Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tamada ilə ayaqyolunda sevişən ərli qadınlar


Ofisiant tanışım danışıb mənə: “Bir gün pəzəvəngin biri arvadı ilə toya gəlmişdi


Mənim qulluq elədiyim masada oturası oldular. Məclis başlayandan adamın əmrləri də başlandı. Onu gətir, bunu gətir. Arada — sırada hələ qışqırırdı da üstümə.

Hətta dərinə gedib təhqir də edirdi.

Zibilə qalsın bu “kliyent vseqda prav”- söhbəti. Təsəvvür elə, söz də deyə bilmirəm. Desəm öz çörəyimə bais olacam. Və… dözürəm. Dişimi dırnağıma qısnayıb dözürəm. Bu isə sıfarişləri, atmacaları, təhqirləri ard- arda sıralamaqdadır…

Amma ofisiant “kruq”unda da yazılmamış qanunlar var. Bunu məhdud dairədən savayı kimsə bilmir. Nədir o? Deyim. Deməli belə: Əgər ofisiant təhqir olunursa, bu məsələ ofisiant “obşak”ında dərhal müzakirəyə çıxarılır. Mətbəxdə. Yerindəcə də “fətva” verilir. Cəza anlamında. Həddini aşan gədə təkdirsə özünə, xanımı ilədirsə, o zaman xanımına kokteyl aparılır. Amma… aparılmadan öncə həmin kokteylə bütün ofisiant heyəti tüpürür. Doyasıca! 

Hələ daha ağır cəzalar da var. Onlar haqda danışmayım. Sonra yemək — zad yeyə bilmərsən”.

***

Evdə arvadına söz deyə bilməyənlər toyda ofisiantın üstünə qışqırır. Həyatında “dalı” ilə bir qapı açmayanlar ofisianta 500 manatlıq içki açdırır. Dünyaya yüz minlik maşınlarının “podpress”indən baxanlar – həmin dünyanın hər üzünü görənlərə əmr edir, tapşırıqlar verir, səs qaldırır…

Kübar insan kübardır. Aksiomadır bu. O yan-bu yanı yoxdur. Öldür, eləməz belə şey. Amma o ki, qaqalar var e…. şəkil çəkdirəndə arvadın qorxusundan məcburən — xoşbəxtcəsinə gülürlər, ta nə bilim rəqqasə salona girərkən, yenə də arvad zəhminin müşayəti ilə aşağı düşüb maşını (guya) yenidən “parkovka” edirlər, oturduğu masada 5 sm — lik radiusdan o yana baxa bilmirlər, xanımın bir çimdiyi ilə 50 yaşında düşüb ortalıqda Ciminin mahnılarını “sökürlər”… Bax, onlar acığını kimdənsə çıxmalıdır! Başqa yol yoxdur…

Özündən zəifləri əzən, özü də hardasa mütləq əzilmişdir! Faktdır bu. Üstəgəl, daxildə dombalan təkəbbürün, kompleksin səbəbi. Çünki, dəyyus da dəyyusdur. Kübarın kübar olduğu kimi. Varlığını, gücünü haralardasa göstərməlidir, bəyan etməlidir, bildirməlidir. Mənəviyyatsızca olsa belə….!

***

Siz heç özünüzü ofisiant yerinə qoydunuzmu? — Bilmirəm. Amma mən qoydum. Hətta xəyalən onların paltarını geyinib, “baboçka”sını belə taxdım. Toyun, məclisin başlama saatını gözlədim. Görəsən, qulluq elədiyim masada kimlər oturacaq: əxlaqlımı-əxlaqsızmı, alkaşmı-dindarmı, ziyalımı-gədəmi, uşaqmı-böyükmü, avtoşmu-piyadamı…? – Bax bu rəngarəng sualların içində vurnuxub, karıxıb qaldım. Üstəgəl, vahimələndim. Hələ keçmiş sinif, qrup yoldaşlarını, köhnə sevgililəri, bədxah qonşuları, ya da bir az pullanan kimi başından yekə məsləhət verən  qohumları demirəm… Hər anın  stressdir! – HƏR ANIN!!! Və… bu da azmış kimi  – arvadına özünü göstərmək istəyən gədələrin səni təhqir etmə perspektivi… bir tikə çörək ucbatından özündən əksiklərin sözünü udma məziyyəti… yemək dadlı olmayanda, ya da içindən nəsə çıxanda aşbazın əvəzinə cavab vermə məcburiyyəti… fıştırıqla, çırtma llə çağırılma “lüksü”…

Hansı birini deyim?!

***

Bir ofisiantın — yerə tökülənləri süpürüb xəkəndaza yığması bilirsinizmi nə deməkdir? –  Həm də 300 nəfərin içində?! Bilmirsiz. Bilməzsiniz! Bunun üçün onun yerində olmaq, onun yaşadıqlarını yaşamaq lazım…

İki il öncə mənim də iştirakçısı olduğum bir məclisdə belə hal yaşandı. Masada oturan nurani, ağbirçək bir qadın dözməyib ofisianta qayıtdı ki, oğlum sən kişisən, ver mən süpürüm. Nəsə içim çəkmir, ağır gəlir mənə kişi yer süpürəndə…

Yaxşı bəs ofisianta verdiyiniz 5 manatın içində — onun həm yol, həm övladının oyuncaq, həm də evinin bazarlıq xərclərinin olduğunu necə, düşündünüzmü? Məncə bunu da düşünmədiniz! Düşünə bilməzsiniz! Düşünsəniz, bir “izalent”li beşliyi bu qədər nümayişkəranə şəkildə, hamının görəcəyi tərzdə təqdim etməzdiniz, masanın bu başından o başına ötürməzdiniz…!

Ofisiantın bilmədiyi, görmədiyi şey yoxdur. İnanın. Makiyaj adıyla çölə çıxıb tamada ilə ayaqyolunda sevişən ərli qadınlardan tutmuş, ta öz toyunda fotoqrafa gizlincə nömrə verən gəlinlərə qədər…

Bax bu qədər DÜNYAGÖRMÜŞDÜR onlar..!

***

Bizdə ofisiantların çoxu diplomludur. Məhz diplomlu. Bayaq qrup yoldaşı söhbətini elə-belə xatırlatmadım. Və ya xaricdə, dünyada, Avropada o kəslər ofisiant işləyir ki, tələbədir… zaman udur, evə ziyan vurmamaq üçün müvəqqəti pul qazanır. Bizdə isə camaat institut qurtarıb ofisiant olur. Həm də bir tək ofisiant yox, taksi sürücüsü, gözətçi, fəhlə, hambal…

***

Bu əhvalatı isə bir başqa dostum danışıb mənə. Olan söhbətdir. Demək, bir boynu yoğun qaqaş içib gül vurandan sonra ofisianta qayıdır ki, 250 manat verəcəm. Amma dombalaq aş…

Ofisiantın təklif qarşısında susqunluğu isə adamı bir az da coşdurur: «Alə, mənə 250 verən olsa var — yoxuna lənət düşünmədən boynumu yerə qoyub fırlanaram». Və bunu deyib şaqqanaq çəkir…

Ofisiant otaqdan çıxır. Gedib digər ofisiant dostlarını halü — qəzadan agah edir. Onlar da eləmir tənbəllik, atışıb 500 manat düzəldirlər. Pulu da verirlər təhqir olunan həmkarlarına…

Ofisiant içəri girib pulu stola atır: «Haydı qoçum, 500 manatım var. 2 “kruq” dombalaq istəyirəm. Özün dedin ki, pul verən olsa aşaram. Həm də aşmayan üçün var — yox söhbəti var».

Qaqaş dombalağını aşır, hesabını verir və bir göz qırpımında rədd olub, itir…..

P.S. Di get…!

Elşən MUSAYEV
pia.az

elshannnn


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Hədə və gədə qarşısındakı Azərbaycan!”

Ən çox oxunanalar