Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tullananların bayramı

Söz vaxtına çəkər, keçən ilin oktyabrında Tovuzun kəndlərindən birində orijinal hadisə olmuşdu: oğru evə girib hər yeri ələk-vələk edəndən sonra heç nə tapmadığı üçün ev yiyəsinin ünvanına söyüş dolu məktub yazaraq getmişdi. Bizim 18 oktyabr müstəqillik gününü qeyd eləməyimiz təxminən elə o məktuba bənzəyir. Üstəlik, bu il lap “yubiley təhqiri” oldu - 25 illiyini qutladıq


Təhqir isə ondadır ki, həmin vaxt müstəqillik aktı deputatxanada səsə qoyulanda bunun əleyhinə olanlar, SSRİ-nin saxlanmasını istəyənlər hamısı yapizm dövründə dövlətdən müxtəlif mükafatlar almışdır. Eləsi var, deputat qoyulub, eləsi var nazir. Sanki bunu qəsdən ediblər - Azərbaycan xalqı ilə məzələnmək üçün. Müstəqillik istəyirdiniz? Alın. Dünənki ağalarınızın müstəqil rəhbərliyi altında yaşayın. Elə bil qrup halında zorlama cinayətinin iştirakçılarını sonradan qızlar yataqxanasına sosial işçi olaraq qəbul edirsən. Müstəqillik əleyhinə səs verənlərdən hətta “İstiqlal” ordeni alanlar da olub! Xalqı bu dərəcədə dolayıblar.  

Varlamov soyadlı rus bloqqer var, Bakıya gəlib gəzmişdi, sonra səfər qeydlərini internetə qoymuşdu. Adam heyrətə gəlib ki, bu necə şəhərdir, səkilər pis gündədir, adamların hərəkəti üçün heç bir rahatlıq yoxdur. Bir cümləsi yadımda qalıb: “Açıq görünür bu şəhəri idarə edənlər heç vaxt onu piyada gəzməyiblər”. Məncə Varlamov Hacıbala Abutalıbovun yalnız fotosuna baxsa, bizim nə kökdə olduğumuzu anlayardı, heç elə yazı yazıb özünü yormazdı. Rəhmətliyin oğlu, nə şəhər, nə səki? Biz ölmüşük, basdıran yoxdur. Hərçənd, istəsən dəlini şəhər başçısı qoymaq üzrə dünya humanizm mükafatı ala bilərik, çünki başqa ölkələrdə psixi çatışmazlığı olanlar həkim nəzarətində saxlanır, iynə vurulur, təcrid edilir və sairə. Biz isə azadlıq və hakimiyyət vermişik. 

Mən bunu deyəsən bir dəfə də yazmışam, təkrar olsun: azərbaycanlıların müstəqillik qazanması amerikalı yazıçı, ədəbiyyat üzrə Nobel ödülü qazanmış Con Steynbek-in “Mirvari” hekayəsinin tam bənzəridir. Orda dənizdən mirvari toplayan (oxu: neft) kasıb bir adamın (oxu: azərbaycanlı) oğlunu əqrəb sancır (oxu: Qarabağ problemi). Adam sonra çox böyük mirvari tapır (oxu: müstəqillik), ancaq bu mirvari ona daha çox bədbəxtlik gətirir. Azərbaycan dilinə tərcümə edilib, məsləhət görərdim hər kəs oxusun, özümüzü orda görüb heyrətlənsin. 

Əli İnsanovu türmədə türməyə saldılar. Müxalifəti isə dinc dayananda da polisə aparırlar, deyirlər niyə dinc dayanmısınız, nəsə şübhəlidir. Bakını yağışda su basır, mənim səmərəli bir təklifim var: pambıqdan bir şey çıxan deyil, artıq əziyyətdir, gəlin ondansa Bakımızı qaz-ördək təsərrüfatına çevirək, bu qədər yağış suyu, gölməçələr havayı itib getməsin. Hər küçədəki göldə 10 qaz saxlasaq, təkcə o qazların ətiylə 100 il dolanarıq. Özü də dadlı olur, bu haqda ekspert rəyi də var: “Yeməmisən qaz ətini, görməmisən ləzzətini”. Qazın tükü isə pambığa alternativdir. Doldur yastığa, sat. Mentalitetimiz də qaz saxlamağa güclü dəstək verir, bizdə cəsur adama həmişə “qaz kimidir, hamı tutur yolur” deyirlər. 

Yaxud, Yasamal və Əhmədlinin yamaclarında niyə düyü əkməyək? Çəltik çox su sevən bitkidir, su da vardır. 

Xalqımızın gölməçələrdən, balaca küçə çaylarından hoppanması isə idmana dövlət qayğısıdır, vaxt gələcək, bu adamlar uzunluğa tullanma üzrə olimpiya medalı qazanıb bayrağımızı ucaldacaq, himnimizi oxutduracaqlar. Siz bəlkə buna şit zarafat kimi yanaşırsınız, ancaq mən burda elmi əsaslandırılmış fikir yazıram. Örnək üçün, Afrika xalqlarının qaçış idmanında böyük uğurları kimsəyə sirr deyil. Hər il marafon və sprinter yarışlarında, müxtəlif qaçış məsafələri üzrə çoxlu afrikalı və ya Afrika mənşəli çempionlar görürük. Azərbaycan özü bir neçə efiopiyalını “milliləşdirib” qaçış komandamıza qatmışdır, bunlardan Hayle müəllimə hətta İbrahimov soyadı vermişik, halal olsun bizə! 

Mövzudan uzağa qaçmayaq, bu afrikalıların qaçışda böyük uğurları əslində təkamül nəzəriyyəsinin isbatıdır. Bu uğurlar bir-iki günə qazanılmayıb, min illərin işidir. Afrika isti yerdir, orda ovçular heyvanları tarixən qovub əldən salıb ovlayıblar. Heyvanlarda tərləmə orqanları yoxdur, o üzdən heyvanlar çox qaçanda bədən qızır, istidən partlayıb ölürlər. (Atı dayanmadan çox çapanda da belə olur). İnsanlar isə tərləyir, istilik bu yolla bədəndən çıxır. Beləcə, həmin ovçuların bu tarixi bacarığı indi stadionlarda özünü göstərir. 

Hesablamalarıma görə, Bakıya belə yağışlar min il yağsa 3-cü minilliyin axırlarına dünyada ən yaxşı tullanan azərbaycanlılar olacaqdır. O zaman bəlkə “Müstəqillik bayramınız qutlu olsun” yerinə insanlar bir-birinə “Tullan burdan!” deyərək təbrik edəcəkdir.(musavat.com)

Yazar : Zamin HACI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar