Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Substantiv zərbə


Azərbaycan prezidenti Ermənistan prezidenti ilə Avstriyanın paytaxtı Vyanada görüşdü


Cəmi ay yarım qabaq şiddətli döyüşlərin getməsini nəzərə alanda bu görüş bəlkə də indiyə qədər olan yeddi yüz yetmiş yeddi görüşdən önəmli idi. Daha çox diqqət çəkirdi. Ancaq Azərbaycan mediası bu görüş haqda xəbərləri... ermənilərin espresso.am (əslində tam adı belə deyil, düşməni məhv etmək üçün adı təhrif elədim, analarını ağlatdım) saytından və rusların “rasiya-tudey” portalından götürdülər. 

Bilmirəm bunu patriotluğa zidd saymaq mümkündürmü. Çünki döyüş və Qarabağ haqda nəsə yazanda yapist nazirlər, yapist zəhmətkeşlər bizə xəbərdarlıq edir, təhqir yağdırırlar, deyirlər ermənilər bizi izləyir, hər şeyi yazmayın. İndi məlum oldu ermənilər bizi Avstriyada da özümüzdən yaxşı izləyirlər. 

Hərçənd Ermənistanın qədim türk yurdu olmasını, rusların da tatarlardan və Qızıl Ordadan törəməsini nəzərə alsaq, xəbərlərin mənbəyində problem yoxdur. Hesab elə özümüzün xəbərimizi götürüb yaymışıq. Daha irəli gedib XİN adından bəyanat yaymaq olar: “Ermənistan bizim video-xülasəni oğurlayaraq təzədən bizə satmışdır”. 

Bunlar Qarabağın qara taleyinə işıq salmaq yolunda uca yapçıların apardığı minillik mübarizənin uğurları fonunda xırda-mırda problemlərdir. Uğurlar isə şiddətlidir. Yeri gəlmişkən, Ədliyyə Nazirliyi son 5 ildə oğlan uşaqlarına qoyduğumuz adların statistikasını açıqlayıb. Orda dini-müsəlman adları çoxluqdadır, ancaq mən 2 adın parıltısını bütün bu dini adların içində gördüm, ürəyim açıldı: Uğur  (4269 uşağa qoyulub) və Ümid (3143) adları. Demək, millət uğurlarımıza ümidlərini hələ tam itirməyibdir. Qayıdaq Vyanaya. Ləzzət elədi, öz aramızdır. Biz də, əziz oxucular, sizinlə birgə gözümüzün qurdunu belə öldürüb dünya turuna çıxırıq. 

Vyana görüşündə danışıqların davam etdirilməsi, atəşkəsə əməl edilməsi nəzərdə tutulmuşdur. Əlbəttə, növbəti dəfə Rusiya təxribat salıb iki milləti bir-birinə qırdırana qədər. Bir yeni təklif var, deyir, cəbhə xəttinə kameralar qoyulması, atəşkəsə videonəzarət imkanları danışılıb. Əlbəttə, hər iki tərəfdə, o cümlədən danışıqların “ağsaqqal ayısı” Rusiya hakimiyyətində müxalif insanların yataqlarına, hamam-tualetinə videokamera yerləşdirib baxmaq, bu çəkilişləri telekanalizasiya efirində yaymaq istiqamətində böyük təcrübə formalaşıb. İndi bu təcrübəni Qarabağ cəbhə xəttinə tətbiq eləmək çox patriot olacaqdır. Kim birinci güllə atsa, kameraya düşəcək. Sonra Moskvaya çağırıb danlamaq olar. 

Ancaq atəşkəsə kameralı nəzarət azdır. Başqa mütərəqqi üsullardan da yararlanmaq lazımdır, çünki bu atəşkəs və mənalı danışıqlar prosesi, AzərbaycanErmənistan xalqlarının ümummilli xilası yolunda dəhşətli dərəcədə ağır, çətin, məsul vəzifələrin icrası hələ çox uzun çəkəcəkdir. Cəbhə xəttində kameralarla yanaşı istirahət otaqları, VİP-müşahidə salonları, sütunsuz blindajlar, generalları daşımaq üçün limuzinlər, hovuzlar, tort bişirmə sexləri, ATƏT müşahidəçiləri üçün “Mızdonalds”, Qırmızı Xaçın meyitləri saxlaması üçün soyuducular, ömrünü vətənə tapşıran yetim-yesirlər üçün hazır palatkalar və sairə olmalıdır. Bu xəmir hələ çox qanlı sular aparacaqdır. 

Az qala yadımdan çıxmışdı, Vyana danışıqlarının yekununda Elmar Məmmədyarov “Vyana görüşü substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır” demişdir. Ermənilər bunu başa düşməyə çalışıb, xeylisi dəli olub. Bu substantiv bizim gizli silahlarımızdan biridir. Hələ predikativ və determinator danışıq üsullarımız var, onları İrəvana atsaq hamısı qırılar. Sadəcə, dinc əhaliyə yazığımız gəlir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar