Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səsi sonra çıxan dəhşətli dəyənək

Azərbaycan sovet yazıçısı Əli Vəliyev bolşevik inqilabından qabaq muzdur işləyibmiş. Bir dəfə xatirə danışır, dostuna deyir ki, muzduru olduğum bəy çox əzazil, amansız, qəddar adam idi. Əhvalat belə olubmuş


Yaylaqda bəy Əlini çağırır, deyir o samovarı gətir, əlimi yuyacam. Gətirir açır, bəy əlini yuyur, sonra gözlənilmədən deyir ki, Əli, indi mən samovarı tutum, sən əlini yu. Sən demə, su qaynar imiş, bəyin əli yanıb, ancaq muzdurun qabağında qürurunu sındırmaq istəməyib. Qısası, Əli Vəliyev deyir əlim dəhşət yandı, cızdağım çıxdı. Dostu gülür, deyir burda amansız olan nədir, axı ikinizin də əli yanıb yeri gələndə. Əli müəllim deyir: “Muzdurun əlinin yanması ilə bəyin əlinin yanması eyni şey deyil. Muzdura daha pis təsir edir”.

Bu əhvalat niyə yadıma düşdü? Təsəvvür edin, Azərbaycan müstəqillik uğrunda hərəkata başlayandan və bayrağı yapistlərə verən gündən bəri on illər keçib, bu illərdə onlarla etiraz aksiyaları olub, camaatı döyüblər, şikəst ediblər, hətta öldürüblər, ancaq baş nazirin keçmiş müavini Abbas Abbasovun oğluna 1998-ci ildə dəyən (hələ o da şübhəlidir) bir dəyənək ölkəmiz üçün daha vacib olmuşdur. Bu haqda oğulbala sosial şəbəkədə yazıb, sonra qəzetə çıxıb, hətta 18 il qabaq bu prosesdə iştirak etmiş polis zabiti ərinmədən qəzetə cavab məktubu göndərib, deyir biz heç kimi döyməmişik, yüngülvari səhv olmuşdu, səhv edən polisi cəzalandırdıq, işdən qovduq və sairə. 

Əgər o bir dəyənək sizi belə yandırıbsa, bəs millətə dəyən zərbələr onu necə yandırıb, heç bu haqda fikirləşirsinizmi? Hardan fikirləşəsiniz? Bu millətə heç broyler toyuğu qədər hörmət qoymadınız. Əcəb elədiniz, hər millət başına çıxanlara layiqdir və sairə şeyləri yazmağım artıq olar yəqin. Özünüz söhbəti bilirsiniz.

Ümumiyyətlə, bizim dərdimiz çəkiləsi deyil. İki-üç gün mediada, sosial şəbəkədə Aqşin adlı bir gəncin əhvalatını diqqətlə izlədim. Bu gənc əvvəl jurnalist, barmen kimi işlərdə çalışıb, sonra böhran sayəsində iş yerlərini itirib. Gedib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, deyib zəhmət çəkin, məni işsiz kimi qeydə alın. Nazirlik də ya işsizliyə görə qəpik-quruş müavinəti verməyin dərdindən, ya da hansısa başqa səbəbdən gəncin işsiz statusunu qeydə almaqdan imtina eləmişdi. Bundan sonra gənc başlamışdı nazirliyin yanındakı parkda aclıq aksiyasına. Bir neçə günlük mübarizədən sonra nəhayət, nazirlik tərpəndi, deyəsən, gənci çağırıb söhbət elədilər və işsiz kimi qeydə aldılar. Hamı bunu elə yazdı, gənci necə təbrik elədilərsə, mən təəccübləndim: bəlkə yeni iş tapsa bu qədər sevinməzdik. Görün hansı duruma gəlib çatmışıq, işsiz statusunu alanda da sevinirik! Absurd kimi görünə bilər, ancaq həqiqətdir. Necə deyərlər, Azərbaycan həqiqətidir. Götür, dünyaya çıxart, reklam olsun, ərəblərin ardıyca başqa bədəvi tayfaları da gəlib baxsınlar ki, dəvədən dözümlü hansı varlıqlar dünyada yaşamaqdadır. 

Hansı eksperimenti istəsələr başımızda sınayırlar. Misal üçün, indi söz buraxıblar, təcili yardımı pullu eləmək istəyirlər. İdarənin müdiri açıqlama vermişdi, deyir bizi ora-bura çox çağırırsınız, pullu olsa çağırış azalar. 

Doğrudan da, təcili yardım pullu olsa camaat zəng vurmadan ölər qalar xarabasında. Nəyə gərək yardıma əziyyət vermək, üstəlik, onsuz aparıb xəstəxanada sağ ayaq yerinə sol qulağını kəsə bilərlər. Ancaq yaxşı olar təcili yardımla yanaşı başqa xidmətlər də pullu olsun. Misal üçün, müdafiə və hüquq-mühafizə orqanları niyə müftədir? (Guya). Məncə, ordumuz hər kəndi qorumaq üçün onun sakinlərindən əlavə töycü yığmalıdır. Polisi çağırmaq da ödənişli olsun. Hesab edək cinayət olub, kimisə balta ilə doğrayıblar. Polis hadisəni araşdırmaq üçün zərərçəkəndən müəyyən rəsmi ödəniş almalıdır. Əks halda, qoy meyit ortada qalsın. Kimin başqasının dədəsinə borcu var? Dövlətçiliyin əsaslarına görə belə olmalıdır. 

Sonda Abbas müəllimdən acizanə xahiş edərdik bir də uşaqlarını təkcə küçəyə buraxmasın. 18 il də ayrı dəyənəyi araşdırmağa imkanımız yoxdur - biz hələ özünümaliyyələşdirməyə tam keçə bilməmişik.(musavat.com)

Yazar : Zamin HACI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar