Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süni fasadların gerçək fəsadları



Xalid Kazımlı yazır


Şəhərin mərkəzi hissəsində binaların fasadının dəyişdirilməsi, yeni, standart və süni üzlüklərlə əvəzlənməsi, əsas yolların dönə-dönə təmir edilməsi, sair bəzəmə, boyama işlərinin aparılması, bir çox yerlərin görünməməsi üçün hasarlarla pərdələnməsi – hamısı məcburiyyətdəndir. 

Hakimiyyət buna məcburdur. Bu işlər kefiköklükdən və ya bir çoxlarının əminliklə söylədiyi kimi, əlavə yeyinti yeri tapmaq, “pul silmək” məqsədilə aparılmır (pul mənimsəmək üçün üsul çoxdur), bu məcburiyyət üzündəndir. 

Bunu I Avropa Oyunlarının Bakıda keçirilməsi zəruri edir. 60 gündən sonra on minlərlə avropalı Bakıya axışacaq və əsasən şəhərin mərkəzi hissələrində, olimpiya kəndlərində, əsas magistrallarda hərəkət edəcəklər. Onlar Bakının Kəlküttəyə, Mumbaya, Dəkkəyə, Ncamenaya, Dar-əs-Salama oxşadığını görməməlidirlər. Məsələ budur. 

Beləliklə, elə çıxır ki, biz cənnət ölkələrdən, abad şəhərlərdən gəlmiş avropalıları aldatmaq istəyirik, çalışırıq ki, onlar şəhərimizin abad yerlərini görsünlər, pis yerlərini görməsinlər və ölkəmizdən öz ölkələrinə qayıtdıqdan sonra Bakı təəssüratları pozitiv olsun, deməsinlər, “bir çirkli, pinti Şərq şəhərinə getmişdik”.

Bu, bizim tipik şərqli mentalitetimizdən irəli gəlir. Qonaq qarşılayası olanda hər kəs ev-eşiyini, həyət-bacasını səliqəyə, qaydaya salır, görünməsi məqbul olmayan şeyləri maksimum pərdələyir. 

O başqa söhbətdir ki, əvvəlcədən səliqəli olmaq lazımdır – həmişə, hər zaman və sırf özün üçün.

Olanımız budur. İl olub 2015, biz hələ də şəhərsalma mədəniyyətinin ən elementar qaydalarını bilmirik. 200 il əvvəl salınmış Vaşinqtona da baxaq, bir-iki il öncə şəhər kənarında spontan şəkildə əmələ gətirilmiş qəsəbələrə də. Amerikalılar hələ 200 il öncə yaşadıqları şəhərin küçələrinin enli, evlərinin səliqəli və demək olar ki, standart olmasını məqbul sayıblarsa, bizim dünən salınan qəsəbələrdə iki avtomobil üzbəüz gələndə biri kiminsə darvazasına qısılmalıdır ki, o biri keçə bilsin. 

Bizdə az-çox sovet hakimiyyəti illərində Mingəçevir, Sumqayıt, Şirvan kimi enli və səliqəli küçələri olan şəhərlər salınmışdı, müstəqillik dövründə isə yenə qayıtdıq xanlıqlar dövründə salınan dar-düdük küçəli qəsəbələr tikməyə. Biz hələ də küçəni fayton yolu üçün hesablayırıq. Hasar çəkən hər kəsi hörgünü mütləq bir metr qabağa çəkir. Bu Yasamaldakı, Keşlədəki, Montindəki küçələrdə də belədir, dünən-srağagün salınmış Sulutəpə, Yeni Ramana və sair qəsəbələrdə də.

Bir də Qarabağdan olan məcburi köçkünlər üçün tikilmiş qəsəbələrə baxaq. Onları almanlar tikib. Enli küçələr, sırayla tikilmiş standart evlər, yol kənarında cərgəylə basdırılmış ağaclar... Yay vaxtı bütün küçələr yaşıl tunelə dönür. Amma bizim camaat yavaş-yavaş o dizaynı pozmaqdadır – hasarı irəli çəkmələr, evlərin böyür-başına yastı-yapalaq tikililər artırmalar və s.
Bu xasiyyətdə, bu qabiliyyətdə ola-ola, istəyirik ki, avropalılar bizi də özləri kimi səliqəli, sağlam, kreativ düşüncəli hesab etsinlər. İndilikdə bu cür, normal şəhərli olmadığımızı bilirik və düzəlincəyə, bir sıra mədəni vərdişlərə yiyələnincəyə qədər çalışırıq ki, heç olmasa bizi olduğumuzdan yaxşı sansınlar.

Şəhərdəki bütün çabalamalar, çalışmalar bundan ötrüdür. Ancaq göründüyü kimi, bu bizə çox baha başa gəlir. Dünən penoplastla fasadlanmış binanın sürətlə alışıb-yanması göstərir ki, süni şəkildə bəzəmə-düzəmə işləri çox təhlükəlidir. Bu cür fasadların fəsadları da ola bilər və olur. 

İndi necə edək? Olduğumuz kimi görünək, ya göründüyümüz kimi olaq? Olduğumuz kimi görünsək, benqalların gördüyü münasibəti görəcəyik. Demək, görünmək istədiyimiz kimi olmalıyıq. Mədəni, ağıllı, yaradıcı görünmək, Avropanı heyrətləndirmək istəyiriksə, elə olmalıyıq. 

Bunun yolu şəhərlərin daxilində istər şəhərsalma işlərində, istərsə də təmizliyə, etiket qaydalarına riayətdə sərt tədbirlər görməkdən keçir. Görünür, mədəni vərdişləri cərimə sanksiyaları ilə formalaşdırmaq lazımdır. 

Avtomobillərin pəncərəsindən magistral yola sellofon torbalar, siqaret qutuları, plastik su qabları, banan qabıqları, cürbəcür zibillər atılırsa, onu şüşə kimi hamar edərək avropalını aldada bilmərik, o, həmin hamar yola tökülən zibilə heyrətlənəcək. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar