Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Bakıdakı səfirlərinin “gizli dosyeləri”


Rauf Arifoğlu yazır...


Onların hər birinin ölkəmizdə və ürəyimizdə xüsusi yerləri var. Hər biri bir əfsanə. 

İlk səfir Altan Karamanoğlunu xoş anılarla xatırlayıram. Altan bəy Azərbaycanın ən həssas, ən qaynar, ən gərgin dövrünün səfiri idi (1992-95). Müstəqil Azərbaycanda ilk səfir sayılırdı. Dövlət çevrilişləri, iqtidar davaları, Qarabağ savaşı, üsyanlar...Əksəriyyəti onun dövrünə düşdü; lakin o, heç bir zaman Azərbaycanın əlini buraxmadı, ölkəmizə böyük faydaları toxundu...     
 
Onun Bakıya gəlişinin ilk aylarında bir hadisə oldu; bəzi fraqmentlər artıq unudulub, lakin olayın mahiyyəti olduqca maraqlı idi. Yeri gəlib, yazım, oxucularım da məlumatlansınlar. 

...Süleyman Dəmirəl gəlmişdi, 1992-nin may ayının əvvəlləri idi, mənim də AXC-dən aldığım və üzərinə “всюду” yazılan xüsusi buraxılış kartım vardı, hər yerə girə bilirdim; Dəmirəl və heyəti ilə bərabər aeroportdan səfirliyə də gəldim. Çox çevikdim; əfsanə siyasətçinin düz arxasında mövqe aldım. O zaman cib telefonları yox idi, mən fotoları və indi yeni çıxan selfi janrındakı çəkimləri gözlərimlə çəkir, yaddaşıma və ürəyimə endirirdim... 

Süleyman bəyin yanında keçici prezidentimiz Yaqub Məmmədov vardı, Azərbaycanın böyük lideri Elçibəyi xüsusi olaraq oraya dəvət etmişdilər; Türkiyədən gələn heyətdə Başbuğ Alparslan Türkeş də vardı, lakin nədənsə, səfirlikdə deyildi; onu bir gün sonra, səhv etmirəmsə, mayın 3-də Azadlıq meydanında görəcək, əlini öpəcəkdik.

Hələliksə Altan Karamanoğlunun ev sahibliyindəki Türkiyə səfirliyində baş nazir Süleyman Dəmirəl və heyəti vardı; Azərbaycanın keçici rəhbəri Yaqub Məmmədov və Elçibəy, hərəsi bir tərəfində oturmuşlardı, hər kəsin ilgi odağı Elçibəy idi; dünyalar görmüş Qoca Qurd -  Süleyman Dəmirəl elə o zamandan fərqində idi ki, kim gəlicidi, kim keçici... Oradakı atmosfer Yaqub Məmmədovu sıxırdı, təsiri altına almışdı; türkcəyə uyğunlaşdırmaq istədiyi Gədəbəy ləhcəsində nələrsə deyirdi, lakin onların içərisində ən parlaq biri oldu və mən sonradan bu sitatı yazdığım məqaləmdə də işlətdim. 

Yaqub Məmmədov qayıtdı, dedi: “Hə, Elçibəy demiş, bir kərə yüksələn bayraq, bir daha enməz... ”. Kimsə düzəliş vermədi; sonra liderlərin balkon çıxışları oldu, “26-lar parkı”nda (indiki “Sahil”) çoxlu insanlar vardı və şüarlar qışqırırdılar. Heyətdən birisi kənardan Süleyman Dəmirəlin şlyapasını gətirdi, baş nazir onu alıb, havaya qaldırıb, xalqa yellədi, anladıq ki, Dəmirəl insanlarımızı salamlayır; sonra danışdı... Lakin orada Elçibəy bir çıxış yapdı ki... Hələ də yadıma düşəndə türklərim biz - biz olur: “Türklər çadırlarının qapısını gündoğana qurardı...”. Bəyin səsi də bir başqa idi, həmin gün... 

Sonra Ömür Orhun gəldi, böyük elçi oldu, qısa zamanda (1995-96) getdi, gərgin bir vəziyyətdə Azərbaycanda Türkiyəni təmsil etdi; “OMON üsyanı” Altan Karamanoğlunu da, ondan sonrakı səfiri də “vurdu”. 1996-98-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olan Faruk Loğoğlu bir başqa standart gətirdi. Qəzetlərlə, xüsusi ilə “Yeni Müsavat”la sıx işləyirdi, bizə önəm verirdi, bərabər səviyyədə fikir alış-verişi edirdi. Əməkdaşımız Şirzad Məmmədli Türkiyə səfirləri və diplomatları ilə işləmək üçün ayrılmışdı; Faruk Loğoğlu və ondan sonra gələn böyük dostumuz, unudulmaz Qədri Ecvet Tezcan (1998-2001) mənimlə və Şirzad bəylə sıx-sıx görüşür, bizləri Türkiyənin və özlərinin ən yaxın dostları bilirdilər. Bu səfirlərin Azərbaycan mətbuatı ilə, xüsusi ilə də bizimlə yaxınlaşmasında Türkiyə səfirliyinin mətbuat müşaviri Turqut Ərin böyük xidməti var idi. Turqut bəy 1993-2000-ci illər arasında Bakıda fəaliyyət göstərib və 4 səfirlə işləyib. Onun Azərbaycan mediasının bütün düşərgələrindəki təmsilçiləri ilə dostluqları vardı. Bu dostluqlar Turqut bəylə indi də davam edir... Səfirin müavini Ümit Yardım qardaşımız da bizlərə və Azərbaycan mediasına önəm verən diplomatlardan idi. 

Qədri Ecvet Tezcan “Yeni Müsavat”ın rolunu və əhəmiyyətini xüsusi bilən səfirlərdən idi. 1998-99-cu illərdə çoxsaylı məhkəmə cəzaları ilə çökdürülməyə çalışılan qəzetimizə hər ay öz səfir maaşının yarısını təklif etmişdi... Təbii ki, biz bu təklifi qəbul etmədik. Lakin səfirin bu jesti onun ürəyimizdə əbədi heykəlini yaratdı, Türkiyə sevgimizi daha da artırdı.  

Səfir Ünal Çeviköz (2001 -2004) olduqca ehtiyatlı diplomat idi. Hər kəs deyirdi ki, “Dərin dövlət”in adamıdır. Lakin o da bizə xüsusi münasibət və sevgisini gizlətmirdi. Tez-tez görüşür, fikir mübadiləsi edir, müzakirələr aparırdıq. Mən cəza evində olarkən, getmişdi. Onunla bir də xeyli sonralar, səhv etmirəmsə, 2007-ci ildə, Azərbaycan KİV rəhbərlərinin Türkiyə prezidenti Abdullah Gül ilə müsahibəsi zamanı  görüşdüm. “Raufcum, nasılsan”, deyə, tokalaşdı. Çox xoş idi... 

Həbsdə olarkən, səfir qismində Bakıya gələn Turan Moralı (2004-2007) ilə heç özəl təmasım olmadı. Deyilənə görə, yaxşı səfir olub. Həbsdən çıxdıqdan sonra  3 dəfə tədbirlərdə özümü təqdim edərək, görüşdüm, hər dəfə də anladım ki, məni ilk dəfə gördüyünü sanır. Bundan sonra yaxınlaşmadım, yeni səfiri gözlədim... 

Və o gəldi... 

Qış ayı idi, səfirlə ilk görüşə dəvət almışdım, yollar buz bağlamışdı; bu səbəbdən gecikdim. Səfirlik əski binada idi, yuxarı qalxdım,  yanlış qapıdan girdim, bir baxdım, mikrofonun qarşısında ağ saçlı Dədə Qorqud misallı birisi durub, danışır; mən birbaşa onun arxasındakı qapıdan içəri girdim, addımımı atar-atmaz səhnədə oldum; elə bu anda da Ağ Saçlıdan bir hönkürtü qopdu... Şaşırdım qaldım, zaldakılar çəpik çaldılar; mən zalın səhnə qismindəki yerindən sivişib, gözümlə kəsdirdiyim tanış redaktorlara yaxınlaşdım, tez də qanrılıb, geri baxdım, Ağ Saçlı kirimişdi, bu dəfə gülürdü və Azərbaycandan danışırdı...

Sən demə, bu Ağ Saçlı Türkiyə səfiri Hüseyn Avni Karslıoğlu imiş (2007-2008), mən otağa girməzdən öncə gəncliyindəki Azərbaycan həsrətindən danışırmış, qəfildən kövrəlib, ağlamağa başlayıb, prosesin hönkürtü hissəsində mən içəri girmişəm. 

Sonradan onu çox sevdik. Tez getdi, lakin bizimlə dost olmağı bacararaq, getdi. 

Mən ümumiyyətlə, ağlağan siyasətçiləri sevərəm. Onlara heyran qalıram. Özümdə olmadığı üçün, bu fitri qabiliyyət və kütlə qarşısında ağlamaq istedadı məndə heyranlıq yaradır...

Qarslıoğlunu həm də buna görə sevirdim. 

Hülusi Kılıc (2008-2012), Türkiyəni Azərbaycanda təmsil edən səfirlərin ən xası idi. İkicə dəqiqəyə elə bir isti atmosfer yaradırdı ki, insan düşünürdü ki, mən bu adamla ən azı, 20 ildir, dostam. Adama elə etimad və etibar göstərirdi ki, bunca yüksək münasibətə kölgə salmamaq üçün jurnalist peşəmizi də unudurduq. Etibar edib, danışdığı özəl məlumat və sözarası dediyi bilgiləri bəzən özümüzdə saxlayır, bəzən də son dərəcə ehtiyatla yayırdıq. Qəzetimizə gələr, bizi səfirliyə dəvət edər, mətbuatla işə xüsusi diqqət ayırardı. 

Tez-tez ailəcə evində olardıq. Süfrəsini və ürəyini dost bildiyi azərbaycanlılara açardı. Həm də bizi  -  evinə çağırmağa layiq bildiyi tanınmış azərbaycanlıları bir-birimizlə qaynayıb-qarışdırardı. Cib telefonunu vermişdi və mən, bəzən kiçik dəqiqləşdirmələri belə, ona zəng edərək, bilavasitə özünə sorardım...

Ən son olaraq, bu gün media ilə vidalaşan və əslində bu yazıların yazılmasına səbəb olan İsmail Alper Coşkun bəy haqda. Onun da Azərbaycanda səfir olduğu dönəmlər (2012 - 2016) həm Türkiyə, həm də Azərbaycan üçün həssas dönəmlər oldu. İsmail Coşkun ermənilərlə sərhədlərin açılması təşəbbüslərinə görə Azərbaycan mediasında və cəmiyyətində yaranmış qırıqlığı tam şəkildə təmir edə bildi. Mətbuatla ən sağlam, açıq dialoq quran səfirlərdən biri oldu. Heç bir sualdan çəkinmədi  -  Azərbaycan vətəndaşı olan qəzetçilərə diplomat kimi deyil, onlardan biri kimi davranış sərgilədi. Hülusi Kılıc kimi, cib telefonu üzümüzə açıq deyildi; lakin ürəyi və səfirliyin qapıları hər zaman Azərbaycan mətbuatına açıq oldu. Mən Azərbaycanda Türkiyənin səfiri deyil, həm də Türkiyədə Azərbaycanın öz səfiriyəm dedi və bu şüarından geri çəkilmədi. 

İsmail Alper bəy 15 iyul çevriliş sınağından üzü ağ çıxan səfirlərdəndir. Bəzi Türkiyə səfirləri, diplomatları fəaliyyət göstərdikləri  ölkələrə sığındılar, geri dönməkdən imtina etdilər; məlum oldu ki, Türkiyə dövlətinə deyil, bir hörgütə çalışırmışlar; lakin İsmail Alper Coşkun və onun Bakıdakı komandası Türk dövlətini və bizləri üzmədi;  15 iyul sınağından alnı açıq çıxdı; vəzifəsi və əhəmiyyəti daha da böyüdüldü. 

Biz bu gün -  22 sentyabr 2016-cı ildə ona uğurlar dilədik, vidalaşdıq, yolunuz açıq olsun dedik. İnanırıq ki, o, harada olsa, həm də Azərbaycanı və onun maraqlarını təmsil edəcək. 

Bakıdakı Türkiyə diplomatları qardaş ölkənin ən yaxşılarıdır. Onlar hər türkün qürur qaynağı ola biləcək diplomatlar, dövlət missionerləri, siyasət istehsalçıları, ən əsası isə, Azərbaycan sevdalılarıdırlar! 

Rauf Arifoğlu(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Putinin "Valday" konfransından sonra Xankəndinə daha çox yaxınlaşdıq!!!

Bakı və Kiyev – kimin xalqı və müxalifəti nəylə məşğuldur

Türkiyənin Bakıdakı səfirlərinin “gizli dosyeləri”

“Hakimiyyət yeni kursa, açılıma başlayır?“

Ən çox oxunanalar