Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Söz-söhbəti 72 ildir bitməyən savaşın gerçəkləri


Dünya müharibələrinin ən pis cəhəti odur ki, milyonlarla insan qurban gedir. Belə müharibələrdə hər iki tərəfdən çoxlu kiçik xalqlar iştirak edir, milçək kimi qırılırlar, amma tarix onlara öz səhifəsində bəzən bir sətrlik də olsun, yer ayırmır


Bu gün biz bilirikmi ki, II dünya müharibəsində nə qədər kalmık, qaraqalpaq, çərkəz, noğay, nayman həlak olub? Bilmirik. Amma azərbaycanlılarla, gürcülərlə, eləcə də özbək, qazax, türkmənlərlə yanaşı, onlar da, hətta buryatlar, çuvaşlar, xantılar, mansılar da kütləvi şəkildə qurban gediblər.

Son statistik məlumata görə, tarixən “xalqlar həbsxanası” olan Rusiya imperiyası (20-ci ildəki adıyla - SSRİ) II dünya müharibəsində 41 milyon nəfər itki verib. Bu, həmin müharibədə ölənlərin yarısından da çoxdur. Həmin 41 milyonun yarısı heç etnik mənşə etibarıyla rus olmayıb, SSRİ-yə zorla qatılmış yüzlərlə xalqın övladları olub.

Sadəcə, onlar qırmızı rus imperiyasının salamatlığı naminə düşmən qarşısına göndərilmiş adi əsgərlər olublar. Moskva onları şahmat oyunundakı piyadalar kimi acımasızcasına qabağa verib qırdırıb. Diviziyasını tam heyətlə qırğına vermiş, əsir düşmələrinə bais olmuş generallara 17-18 yaşlı yeni toplanmış əsgərlərdən ibarət yeni diviziya verirmişlər. O da onları aparıb yenə tələf edirmiş. Məsələn, xain general Vlasov iki dəfə belə edib, axırda da tamamilə almanların tərəfinə keçərək üzü bəri vuruşub.

Bunlar tarixi gerçəklərdir. Bu üzdəndir ki, üstündən 72 il keçib, dünyanın və bütün zamanların ən dəhşətli, ən təlafatlı müharibəsi unudulmur. 
Bu gün rus xalqı əksəriyyət etibarilə bu müharibəni öz müharibəsi və öz qələbəsi sayır. Azərbaycanlılar və keçmiş SSRİ-yə daxil olan digər xalqlar isə bunu o cür saymır və hər il belə düşünənlərin sayı artır.

Çünki artıq ölkə əhalisinin yarısından çoxu üçün SSRİ vətən deyil, Rusiya “qardaş müttəfiq respublika” sayılmır, ən yaxşı halda qüdrətli qonşu dövlət, gerçəkliyə qalsa isə vaxtilə bizi müstəmləkəyə çevirmiş, istismar etmiş metropoliya hesab olunur.

II dünya müharibəsi başqa cür qurtarsaydı, biz azad olacaqdıqmı? Ehtimal yox idi. Başımız üzərindəki rus ağalığını alman ağalığı əvəz edəcəkdi. Zamanla təbii ki, böyük alman imperiyası da dağılacaqdı. Çingiz xanın və övladlarının Koreyadan Macarıstana qədər qurduğu monqol imperiyasının aqibəti Hitlerin qurduğu dövləti də yaxalayacaqdı.

Ancaq bu məğlubiyyətdən sonra rus xalqı bir daha dirçələ, qüdrətlənə, dünyanın yarısına sahiblənə biləcəkdimi? Bu, olmayacaqdı. Çünki Hitlerin 30 milyon slavyanı genosidə uğratmaq planı olub və qələbə qazanacağı təqdirdə bu planı həyata keçirəcəkdi. Yeri gəlmişkən, Nürnberq məhkəməsində nasist dövlətin rəhbərlərinə qarşı irəli sürülən itihamlardan biri də slavyanları kütləvi şəkildə qırmaq planına dair olub.

Bəs almanlar bizi də onlara qatıb qırardılarmı? Bu, nisbətən az ehtimallıdır.Çünki biz alman imperiyası üçün nə tarixi düşmən idik, nə də bu imperiyanın ümdə maraqlarına təhlükə təşkil edirdik. Faşistlər bizi ucuz işçi qüvvəsi kimi saxlardılar, əl-əlbət.

Ona görə də 9 May qələbə günü ruslar üçün bir anlam daşıyır, bizim üçün başqa məna. Bu qələbə onları dövlətçiliklərini itirməkdən, millət olaraq məhvdən xilas edib, bizim isə ağamızın dəyişməməsini təmin edib. Məsələyə realistik baxış budur.

Proletariat dövləti, işıqlı kommunizm, ədalətli sovet cəmiyyəti, bərabərhüquqlu sovet adamları,Yer üzünün ən azad ölkəsi və sair və ilaxır bu kimi ifadələr demaqogiya məhsulu idi və heç bir halda həqiqəti əks etdirmirdi. Biz rus imperiyasının siyasət adamlarının real üzünü 1988-92-ci illər arasında, Qarabağ müharibəsində, 20 Yanvarda, Xocalıda gördük.

Bizim müharibəmiz Qarabağ müharibəsiydi. Bu müharibədəki qələbə bizi güclü dövlət edə bilərdi, məğlubiyyətisə yarımçıq dövlət etdi. Biz ruslara almanlar üzərində qələbə qazanmaq üçün çox kömək etmişdik, 600 min əsgər vermişdik, sovet texnikası Bakı yanacağı ilə yeriyir, uçurdu, amma ruslar ermənilərin bizə qalib gəlməsi üçün o tərəfdən bəri vuruşdular, onlara kömək etdilər.

Bütün bu gerçəklikləri unutmaq lazım deyil. Biz həqiqəti olduğu kimi dərk və qəbul etməliyik. Bunu etməsək, irəliləyən tarix boyunca aldanışlarmız təkrar-təkrar olacaq.(musavat.com)

 Xalid KAZIMLI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar