Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Söz və ibtidailik


Birinci yazı


Əcaib bir ssenarini təsəvvür edək və bu ssenari əsasında Azərbaycan ədəbi (həm də və mütləq - ictimai-siyasi) mühitində hökm sürən zövqlərin hansı eybəcər hala düşdüyünü çatdırmağa çalaşaq. Analogiya üçün Nikolay Qoqolla Vissarion Belinskinin məşhur (deyərdim ki, əfsanəvi) yazışmasını seçək. O yazışma heç də 19-cu əsrin dördüncü onilliyində qalmış, ictimai fikri epizodik olaraq həyəcanlandırmış, redaksiyalarda və salonlarda müzakirələrə səbəb olmuş diskussiya deyildi. Onun ardınca cinahlara bölünmələr, səslər batana qədər mübahisələr, həbslər, qadağalar, hətta ölüm hökmləri gəlmişdi.

Söhbət Qoqolun 1947-cin yanvarında özünəməxsus vəsiyyət kimi çap etdirdiyi “Dostlarımla yazışmalardan seçilmiş hissələr” kitabından, Belinskinin bu əsərə “Sovremennik”də yazdığı resenziyadan, Qoqolun məktubundan, Belinskinin Zaltsbrunndan yazıb ona yolladığı tarixi məktubdan və nəhayət Qoqolun 2 cavab cəhdindən gedir. Bu yazışmalarda hər cümlə əhəmiyyətlidir, ictimai, tarixi və əxlaqi yük daşıyır.

Beləliklə,təsəvvür etməyə çalışaq: indiki Azərbaycanda olsaydı, Qoqolun əsərinə Belinski hansı cümlələrlə və hansı cavabı yazardı? Əlbəttə, əsərin yükünü və məzmununu kənara tullayarardı və fərdə qarşı hücuma keçərdi. Yəqin ki, Belinski köhnə dostuna, bir yerdə kilolarla çörək yediyi, mürgülü ictimai fikri oyatmaq və formalaşdırmaq üçün qoşa fədakarlıqlar etdiyi, həmişə yüksək qiymətləndirdiyi dostuna yazardı: “Bu əsəri ilə Qoqol nə qədər savadsız və axmaq olduğunu ortaya qoyub. Onun bioqrafiyası da bu axmaqlığının göstəricisidir. Biz çayxanalarda oturanda o, mənə psixi cəhətdən sağlam olmadığını dəfələrlə deyib. Pivəxanadakı söhbətlərimizi də xatırlayıram: hərbi xidmətdən yayınmaq üçün əl atdığı fırıldaqları mənə danışırdı. Üstəlik, Qoqol bir yazıçı kimi də sıradan birisidir. Onun ictimai mövqeyi yoxdur, dekabristlər barədə heç nə yazmayıb, Söz azadlığına görə həbs olunanları müdafiə etmək üçün barmağını da tərpətməyib, ictimai rəyə təsir gücü isə sıfırdır. Bir sözlə, həm fiziki, həm psixi, həm də əxlaqi cəhətdən yarıtmaz olan birisi indi durub bizə ağıl öyrədir...”

Göründüyü kimi, bu cümlələrdə oxucuya Qoqolun məhz nəyi və necə yazdığına dair heç bir bilgi verilmir. Yəni, əsərin mövzusunun, məzmununun üzərindən sükutla keçilir, məktub isə sırf fərdi ittihamlar, şəxsi keyfiyyətlər üzərində qurulur. Halbuki, Qoqolun kitabında şəxsən Belinski barəsində bir cümlə də yox idi (Bizdə olsaydı, Belinski yalnız o halda cavab verərdi ki, Qoqol da kitabında ona “sataşmış” olsun. Yəni, istəyirsən bütün xalqı söy, ancaq konkret personajı tənqid etmə).

İndi növbə gəlib çatır Qoqola və o, qələmini mürəkkəbə batırıb Belinskiyə cavab yazır: “Ey Belinski, sən nə vaxtdan yazıçı oldun? Bircə dənə də pyesin, ya povestin yoxdur. İşin-gücün mənim kimi dahi və başqa istedadlı adamları ləkələməkdir. Əgər bu xəstə halında (Belinski yaşlı olsa, Qoqol “bu qoca yaşında” yazardı - Red.) mənim kitabımı oxumusansa və heç nə başa düşməmisənsə, bu, sənin savadsız biri olduğundan xəbər verir. Aksakovun evində araq içdiyimiz vaxt da mən sənə demişdim ki, get özünə iş tap və mənim kimi böyük yazıçıya sataşmaqla özünə xal yığmaq, gündəmə düşmək cəhdlərindən əl çək. Adını ədəbi tənqidçi qoymusan, ancaq ədəbiyyatdan da, tənqiddən də xəbərin yoxdur. Mən isə hələ yeniyetməlik dövründən ədəbiyyatdayam və ilk kitabım çıxanda 20 yaşım vardı”. Və s. və i.

