Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tək adamın dəhşətli sirri


PİA.AZ kulis.az-a istinadən Qan Turalının “Adam və ağac” hekayəsini təqdim edir:


Əkrəm Əylisliyə
 
Çayxanada tək oturanlar həmişə diqqət çəkir. Amma bu təklik hər gün axşam saat 8-dən 9-a qədər davam edən rituala çevrilibsə müştərilər o tək adamı çayxananın samovarı, televizoru kimi görürlər. Onun hekayəsi kimsəni maraqlandırmır. Elə tək adamın da ünsiyyət üçün ürəyi atmır. Hətta ofisiantla da kəlmə kəsmir. O çayxananın çəpərli həyətinə girib şam ağacının altında oturan kimi ofisiant çayını Baunti ilə aparıb onun qabağına qoyur. Çayxanada Baunti ilə çay içən yeganə müştəri odur. Çayı dərhal stəkana tökmür, bir az da dəmlənməyini gözləyir. Arada çaynikin qapağını açıb baxır da. Stəkanını doldurub qəndi isladır, ağzına atıb qaynar çaydan iri bir qurtum alır. İkinci stəkanda Bauntini açır. Üçüncü stəkanı yavan içir. Dördüncü stəkanı isə soyudur, soyudur və yarısı yeyilmiş Baunti ilə bir yerdə eləcə qoyub gedir.
 
Çayxanaya təzə işə düzəlmiş ofisiantın diqqətini hamıdan çox bu tək adam cəlb eləyir. O bu haqda sevgilisinə də yazıb. Hər gün tək adamın təkadamlıq ritualına tamaşa edən təzə ofisiant onun  haqqında kimdən soruşdusa hamı əlini yelləyir. Bu əl yelləmədə məlumatsızlıqdan ziyadə bir vecsizlik var: “Neynirəm e onu?” Tək adam hamının gözü qarşısında elə unudulub ki. Heç kim onu necə unutduğunu belə xatırlamır. Adiləşib tək adam. Heç kim onun adını da bilmir. Hətta yaşadığı binaya təzə köçdüyündən onun qonşuları da xəbərsizdi. Bir gecə ofisiant çayxananın çöl qapısını bağlayıb getmək istəyəndə (bu işi həmişə təzə gələn işçilərə tapşırırdılar) qarşısına tək adam çıxmasaydı yəqin bir müddət sonra o da bu nəticəsiz axtarışlardan yorulacaqdı.
 
- Deyəsən, bağlayırsınız...
- Eybi yox, buyurun.
- Yox, əziyyət verərəm.
- Yox, yox, o nə deməkdi, buyurun.
 
Ofisiant kiliddən çıxartmağa macal tapmadığı açarı arxaya çevirib qapını açdı. İşıqları yandırıb samovarı qoşdu. Şkafdan Bauntini götürüb boşqaba qoymaq istəyəndə tək adam “şokaladı gətir bura, iki dənə də stəkan, çay lazım deyil” dedi və qoltuğundan bir şüşə çıxartdı. Ofisiant da adamın tapşırdığı şeyləri götürüb gəlib onun qarşısında, tək adamın həmişə yerində - şam ağacının altında oturdu. Oturan kimi ofisiantlıqdan müştəriyə, bəlkə də tək adamın həmdəminə, ya da daha yüngül bir təyin işlətsək, masa yoldaşına çevrildi. Biz indi onu gənc deyə adlandıracağıq.
 
Gənc tək adamın armudu stəkana süzdüyü rəngli içkinin viski olduğunu bilsə də heç zaman viskinin dadına baxmamışdı. Stəkanları toqquşdurub içdilər. Sükut çilikləndi.
 
“Biz heç tanış da olmadıq”. Bunu gənc dedi.
 
Tək adam isə(artıq o tək deyildi, gəlin ona da eləcə adam deyək)dalıb getmişdi gənci indi daha çox maraqlandıran xatirələrin arxasınca. Sualı eşitmədi heç. Bu gedişat gəncin ürəyincə deyildi. Darıxmağa başladı, gedib televizoru açdı, musiqi kanalında saxlayıb gəlib yenə oturdu. Həzin bir musiqi səsi eşidildi. Musiqi viskiyə qoşulub həm gənci həm də adamı yavaş-yavaş əridirdi, bir-birlərinə məhrəmləşdirirdi. Adam gəncin sifətinə az qala məhəbbətlə baxıb ondan adını soruşdu, sonra da öz adını dedi. Söhbətin axara düşməsi gənci də bir az ümidləndirirdi. Elə bu həvəslə soruşdu:
 
- Bu axşam yox idiniz...
 
- Özümü öldürməyə getmişdim.
 
Adi bir suala verilən belə dəhşətli cavab gənci çətinə saldı. Armudu stəkanı başına çəkməkdən başqa bir şey fikirləşə bilmədi. Adam ona baxıb gülümsəyirdi və bu təbəssüm o sözlərin soyuqluğu ilə heç cür uyuşmurdu. Bu gülümsəmə tamam başqa, bəxtəvər bir dünyadan xəbər verirdi və o bəxtəvər dünyada insanlar özlərini öldürməyi ağıllarına da gətirməzdilər. Gənc yüz dəfə özünü inandırmaq istədi ki, özünü öldürmək zad, bunlar hamısı bir zarafatdır, xoşluq üçün deyilən sözlərdi. Əlbəttə elə bir dünyada yaşayırıq ki, adamlar belə zarafatlar da edirlər, etmələri bir qırağa, hətta özləri özlərinin bu zarafatlarına şaqqanaq çəkib gülürlər də. Amma adam zarafat-zad eləmirdi. Doğrudan da o birbaşa Kür çayının üstündə salınmış körpüdən gəlirdi. Orda olduğu bir saat ərzində lilli sulara baxıb siqareti çoxdan tərgitsə də bir qutu siqaret çəkmiş, sonra da birbaşa çayxanaya qayıtmışdı.
 
Gənc handan-hana özünə gəlib özünü öldürməyin zarafat olub-olmadığını soruşdu. “Yox, nə zarafat” dedi könülsüzcə adam. İntiharından kim həvəslə danışar ki zatən. Təbii ki, qarşınızda pulunu ödədiyiniz psixoloq yoxdursa...
 
“O gün səni gördüm bizim binada. Bir az həyətdə durdun, telefonla danışdın, sonra da birinci bloka girdin. Eləmə belə... Başa düşürəm, cavansan. Amma eləmə”.
 
Bunu adam müdriklik qatılmış ərkyanalıqla elə bir tonda dedi ki, gəncin səhərdən bu yana bu azı on adama danışdığı fahişə macərasını da gözündən saldı.
 
Sükut çökdü. İkisi də utanırdı sanki. Biri  dünən elədiyindən, o biri isə açıb-ağartmaqdan. Adam sanki günahını yumaq üçün gəncin stəkanını doldurdu, əlini çiyninə vurub “içək” dedi. Boş stəkanları yerə qoyan adam ayağa qalxıb gəzişməyə başladı. Sanki hansısa məsələ ilə bağlı mühüm qərar vermək üçün tərəddüd edirdi. Gənc də ona baxır, nə deyəcəyini gözləyirdi. Adam şam ağacını qucaqlayıb öpdü, oğlanın heyrət dolu baxışları altında hönkürdü. Sonra gəlib yerinə oturdu:
 
- Mən onu çox sevirdim, amma bizimki alınmadı, çıxıb getdim Rusiyətə. Sonra eşitdim ki, bəs ərə gedib, bir az sonra da eşitdim ki, “uksus” içib özünü öldürüb qız. Bir il olar, qayıtmışam, hər gün gəlib bu çayxanada, bu ağacın altında çay içirəm. Bilirsənmi niyə? Düz 23 il bundan əvvəl onu ilk dəfə burda öpmüşəm. Bax, elə bu ağacın altında. Sevgili də Tanrı kimi tək olmalıdı.
 
Ağac elə sakit dayanmışdı ki, elə bil bu əhvalatdan qəti xəbəri yox idi. Onun əvəzinə cırcıramanın səsi aləmi bürümüşdü.
 
Kislovodsk-Bakı
İyul 2016

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Etiqadı batil molla oğlu, tülkünü həccə göndərən - Şaiqin həyatı

O iyrənc zorlama xəbəri və qırmızıbaş qadın

Antiterror təşkilatımızın yandırılan möhürü

Sürücüsüz maşınlar gəlir bəs bizim xəyallar?

Ən çox oxunanalar