Səhv etmirəmsə, Merab Mamardaşvilinin internetdəki mühazirələrindən oxumuşdum bunu. Deməli, quldurlar gecə Rene Dekartın qarşısını kəsir və bu böyük filosofu qarət etmək istəyirlər...
Amma Dekart özünü itirmir. Qılıncını çıxarıb müdaifə olunur və tez bir zamanda quldurları tərki-silah edir. Üstəlik, onların kürəklərində çayın o biri tərəfinə də keçir...
Mən qədim Yunan filosoflarının cəsurluğu haqqında çox oxumuşdum. Bilirdim ki, Pifaqor və Platon hətta olimpiya çempionları olublar. Amma orta əsr Avropa filosofları haqqında bunu eşitməmişdim...
Bunu niyə xatırladım? Yazını Dekartın sözlərilə başlamaq istəyirdim, amma bu yerdə bir az əvvəldə yazdığım detal yadıma düşdü...
Rene Dekart nə deyirdi? Deyirdi ki, düşünürəmsə, deməli yaşayıram. İndi biz də bu tezisdən yapışmalıyıq...
Hamımız bir həyat yoldaşı, ata, oğul və qardaş kimi yaşayırıq. Buna söz yox. Amma cəmiyyətdə bizim bir missiyamız da vardı və o missiyanı hərdənbir mənə elə gəlir ki, bir azacıq unutmuşuq...
Nə demək istəyirəm? Yada salaq ki, son illərə qədər biz həm də siyasi və ictimai fəallar idik. İndi bunu sanki unutmuşuq. Ona görə unutduq ki, bizi daim narahat edən suallara cavab tapa bilmədik...
Qəbul etdik ki, bizim sıralarımız, bizim partiyalarımız bir növ böhran yaşayır. Amma bu böhrandan necə çıxmalı?..
Bunu hərə bir cür yozdu. Kimsə dedi ki, böhrandan, ümumiyyətlə, çıxmaq mümkün deyil, kimi də belə bir fikir izhar etdi ki, çox şey bizdən deyil, cəmiyyətdən asılıdır, cəmiyyətin demokratiya potensialı isə olduqca zəifdir və nə qədər ki, cəmiyyət növbəti keyfiyyət mərhələsinə keçidin zəruriliyini başa düşməyəcək, məsələ qəliz olaraq qalacaq...
Etiraf edim ki, bu cavablar məni heç vaxt qane etməyib. Həmişə düşünmüşəm ki, bütün bu məsələlərin başqa cavabı da var. Amma nədir o?..
Bax, məsələ də bundadır. “Kriptoqrafik” açıqlamalara meydan vermək istəməzdim. Amma bir detalı deyəcəm. Deyilənə görə, Çingiz Xan nəvəsi Batıya bir kağız verir. Amma deyir ki, onu sonuncu dənizə çatanda açıb oxuya bilərsən. Batı da belə edir. Ən sonuncu yürüşünü qələbə ilə başa vurandan sonra kağızı açıb oxuyur. Görür ki, orada “Sən ölümsüzlük qazandın. İndi geri dön!” sözləri yazılıb...
Bəli, bir çox hallarda böyük sirlər ilk baxışda belə absurd cavabla yekunlaşır və mən belə bir məsələni Den Braunun “Da Vinçi şifrəsi” kitabından da oxumuşdum. Bu əsərdəki böyük bir sirrin sonu ilk baxşıda absurd sonluqla və hətta bir az anlaşılmaz finalla bitir...
İndi ölkənin, ictimai və siyasi fəallarının durumuna qayıtmaq istərdim. Cavab varmı? Bu böhrandan çıxış yolu varmı?..
Etiraf edirəm ki, bu suallar illlərdir ki, məni narahat edir. Onun da cavabı az qala mənim üçün “Qraal piyaləsi”nin axtarışına çevrilib...
Bir ara mənə elə gəldi ki, cavabı bilirəm və hətta onu “şifrələmək” lazımdır. Lap elə Da Vinçi şifrəsi kimi...
Təbii ki, bu, bir zarafatdır. Və sonra məlum oldu ki, əslində mən heç bir cavab-filan bilmirəm. Amma bir hiss, bəlkə də altıncı duyğu mənə deyirdi ki, o cavab mütləq olmalıdır...
Bir az əvvəldə qeyd etdim ki, bəlkə də bu suala hərənin öz cavabı var. Bəlkə də məsələnin qəlizliyi elə bu cavabların çoxluğundadır...
Amma hərənin bir cavabı olanda kollektiv bir şey alınmır. Siyasət və ictimai fəallıq isə assosiativ məşğuliyyətdir...
Bəs cavab nə ola bilər? Deyilənə görə, ikinci dünya müharibəsinin ən ümidsiz çağlarında Alber Kamyu da bu suala cavab axtarırmış...
Beləcə, “Sizif haqqında əfsanə” və “Qiyam edən insan” meydana çıxıb. Onlar da müəyyən mənada cavab idi...
Kamyu qədim yunan əfsanəsinə yeni məna və fəlsəfi məzmun verdi. Bəlkə də kimsə düşüncə insanlarından hazır “instruksiyalar” gözləyir. Amma bəzən bir fəlsəfi pritça yüz belə “instruksiya”ya dəyər...
Ona görə ki, onlar daha böyük və daha qəliz suallara cavab verməyə iddialıdı: həyat yaşamağa və mübarizə aparmağa dəyərmi?...
Həmişə düşünmüşəm ki, mənim axtardığım cavab da belə şifrələnib. İlk dəfə onu Avropa sosial-demokratlarından oxumuşdum. Əslində cavab odur ki, elə bir cavab yoxdur. Daha doğrusu, cavaba bənzər bir fikir var: məqsəd heçdir və əsas hərəkətdir...
Ona görə də sadəcə, hərəkət etmək lazımdır... Məqsəd və nəticə haqqında irrasional fikirlərə varmadan. Bəli, sadəcə, hərəkət etmək...(musavat.com)
pia.az