Bu cür ton Belinskini özündən çıxarmaya bilməzdi. Odur ki, müalicə aldığı Almaniyadan Qoqolun olduğu Belçikaya (Antverpenə) özünün çox emosional yazılmış məktubunu yollayır. Belinski yazır: “Qoqol, deyəsən unutmusan ki, səni ədəbiyyata mən gətirmişəm, əlindən tutub yazmaq öyrətmişəm. Gertsen də təsdiqləyər ki, bordeldə olanda mən ona səni tərifləmişəm. Hətta mərhum Lermontovla son görüşümdə də ona demişdim ki, Qoqol yaxşı yazıçıdır, baxmayaraq ki, Lermontov mənimlə razılaşmamışdı - görünür, o, səni daha yaxşı tanıyırmış və tarix sübut etdi ki, mərhum dostum haqlı çıxdı. Puşkinin də səndən zəhləsi gedirdi. Hamı bilir ki, “Müfəttiş”in süjetini sən Puşkindən oğurlamısan. İndi sən durub mənə, qosqoca, dahi Belinskiyə - ədəbi tənqidin atasına ağıl öyrədirsən? Sənin mənəvi keyfiyyətlərin bütün Peterburqa və bütün Moskvaya məlumdur. Yazdıqlarının teatrlarda tamaşaya qoyulması üçün hər cür yaltaqlığa hazırsan. Bir sözlə, sən qədirbilməz, yaramaz birisisən. Sənin dərsini tarix verəcək. Səndən fərqli olaraq isə mənim adım Tarixə qızıl hərflərlə yazılacaq”.



Qoqolun sonrakı 2 cavab məktubu da elə bu tonda olacaq. Və 1840-cı illərdəki “vegetarian”, məktub mədəniyyətinin az-çox qaldığı dövrdə hər 2 müəllif bacardıqca korrekt olmağa çalışacaq. Yəni, hadisələr bu günkü Azərbaycanda olsaydı, söyüş-təhqirin cütü bir qəpik olacaqdı. Üstəlik də, predmet kənarda qalıb personajlar bir-birinin alt paltarında eşələnəcəkdilər.

Obıvatel oxucülar bu dava-dalaşa böyük məmnunluqla diqqət kəsiləcək, saytlar İP yığacaq, pivəxanalarda bu hadisə mövzuya çevriləcək, hər iki tərəfin “xeyirxahlar”ı isə oda yağ tökərək Qoqola da, Belinskiyə də söyüşün və təhqirin dozasını daha da artırmağı məsləhət görəcəklər. Söyüş və təhqir - epizodik məşhurluğun yanacağıdır, onlar bol olanda oxucu sayı da çox olur.

Əslində isə Belinski-Qoqol yazışması tamamilə başqa cür olub. Onun barəsində yazmaqla bir neçə məsələni müzakirəyə çıxarmağa çalışacam. Odur ki, lap əvvələ qayıdaq.

*** 
Xəstə və yorğun Nikolay Qoqol “Dostlarımla yazışmalardan seçilmiş hissələr”i ömrünün bir ümumiləşmiş nəticəsi, özünün son əsəri kimi düşünərək yazır, çapına da çox tələsir. Bu əsərdə dostları (bədxahları həmçinin) tamamilə başqa bir Qoqolla rastlaşırlar. O, “Müfəttiş”dən və “Ölü canlar”dan imtina edir, sırf slavyanofil mövqe sərgiləyərək Avropa mədəniyyətini pisləyir, təhkimçiliyi əsaslandırır, obskurantizmi təbliğ edir, xristianlığı nicat yolu kimi göstərir və əsl elm düşməni kimi meydana çıxır.

Qoqolun bu cür metamorfozunu bir ehtimal kimi Belinski hələ 5 il əvvəl - 1842-ci ildə yazmışdı. Qoqolu “Böyük yazıçı” adlandımış ilk şəxs olan Belinski dostunun dinə və obskurantizmə yuvarlanmasına sakitcə baxa bilməzdi - bu, həmişə tərəqqiyə inanmış Belinski üçün bir şəxsi zərbə kimi qəbul olunurdu. Hələ “Ölü canlar”ın 2-ci nəşrinə yazdığı resenziyada Belinski Qoqolu “tövbə edən xristian pozası almaqda” günahlandırırdı. Yəni, baş verənlərdə heç bir fərdi motiv, şəxsi ittiham yoxdu, söhbət Rusiyanın da, ədəbiyyatın da, ictimai fikrin də nicatını və gələcəyini fərqli şəkildə görməyə başlamış iki dost və dünənki həmfikirin icimai ideallarda bir-birindən uzaqlaşmağa başlamasından gedirdi. İctimai mövqeni şəxsi həyatdan yuxarıda qoyan və tərəqqinin yorulmaz təliğçisi olan Belinski üçün bu cür geriləmə də ictimai məzmun daşıyırdı.

Üstəlik, Qoqolun kitabı Belinski və onun “partiya”sına qarşı mürtəce jurnalistikanın hücumlarını fəallaşdırdı. Məsələn, Bulqarin kitabın nəşrindən heç 1 ay keçməmiş “Severnaya pçela” jurnalından yazacaqdı: “Biz həmişə demişik ki, cənab Qoqol ağıllı adamdır və öz şəxsi düşüncəsi ilə Belinskinin partiyasını ifşa etdi. Düzgün və nəcib hərəkətdir!”

Yəni, tərəqqinin düşməni olanlar, mövhumatı və xurafatı təbliğ edənlər, təhkimçilik hüququna normal və təbii baxanlar, slavyanlığı Avropaya qarşı qoyanlar, keşişlərin tərəfini tutanlar bir günün içində özlərinə Qoqol kimi müttəfiq tapırlar. Bu, Belinskini və dostlarını həm təəccübləndirməyə, həm də heyrətləndirməyə bilməzdi. Əgər Rusiyanın ən istedadlı yazıçılarından biri qaragüruhun tərəfinə keçib onların istinad yerinə çevrilirsə, bu fenomen mütləq araşdırılmalıdır. Göründüyü kimi, bu diskussiyada şəxsi heç nə yoxdur, savaş ictimai ideallar uğrundadır. “Vəsiyyət” fəsli ilə başlayıb dini çağırışlarla bitən bu 32 fəsilik kitabı ilə Qoqol həm də onun Sözünə inanan yeni nəsillərə təsir gücünə malik olacaqdı. Yəni, retroqradlar bir yana, əsərin uzunmüddətli təsiri altına gənclər də düşəcəkdi.

Məhz buna görə Belinski öz dostuna hansı uçuruma doğru getdiyini açıqlamağa cəhd etməliydi. Yoxsa ki, onların davası yağ-çörək, ev-mənzil, qonorar-tiraj, pivəxana-çayxana reklamı olmaq davası deyildi.

Belinski fevralda resenziyanı çap etdirir. Senzuranın ayıqlığı ona bütün fikirlərini və istədiyi emosionallıqla ifadə etməyə mane olur, ancaq buna baxmayaraq resenziya güclü effekt doğurur və Qoqolun iyunun 20-də Belinskiyə yazdığı məktubla nəticələnir.

Belinski resenziyasını bu cümlələrlə başlayır: “Bu kitab az qala indiyədək rus dilində peyda olmuş ən qəribə və ən ibrətamiz kitabdır. Həyəcandan uzaq oxucu bir tərəfdən burada insan qüruruna qəddar zərbə görəcək, digər tərəfdən isə yazıq insan təbiətinə dair maraqlı psixoloji faktlarla zənginləşəcək... Mütaliə vaxtı növbə ilə gah kədərlənən, gah da sevinən oxucular isə həqiqətdən uzaqdır -  kədər ona görə ki, nəhəng istedadı olan insan da adi insan kimi bu qədər enə bilərmiş, sevinc ona görə ki, yalan, qeyri-təbiilik heç vaxt maskalana bilməz, geci-tezi öz bayağılığı ilə özünü edam edəcək. Bu kitabın məzmunu hansısa dərəcədə kədərlidir. Burada söhbət yalnız incəsənətdən getmir, orada olan ən pisi - insanın incəsənət üçün itməsidir...”

Başlanğıc kəskindir və personifikasiya olunub. Ancaq sonra ümumiləşmələr gəlir...(Məmməd Süleymanov )


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar