil etmək üçün ortaq şirkət qurulub. Ortaq şirkət “SOCAR Gaz Ticareti AŞ” adlanır.

Bəs bu şirkət hansı qazı satacaq?

Türkiyə ilə Azərbaycan arasında 2010-cu ilin aprelində imzalanmış qaz müqaviləsinə əsasən Türkiyəyə ixrac olunan Azərbaycan qazının 1,2 milyard kubmetri SOCAR-ın sahibi olduğu kimya sənayesi kompleksi “Petkim”də istifadə edilməlidir. Lakin “Petkim” hələ tam gücü ilə işləmədiyi üçün bu qazın cəmi 400-500 milyon kubmetrini istifadə edə bilir. Qalan 700-800 milyon kubmetr qazı isə SOCAR-la həmin iki iş adamlarının ortaq şirkəti bazara çıxarır.

Azərbaycan qazı Türkiyənin idxal etdiyi ən ucuz qaz olduğu üçün ortaqların bu biznesini kifayət qədər gəlirli hesab edirlər.

İndi isə CHP millət vəkilinin adlarını çəkdiyi iş adamları barədə. Türkiyə mənbələrində aparılan araşdırmalar göstərir ki, həqiqətən bu iş adamlarının hər üçü AKP hökumətinə, şəxsən baş nazirə yaxındır.

Fettah Temince “Rixos” otellər şəbəkəsinin sahibidir. AKP-nin hakimiyyətə gəlişindən sonra o, 10 il ərzində 12 “Rixos” oteli açıb, hər otelə orta hesabla 50 milyon dollar sərf edib.



F.Temincə məhz AKP-nin hakimiyyətə gəlişindən sonra zənginə çevrilib. Otel biznesi ilə yanaşı o, digər sahələrdə də iş qurub. “Star” qəzetini və “Kanal 24”ü alıb (sonradan qəzet və telekanal SOCAR-ın Türkiyədəki törəmə şirkətinə satılıb-red.).



F.Temincəni dəfələrlə Ərdoğanın yaxın çevrəsində görüblər. O, söhbətlərində baş naziri tez-tez yuxuda gördüyünü də deyir. Həmçinin F.Temincə ABŞ-da nurçular təriqətinin lideri Fətullah Gülənlə tez-tez görüşür və özünün dediyi kimi, “ruhunu təmizləyir”. Onun Qazaxıstanda inşaat biznesi də var, həmçinin məşhur rusiyalı oliqarxlarla Türkiyədə otel biznesi qurub.

Remzi Gür isə məşhur “Ramsey” tekstil şirkətinin sahibidir. 1968-ci ildə orta məktəbi bitirdikdən sonra Londona gedib və atasının yanında dərziçiliklə məşğul olub. 1985-ci ildə Türkiyədə tekstil biznesinə başlayıb. Hazırda Londonda yaşayır. AKP iqtidarına dəstək verən nəqşibəndi təriqətinə mənsubdur. Onun nəqşibəndi təriqətinin lideri ilə görüşünün videosu internetdə var.



Mətbuat Remzi Gürü daha çox baş nazir Ərdoğanın uşaqlarına təhsil təqaüdü - burs verən iş adamı kimi tanıyır. Həmçinin Rəmzi Gür haqqında “Ərdoğanın pul kisəsi” də deyirlər. O, son vaxtlar qaz biznesinə də girib və İraqdan Türkiyəyə qaz idxalı üçün lisenziya alıb.

Bununla belə açıq mənbələrdə Remzi Gürün SOCAR-ın Türkiyədə qaz satışını həyata keçirən ortaq şirkətlə bağlılığına dair informasiyaya rast gəlinmir.



Fatih Baltacı isə “Enerco” şirkətinin icraçı direktorudur. Mehmet Fatih Baltacı Fettah Temince ilə “Akfel” adlı ortaq şirkət quraraq Rusiyadan alınan illik 6 milyard kubmetr qazın 2,5 milyard kubmetrinin Türkiyəyə nəqlini həyata keçirir.

O, baş nazir Ərdoğanla sonuncu hələ İstanbulun bələdiyyə başqanı olarkən yaxın əlaqələrə malik olub. F.Baltacının şirkəti İstanbul bələdiyyəsindən tez-tez sifarişlər alıb. Ərdoğan hakimiyyətə gələndən sonra bütün qapılar onun üzünə açılıb, sürətlə qaz biznesinə və digər layihələrə girərək zənginə çevrilib.

F.Baltacının dayısı AKP-nin İstanbul şöbəsinin rəhbərliyində yer alan Hasan Karahandır. H.Karahan neft biznesi ilə məşğul olan şirkətin sahibidir. F.Baltacının “Akfel”lə yanaşı “Akpol”, “Gasrans” adlı şirkətləri də var.



Beləliklə, SOCAR-ın Türkiyədəki ortaqları arasında baş nazir Ərdoğana bağlı olan və bu yaxınlıq sayəsində bizneslərini böyüdən, enerji sektorunda sərfəli layihələr alan iş adamlarıdır. Buna elmi-kütləvi dildə korrupsiya bağlılığı da deyirlər...



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar