Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və İsrail vasitəçilərsiz barışın bir addımlığında

Türkiyə və İsrail vasitəçilərsiz barışın bir addımlığında – Bakı da avantajda


Ankara üzünü Moskvadan Təl-Əvivə çevirir – səbəb; böyük anlaşmaya sayılı günlər qaldı; diplomatik kanallar açılır; 6 illik fasilədən sonra bu gün ilk yəhudi rəsmisi Türkiyəyə gələcək... 

Artıq aydındır ki, Türkiyənin İsraillə münasibətləri Rusiyadan tez normallaşacaq. Ən son məlumatlara görə, Ankara və Tel-Əviv münasibətlərin tam qaydaya düşməsi üçün real və yekun xarakterli addımların atılmasına qərar veriblər. 

Belə ki, az öncə bu barədə yazan və rəsmi səviyyədə təkzib olunmayan Türkiyənin nüfuzlu “Hürriyet” qəzeti xəbər yayıb ki, 2010-cu ildə “Mavi Mərmərə” gəmisinin İsrail tərəfindən atəşə tutulması və 9 nəfərin ölümü ilə korlanan münasibətlərin yaxşılaşdırılması gələn ay imzalanması nəzərdə tutulan anlaşma sənədi ilə təmin olunacaq.

Məlumata görə, Türkiyə və İsrail rəsmiləri ilk olaraq iyunun 26-da - bazar günü artıq münasibətlərin normallaşdığını bəyan edəcək. İyul ayında isə iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələri tərəfindən imzalanacaq müqavilə ilə prosesin inkişafına yol açılacaq. Bunun ardınca tərəflər arasında səfir mübadiləsi ediləcək və digər mühüm addımlar atılacaq. 



Bundan əvvəl isə Türkiyədən məlum insidentə görə üzr istəyən və “Mavi Mərmərə” qurbanlarına təzminat ödəməyə boyun ola İsrail Qəzza bölgəsi üçün tətbiq etdiyi blokadanı Türkiyə üçün götürəcək. İkitərəfli anlaşmaya uyğun olaraq, Türkiyə Qəzza bölgəsində xəstəxana inşa edəcək, Almaniya ilə birgə enerji stansiyası inşa edəcək. Bundan başqa, Türkiyə Qəzza əhalisinin istifadəsi üçün ərazidə dəniz suyunun təmizlənməsi zavodunu da quracaq.



Məlumatda o da bildirilir ki, bu prosesdə Türkiyəni xüsusi səfir Feridun Sinirlioğlu, İsraili isə baş nazir Benyamin Netanyahunun Türkiyə üzrə müşaviri Cozef  Çexanover təmsil edəcək. Xatırladaq ki, tərəflər arasında Avropa şəhərlərinin birində indiyədək aparılmış danışıqlara məhz bu iki şəxs başçılıq edib. Maraqlıdır ki, böyük anlaşma prosesi heç bir vasitəçi olmadan yekunlaşmaq üzrədir.

***
İki dövlət arasında buzların sürətlə əridiyini həm də bu faktdan görmək olar: İsrailin Sionist Birlik Partiyasından millət vəkili Ksenia Svetlova bu gün Türkiyəyə səfər edəcək. Axar.az xəbər verir ki, millət vəkili “beyin mərkəzləri”nin təşkil etdiyi tədbirə qatılacaq. Onu bu tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Məsud Özcan müşayiət edəcək. Tədbir zamanı iki ölkə arasında münasibətlərin normallaşmasının bölgəyə təsiri, İsrail-Fələstin məsələsi müzakirə olunacaq.



Vurğulayaq ki, “Mavi Mərmərə” böhranından sonra ilk dəfə İsrail rəsmisi açıq şəkildə Türkiyəyə səfər edəcək. Çox güman ki, bu səfər və onun ertəsi günü elan ediləcək böyük anlaşma ilə aradakı son buzlar da ərimiş olacaq.

Diqqəti çəkən məqamlardan biri də İsrail-Türkiyə barışığının Ankaranın Rusiya ilə bağlı sərt açıqlama verməsi fonunda sürətlənməsidir. Srağagün Türkiyə prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Qalın birmənalı şəkildə bəyan edib ki, “Su-24" insidentinə görə Ankara nə Rusiyadan üzr istəyəcək, nə də ona təzminat ödəyəcək. Prezident sözçüsü onu da deyib ki, Rusiya ilə münasibətlərin pisləşməsinin Türkiyənin turizm sektoruna mənfi təsiri olsa da, Rusiyada da problemlər var. ”Cənab prezidentimiz Rusiya Günü münasibətilə dövlət ənənəsi üçün “məktub göndərək” dedi. Əlbəttə, orada bir mesaj var. Ancaq üzr istəmək və təzminat məsələsi olmayacaq" - Qalın qeyd edib.  



Doğrudan da həmin məktubda rəsmi Ankara 24 noyabr olayından sonra ilk dəfə Moskvaya ən yüksək səviyyədə yetərincə ciddi bir barış jesti eləmiş, əl uzatmışdı. Əfsus ki, Putin mesaja bir elə önəm vermədi və ona uzadılan əli sıxmadı, ənənəvi şərtlərini izhar eləməklə kifayətləndi. Bu fonda Türkiyə-İsrail barışığının sürətlənməsi diqqət çəkməklə yanaşı, Ankaranın Moskvaya qısa müddətdə ikinci ciddi mesajı təəssüratını yaradır.  
                         
*** 
İki ölkə arasında münasibətlərin tam qaydaya düşməsi pozitiv planda sözsüz ki, bölgəyə, o sırada Azərbaycanın yer aldığı Güney Qafqaza da təsirsiz ötüşməyəcək. Rəsmi Bakı ilə Tel-Əvivin münasibətləri onsuz da kifayət qədər yüksək səviyyədədir. Azərbaycanın lobbiçisi sayılan sabiq xarici işlər naziri Avidqor Libermanın bu yaxınlarda hökumətə qayıtması və müdafiə naziri postu tutması ilə ikitərəfli əlaqələr, xüsusən də hərbi sahədə əməkdaşlıq yəqin ki, daha yüksək səviyyəyə qalxacaq. 

 

Yenə yeri gəlib qeyd edək ki, yəhudi dövlətinin Türkiyə ilə əlaqələrinin normal axara düşməsi Azərbaycan-İsrail münasibətlərinə məxsusi ton verə və yeni stimul yarada, ölkəmizin bölgədəki roluna əlavə avantaj, gücünə isə əlavə güc qazandırardı, Azərbaycanın özünə güvənini artırardı. İran-Ermənistan əlaqələri dərinləşərsə, prezident Həsən Ruhaninin İrəvan səfəri reallaşarsa, bu fonda həmçinin İsraildə Türkiyə kimi Azərbaycanın da səfirliyinin açılması gündəmə gələ bilər.  

Ən önəmlisi isə Qarabağ məsələsində Azərbaycanın daha sanballı söz sahibliyi əldə eləməsi və siyasi qətiyyətliliyi üçün yeni əlverişli zəminin formalaşması ola bilər. Bakı-Tel-Əviv-Ankara “üçbucağı” heç şübhəsiz, Moskva-İrəvan-Tehran “üçbucağı”ının bölgədəki proseslərdə əvvəlki tək dominant olmasına imkan verməyəcək. Regionda Azərbaycan və Türkiyənin daha çox faydasına və marağında olacaq geosiyasi balans formalaşacaq.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar