Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tikinti şirkətlərinin ağlagəlməz fırıldağı


Müştərilərin necə aldadıldıqları haqda təfərrüatlar


Azərbaycanda tikilən yeni çoxmərtəbəli binalarda vətəndaşlara qarşı dələduzluqların edilməsilə bağlı məlumatlara tez-tez rast gəlirik. Bu dələduzluqlar daha çox bir mənzilin bir neçə şəxsə satılması yolu ilə həyata keçirilir. Məsələ ilə bağlı saysız-hesabsız məhkəmə işləri və həbslər var. Dünən isə AzNews.az saytı yeni tikilən binalarda başqa ağlagəlməz dələduzluqların üstünü açan faktlar yayıb. Əgər, bir mənzilin bir neçə şəxsə satılması faktlarına müəyyən şirkətlərdə rast gəlinirdisə, üstü açılan dələduzluqların bütün tikinti şirkətləri tərəfindən həyata keçirildiyi vurğulanır. Söhbət mənzillərin sahəsində vətəndaşların aşıq-aşkar aldadılması, bununla da tikinti şirkətlərinin qeyri-qanuni yolla milyonlarla vəsait əldə etməsindən gedir. 

Belə ki, araşdırma zamanı məlum olub ki, bütün “novostroykalarda” bütün mənzillərin müqavilədə göstərilən kv.metrlə real sənəd arasında kəskin fərq olur. Mənzilin sahibi bu fərqi görüb şirkətə müraciət etdikdə isə şablon cavablar alır. Onlara bildirilir ki, mənzil yaşayış hissəsinə aid olmayan çöl hissədən ölçülərək hesablanır Məlum olur ki, hər mənzilin ölçüsündə sənəddə göstərilən sahədən 7, 8, 9, 10 kv.metr bəzi mənzillərdə isə daha çox əskiklik yaranır. Mənzillərin sahələri böyüdükcə fərqlər də böyüyür.

Belə olan halda şirkət ümumi yaşayış sahəsindən əskik olan hər kv.metrin qiymətini də müştərinin hesabına çıxarır. Bakıda ən ucuz mənzilin bir kv.metrinin 650 manat olduğunu nəzərə alsaq o zaman mənzilin sahəsindən asılı olaraq 10 kv.metrin müştəriyə nə az, nə çox 6500 manat ziyana başa gəlir.

Belə bir faktı tikinti şirkətlərinin özləri də təsdiqləyiblər. AAAF yaşayış kompleksində satışa çıxarılan ən kiçik ölçülü mənzilin 45 kv.metr olduğunu sayta açıqlayan şirkətin satış üzrə meneceri sənəddə mənzilin ölçüsünün fasaddan hesablandığını və bu səbəbdən də əsas yaşayış sahəsinin 5-7 kv. metr az olduğunu təsdiqləyib.

“Akkord” Şirkətlər Qrupundan da müştərilərə satılan mənzillərin sahəsinin sənəddə göstəriləndən az olduğunu təsdiqləyiblər. Qeyd olunur ki, məsələn, şirkətin Abşeronda sənəddə 85 kv.metrlik 3 otaqlı mənzilinin əslində əsas yaşayış sahəsi 70 kv. metr, Xırdalanda satışa çıxardığı 2 otaqlı mənzilin sahəsi sənəddə 99 kv.metr göstərildiyi halda evin daxili ölçüsü 90 kv.metrdir. Beləcə, müştəri əslində 70 kv.metr olan mənzilə 85 kv.metrin pulunu ödəyir. Kvadratmetri 750 manata satılan yəni mənzilə daxil olmayan 15 kv.metr sahə alıcıya 11 250 manata başa gəlir.

“Fateli” tikinti şirkətinin satış meneceri Ramiz Əliyev də müştərilərdən belə şikayətlərin tez-tez gəldiyini söyləyib. Onun sözlərinə görə, ümumiyyətlə son illər şirkətlərin hamısı müştəriyə fasaddan hesablanmış ölçüdə mənzillər təklif edir. Yəni mənzilə aid olmayan sütunlar, divarlar da mənzilin sənədində nəzərə alınır. Bir sözlə, şirkət divara, mənzilə aid olmayan hissələrə çəkdiyi xərci müştərinin hesabına çıxarır.

NBA Consalting şirkətinin direktoru Nüsrət İbrahimov bildirib ki, əslində mənzilin sənədində əsas yaşayış sahəsi göstərilməlidir. Ekspertin sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışda və texniki pasportda hansı sahəni yazırsa o sahədən çıxış olunmalıdır. O cümlədən Mənzil Məcəlləsində də qeyd olunub ki, faydalı sahə satış predmeti olmalıdır.

N. İbrahimov deyir ki, tikinti şirkəti tərəfindən aldadıldığı halda müştərinin şirkəti məhkəməyə vermək haqqı var.

Belə hallarla tez-tez rastlaşdığını bildirən ekspert bildirib ki, müştərinin məhkəməni udduğunu və tikinti şirkətinin yaşayış sahəsinə aid olmayan kv. metrə görə müştəridən aldığı məbləği geri qaytardığı hallar olub.

Hüquqşünas Vaqif Hacıbəyli isə facebook səhifəsində sözügedən problemin ciddiliyindən yazıb və vətəndaşlara hüquqi məsləhətlər verib: “Çox ciddi problemdir. Divar altını, bəzən hətta "şaxta"ların sahəsini də yaşayış sahəsi kimi satırlar. Qanunla balkonlar da yaşayış sahəsi hesab olunmur. Əgər tikinti hazırdırsa, yerində ölçü aparmaqla hansı ölçüdə mənzil aldığını müəyyən edə bilərsən. Bu halda heç kəs sizi aldada bilməz. Aldığın yaşayış sahəsinə sövdələşdiyin qiyməti verib-verməmək hər kəsin özündən asılıdır. Mənzilin alınması barədə müqavilə imzalanarkən hələ çoxmərtəbəli bina tikilməyibsə, tikintinin icra orqanı ilə razılaşdırılaraq təsdiq olunan işçi layihəsini tələb edin. Həmin layihə olmadan heç bir tikinti aparılmır. O layihədə sizin gələcəkdə sahib olacağınız mənzilin ölçüləri tam dəqiq göstərilir. Əgər artıq iş-işdən keçibsə və aldığınız mənzilin ölçüləri müqavilədə göstərilən ölçülərə uyğun gəlmirsə, onda məhkəmə yolu ilə pulunuzu geri ala bilərsiniz. Mənim təcrübəmdə iki halda bu tipli iddia ilə məhkəmələrdə udmuşam.

Digər problem mənzilin addan-ada keçirilməsi ilə bağlıdır. Bu halda da, mənzil sahiblərindən 1000 manatdan 5000 manata kimi pul alınır. Əgər başqa çıxış yolunuz yoxdursa və həmin pulu vermək məcburiyyətindəsinizsə, onda mütləq verdiyiniz pulun dəqiq təyinatı qeyd olunan nömrəli və möhürlü qəbz alın. Sonradan həmin qəbzin köməyi ilə verdiyiniz pulu məhkəmə vasitəsi ilə geri ala bilərsiniz, hüquqi yardımla bağlı vəkilə xərclədiyiniz vəsaitlə birlikdə".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar