Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə növbəti çevriliş cəhdi ola bilər: təhlükə realdır


Rəsmi Ankara ABŞ-la gərginləşməkdə olan münasibətlərin fonunda preventiv addımlar atır...


Türkiyə tarixi günlərini yaşayır. Çox önəmli siyasi mərhələdən keçir. Sonunun necə olacağı hələ də tam aydın deyil. Ancaq 15 iyul gecəsində Türkiyədə baş verənlərlə bağlı bir çox məqamlar artıq aydınlaşmağa başlayıb. 

Belə ki, həmin “qaranlıq gecə”də törədilən hadisənin “hərbi çevrilişə cəhd, yoxsa əvvəlcədən yaxşı ssenariləşdirilmiş oyun” olmasıyla bağlı suallar artıq öz cavabını tapmaqdadır. 

Böyük əksəriyyətin fikrincə, bu, hərbi çevrilişə cəhd idi. Çünki heç bir dövlət lideri öz rəqibini sıradan çıxartmaq məqsədilə də olsa, özünə qarşı hərbi qiyamın imitasiyasına cəsarət etməz. 

Bu, olduqca təhlükəli və riskli “oyun” olardı. Hər halda, hər hansı generalın belə “oyun”ların taleyüklü məqamlarında necə davranacağını əvvəlcədən əminliklə proqnozlaşdırmaq mümkün deyil. Hərbi qiyamın uğursuzluğa düçar olmasında önəm daşıyan bəzi faktorlar da bunu təsdiqləyir. 

Bununla belə, hərbi çevrilişə cəhddən Ərdoğan hakimiyyətinin əvvəlcədən, sadəcə, xəbərdar olması ehtimalı kifayət qədər yüksəkdir və bu, bəzi məqamlarda açıq-aşkar hiss olunurdu. Ona görə də, hərbi çevrilişə cəhd və onun qarşısının alınma prosesi ümumi ssenariləşdirilmiş oyun təsiri bağışlayırdı.

Əslində, maraqlı yanaşmadır. Çünki Türkiyə liderinin və baş nazirinin hərbi çevriliş cəhdinin ilk saatlarında özlərini tam arxayın aparmaları, cəsarətli görüntü vermələri onların bu təhlükəyə qarşı hazırlıqlı olduqlarını göstərirdi.

Düzdür, AKP hakimiyyətinin siyasi elitasına daxil olan rəsmilər hərbi çevriliş cəhdi ilə bağlı məlumatları tanklar küçəyə çıxarıldıqdan sonra müxtəlif şəxslərdən aldıqlarını vurğulayırlar. Ancaq bəzi iddialara görə, MİT rəhbəri Hakan Fidan hadisənin törədildiyi gün yerli vaxtla saat 16.00-da Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini hərbi çevrilişə hazırlığın müşahidə edilməsi barədə şəxsən məlumatlandırıb. 

Onların arasındakı müzakirələrdən sonra Baş Qərargah rəisi hərbi qiyamın önlənməsi barədə əmr imzalayıb. Sadəcə, həmin əmr icra edilmək üçün məhz hərbi qiyamın təşkilatçılarına göndərilib.

Daha bir önəmli məqam hərbi çevriliş cəhdindən günlər öncə Türkiyə Silahlı Qüvvələrindən xaric edilməsi və haqqında araşdırma başladılması nəzərdə tutulan 400-ə yaxın yüksək rütbəli hərbçinin siyahısı hazırlanıb. Və Baş Qərargah rəisinin imzasıyla icraya yönəldilib. Yenə də bu siyahı qiyamın təşkilatçılarının əlinə keçib.

Nəticədə hərbi qiyamın təşkilatçıları seytnot vəziyyətinə düşüblər. Tez-tələsik çevriliş planının reallaşdırılmasına başlayıblar. Hərbi çevrilişin uğursuz alınmasının əsas səbəblərini də məhz bu məqamda axtarmaq lazımdır.

Məsələ ondadır ki, hərbi çevriliş planında yer alan bəzi generallar tərəddüdə qapılıblar. Və həmin generalların bir qismi çevriliş planının reallaşdırılması prosesinə seyrçi qalmağı üstün tutublar. Sonradan isə onların əksəriyyəti Ərdoğan hakimiyyətini dəstəklədiklərini bəyanlayıblar. 

Nəticədə hərbi çevriliş cəhdinin təşkilatçıları, onların mövqeyi baxımından, daxili xəyanətə uğramış olublar. Hərbi çevriliş cəhdində iştirakdan son anda imtina edib, siyasi hakimiyyətin yanında yer alan generalların əksəriyyətinin hazırda həbsdə olması da bunu təsdiqləyir.

İşin içində bir də xarici faktorun olması hərbi çevriliş cəhdinə daha təhlükəli görüntülər verir. Belə ki, AKP hökuməti hərbi çevriliş cəhdində Gülən camaatını məsul tutsa da, bu icmanın ABŞ kəşfiyyatı tərəfindən idarə olunduğuna da eyham vurur. 

Rəsmi Ankara ABŞ siyasi dairələrinin hərbi qiyam saatlarında tutduğu mövqedən də ciddi şəkildə narahardır. Çünki tankların küçələrə çıxarıldığı ilk saatlarda Türkiyənin strateji müttəfiqi olan ABŞ-ın dövlət katibi Con Kerrinin adından yayılan bəyanatda qarşıduran tərəflərə zorakılıqdan yayınmaq məsləhət görülürdü. Halbuki həmin tərəflərdən biri xalqın seçdiyi qanuni hakimiyyət, digəri isə siyasi iqtidarı silah gücünə devirmək istəyən hərbçilər idi.

Üstəlik, məhz həmin ərəfədə rəsmi Ankara ilə yenicə barışmaqda olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xalq tərəfindən seçilmiş hakimiyyətini dəstəklədiklərini bəyanlamışdı. Bu isə ABŞ-ın rəsmi mövqeyi ilə kəskin ziddiyyət təşkil edirdi. Çünki ABŞ yalnız hərbi çevriliş cəhdi uğursuzluqla nəticələndikdən sonra Türkiyənin qanuni hakimiyyətini dəstəkləmişdi.

Təbii ki, bütün bunlar rəsmi Ankaranı narahat edir. Və AKP hökumətinin ittiham oxlarını birbaşa Ağ Evə yönəldir. Rəsmi açıqlamaları nəzərə alsaq, Ankarada hesab edirlər ki, əgər bu işdə ABŞ-ın bağmağı varsa və Pensilvaniyada qərar tutan Fətullah Gülən Türkiyəyə verilməzsə, deməli, çevrilişə növbəti cəhd qətiyyən istisna deyil.

Əslində, rəsmi Ankaranın bu narahatlığı qətiyyən əsassız görünmür. Çünki analoji hadisələr Misirdə də baş vermişdi. Belə ki, Misirdə qanuni hakimiyyətin devrilməsinə yönəlik ilk cəhd uğursuz olsa da, ikinci cəhddən sonra bu ölkənin ordusu hərbi çevrilişə nail ola bilmişdi. ABŞ büdcəsindən maliyyələşən Misir ordusunun ölkədə yaratdığı hərbi rejimin nəticələri isə göz qabağıdadır.

Bütün bunlar rəsmi Ankaranı ABŞ qarşısında israrçı mövqe tutmağa yönəldir. Rəsmi Ankara bir tərəfdən ABŞ-dan israrla F.Gülənin ekstradisiyasını tələb edir. Və tələb yerinə yetirilməyəcəyi təqdirdə, ABŞ-Türkiyə münasibətlərinə yenidən baxılacağını vurğulayır.
Digər tərəfdən isə AKP hökuməti Türkiyədə fövqəladə vəziyyət elan etməklə gözlənilən ikinci çevriliş cəhdi ehtimalına qarşı preventiv addımlar atır. Belə ki, Türkiyədə elan edilən fövqəladə vəziyyətin ölkənin sıravi vətəndaşlarına demək olar, elə bir ciddi aidiyyəti yoxdur. Bu, Türkiyədə dövlətin özünə qarşı elan etdiyi fövqəladə vəziyyətdir.

Belə anlaşılır ki, Türkiyə xaosa düçar olaraq, Suriya və ya İraqa çevrilmək ehtimalından hələlik xilas ola bilsə də, təhlükə hələ tam sovuşmayıb. Ərdoğan hakimiyyətindən narazı olan xarici qüvvələr bu prosesin növbəti mərhələsini başladaraq, yarımçıq qalan niyyətlərini sona çatdırmağa çalışa bilərlər. ABŞ-la kəskin ziddiyyətlərin olduğu bir dönəmdə Türkiyə dövlətinin bu təhlükəli ssenarilərdən necə yayına biləcəyi yəqin ki, çox yaxın gələcəkdə aydınlaşmağa başlayacaq.

Elçin XALİDBƏYLİ(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar