Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toylarda oynamaq üstə niyə dava düşür?


Niyazi Mehdi: “Rəqs zamanı ağıl minimuma enir, duyğular, çılğınlıq isə ifrata qalxır”; Azad İsazadə: “Dava düşməsi toy yiyəsinin və qonaqların davranış səviyyəsindən asılıdır”


Əksər vaxt milli toylarımızda oynamaq üstündə dava düşür. 

Adətən belə olur: biri mahnı sifariş verir və əl qaldırıb oynamağa başlayanda digəri başqa bir havaya oynamaq istəyir və beləcə iki tərəf arasında qalmaqal yaranır. Bu da toylarda müəyyən qanqaraçılığa səbəb olur. 

Hətta toyda oynamaq üstündə ölüm hadisələrinə rast gəlinir. Bu hallar da əsasən, rayon, kənd toylarında müşahidə edilir. Maraqlıdır, bəs üstündə dava düşən rəqslərin yaranma tarixi necədir? Ümumiyyətlə, qol qaldırıb rəqs etməyin hansı mənaları var? 

Rəqs sadəcə ağla gələn hansısa hərəkət demək deyil. Məhz bu hərəkətlərlə insanlar bir çox məqamları izah edə və ya içindəkiləri göstərə bilər. Qadın və kişi rəqsləri həm hərəkət tərzlərinə, həm də mənalarına görə bir-birindən fərqlənir. Belə ki, qadın rəqsləri üç hissədən ibarət olub quş pərvazını, nazlı sonaların süzən hərəkətlərini xatırladır. Keçmişdə qadınlar uzun tumanda gəzdikləri üçün rəqs hərəkətlərinin texnikası çox da inkişaf edə bilmirdi. Buna görə bütün diqqət bədənin yuxarı hissəsinin - qolların, çiyinlərin, başın və üzün (qaş-gözün) hərəkətlərinin gözəlliyinə verilirdi. 

Azərbaycan rəqslərində qolların vəziyyətləri olduqca mükəmməl işlənib və yüksək dərəcəyə qaldırılıb. Qadın rəqslərində ayaqların hərəkəti o qədər də müxtəlif deyil. Onların məişətində olduğu kimi rəqslərində də əlləri çox hərəkət edir və dəyirmivari trayektoriyalar cızır. Daim hərəkətin sonu onun başlanğıcına qayıtmaqla müşayiət olunur.  Qadın rəqslərindən fərqli olaraq, kişi rəqslərində isə ayaqların hərəkət texnikası böyük rol oynayır və o qədər inkişaf etdirilir ki, rəqqaslar asanlıqla barmaq üstdə dayana bilirlər. Bu cəhətdən Qazağı rəqsi çox səciyyəvidir. 

Azərbaycan rəqslərinin xüsusi bir cəhəti isə odur ki, rəqs edən sanki özü üçün oynayır, rəqsini tamaşaçılara bəyəndirmək üçün yox. Onun özündən xoşu gəlir. Etdiyi hərəkətlərin hamısını özü bəyənir. Ümumiyyətlə, ta qədimdən - eramızdan 2-3 min il əvvəl, Tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. İbtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Rəqslərin bəzisi əslində dini mərasim üçün və ya müharibə hazırlığı üçün yaradılsa da, sonralar yalnız şənlik məclislərində göstərilib.

Mövzusuna görə isə rəqslər 6 yerə bölünür: mərasim (toy, bayram), məişət (uşaqlar üçün, lirik, əşyalarla, təbiətə həsr olunmuş, satirik, etiraz), əmək, hərbi qəhrəmanlıq, idman, coğrafi rəqslər, rəqəmlərlə adlandırılmış rəqslər.

Rəqslərlə bağlı daha ətraflı danışmaq üçün filosof Niyazi Mehdiyə müraciət etdik. N.Mehdi rəqsin ekstatikliyinin bəzən gəncləri döyüş psixozuna saldığını bildirdi: “Sizin sualınıza cavab üçün fransız filosofu Başlyarın maraqlı bir ideyasını köməyə çağırım. Ancaq öncə yadımıza salaq ki, Makrokosmun təməllərindən danışan miflərdə Daş, Od, Su, Torpaq, Hava, Dəmir (Metal) kimi ilkin ünsürlərdən geniş danışılır. Doğrudan da əski miflər dünyadakı bütün maddələri həmin elementlərin bu və ya başqa birləşməsi kimi verir. Sonralar bu prinsip fəlsəfəyə də keçir. Heraklit hər nəsnənin kökünü Odda görürdü. Empedoklun, Aristotelin fəlsəfəsində dörd maddi ünsürdən söhbət gedir. Oxşar ideyanı hind, Çin mifologiyasında və fəlsəfəsində də görmək olar. İnsanın palçıqdan yaranması haqqında sami və əski türk mifoloqiyası ilk ünsürlər olan Torpaqla Suyu sintez edir. Bir çox bədii əsərlərdə dürlü simvolların xarakterində, fakturasında, gördüyü işlərdə ilkin ünsürlərin izlərini sezmək olar. Bu ideyadan belə sonuc çıxarmaq olar: miflərdəki ilkin elementlər (Od, Torpaq, Su, Ağac, Daş, Hava, Dəmir) insan şüuruna verilmiş əzəli qəliblər, yəni arxetipləri xarakter daşıyır və insan, daha sonra isə sənətçi bilərəkdən, ya bilməzə öz yaşamının bir çox olaylarını anlamaq istəyəndə onları həmin ünsürlərin əlamətlərində modelləşdirir, duyur, anlayır. Bu dediyimin şüurlu variantı kimi ”daş ürəkli" bənzətməsini göstərmək olar. Xasiyyətin codluğu, rəhmsizliyi daş əlamətlərində bəlirtili edilir. Götürək Ağac simvolunu. Araşdırıcılar artıq onun da arxetip olduğunu göstəriblər. Bu arxetipləri biz rəqslərin əsası kimi təzələyə bilərik. 

Şərqin göbək rəqsləri od-alov əlamətlərini həm görünüşcə, həm də mənaca təkrar edir. Qafqazın ismətli qadın rəqsləri ehtirasların oduna qarşı süzə-süzə gəzən qamətlə mehin, fəzanın, havanın sərinliyini qoyur. Kişi rəqslərimizdə “igidlik” anlamını təsirli bildirmək üçün odun, daşın, ağacın, havanın “Əl-kimyası” işə düşür. Mövlud Süleymanlının “Köç” romanında oynayanda qollarını düz yerdən sındıran igidlər alov titrəşməsini bədənlərində təkrar edirlər. Açılmış qollar həm yırtıcı quş qanadlarını, həm də nəhəng ağacın budaqlarını andırır. Gərilmiş sinədə, donmuş pozalarda isə daşın parametrləri duyulmağa başlayır. O ki qaldı dava məsələsinə, rəqsdə axı ağıl minimuma enir, duyğular, çılğınlıq maksimuma qalxır. “Ekstaz” sözünün mənası özündən çıxmaqdır. Ona görə də sufilər özlərindən çıxıb Allaha qovuşmaq üçün rəqs edirdilər. Rəqsin ekstatikliyi elədir ki, bəzən gəncləri döyüş psixozuna salır. Ancaq bizim mədəniyyətdə bu psixozu sakitləşdirən “ayıb”, “danlaq” mexanizmləri var. Sadəcə, içki mühitində bəzən onların gənclərə gücü çatmır".
Psixoloq Azad İsazadə isə toydan toya fərq olduğunu dedi: “Toydan toya fərq var. Toyda dava düşməsi toy yiyəsinin və qonaqların davranış səviyyəsindən asılıdır.  Bəzən qonaqlar həddindən artıq çox içir və bu içkinin təsiri altında da davranışları pozulur. İçkili olan vaxt insan hansısa sözü kobud və ya əmr formasında deyir. Yox cavabı aldıqda isə aqressivləşir. İçkili insan toyda, evdə, məhəllədə də dava salacaq. Sadəcə olaraq, toyda dava salanda bu kütlə qarşısında olur və daha tez nəzərə çarpır. Adətən də bu davalar musiqiyə, rəqsə görə düşür. Toyda davaların düşməməsi toy sahibi bütün xırda detalları nəzərdən keçirməlidir ki, kim özünü necə apara bilir, hansı zəif nöqtələr var, repertuarın dəyişməməsi məsələsi və sairə. Toyu, yası və ya hansısa tədbiri planlaşdırmamış, ssenarisiz keçirəndə hər cür hadisə baş verə bilər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar