Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk diplomatlar İŞİD girovluğundan necə qurtulub?


49 diplomatın sərbəst buraxılmasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rolu olduğu iddia edilir, xoş sonluğu Ərdoğanın İŞİD-ə qarşı koalisiyaya qoşulmamasının qarşılığı sayanlar da var...


Dünya və ən əsası Türkiyə İŞİD girovluğundan azad edilən 49 türk diplomatı müzakirə edir. “İslam dövləti” terror qruplaşmasının İraqda diplomatları girov götürməsi ilə başlanan qarşıdurmalar davam etdiyi bir vaxtda, 110 gün sonra onlar azad ediliblər. Türkiyənin Urfa şəhərinə gətirilərək təhvil verilən diplomatların sərbəst buraxılması ətrafında müxtəlif mülahizələr səslənir. 


Belə iddialar irəli sürülür ki, prezident Tayyib Ərdoğanın İŞİD-ə qarşı NATO koalisiyasına qoşulmaması həlledici dönüş olub. İŞİD Türkiyənin ona qarşı hərbi əməliyyatlarda iştirak etmədiyini görüb, diplomatları azad edib. Amma başqa versiyalar da səslənir. 

Girovların xilas edilməsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir həmləsi olduğu qeyd edilir.  

ANS-in verdiyi məlumata görə, AKP-nin Qaziantep millət vəkili Şamil Tayyar sosial şəbəkədəki səhifəsində yazıb belə bir iddia ilə çıxış edib. Millət vəkili həmçinin bu vaxt ərzində doğru addımları atmış hökuməti və MİT-i (Milli Kəşfiyyat İdarəsi) təbrik edib. 

“Türkiyəyə gətirilən diplomatlarımıza keçmiş olsun arzularımı çatdırıram, hamımızın gözü aydın olsun. İŞİD əməliyyatında türklərin iştirak etməmə səbəblərindən biri girovlardı. Bu kritik prosesdə azadlığa buraxılmaları CİA-nin (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) bir həmləsidir.

Türkiyə ilə İŞİD arasında əlaqə yaradan ağılsızlar hər halda yeni oyunu gördülər. İŞİD tələsinə sazan kimi tullanmayıb ABŞ-ı küncə sıxışdıran, diplomatlarımızı xilas edən hökumətimizi və MİT-i təbrik edirəm". 

Deputat Fazil Mustafa isə axar.az-a buna dair açıqlamasında Türkiyə ilə silahlı təşkilat arasında razılaşma olduğunu istisna etməyib. Deputat diplomatların MİT-in əməliyyatı ilə girovluqdan qurtarıldığına inanmadığını da qeyd edib: “Onların MİT-in əməliyyatı nəticəsində azad olunması inandırıcı görünmür. Çünki həmin bölgələrdə hələ ki, İŞİD məğlub edilməyib və o qədər insanı rahatlıqla bu terrorçu gücün əlindən çıxarmaq imkansız görünür. Hansısa razılaşmanın olmasını istisna etmirəm. Ola bilsin ki, bu, Türkiyənin koalisiyaya qoşulmamaq barədə addımına İŞİD-ın cavab jestidir. Ancaq bundan sonra Türkiyənin işi daha da çətinləşəcək”.

Fazil Mustafa: “Onların MİT-in əməliyyatı nəticəsində azad edildiyi inandırıcı görünmür”

F.Mustafanın fikrincə, Türkiyə həddən artıq çətin seçim qarşısındadır: “Koalisiyaya qoşulsa, PKK və peşmərgə ilə eyni mövqedə hərəkət etməli olacaq. Bu isə bir çox hallarda Türkiyənin faydasına olmaya bilər. Qoşulmasa, adı hər zaman İŞİD-ə dəstək verən ölkə kimi çəkiləcək və lüzumsuz təzyiqlərlə üz-üzə qalacaq. Hazırda Türkiyənin İraqda oynaya biləcəyi türkman kartı da xeyli zəiflədi və bundan sonra nə baş verəcəksə, bu, əsasən, kürdlərin mövqeyinin daha da güclənməsinə gətirəcək. PKK-nın məktəbləri yandırması faktları da göstərir ki, çözüm sürəcinin də sakit məcrada davam etmə perspektivi yoxdur”.

Qabil Hüseynli: “Türkiyə dərhal anti-İŞİD koalisiyasına qoşulmalıdır”

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində qeyd etdi ki, girovların azad olunması təəccüblüdür. Siyasi şərhçi deyir ki, baş konsul 52 dəfə güllələnməyə aparılıb və Türkiyəyə mesajlar ötürülüb: “Bir neçə məsələdə Türkiyəni şantaj ediblər. Onu da nəzərə almaq lazımdır ki, İŞİD-in içində Türkiyə vətəndaşları var. Bu təşkilatın ”Əl-Nusra" qanadı, “Şam İslam” qanadı “Suriya Azadlıq Ordusu”nun tərkibində təlimlər keçiblər. Üstəlik, İŞİD-in içində Türkiyə ilə əlaqəsi olan, qardaş ölkədə müalicə olunmuş üzvləri var".

Q.Hüseynli hesab edir ki, diplomatların buraxılmasında Türkiyə xeyli səylər göstərib: “Ola bilsin ki, Amerika tərəfindən də səylər göstərilib. Bu iddia doğrudursa, Türkiyə dərhal anti-İŞİD əməliyyatlarına qoşulmalıdır. 

Əks halda, bu, o deməkdir ki, Türkiyə İŞİD-lə ciddi bazarlıq edib. Ancaq girovların azad olunmasından sonra Türkiyənin əl-qolu açılıb, indi anti-İŞİD koalisiyasına qoşulmasına bəhanə qalmayıb. Türkiyə bu koalisiyaya qoşulmadığı halda NATOAvropa Birliyi daxilində ciddi əngəllərlə baş-başa qala bilər".

Politoloq güman edir ki, regionda Kürdüstan dövlətinin yaranması təhlükəsi reallaşır və Türkiyə növbəti səhvi etməməlidir: “Türkiyənin diplomatik seçim etməsi zahirən çətin görünsə də, tərəddüdsüz addım atmalıdır. 

Amerikanın İraqa hücumunda cəbhənin müəyyən yerlərdən açılmasına icazə vermişdi. Türkiyə bir dəfə məşum hadisəni yaşayıb. İndi Kürdüstan dövlətinin yaranması İsrail dövlətinin yaradılmasından qat-qat təhlükəlidir. Türkiyə İŞİD-ə qarşı savaşda tamhüquqlu koalisiya üzvü kimi iştirak etməlidir ki, sonrakı danışıqlarda masa arxasında ona da stul ayrılsın. Girov diplomatlarla bağlı maneə aradan qalxdı və proseslər sürətlə getməlidir". Ekspertin fikrincə, regionun şəkillənməsi prosesi gedir: “Türkiyə bu gedişatda aktiv yer almasa, regionda kürdlər boşluğu dolduracaq”. 

Girovluqdan azad edilən kimi NTV telekanalına ilk açıqlamanı verən Türkiyənin Mosuldakı baş konsulu Yılmaz Öztürk isə yaşadıqları hissləri bölüşüb. Öztürk lakonik ifadələrlə hisslərini ifadə edib. “Qəfildən ətrafımızı mühasirəyə aldılar, kameraları partlatdılar. Hücumdan dəqiqə yarım sonra oranı tərk etdik. Hardasa 45-60 saniyə ölümlə üz-üzə qaldıq. Silahı başıma dirədilər və otağımı açmağı tələb etdilər. Ancaq razılaşmadım. Otağımın görüntüsünü çəkmək istədilər”, - deyə türk diplomat bildirib. 

Baş konsulun sözlərinə görə, İŞİD üzvlərindən ölüm istəyiblər: “Onlara dedik ki, qadınlara, uşaqlara və bayrağımıza bir şey olsa, bizi öldürün. O müddətdə dəfələrlə yerlərimiz dəyişdirilirdi. Avtobusların pəncərələrini örtürdülər ki, bayırı görə bilməyək. 

Bizim tərcüməçimiz var idi və yerimizin dəyişəcəyini söyləyirdi. Hamımızı bir yerdə aparırdılar, 46 nəfər idik. Bizi əsasən işıq olmayan, qapalı yerlərdə saxlayırdılar. Bu vaxt ərzində yanımda bir mobil telefonu vardı və ölkəmizə xəbər vermək lazım idi. Mənə kömək edən bir dostum oldu". 

Öztürk qeyd edib ki, 65 gün eyni yeməyi yeyiblər: “Qida məsələsi az idi. Hamımız çəki itirdik, mən 14 kilo arıqlamışam. Bəzən televizora baxmaq şansımız olurdu. Bəzən də aylarla izləyə bilmirdik. Bu müddətdə baş kəsmə videolarını izlədik. Bizim ovqatımızı korlamaq üçün bu səhnələri bizə də göstərirdilər”. Səfir deyib ki, ümumilikdə onlara təhdid olsa da, işgəncə verilməyib: “Biz girov düşdüyümüz vaxtda ətrafımızda bombalar partlayır, hücumlar təşkil olunurdu. Sərhədə qədər bilmirdik ki, bizi sərbəst buraxacaqlar. 
Onların dediyi heç nəyə inanmırdıq. Sərhədə gələndə hörmətli baş nazirimizə xəbər vermək istədim və zəng etdim. Baş nazirimiz telefonu açar-açmaz, “xoş gəldiniz, Öztürk” - dedi. Bizim azad edilməyimizdə əməyi olan hər kəsə minnətdaram". 

Türkiyə iqtidarı ilə “kəllə-kəlləyə gələn” “Hizmət” hərəkatının lideri Fəthullah Gülənin də İŞİD-in qaçırdığı türk girovlarla bağlı açıqlaması yayılıb. F.Gülən deyib ki, bu xəbər onları sevincə qərq edib. O, dövlət işçilərinə təşəkkür edib. 

Emil SALAMOĞLU (Yenu Müsavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar