Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaq bağçasında yas mərasimi keçirilib - Nizami rayonunda


Bu sahə Hacıbala Abutalıbovun nəzarətinə verildikdən sonra vəziyyət daha da pisləşib


Bağçalar uşaqların gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Alimlər də sübut edirlər ki, bağça həyatı keçmiş uşaq digərlərinə nisbətdə digərlərindən daha çox uğur əldə etmiş olur. Psixoloqlar bildirirlər ki, bağça uşaqların nitqini, yazı vərdişlərini inkişaf etdirir, ətraf aləmlə ünsiyyət bacarığını formalaşdırır. Avropa və digər ölkələrə baxsaq görərik ki, məktəbəqədər olan uşaqların 90 faizi bağçalarda təhsil alır. Avropa İttifaqı ölkələrində uşağın 4 yaşından təhsilə cəlb edilməsi icbaridir. Şimali İrlandiyada isə 3 yaşında uşaqlar mütləq bağça təhsili alır. Lakin Azərbaycanda Dövlət Statistika Komitəsinin məlumatına görə, məktəbəqədər təhsil müəssisələrinə 1-5 yaşında uşaqların cəlb edilməsi orta hesabla 16 faizdir. Bu göstərici şəhərdə təxminən 23 faiz, rayon və kəndlərdə isə 8 faiz təşkil edir. Komitənin digər məlumatına görə isə hal-hazırda 157 mindən çox uşağın bağçaya ehtiyacı var. Halbuki, uşaq hüquqları konvensiyasının 7-ci bəndində bildirilir ki, məktəbəqədər hazırlıq, uşağın məktəbə getməzdən əvvəl inkişafı onun əsas hüquqlarından biridir.

Təhsil Eksperti Etibar Əliyev bağça təhsili almayan uşaqlardan danışıb: “Bu gün Azərbaycanda məktəbə gedən 1-ci sinif şagirdlərin təxminən 16-18 faizi bağçadan gəlir. Bu, çox aşağı göstəricidir. Deyərdim hətta az inkişaf etmiş ölkələrdən də geridə qalırıq. Bu hal uşaqların sonrakı təhsil mərhələlərində özünü göstərir. Dünya ölkələri ödənişsiz dövlət bağçalarının çoxalmasına xüsusi diqqət edir. Təəssüflə deməliyəm ki, hələ ki bizdə bu yöndə ciddi addımlar atılmır”.

Bağçada yas mərasimi...

Bu gün nə qədər uşaqlarımız bağçaya getmək hüququndan məhrum olsalar da xeyli sayda “böyüklər” bu hüquqdan gen-bol istifadə edə bilir. “Yeni Müsavat”a daxil olan məlumata görə, Nizami rayonu N.Naxçıvanski küçəsi 173 ünvanında yerləşən bağçada təmtəraqlı yas mərasimi keçirilib. Yəqin ki, uşaqlar böyüklərin bağçaya təşrif buyurmasını təəccüblə qarşılayıblar. Hələ “palatka”dan gələn molla və yaxud ah-vay səslərini demirik. Respublikada “səhv düşəndə yerimiz” məsələsi tez-tez baş verir. Lakin yas mərasiminin “səhvən” bağçaya “düşməsi” nadir görünən hallardandır. İndi hansı aidiyyatı orqan bu məsələdən agah olan kimi “lazımi tədbir görüləcək” deyəcəklər. Ancaq hər halda bağça müdiriyyətinin icazəsi olmadan bu hal yaranmazdı. 

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra hakimiyyəti ilə əlaqə saxladıq. Qeyd edək ki,  2011-ci il dekabrın 27-də verilən prezident sərəncamına əsasən ölkədəki məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb. Prezidentin 2012-ci il mayın 11-də verdiyi sərəncama əsasən isə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin sərbəstləşdirilmiş ştat vahidləri hesabına Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradılıb. İdarədən bildirdilər ki, adı çəkilən ünvandakı bağça özəl olduğundan baş verənlərə cavabdehlik daşımırlar.

Özəl bağçalar

Bu gün özəl bağçaların sayı günü-gündən artmaqdadır. Özəl müəssisələrdə isə qiymətlər fantastikdir. Aylıq qiymət 200-600 arasında dəyişir. Bu da illik 6000 manat edir. Halbuki, bu göstəriş ali təhsil müəssisələrində 1000-2500 arasındadır. Vətəndaşlarımızın əksəriyyəti bu məbləği ödəmək imkanına malik deyil. Ekspertlər bildirirlər ki, özəl bağçaların sayı nə qədər çox artarsa rəqabət güclənər, qiymətlər bir qədər aşağı düşər. Təbii ki, bu cür bağçalarda gündə 3, 4 və bəzən 5 dəfə yemək verilir. Eyni zamanda uşaqlar müxtəlif əyləncəli mərasimlərdə iştirak edir, xarici dilləri öyrənir. 

Dövlət bağçalarına qəbul rüşvətsiz mümkün deyil

Hər kəsə məlumdur ki, dövlət bağçalarına uşaqların pulsuz və yaxud “tapşırıq” olmadan qəbul olunması möcüzədir. Bu vəziyyəti aidiyyatı orqanlar təkzib etsələr də mövcud vəziyyət başqadır. Valideynlər hansı dövlət bağçasına müraciət etsələr də yerlərin dolması və yaxud da qəbulun yayda, yəni may ayında keçirilməsi bəhanəsi ilə üzləşirlər. Bakı şəhər sakini Günay Əkbərova mərkəzdə yerləşən bağçaların birinə müraciət etdiyini, lakin, ona may ayında müraciət etməsini tövsiyə ediblər. G.Əkbərova əməkdaşımıza bildirib ki, artıq iki ildir ki, ilin bütün fəsillərinə bir neçə bağçaya müraciət etsə də övladını heç bir bağçaya yerləşdirə bilməyib. 

Adının çəkilməsini istəməyən digər valideyn isə bildirdi ki, Əhmədli qəsəbəsindəki bağçaların birinə müraciət etdikdə ondan rüşvət kimi 200 manat istəyiblər:

“Düzdür, bağça yaşadığımız əraziyə uzaq olsa da şəraiti yaxşı olduğundan ora müraciət etdim. Üstəlik özüm də o bağçada təhsil almışam. Müdiriyyət məndən 200 manat istədi. Atamın tanışlığı vasitəsilə qiyməti 150-yə endirə bilmişəm”.

Alınan rüşvət bununla da bitmir. Övladları bağçada təhsil alan valideynlərlə söhbətdən məlum oldu ki, hər ayın sonunda 20 manat tərbiyəçiyə, 10 manat isə digər uşaqlara nəzarət edən şəxslərə verirlər. 

Hətta bu hal əməkdaşımızdan da yan keçməyib. “Yeni Müsavat”ın əməkdaşı Röya Rəfiyeva vaxtı ilə bu barədə ciddi problemlə üzləşdiyini dedi: “Bir neçə bağçaya müraciət etsəm də “yerlər doludur” sözləri ilə qarşılaşırdım. Və yaxud da 200-300 dəyərində rüşvət istəyirdilər. Sanki bu elə belə də olmalıymış. Nəhayət ki, uzun sürən axtarışlardan sonra övladımı tanışlıqla bir bağçaya verə bildim. Heç bir ay keçməmiş müdirə uşağı bağçadan uzaqlaşdırdı. Mən övladımı yenidən bərpa etdirmək istəsəm də bir nəticə vermədi. Məhkəməyə müraciət etdim. Lakin iddiada uduzan mən oldum”.

“Valideyn” əməkdaşımız

Əməkdaşımız bu barədə kiçik araşdırma aparıb, özünü valideyn kimi təqdim edərək bir neçə bağça ilə əlaqə saxlayıb. Q.Qarayev 90 ünvanında yerləşən 31 saylı bağçanın təsərrüfat müdiri qəbulun may ayından bitdiyini deyib: “Əgər sizin uşağın 2 yaşı varsa may ayında artıq o, orta qrupa daxil edilməlidir. Orta qrupda isə demək olar ki, bir il boş yer olmayacaq. Hər halda müdiriyyət işdə olanda gəlib özü ilə də danışa bilərsiz”. Yəni, məsələ aydındır..
Ə.Əzimzadə küçəsi 4-də yerləşən 48 saylı bağçanın müdiri Elza Əliyeva isə bildirilib ki, yalnız 4 yaşından yuxarı uşaqlar qəbul edilir, o da ki, hələ yer yoxdur.

Nisbətən mehriban danışan Keşlə qəsəbəsi 2-ci köndələndə yerləşən 278 saylı bağçanın təsərrüfat müdiri isə hal-hazırda yerin olmadığını desə də “müdiriyyət gəlsin, bəlkə danışsanız birtəhər yerləşdirərik” cavabını verib.

Əcaib adlarla uşaq bağçaları

Qeyd etməliyik ki, nədənsə özəl bağçaların demək olar ki, əksəriyyəti əcnəbi adlara üstünlük verirlər. Məsələn, “Olimp”, “Nemo”, “Mickeys hous” və s. Əcəba, uşaqların başa düşmədiyi əcaib, xarici adlara müraciət edilməsi nə ilə izah edilir - uşaqların daha çox cəlb edilməsi, yoxsa dəb? Hələ ki, bu suala heç bir bağça cavab vermək istəmir.

Yayılan məlumatlara əsaslanaraq bildirək ki, özəl bağça biznesində bir neçə məmurların adı çəkilir. Bu sırada deputatlar Ziyad Səmədzadənin, Şəmsəddin Hacıyevin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, sabiq təhsil naziri Misir Mərdanovun, BŞİH başçısı Hacıbala Abutalıbovun və digərlərinin adları hallanır. (musavat.com)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar