Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Timsah teatrı


“Aslanların nəslinin tükənməsi çaqqallara hörmət bəsləməyə əsas vermir” (Naməlum müdrik)


Azərbaycanda rəsmi biologiya elminə, dövlət qərarlarına və qanunvericiliyə inansaq, timsahlar yaşamır. Ancaq nə qədər timsah göz yaşı axıdan varmış...

Bunlardan bir dəstəsi hazırda aktyor Fuad Poladovun arxasıyca ağlaşma qurmuşdur. Halbuki, ölkədə teatr sənətinin, o cümlədən aktyor peşəsinin tabutuna sonuncu mıxı bəlkə 10 ildir tappıltıyla vurublar, sonradan o tabutu cəhənnəmin ən dərin qatına tolazlayıblar. İndi özünə hörmət qoyan kimsə bu cür sənət-mənət işləriylə məşğul olmur. Hərəsi bir küncə çəkilib Fuad bəy kimi təktənha ölməkdədir.

Təsəvvür edin, ölkənin əsas teatrlarından birinin baş rejissoru qaz idarəsi müdirinin cızmaqaralarından həzz aldığını jurnalistlərə bildirirsə, oradan nə gözləyəsən? Hər teatr bir ailənin şəxsi təsərrüfatına döndərilmişdir. Oralarda fağır Hamletin hansısa Həmdulla müəllim qədər hörməti qalmayıbdır. Gənclər Teatrı, Yuğ Teatrı, Kamera Teatrı, Pantomim Teatrı, lap elə Bakı Uşaq Teatrı, hətta əyalət teatrlarının (Şəki, Lənkəran, Füzuli və sairə) yüksək performans göstərdiyi zamanlar harda qaldı? Bunlar sanki olmayıblar.  Şair demişkən: “Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum? Bəlkə mən yanılmışam, əzəldən yoxdu oğlum?!”. Teatr binaları yüksək zövqsüzlüklə remont edildi, çölü bəzək, içi təzək şəklinə salındı. Aktyorlara o qədər fəxri adlar yapışdırdılar ki, artıq onlar oynamağa utandılar: “Necə bəyəm, bu qədər medalı olan mən, səhnəyə çıxıb hansısa atasından bixəbəri (misal üçün Hamleti) oynamalıyam? Aşağı yeri kral roludur!”. Məktəbləri çöldən təmir edib içəridən təhsili məhv elədikləri kimi. Yolları avrotəmirdən çıxarıb getməyə yer qoymadıqları kimi. Patriotizmdən nağıllar uydurub azərbaycanlıların ana dilində danışmağı ayıb saydıqları kimi.

Sözgəlişi, bizim bu “timsah göz yaşları” haqda düşüncələrimizdə də köklü yanlış vardır. Əgər inanmırsansa sorğu keçirt, hər 10 adamdan bəlkə 11-i deyəcək ki, timsahlar ovunu udduqdan sonra ona acıyıb ağlayır. Əslində isə timsahlar bədənlərindəki duzları xüsusi vəzlər vasitəsiylə bayıra çıxarırlar, bu vəzlər isə timsahın göz nahiyəsində, lap çöldə yerləşir. Timsahlarda insandan fərqli olaraq ümumiyyətlə, göz yaşı vəzləri yoxdur.

Bu mənada timsahların ağlı olsa, şübhəsiz bizi məhkəməyə verərdilər. Özü də Ağır Cinayətlər Məhkəməsinə. Oranın hakimləri böyük ehtimalla timsahların xeyrinə qərar çıxarardılar, çünki belə öyrəşiblər. Millət də belə öyrəşib. Bir holdinq haqda yazı oxudum. Sən demə bunun şefi uzun müddət hansısa nüfuzlu şəxsin adından yararlanıb vergilərdən yayınırmış. Guya holdinqin həmin şəxsə məxsus olduğunu deyirmiş. Vergi orqanları da, rəsmi dildə desək, “müvafiq olaraq” bunun qulağını tutub kəsə bilmirmiş. Kəsmək cəhənnəmə, adam heç vergilərin dövlət büdcəsinə çatacaq hissəsini (rəhmətlik gömrük şefi Tahir Əliyev demişkən, “rüşvətin içində rüsum da olur”) belə ödəməzmiş, bəhanəsi bu imiş ki, şirkət ziyanla işləyir. Prinsipcə, elə hamımız ziyanla işləyirik, burasını qardaş doğru deyib. Oğurluq edə-edə, yalan danışa-danışa, yaltaqlana-yaltaqlana xəbərimiz yoxdur ki, hamımız batırıq. Bu cür mühitdə heç kəsin qazancı ola bilməz. Əlbəttə, bunu bir az da başa düşürlər, ona görə hamısı çalışır uşağını bu ... -batırdıqları yerdən qırağa çıxartsınlar, xaricdə oxudub, xaricdə evlər alsınlar.

Yeri gəlmişkən, bizim deputatlar, məmurlar bəzən Avropanı, Qərbi “Orda çoxlu juliklər, avaralar, quldurlar, rüşvətxorlar, savadsızlar var” deyə niyə qınayırlar, bilirsinizmi? Çünki öz uşaqlarını yaxşı tanıyırlar.(musavat.com)

 Zamin HACI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar