Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siqareti baha satanların cəzası

Dünən səhər saatlarında dollar və avronun qiymətinin qalxmasından sonra eşitdik ki, bir sıra mağazalar ərzaq məhsulların qiymətini qaldırıb


Siqaret almaq üçün getdiyim dükanda özüm də bunun şahidi oldum. “Siqaretin qiymətini nə tez qaldırmısız?” soruşanda satıcı laqeydcəsinə “Mal gətirən firmalar qiyməti qaldırıb biz də qaldırdıq” deyə cavab verdi.
 
Açıq-aydın hiss olunurdu ki, yalan deyir. Yaxşı bəs sənin dünəndən qalan malların nə oldu? Onları nə tez satdın ki, bu biri malları yeni qiymətlə satırsan.
 
Varlanmaq məqsədilə yeyinti və zəruri məhsulları ucuz qiymətə alıb saxlayan və sonradan baha qiymətə satan adamlara möhtəkir deyilir. Onlar iqtisadi kataklizm zamanı üzə çıxır. Möhtəkirlər özlərindən başqa heç kəsi düşünməzlər. Əllərinə fürsət düşən kimi yarasa xisləti ilə xalqın boğazında yapışıb son damlasına qədər qanını içərlər. Xalqın bədbəxtliyi üzərində öz xoşbəxtliklərini qurarlar.
 
Amma gəlin görək möhtəkirliklə qazanılan pullar xoşbəxtlik gətirirmi?
 
Dinlər də möhtəkirliyi qınayırlar, dində bu cür qazanc haram hesab edilir. Amma elə məqamlar var ki, orda dinin də, ədəbiyyatın da mövqeyi üst-üstə düşür. Tutalım islamın dediyi bir mətləbi Qərb yazıçısının əsərində rast gələ bilərsən. Və ya tərsinə.
 
Deməli elə həqiqətlər var ki, onlar harada olursa-olsun dəyişmir, sabit qalır.
 
Məni həmişə düşündürüb. Niyə “Cinayət və cəza”da öldürülən qadın sələmçi idi? İslamda da sələmçilik pislənilir. Görəsən Dostoyevski o qadını başqa sənətin sahibi kimi göstərə bilməzdimi? Əgər göstərə bilərdisə o qadın hansı peşənin sahibi olardı, əcəba? Bu həm də elə bir peşə olmalı ki, Roskolnikov onun alnına baltanı saplayanda oxucu da uf deməsin, ona haqq qazandırsın.
 
Məncə böyük yazıçı o qadını sələmçi etməkdə məhz bu mesajı verməyə çalışıb: Başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq istəyənlər heç vaxt xoşbəxt olmayacaqlar. Lap o pulları sələmçi qadın kimi N. qəzasındakı monastra göndərsələr belə hardansa bir balta çıxıb onların alına saplanacaq.
 
Və ya Teodor Drayzerin “Kerri bacı” əsərini xatırlayaq. Əsəri oxuyanlar bilir ki, bar administratoru olan Corc Herstvud seyfdəki pulları görəndə şeytan qəlbinə girir. O, pulları oğurlayıb Kerri ilə əvvəl Monrteala, ordan da Nyu-Yorka qaçır. Amma oğurladığı haram pullar Hertsvudu xoşbəxt edirmi? Yox. Kerri onu tərk edir və Hertsvud səfillərin sığınacağında faciəvi şəkildə həlak olur.
 
Doların qiymətinin qalxdığını görüb ərzaq məhsullarının qiymətini qaldıranları, onları gizlədib bir müddət sonra baha qiymətə satmaq üçün saxlayanları görəndə yadıma Balzakın "Qorio ata" əsəri düşdü. Makaron və çörək fabrikatoru olan Müsyö Qorio iqtisadi böhran zamanı möhtəkirlik edərək milyonlar qazanır. Sonradan o pullarını qəpiyinə kimi var-dövlət hərisi qızlarına xərcləsə də yoxsul bir pansionatda aclıq və səfalət içində gözlərini yumur. Heç həyatda ən çox sevdiyi qızları da dəfninə gəlmir.
 
Bu gün dolların qalxmasından istifadə edib ərzağın, siqaretin və başqa məhsulların qiymətini qaldıranlar, möhtəkirlik edənlər. Əminəm, ürəyinizin bir yerində bunu övladlarınızın gələcəyi naminə etdiyinizi düşünürsüz. Qorio ata da bu cür düşünürdü. Qızlarının səadəti üçün möhtəkir edirdi, öləndə qızları heç dəfninə də gəlmədilər.  
 
Balzak bunu 200 il əvvəl yazıb. Və mənə elə dəlir ki, Balzakın yazdığı sadəcə bir yazıçı təxəyyülünün məhsulu deyil. Möhtəkirliklə, haram yolla pul qazananları həmişə eyni aqibət gözləyəcək. Balzakın göstərdiyi aqibət.
 
Elə şeylər var ki, onlar universaldır. Ədəbiyyatda da, dində də, ürəyin istəyən hər yerdə ona münasibət eynidir. Lap istəyir min il keçsin, bu həqiqətlər heç zaman dəyişməyəcək. Bu həmişə belə olub. Qədim Şərq mətnlərindən tutmuş, Balzaka, Dostoyevskiyə qədər, onlardan da üzü bəri belədir.
 
Çoxda ki, Markes “Ədəbiyyat olmasaydı dünya heç nə itirməyəcəkdi” deyir. Bəlkə də ədəbiyyat olmasaydı, Balzaklar, Dostoyevskilər, Drayzerlər olmasaydı dünyamız, daha betər, daha amansız, daha yaşanılmaz olardı!

Mirmehdi AĞAOĞLU(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Azərbaycanın hərbi dənizçiləri NATO qiymətləndirilməsi təlimində iştirak edib - Fotolar

Rəsulzadənin portretini çəkdiyinə görə ölümə məhkum edilən azərbaycanlı rəssam

Mirmehdi Ağaoğlunun “İmamın şəkli” hekayəsi

Avtobusdakı davanın gizlinləri: Pozitiv diskriminasiya

"Ermənistan Türkiyə-Azərbaycan birgə hərbi təlimlərdən ciddi narahatdır"

Ən çox oxunanalar