Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Universitetlərin təhsil haqları


Qiymətlər 800-5000 manat arasında dəyişir


Azərbaycanda 55 ali universitet fəaliyyət göstərir. Onlardan 40-ı dövlət ali təhsil müəssisəsi, 15-i isə özəl ali məktəblərdir. İstər dövlət, istərsə də özəl ali təhsil müəssisələrində təhsilhaqları Azərbaycan vətəndaşlarının orta aylıq əməkhaqqından dəfələrlə yüksəkdir. Ekspertlərin rəyinə görə, hazırda ali məktəblərdə pullu təhsil 65 faiz təşkil edir. 
 
Qiymətlər 5 min manatdək dəyişir
 
Azərbaycanın ali təhsil müəssisələrində illik təhsilhaqqının ən aşağı həddi 800, ən yuxarı hədd isə 5 min manatdır. Belə ki, ötən il Nazirlər Kabineti “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında etdiyi dəyişikliyə əsasən bakalavriat səviyyəsində rəngkarlıq, qrafika və heykəltəraşlıq ixtisasları üzrə əvvəl 2 min manat olan təhsilhaqqının qiymətini 5 min manata qaldırdı. 

Bu il necə təhsilhaqlarında artım olubmu? Bir neçə ali məktəblə əlaqə saxladıq. 
 
Bədən Tərbiyəsi və İdman Akademiyasında qiymətlər 800 manatdan başlayır 
 
Bədən Tərbiyəsi və İdman Akademiyasında qiyabi şöbədə qiymətlər 800, əyani şöbədə isə  900 manatdır. Akademiyanın rektoru Ağacan Abıyev bildirdi ki, bu il qiymətlərdə heç bir artım olmayıb. 
 
İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsindən Vüsalə Məmmədovanın dediyinə görə, universitetdə təhsilhaqqı xərcləri 1200-2000 manatdır. Beynəlxalq iqtisadi əlaqələr, maliyyə fakültələrində qiymətlər 2000, dizaynda -1500, əmtəəşünaslıq fakültəsində isə 1200 manatdır. 
 
Vüsalə Məmmədova onu da qeyd etdi ki, 2014/2015-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə 3273 tələbə qəbul olunub. Tələbələr arasında 12 nəfər 650-dən, 93 nəfər 600-dən, 669 nəfər isə 500-dən çox bal toplayıb: “Universitetimizə yüksək balla qəbul olan tələbələrin sayı iki dəfə artıb. SABAH qrupları arasında isə ən çox seçim bizim universitetə olub. 225 “SABAH”çı universitetimizi seçib. Digər bir yenilik isə ondan ibarətdir ki, bu il bir Prezident təqaüdçümüz də var”. 
 
“Güzəştsiz tələbələr üçün ödəniş məcburidir”
 
Bakı Dövlət Universitetinin maliyyə və sosial məsələlər üzrə müşaviri Məzahir Sultanov söylədi ki, cari ildə BDU-da təhsilhaqlarında artım olmayıb. Universitetdə təhsilhaqqı minimum 1000, maksimum 2800 manat təşkil edir. 
 
Onun sözlərinə görə, dövlət təhsil müəssisələrində şəhid ailələri, məcburi köçkün və valideyn himayəsindən məhrum olan tələbələrin təhsilhaqqını dövlət qarşılayır: “Qalan tələbələr üçün təhsilhaqqının ödənməsi məcburidir. I kurs tələbələri üçün isə ödənişin tam şəkildə aparılması vacibdir, əks halda həmin tələbələr qeydiyyata alınmayacaqlar”. 
 
Qeyd edək ki, BDU-da 18 min bakalvar, 2 min magistr və doktorant olmaqla 20 mindən çox tələbə təhsil alır. Bu il universitetin Azərbaycan və rus bölmələrinin bakalavr pilləsinə 57 ixtisas üzrə 4269, magistratura pilləsinə 190 ixtisaslaşma üzrə 600, ingilis qruplarına 16 ixtisas üzrə 217, “SABAH” qruplarına 10 ixtisas üzrə 209 tələbə daxil olub. I kurs tələbələrindən 3 nəfəri Prezident təqaüdünə layiq görülüb. 
 
BDU rəsmisi onu da dedi ki, dövlət sifarişli yerlərdə təhsil alan tələbələr üçün fərqləndirici, adlı, stimullaşdırıcı adlı təqaüdlər olsa da, bunun ödənişli təhsil alan tələbələrə heç bir aidiyyəti yoxdur. 
 
Azərbaycan Dövlət Neft Akademiyasının prorektoru Qasım Məmmədov vurğuladı ki, son 3-4 ildə ADNA-da təhsil haqqı dəyişməyib. Universitetlər arasında da ən aşağı təhsilhaqqı bizdədir -1200 manatdır: “Təhsil haqlarından gələn gəlirin nəyə sərf olunması rəhbərliyin səlahiyyətindədir”.
 
Əmək və sosial münasibətlər akademiyasına 180 tələbə qəbul olunub

Əmək və sosial münasibətlər akademiyasının mətbuat xidmətinin rəhbəri  Xaqani Əzizov bu il akademiyaya 180 tələbənin qəbul olunduğunu diqqətə çatdırdı: “Qiymətlərdə isə dəyişiklik olmayıb. Minimum 1400, maksimum 2000 manatdır”. 
 
Azərbaycan Dövlət Dillər Universitetinin Mətbuat Xidmətinin rəhbəri Zeynəb Kazımova isə bu il qiymət artımında heç bir dəyişikliyin olmadığını dilə gətirib: “Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsində maksimum qiymət  2500 manatdır. Sevindirici haldır ki, bu il bir tələbəmiz Prezident təqaüdçüsü olub”. 
 
“Təhsilhaqlarına Taarif Şurası nəzarət etməlidir”
 
Təhsil eksperti Səftər Nəhmətlinin sözlərinə görə, təhsihaqlarının 65 faiz təşkil etməsi qanuna ziddir. Onun sözlərinə görə, təhsilhaqlarına Nazirlər Kabineti nəzdindəki Taarif Şurası nəzarət etməlidir: “Özəl ali məktəblər qiymət üçün təklif verməlidir, bu qiyməti Təhsil Nazirliyinin mütəxəssisləri yerində araşdırma aparıb, maddi-texniki bazanın vəziyyəti, müəllim kontingenti yoxlanılıb, müzakirə edib, müəyyən qərar verməlidir, son instansiya olaraq proses Nazirlər Kabinetinin Taarif Şurasında qərarlaşmalıdır. Çox təəssüf ki, bu məsələdə universitetlərlə Taarif Şurası məsuliyyəti bir-birinin üzərinə atır. Heç qiymətlərə toxunmasaq belə, yarandığı vaxtdan Qafqaz, Xəzər, Qərb universitetləri kimi ali təhsil müəssisələri hər il maddi-texniki bazalarının artırılması istiqamətində irəliləyişləri edir, amma bizdə bu nümunələr azdır”. 
 
Dövlət universitetlərində də qiymətlər şişirdilib
 
Ekspertin fikrincə, dövlət təhsil müəssisələrində də qiymətlər həddən artıq şişirdilib: “Azərbaycan vətəndaşları xarici təhsil sistemi üzrə Türkiyənin Hacettəpə Tibb universitetinə imtahan verib qəbul olunduqda 1000 dollar illik ödəniş edirlər. Bizim Tibb Universitetində ödənişli təhsilhaqqı 2500 manatdır.  Rəqəmlər arasinda 3 dəfəyə yaxın fərq var. Təhsil haqqında qanunda da göstərilib ki, təhsil müəssisəsi gəlir mənbəyi hesab oluna bilməz və burada məqsəd keyfiyyətli təhsil olmalıdır. Təhsildən toplanan pullar təhsilin inkişafına sərf edilməlidir, müəssisənin maddi-texniki bazası gücləndirilməlidir, yüksək səviyyəli mütəxəssislər həmin ali məktəbə cəlb olunmalıdır. Çox təəssüf ki, Azərbaycanda pullu təhsil şəxsi maraqlara daha çox xidmət edir. Ali məktəbin çöl divarlarının bahalı üzlük daşlardan olması,  5-6 gözəgəlimli  kompüterin qoyulması yüksək ali təhsil demək deyil.  Hazırda Bakı Dövlət Universiteti və Neft Akademiyası maddi-texniki bazası nisbətən yüksəkdir, bu da 50 faiz təşkil edir”.
 
“Təhsilhaqları 1000 manatı ötməməlidir” 
 
“XXI əsr Təhsil Mərkəzi”nin rəhbəri, təhsil məsələləri üzrə ekspert Etibar Əliyevin fikrincə isə, indiki şəraitdə ali məktəblərdə təhsilhaqılarının min manat təşkil etməsi məqsədəuyğundur: “Azərbaycan ali məktəblərində təhsilin keyfiyyəti qiymətləndirilməyib. Ali məktəblərin hamısı akkreditasiya olunmayıb. Ali məktəblərin maddi-texniki bazası, infrastrukturu, kitabxanaları, yataqxanaları, İKT təminatı normal vəziyyətdə deyil. Ümumiyyətlə, təhsildə bu kimi mühüm amillərin olmaması göstərir ki, Azərbaycanda təhsil haqqı 1000 manatı ötməməlidir”.(teleqraf.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar