Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaqub Mahmudov və “Xəlifənin qara qarğaları“


Taleh Şahsuvarlı yazır


1990-cı il idi. İndiki kimi yadımdadır, “SSRİ xalqlarının tarixi” adlı qırmızı üzlü, qalın bir kitab vardı. Qohumum, sonralar Qarabağ döyüşlərində şücaətlər göstərmiş, atası ilə birgə Laçını tərk etməyərək özü əsir düşmüş, valideyni isə şəhid olmuş Nadir Əsgərov hədiyyə etmişdi. 

Nadir müəllim Laçında, dədə-baba yurdumuz, Gəloxçu elinin mətəsi Qarıqışlaqda yaşayır, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alırdı. Bakıdan Laçına, Laçından Bakıya gedib-gələndə hər dəfə Bərdədə ayaq saxlayar, gələndə də əliboş gəlməz, mənə oxumağa qəzet, kitab gətirərdi.

Söz vaxtına çəkər, bir payız axşamı idi, dədəmgilin (ata tərəfdən babamıza “dədə” deyərdik) alt-üst evinin ikinci mərtəbəsində həmin kitabı oxuyurdum. Saat səkkizə bir neçə dəqiqə qalmış dədəm otağa girdi, ağ-qara televizoru açdı, “Günün ekranı” xəbər proqramından öncə yayınlanan saatla qolundakı vaxtı düzəltdi, dədə-bala verilişi izlədik. Süjetlərdən biri ADU-nun Tarix fakültəsinin və Bakı şəhər, Yasamal rayonu 20 saylı məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix Litseyinin açılmasına, orada təzə-təzə başlayan dərslərə aid idi. Dədəmlə bir-birimizə baxdıq, onun ürəyindən keçəni mən, mənim ürəyimdən keçəni o oxudu, əlavə bir kəlimə də demədən atamı çağırtdırdı.

Cəmi bir neçə gün sonra BDU-nun tarix fakültəsinin dəhlizində bərabərdik- atam, Nadir müəllim və mən, fakültənin dekanı, Respublika Tarix Litseyinin qurucusu Yaqub Mahmudovu gözləyirdik. Dekanla görüşdük, məqsədimizi dedik. Nadir müəllim məni bir az təriflədi, Yaqub müəllim bir-iki sual verdi, utana-utana cavabladım. Yaqub müəllim ətraflı danışdı, bu il artıq litseydə dərslərin başladığını, qrupların formalaşdığını söylədi, lakin özətləsəm, sözünü təxminən belə tamamladı: “Ermənilər ərazilərimizə qarşı iddia qaldırıb, iddiaların arxasında həm də erməni tarixçilərinin uzun müddətdir apardığı əsassız təbliğat dayanır, bu yalanları gələcəkdə də ifşa etmək üçün bizə yeni kadrlar lazımdır. Nə cür hərbi litseylərə qabiliyyətli uşaqları erkən yaşdan götürür və zabit yetişdirirlərsə, bizim də məqsədimiz Azərbaycanın ən müxtəlif bölgələrindən istedadlı yeniyetmələri aşkarlayıb qısa zamanda tarixçi kimi hazırlamaqdır”.

Doğrusu, biz elə onda bildik ki, litseydə tarix təmayüllü olsa da, orta məktəb proqramı deyil, ADU-nun Tarix fakültəsinin üçüncü kursuna qədərki planı tədris olunur və bu planı ən yaxşı mənimsəyən şagirdlərin birbaşa üçüncü, ortababların ikinci, adi dərəcədə mənimsəyənlərin isə birinci kursa imtahansız qəbulu gözlənir, “oxumayanların, çatdırmayanların isə o litseydə bir işi yoxdu”.

Həmin litseyə ertəsi il qəbul olundum, AXC hakimiyyətə gələn kimi Yaqub Mahmudovu “Heydər Əliyevçi olmaqda” ittiham edib dekanlıqdan çıxardı, litseyin aqibəti, Yaqub Mahmudovun böyük arzusu, direktorumuz Kərim Şükürovun öz doğma övladlarından çox bizə çəkdiyi əziyyət, Məmmədəli Hüseynovun, Həvil Həvilovun, Rövşən Aslanovun, Kərəm Məmmədovun, Gülxanım Qarayevanın, Nəcəf Müseyibovun, Zemfira Məmmədovanın, Asif Bayramovun, Şərqiyyə Muradəliyevanın və adlarını məmnuniyyətlə çəkə biləcəyim daha neçə-neçə sözün əsl mənasında milli ziyalıların əməyi ilə yanaşı bizim yeniyetmə xəyallarımız da havada qaldı. Yaxşı ki, o zaman test sistemi artıq tətbiq olunurdu və ilk növbədə “müstəqil yanaşma bacarığı” aşılanmış litsey şagirdlərinin qorxub-çəkinəcəyi bir imtahan yoxdu. Litseydə təhsil alan təxminən 75 şagirddən attestat almağa yaşı çatmayanlar, yaxud orada təhsil almaq üçün sinif baxımından “geri düşənlər” Təhsil Nazirliyinə müraciət etdi, ekstern imtahan verdik və sənədlərimizi tələbə adını qazanmaq üçün təqdim etdik. Həmin 75 şagirddən uzaqbaşı 3 nəfər ali məktəıb məzunu ola bilmədi, bunun da səbəbi qəbul və təhsillə bağlı məsələlər deyil, şəxsi ailə problemləri (məsələn ikisinin atası şəhid olduğu üçün ailələrinin yanına qayıtmalı olmuşdular) idi.

Bu gün öz aramızda “litsey uşaqları” dediyimiz Yaqub Mahmudovun həmin yetirmələri icra strukturlarında, hüquq-mühafizə orqanlarında, diplomatik korpusda, mətbuatda kifayət qədər önəmli yerlər tutur, savadlı vəkillər kimi tanınır, ölkəmizdə və xaricdə elmi-tədqiqatlar aparır, diasporanın fəal nümayəndələri kimi çıxış edirlər. Karyera baxımdan harada irəliləmələrindən və siyasi baxımdan hansı fikrin daşımalarından asılı olmayaraq o uşaqların hər birinin yerinə vicdan rahatlığı ilə and içə bilərəm: onların hər biri iliyinə qədər Azərbaycanı sevir, onların hər biri dövlətçidir, yüksək tarixi bilincə və vətəndaş məsuliyyətinə malik fərdlər olmaqla rüşvətdən və mərdimazarlıqdan tamam uzaqdırlar.

Bütün bunlar bəlkə də kimlərəsə qeyri-adi görsənir. Amma Üzeyir Hacıbəyovun, Mirzə Cəlilin, Ömər Faiq Nemanzadənin həyatını, o böyük kişilərin Azərbaycanın palçıqlı-kəsəkli yollarına düşüb qapı-qapı istedad axtarması, onları seminariyalara, universitetlərə yönəltməsi ilə vətənimiz və millətimizin tərəqqisi üçün oynadığı böyük rolu xatırlayanda Yaqub Mahmudovun hansı ənənənin, hansı idealın sahibi olduğu, hansı vətənpərvərliklə bu işin altına girməsini müəyyən etmək çətin deyil.

Madam xatirələrdən başladıq, birini də deyim, sonra digər müddəlarımı səsləndirəcəm.

2014-cü ilin əvvəlləri idi, səhv etmirəmsə, fevral ayının əvvəlləri idi. O zaman Azərbaycanın ən böyük media quruluşlarından olan “Gündəlik Teleqraf”da eyni adlı qəzetin şef redaktoru idim, əməkdaşımız Nərgiz Cavadzadənin moderatorluğu ilə “Brifinq” adlı yaxşı bir layihə hazırlayırdıq. Holdinqin rəhbərliyi ilə məsləhətləşib bir neçə gün sonra- fevralın 10-da ad günü olacaq və mətbuatda haqsız hücumlara məruz qalmış millət vəkili, AMEA Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudovu həmin layihə çərçivəsində redaksiyamıza dəvət etdim, ertəsi gün yeni yaşını qeyd edəcək alim üçün kiçik bir tort da aldıq. Sağ olsun, təklifimizi qəbul etdi, redaksiyamıza təşrif buyurdu və söhbətə o sualla başladım ki, məni xatırlayırsınızmı? Bir az baxdı, “tanış gəlirsən” deyə yaddaşını çözələdi və mən “sizin qurduğunuz litseyin məzunuyam” deyəndə ayağa qalxıb çox doğma bir şəkildə boynumu qucaqladı. Bu səhnə redaksiyamızın söhbətdə iştirak edən əməkdaşlarını da təsirləndirdi və mənim da hafizəmdə dərin bir iz buraxdı, bir daha əmin oldum ki, xalqa və vətənə təmənnasız xidmət etmisənsə, səni xatırlayacaqlar, heç gözləmədiyin halda, heç gözləmədiyin şəkildə müdafiə edəcəklər…

Sırf bu gündən yanaşaraq Yaqub Mahmudovla bağlı bir məsələnin üzərində xüsusi dayanmaq istəyirəm. Tarixçi alim özü mənim bu fikrimi nə qədər bölüşər, bölüşmək istəyər bilmirəm, düşündüyümü deyəcəm. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna uzun illər, haradasa 30-40 il İqrar Əliyev başçılıq edib. Əliyev peşəkar və tarixçilərin beynəlxalq cameəsində, əlbəttə, tanınan bir fiqurdur. Lakin onun Azərbaycan tarixi ilə bağlı konsepsiyası, xalqımızın keçmişinə baxış modeli dünyada heç bir ciddi alim tərəfindən qəbul olunmamaqla birgə, Tarix İnstitutunun fəaliyyətini də az qala yarım əsrlik bir müddətdə öz inhisarında saxlayıb.Azərbaycan tarixinə Fars yox, türk mərkəziyyətçiliyindən baxmaq lazım. Azərbaycanı türkün nəhəng, zəngin, imperiyalarla və dünyada həmən-həmən hər xalqın inkişafına müsbət təsir edən dövlətlərlə bol tarixindən ayrıca mədəni-siyasi coğrafiya götürmək mümkün deyil. Əks təqdirdə Azərbaycan tarixinin təkzibolunmaz həqiqətlərini ortaya çıxarmaq, “sizin dövlətçiliyiniz 1918-ci ildən- ADR-dən başlayır” deyə cəfəng iddialarda bulunan ermənilərin də qarşısında söz sahibi olmaq mümkünsüzdür. Yaqub Mahmudovun Azərbaycan xalqına və Azərbaycan tarixinə ən böyük xidməti, zənnimcə, məhz budur- Türk mərkəziyyətli tarix anlayışını ölkəmizin müvafiq sahədə ən böyük elmi-tədqiqat müəssisəsində konseptual sistemə çevirmək! Bu mənada Yaqub Mahmudov mənim nəzərimdə təkcə peşəkar bir tarixçi, dəyərli bir ziyalı deyil, həm də bilim filosofudur. Məlum, bilim fəlsəfəsinin funksiyası istər humanitar, istərsə də dəqiq elmlərdə anlayışları, qavrayışları yaratmaq, dəyişdirmək, zənginləşdirməkdir.

Azərbaycanın, yaxud Azərbaycanda dövlətçilik tarixinə yanaşmaq üçün bu gündən baxanda konseptual baxımdan bir neçə baxış bucağı, model qurmaq mümkündür:

1) Tarixi Azərbaycan ərazisində dövlətlər;
2) Azərbaycan Respublikası ərazisində dövlətlər;
3) Tarixi Azərbaycan ərazisində türk dövlətləri;
4) Azərbaycan Respublikası ərazisində türk dövlətləri;
5) Azərbaycan türklərinin etnogenizində rol oynayan türk tayfalarının dövlətləri;
6) Azərbaycan Respublikasında yaşayan türklərinin etnogenizində rol oynayan türk tayfalarının yaratdığı dövlətlər.

Gəlin, bir-bir incələyək qısaca:

1) Tarixi Azərbaycan ərazisində dövlətçilik Mannadan başlayır. Bu baxımdan dövlətçiliyimizin 3000 illlik tarixi var. Manna ilə bizi birləşdirən ƏRAZİ faktoru, həmçinin həmin ərazidə ən azı elə Manna dövləti zamanında yerləşməyə başlayan türk tayfalarıdır. Zatən 3000 il öncənin ibtidai icma quruluşundan çıxmış azsaylı tayfaları bu günkü anlayışlar çərçivəsində heç bir xalqın etnogenizində birbaşa və ciddi rol oynaya bilməz.
2) Azərbaycan Respublikası ərazisində ilk dövlət İşğuzlardır və Albaniyadan daha qədimdir.
3) Tarixi Azərbaycan ərazisində də ilk türk dövləti İşğuzlardır. Midiya üzərində Heredotun yazdığına görə, 28 il hakimiyyətdə olublar. Bu gündən baxdıqda 2700 il tarixi var.
4) Azərbaycan Respublikası ərazisində ilk türk dövləti də elə İşğuzlardır.
5-6) Hər iki halda türk tayfalarının dövlətləri- Qədim Türk Xaqanlıqlarından başlayır.

Beləliklə, 6 mümkün modeldən hər birində TÜRK izlərini görür, xüsusən son beşində türklərin iştirakını, həm də fasiləsiz olaraq birbaşa müəyyənedici etnos kimi görürük. Bu gün əməvi-erməni zehniyyətinin daşıyıcıları, yaxud İqrar Əliyevin tarix anlayışının təsirində qalanlar bu modelə ağız büzə bilərlər, lakin öncə Quzey Azərbaycanda yaranmış, daha sonra Güney Azərbaycana hakim olmuş, iqtidardan getdikdən sonra da arxasında böyük bir türk toplumu buraxmış İşğuz dövlətini kimsə tariximizdə silə bilməz. Necə silə bilərlər ki, qədim dünyanın bütün yazılı və arxeoloji qaynaqlarında, hətta “Bibliya”da belə bu dövlətdən söz açılır? Türklər Səlcuqlardan öncəki Azərbaycan tarixindən necə silinə bilər ki, savirlər, bolqarlar, hunlar, xəzərlər və bu kimi proto-türk ellərinin axınları qarşısında coğrafiyamızın bütün digər dövlətləri diz çöküb?!.

Digər tərəfdən, respublikamızın ərazisində yaşayan və yaşamayan Azərbaycan türklərinin etnogeniz məsələsi öz həllini Səfəvilər dönəmində tapıb. Etnogenezin formalaşması on günün, beş ayın, bir əsrin məsələsi deyil, xalqın və ərazisinin bütün tarixini əhatə edən, müxtəlif mərhələlərdən keçən uzun prosesdir. Bu proses məhz Səfəvilər dövründə türk tayfalarının vahid siyasi-inzibati məkanda bir araya gəlməsi ilə xalq kimi formalaşmağımız üçün sürət qazandı və həlledici mərhələdən keçdi. Odur ki, Səfəvilərin Azərbaycan xalqına mirası, ən böyük mirası elə AZƏRBAYCAN XALQI özüdür.

Bir daha deyir, bir daha təkrar edirəm: modernləşmə sürəcinin ərsəyə gətirdiyi Azərbaycan Demokratik Respublikasını Azərbaycan türklərinin ondan əvvəlki dövlətlərinə qarşı qoymaq ya savadsızlıq, ya da xaricdən alınan sifarişləri yerinə yetirmək cəhdidir. Dövlətlərdə siyasi varisliyi müəyyənləşdirən xalq amilidir. Xalqlar müxtəlif quruluşlarda, siyasi sistemlərdə, dini mühitlərdə yaşaya bilər, lakin dövlətçilik ənənəsini onların tarixdəki “qan bahası” yaradır.

Zira, dövlətlərin yaşaması, ayaqda qalması, xalqı rifaha və tərəqqiyə qovuşdurması üçün təkcə liderlər, cəngavərlər, bürokratlar yox, həm də aydınlar, intellektuallar, bilgi və fikir sahibləri lazımdır. Tarixi bilinc olmadan dövlət qurmaq mümkün olmadığı kimi, çağdaş bilimi mənimsəmədən də gələcəyə addımlamaq imkansızdır. Siyasətçilərin işi tarix bilincini və çağdaş bilimin yeniliklərini başqalarından daha yaxşı mənimsəməklə cəmiyyətə yeni üfüqlər göstərməkdir.

Bu mənada Yaqub Mahmudova qarşı çıxan, ad çəkdi-çəkmədi onun Azərbaycan tarix elminin inkişafı üçün tutduğu elmi baxımdan haqlı, milli baxımdan vicdanlı, intellektual baxımdan prinsipial mövqeni öz aləmlərində “topa tutanlar”, “Babək” filmində deyildiyi kimi, “xəlifənin qara qarğaları”dır. Onlar Azərbaycanı ərəb-əməvi bataqlığına çəkmək, Orta doğunun bitib-tükənməz savaşlarına calamaq istəyən avantürüstlərdir. Bizim istər türk dünyası ilə əlaqələrimiz, istərsə də çağdaş mədəniyyətə inteqrasiyamız ərəb-əməvi zehniyyəti əsasında deyil, SEKULYARLIQ müstəvisində gerçəkləşir və gerçəkləşəcək. Türkiyə müstəvisində bunu Atatürk yolu da saya bilərik. Atatürkün yolunun- sekulyarlığın qarşısına Fətullah Gülən kürkü geyərək çıxanların aqibəti isə Türkiyədə ortadadır. İndi kürkünə birə düşmüşlər, Şah İsmayılın börkünə hücum çəkənlər vaxt vardı Atatürkü və Məhəmməd Əmini də tariximizdən silməyə çalışır, “ikinci, üçüncü respublika” söhbətləri edirdilər…

Bəli, Məhəmməd Əmin də, Qacar da, Nadir də, Şah İsmayıl da… İşğuz Partatua kağan da bizimdir. Böyük millətimizi tarixdən silsən, ortaq bir türk ruhunun daşıyıcıları olaraq qurduğumuz imperiyaları, dövlətləri gözdən çıxarsan, nə dünya qalar, nə tarix…

…Tarix isə elmdir və nə qədər ki Yaqub müəllim kimi aydınlarımız, onların minlərlə, on minlərlə tələbəsi var, elm üzərindən kimsə əməvi-erməni zehniyyətini xalqımıza sırıya bilməyəcək, əmmamələri yerə düşəcək, əbaları yırtılacaq, kürklərini bit-birə basacaq.

Yaqub Mahmudov sayaq türkün və börkün müdafiəçisi olanlar isə dəstəklənəcək, seviləcək, anılacaq… (hurriyet.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar