Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Silikon məmələr


Hər il cəmiyyətimiz qarşısında duran bir neçə taleyüklü məsələ olur ki, hamı - məmə deyəndən pəpə yeyənəcən (ya da məmə yeyəndən pəpə deyənə qədər - bunu özüm üçün hələ dəqiqləşdirməmişəm) onların həlli ilə məşğul olur, nəticədə Qarabağ problemi, Marsda insan koloniyasının salınması, YAP-a 1 milyonuncu üzvün qəbulunun tezləşdirilməsi tipli vacib işlər yadımızdan çıxır


Bu il həmin problematik məsələlər hələlik aşağıdakı kimidir:

Aşıq Ələsgərin yaşı həqiqətən neçə olubdur.

Səməd Vurğun mənasız şairdir, yoxsa dahidir.

Telekanalizasiya aparıcısını dişləyən ilan suilanı olub, yoxsa gürzə. Gürzə dişləyibsə, niyə ölməyib. Çünki suilanında zəhər gürzəyə nisbətən az olurmuş. Ya da heç olmurmuş.

Ən axırıncısından başlayaq. Bəzi ekspertlər iddia edir ki, aparıcını çalan ilan heç vaxt suilanı ola bilməzdi, çünki hadisənin baş verdiyi Haramı düzü tarixən susuzluqdan ilan mələyən ərazi kimi tanınıbdır.

Doğrudan da burada hardasa məntiq vardır. Su ilanı, adından göründüyü kimi, suda yaşamağa məcburdur. Ancaq sivil dünya normativlərinə, təbiət qanunlarına görə belə ola bilər, Azərbaycan isə analoqsuz, öz qayda-qanunları ilə yaşayan müstəqil, suveren, güclü, lider dövlətdir! Bizdə suilanı səhrada da yaşayar. Necə? Çox sadə: suyunu kəsirsən, məcbur olur susuz yaşasın. Örnək üçün, bir dostumuz var, Xırdalan tərəfdə yaşayır, hər il yay gələndə bunların məhəlləsinin suyunu dibindən kəsib “Coca Cola” zavoduna satırlar. Bunlar da maşınla su alıb birtəhər yaşayırlar. Ölmürlər ki. Əksinə, dövlətçiliyimiz yolunda qurban getməyə hazırdırlar. Məhəllənin yarısı isə anabioz vəziyyətinə girir, yay qurtarıb “Kola” zavodunda istehsal aşağı düşəndə, su məhəlləyə veriləndə təzədən dirilirlər, həyata qayıdırlar. Afrikada, Avstraliyada belə böcəklər, qurbağalar varmış, quraqlıq mövsümündə həyat fəaliyyətini tam dayandırıb “ölürlər” (anabioz elə bunun elmi adıdır), yağış sezonunda isə yenidən canlanırlar.

Yəni “su həyat mənbəyi olaraq qalır” aforizmini yalana çıxartmış camaatıq. Normalda insan bir həftədən artıq susuz yaşaya bilməz, ancaq mən Biləcəridə bir yay 3 ay susuz yaşamışam. Adamım olmadı, Ginnesin rekordlar kitabına düşməyə layiq idim. Ermənipərəst xarici dairələr imkan vermədi.

O cümlədən Azərbaycanda gürzənin adamı dişləməsi hələ zəhərlənmək anlamına gəlmir. Bəlkə də vaxtında hüquq-mühafizə orqanlarımız bu gürzənin zəhərli dişini çəkiblər, şanlı səhiyyə orqanlarımız isə həmin dişi müasir işıq dirəkləri.., yox, bu ayrı temadan idi... çağdaş diş protezləri ilə əvəzləyiblər. Mən özüm şəhərdə, idarə və müəssisələrdə tez-tez belə müasir dişli ilanlarla rastlaşıram, onların qabıq dəyişmə prosesini canlı izləyirəm.

Eyni zamanda özünü kobra kimi aparan koramallarımız, piton sayan kərtənkələlərimiz (çünki arxasında hansısa regiondan olan bir kələz durubdur), anakondaya bənzədiyini düşünən soxulcanlarımız vardır. Bu mənada, aparıcını soxulcan da dişləyə bilərdi. Jurnalist tayfası milçəkdən fil qayırmağa öyrəşibdir. Hazırda respublikanın örüşlərində, bostanlarında, otlaq və subalp çəmənliklərində həmkarlarımızın yetişdirdiyi xeyli milçək-fillər və ya qısa desək, filçəklər dolaşmaqdadır.

Aşıq Ələsgərin həqiqi yaşı və Səməd Vurğunun şeirlərinin analizi ilan temasına baxanda hələlik o qədər də qızışmayıbdır. İnşallah, qızışsın, biz də klaviaturamızı götürüb temanın canına döşənərik.

Bu arada qulağıma başqa bir maraqlı mövzu da dəydi. Deyir, hansısa məşhur manısımız konsertində təzə silikon məmələrini millətə göstərməyə söz veribdir, çünki xalq həqiqəti bilmək istəyirmiş. Yaxşı olacaq. (musavat.com)

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar