Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan Azərbaycana simmetrik hədə ciddiləşir


Kremlin virtual işğal taktikası ölkəmiz üçün Qarabağ qədər qorxulu problemə çevrilməkdədir; Qərb “təsir agentləri”nə qarşı güclənən repressiya fonunda geniş şəbəkəyə malik rusiyayönlü “5-ci kolon”çulara toxunulmaması özündə daha ciddi neqativlər daşıyır; Moskvanın bu yöndə əsas ideoloji silahını əlindən necə almalı?...


Ukraynada Kremlin məlum hərəkətlərindən doğan hadisələr və real təhdidlər səbəbindən Azərbaycana ən böyük təhlükə son vaxtlar xeyli aktivləşən “5-ci kolon”dan gəlir. Bununla belə, bu, heç də o demək deyil ki, ölkədə başqa dövlətlərin maraqlarına xidmət edən “5-ci kolon”lar yoxdur.

Təəssüf ki, bizim Putinin ekspansionist siyasətinin tənqidinə yönəlik məqalələrimizi və neo-imperiya təhdidlərindən dolayı qayğılarımızı bəzi oxucular qərbyönlü mövqeyin təzahürü və Qərb maraqlarının lobbiçiliyi kimi qəbul edirlər. Hər dəfə Rusiyanın beynəlxalq hüquqa və humanizm prinsiplərinə zidd olan və ya Bakı üçün real hədə kəsb edən konkret hərəkətlərini mühakimə etməyə başlayan kimi, o dəqiqə bu kateqoriyadan olan oxuculardan belə dalayıcı şərhlər gəlir ki, bəs Amerikanın nəyi yaxşıdır, niyə onu da ittiham etmirsiniz? Mərkəzi Kəşfiyyat İdarəsinin sifarişi iləmi yazırsınız, bəlkə Qərbə satılmısınız və s.

Bolşevizm qoxusu verən qəribə və ziyanlı bir məntiqdir. Belə çıxır ki, sən əgər Rusiyanın siyasətinə qarşısansa, demək, mütləq ABŞ-ın tərəfdarısan? Halbuki vətənpərvər mövqe də var. Həmçinin, Azərbaycanın milli-dövlət maraqları deyilən anlayış mövcuddur. Məhz sonuncular istənilən xarici olay və təhlükələr üçün meyar olmalıdır. 

Bizə gəlincə, nə Rusiyanın, nə Amerika və Avropanın, nə də İranın tərəfindəyik, biz - Azərbaycanın tərəfindəyik. Eyni dərəcədə də haradan gəlməsindən asılı olmayaraq ölkəmizə olan bütün təhlükələri pisləyirik. Bizim üçün rusiyayönlü, iranyönlü, amerikayönlü “5-ci kolon”lar eyni dərəcədə qeyri-məqbuldur. Bu, bizim prinsipial vətəndaş mövqeyimizdir. 

Bununla belə, biz realistik və başa düşürük ki, Azərbaycan gənc və kiçik ölkə olaraq, üstəlik iri dövlətlərin toqquşan geosiyasi maraqlarının kəsişməsində yerləşməklə hələ ki, hansısa təhlükəsiz neytral statusla gizlənə bilməz. Hələ ki, o, minalanmış xarici təhdidlər meydanında konyuktur manevrliliyə və daim “pislərdən ən yaxşısını” seçməyə məhkumdur. 

Bu səbəbdən biz xarici çağırışları və hədələri aktuallılıq, təhlükəlilik, konyunktur əhəmiyyəti, perspektivliliyi və ölkənin milli maraqları ilə uzlaşması üzrə təsnifləndirməli oluruq. Bu gün əsas təhlükə bizə Moskvadan gəldiyindən diqqətimizi də ən çox həmin istiqamətə yönəldirik. Sabah eyni təhlükə İrandan, ABŞAvropadan gəlsə, vurğunu o səmtlərə dəyişəcəyik. Axı, necə deyərlər, əbədi dostlar olmur, əbədi maraqlar olur. Bir daha təkrarlayaq ki, bizdən ötrü əsas meyar birdir - ölkənin milli maraqları. Bu yerdə sual yarana bilər ki, Azərbaycanın milli maraqlarını kim və necə müəyyən edir? Bəlkə bu maraqlar Putin siyasətinə ziddiyyətdə yox, uyğunluqdadır? 

Düşünürük ki, bu məsələdə təxribatçı möhtəkirliyə yer olmamalıdır. Bütövlükdə Azərbaycanın milli maraqlarını ölkənin ərazi bütövlüyü və suverenliyi diktə edir, hansı ki artıq ölkənin konstitusiyasında, Hərbi Doktrinasında, təhlükəsizlik strategiyasında, ölkənin götürdüyü beynəlxalq öhdəliklərdə və bir sıra başqa təməl sənədlərdə əksini tapıb. Məhz milli-dövlət maraqlarının tələbləri ilə Azərbaycanın BMT, Avropa Birliyi (AB), NATO ilə, başqa dövlətlərlə əməkdaşlığının formatı, tempi və iştirak xüsusiyyətləri, həmçinin, strateji oriyentirlər və ölkənin xarici siyasətinin prioritetləri şərtlənib.

Bu mənada aydın məsələdir ki, əgər biz Putinin sovet və ya Çar imperiyasını bərpa eləməyə yönəlik velikoderjav planları ilə bağlı həyəcan təbili çalırıqsa, bu, əsla ABŞ, AB, İran və ya Türkiyə maraqlarının lobbiçiliyindən qaynaqlanmır, məhz Azərbaycanın milli-dövlət maraqlarının, ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zərurətindən doğur. Madam ki, Azərbaycana çox böyük geosiyasi diqqət var və burada çoxsaylı rəqib dövlətlərin mövqeləri toqquşur, o zaman ölkəmizdə müxtəlif “5-ci kolon”ların mövcudluğuna təəccüblənməyə də dəymir. 

Onların sırasında ən “köhnəsi” və çoxsaylı olanı, dərinə kök salmışı və daha böyük təhlükə kəsb edəni Rusiya və ya iranyönlü qüvvələrdir. Bu da təəccüblü deyil. Çünki Azərbaycan həmişə bu iki imperiya arasında “nifaq alması” olub, yekun etibarilə onlar arasında bölünüb və uzun müddət onların birbaşa təsirləri altında qalıb. Çar, sonra isə sovet imperiyasının Azərbaycana uzun müddətli təsiri özünü mentalitetdə, mədəniyyətdə, ənənələrdə, həyat tərzində və həmvətənlərimizin davranışında göstərib, məqsədli və ya kortəbii şəkildə rusiyayönlü ovqata malik xüsusi bir təbəqənin - daim Moskvanın maraqlarının lobbiçiliyinə meyilli bir zümrənin formalaşmasına yardımçı olub.

Bu xüsusda qərbyönlü və ya amerikayönlü “5-ci kolon” anlayışı təzədir, çoxsaylı deyil, cəmiyyətin həyat tərzində və şüurunda dərin kök atmayıb, o üzdən ölkə üçün indiki anda elə bir problem də yaratmır. Bundan əlavə, hakimiyyət strukturları son vaxtlar məhz Qərbin “təsir agenti” adlandırılanlara qarşı ifşa və repressiv kampaniyanı gücləndirərək məhz ameriakyönlü “5-ci kolon”u minimuma endirib tamamilə öz nəzarətinə almağa çalışır. Analoji mübarizə son illər iranyönlü “5-ci kolon”a qarşı aparılır. 

Yeri gəlmişkən, qat-qat böyük təhlükə kəsb edən Rusiyanın “təsir agentləri” və “5-ci kolon”çulara qarşı rəsmi səviyyədə nədənsə heç bir ifşa xarakterli mübarizə aparılmır, onların fəaliyyətinin lokallaşdırılması üçün effektli tədbirlər görülmür. Ola bilsin, hakimiyyət orqanları hazırkı həssas mərhələdə xüsusi ehtiyatlılıq göstərir və rəsmi Moskvanın narazılığına əlavə əsaslar vermək istəmir, fəqət, belə mövqe aşkar neqativlər də daşıyır və rusiyayönlü qüvvələrin daha da fəallaşmasına stimul verir.

Biz hakimiyyəti istənilən qəlibdən olan “5-ci kolon”çilara (amerikayönlü, iranyönlü, rusiyayönlü) qarşı hər hansı repressiv kampaniyaya çağırmırıq - günahlandırıcı addımlar yalnız konkret halda Azərbaycan qanunları pozulduqda və yalnız konkret pozuculara qarşı atıla bilər və atılmalıdır.

Ancaq nə üçün də Moskvanın Azərbaycan cəmiyyətinin əhəmiyyətli kəsiminin şüurunu zibilləyən və ya zombiləşdirən quduz neo-imperiya təbliğatından ölkənin informasiya məkanının müdafiəsi üçün müəyyən tədbirlər görülməsin? Söhbət Rusiya telekanallarından gedir - o telekanallar ki, nədənsə bizim bütün kabel televiziyası paketlərində böyük bir paya malikdir. Axı bu, bizim dövlətin hökmü və gücü daxilindədir və birbaşa ölkənin milli təhlükəsizlik strategiyasından, o sırada informasiya təhlükəsizliyi zərurətindən qaynaqlanır. 

Hamıya məlumdur ki, bizim yerli telekanallar süjetlərin kasadlığı və peşəkarlığın zəifliyi səbəbindən hələlik xarici kanallarla rəqabət qabiliyyətli deyil və o səbəbdən vətəndaşlar Rusiya və ya Türkiyə telekanallarına baxmağı üstün tutur. Problemin həlli əlbəttə ki, bütün əcnəbi telekanalların yayımını dayandırmaq və hamını yerli kanallara baxmağa məcbur eləməkdən keçmir - sırf qadağalar lazımi effektli ola bilməz, 21-ci əsrdə isə bu, texniki cəhətdən də mümkünsüzdür, çünki internet və peyk var. 

Məsələnin həlli bir tərəfdən, ölkə telekanallarının keyfiyyətini, rəngarəngliyini və peşəkarlığını permanent şəkildə qaldırmaqdan, ikinci yandan isə əcnəbi kanalları, ələlxüsus informasiya-analitik xarakterli xarici kanalları maksimum şəkildə diversifikasiya eləməkdən (“müxtəlifləşdirmək”) ibarətdir. Bizim teletamaşaçı Rusiyanın aldadıcı təbliğatının mütəmadi və güclü təzyiqi altında olmamalıdır.

Azərbaycan seyrçisi eyni dərəcədə Türkiyə, İran, ABŞ və başqa təbliğatların da təsiri altına düşməməlidir. Bizim tamaşaçının bu və ya başqa hadisələrlə bağlı müxtəlif nöqtə-nəzərlərə (Avropa, Çin, Belarus, Qazaxıstan, Moldova və s.) balanslaşmış çıxışı olmalıdır. Ayrı sözlə desək, Rusiya informasiya-təbliğat telekanallarının maksimal şəkildə məhdudlaşdırılması hesabına alternativ informasiya mənbələri imkanlarını artırmaq, bununla da Kremlin və rusiyayönlü “5-ci kolon”un əlindən azərbaycanlıların şüurları uğrunda mübarizdə əsas silahı almaq lazımdır. 

Bu gün bu - bizim təhlükəsizlik məsələmizdir. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar