Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ürək deşən suallar...


Ermənistandakı son parlament seçkilərinin nəticələrinə bizdə çox ziddiyyətli münasibət oldu


 Doğrusu, mən bunu bir az başa düşmədim. Əgər Ermənistanda da demokratiyanın olmadığını deyiriksə, onda hakim partiyanın seçkini udmasını niyə təəccüblə qarşılamalıyıq?...

Digər tərəfdən isə... Yox, əvvəl gərək kiçik bir giriş edim. Cəmi azərbaycanlılar kimi mən də belə hesab edirəm ki, Ermənistan dünyanın ən axmaq dövlətlərindən biridir. Buna sözüm yoxdur.

Amma suallar vardır ki, onlar mənim də ürəyimi deşir. Bilirsiniz, söhbət nədən gedir?

Bəzi “şərhçi”lərin Ermənistandakı vəziyyətlə bağlı “yozum”larını eşidəndə, onların düşmən ölkədə demokratiyanın heç olmaması haqda gileylərini dinləyəndə ixtiyarsız olaraq ürəyimdən bir istək keçdi: kaş, biz öz ölkəmizdə də demokratiya və seçki məsələlərinə bu qədər diqqətli və tələbkar olaydıq! İnanın, belə olsaydı, Qarabağı da uzağı beş-üç ilə geri qaytarardıq.

Bəlkə də məni izafi tələbkarlıqda qınayacaqlar. Amma otuz ildir ki, yazı işi ilə məşğul olmuşam və hər dəfə də həqiqəti yazmağa çalışmışam. İndi durub nə edim? Mən də başqalarından özümüzdə olmayan və uzun illər həsrətini çəkdiyimiz məsələni - demokratiyanı tələb edimmi?..

Ermənistandakı seçkilərlə bağlı çoxlu iradlar səslənəcəkdir. Amma görün, hiyləgər ermənilər bu dəfə də nə etdilər? Hakim partiya bəzi ölkələrdəki kimi 99 faizlə “qələbə” çalmadı, cəmi 49 faizlə razılaşdılar, buna qane oldular.

Həm də mənim ürəyimi daha bir sual deşir. Məsələ bundadır ki, Ermənistanda ən azı on deputat həqiqətən də seçildi. Bəs biz 125 nəfər deputatımızdan neçəsinin həqiqətən, bütün demokratik tələblərə uyğun seçildiyini deyə bilərik? Məsələ də bundadır ki, deyə bilmirik və belə suallardan söz düşəndə ən yaxşı halda özümüzü eşitməzliyə vururuq. O səbəbdən bir söz başqalarından deyəndə, heç olmasa, yarım söz də öz vəziyyətimizdən deyək...

Qərəz, özümüzü elə aparmayaq ki, guya dünyanın ən xoşbəxt ölkələrindən və yaxud da cəmiyyətlərindənik. Bunu deməyə, yeri gəldi-gəlmədi, üyüdüb tökməyə ehtiyac yox. Onsuz da hər şey göz önündədi.

Əslində ermənilər kimi biz də bəxtsiz xalqıq və ermənilərdən fərqimiz bir az ondadır ki, azacıq mədəmiz toxdur. Ürəklərimiz isə bom-boşdur. Ümidsizlikdən bilmirik ki, nə edək? Ürəyimizi deşən suallara durub kimi ortaq edək?..

O ki qaldı ermənilərə, elə əvvəldən bilirdim ki, Dağlıq Qarabağda güzəştə və sülhə çağıranlar parlamentdən kənarda qalacaq. Hətta onlar parlamentə seçkiləri udsaydılar belə yenə nəsə olacaqdı. Məsələn, bir neçə illər bundan əvvəl olduğu kimi yeni seçilmiş parlamenti gülləbaran edəcəkdilər. Və yaxud da buna bənzər başqa nəsə olacaqdı...

Bunları ona görə deyirəm ki, “xalqın əvəzinə danışan kriminal və ya mafioz elementlər” haqda nağılları bir tərəfə atmaq lazımdır. Ermənilər heç də Rusiyanın “passiv geosiyasi alət”ləri deyil, necə deyərlər, özləri də “az aşın duzu” deyillər. Ona görə də mən həqiqətən də inanıram ki, bu gün Ermənistanda sülhdən və güzəştdən danışanlar elə həqiqətən də öz cəmiyyətlərində ciddi dəstəyə malik deyilllər. Əgər əksi olsaydı mən buna hamıdan çox sevinərdim. Amma düşünürəm ki, belə deyildir və bir daha deyirəm ki, ermənilər “az aşın duzu” deyillər, ruslarda bir varsa, bu ermənilərdə lap iki var...

O biri tərəfdən də düşünürəm ki, ermənilərə S.Sərkisyan kimi bir prezident lazımdır. Əgər Sarkisyan həqiqətən də pis prezidentdirsə və ölkə həqiqətən də girdabdadırsa, bir gün bütünlüklə çökəcək və həmin vaxt Ermənistanda axır ki, böyük, özü də həqiqətən böyük sosial-siyasi partlayış olacaq. Bax, o halda nəsə dəyişə bilər. Çünki Ermənistanda bir gün, daha doğrusu, gələcəkdə hakimiyyətə gələn heç bir siyasi qüvvə hazırkı hakim siyasi klan qədər şovinist, millətçi ola bilməyəcək. Bu gün Ermənistanı həqiqətən də müharibə partiyası idarə edir.

Onlar ölkəni tamam çökdürəndən sonra hakimiyyətə gələcək qüvvə daha Koçaryan-Sarkisyan klanı qədər şovinist və müharibə tərəfdarı ola bilməz. Böyük ehtimalla mənim bəhs etdiyim sülh partiyasının hələ vaxtı gəlməyib, görünür, Ermənistan hələ bir az da çökməlidir...

Bizə gəldikdə isə, gəlin özümüzə də diqqətli olaq. Ən azı öz vaxtımızı hədər keçirməyək. Tək hakimiyyət kimi deyil, həm də millət, cəmiyyət kimi güclənək...

Hüseynbala SƏLİMOV
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar