Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol qəzalarında niyə ölürük, cənab deputat...


Mediada yol qəzalarının artması ilə bağlı müzakirələr intensivləşib. Bu, artıq bir sosial bəlaya çevrilib. Problemin həlli istiqamətində hökumət vaxtaşırı tədbirlər görür: cərimələrin məbləği artırılır, cəzalar sərtləşdirilir. Lakin bütün bunlar sürücülərin və piyadaların qaydaları kobud şəkildə pozmalarının qarşısını almaq üçün yetərli olmur. İnsanlar sükan arxasına keçib, mənzil başına yetişmək əvəzinə, son mənzilə gedirlər bəzi hallarda


Hər gün ölümlə nəticələnən yol qəzaları haqda xəbərlər eşidirik. Yaxşı, əgər bu sahədə qanunu, qaydanı pozanlara qarşı cəzalar sərtləşdirilibsə, cərimələr artırılıbsa, qəzaların azalmamasının səbəbi nədir?

Yeri gəlmişkən, cərimələr artırılanda, cəzalar sərtləşdiriləndə bəzən cəmiyyətin müxtəlif təbəqələrindən narazılıqlar eşidilir. Yol polisini bu qədər sərt davranmaqda qınayanlar tapılır. Amma bu mövqedən çıxış edənlər Avropa ölkələrindəki analoji cərimə və cəzalara diqqət etmirlər. Hələ bu qədər müşahidə kameraları, yol polisinin intensiv nəzarəti, yüksək məbləğli cərimələr ola-ola sürücülər və piyadalar həm özlərinin, həm də başqalarının həyatına təhlükə yaradan davranışlara yol verirlər, görün, cəzalar mülayim olsa, yol polisi güzəşt etsə, hansı faciələr yaşanar.

Qayıdaq yuxarıdakı sualın cavabına. Yəni bu qədər tədbirlərdən sonra qəzalar nədən minimum həddə  düşmür?

Ən birinci ona görə ki, yol hərəkəti qaydalarına əməl etmək, polisin tələbinə tabe olmaq bir mədəniyyət məsələsidir. Bu, hər şeydən öndə gəlir - inzibati cəzadan da, qadağalardan da. İnsanlar yeraltı və yerüstü keçidi qoyub, yolun piyadalar üçün qadağan edilmiş hissəsindən keçirlərsə, bu zaman avtomobil onları vurub öldürürsə, ən yaxşı halda şikəst edirsə, buna yol polisi neynəsin, qanun neynəsin?! Yaxud məsələn, sürət həddi 90 olan yerdə, kimsə saatda 180 km sürətlə maşın sürürsə, artıq o sürücü təkcə hansısa piyadanın üstündən keçmir, həm də qanunların, dəyərlərin üstündən dörd təkərlə şütüyüb ötür.

Cəmiyyət təkcə yazılı qanunlarla idarə olunmur. İnsanlar həyatlarını həm də yazılmamış qanunlarla qururlar, tənzimləyirlər. İctimai yerdə tualet ehtiyacını ödəməyi qadağan edən qanuna nə gərək var? Hamı bilir ki, küçənin ortasında təbii ehtiyacı ödəmək ayıb əməldi. Normal adamlar bunu etmir. Bu, artıq bir əxlaq, mənəviyyat məsələsidir. Yol hərəkətini kobud şəkildə pozmaq da qanunsuzluqdan öncə, mədəniyyətsizlikdir.

Fikir vermisiz yəqin, yol polisinin saxladığı maşının sürücüsü sənədi təqdim etmədən öncə, mobil telefonla kiməsə zəng edib, yol verdiyi qanunsuzluğa göz yumulmasını istəyir. Sonra da mobil telefonu yol polisinə uzadıb, “filankəs müəllimdi, danış” deyə az qala polisə əmr verir. Gürcüstanda belə bir halla qarşılaşa bilərsizmi? Türkiyədə necə, trafik polisi ilə kim belə rəftar etməyə cürət göstərər? Hələ Avropa ölkələrini demirik. Orda bu cür hərəkət edən sürücünü qandallayıb təcridxanaya salarlar. Biz azərbaycanlılar xarici ölkələrdə olarkən bu qaydalara yüksək səviyyədə əməl edirik. Öz ölkəmizdə isə sanki bilincli şəkildə, inadına qaydaları pozuruq. 

Bu günlərdə yol qəzaları ilə bağlı saytlardan birində deputatların fikirlərinə rast gəldim. Mövzu artan yol qəzaları, bu bəladan çıxış yolları haqda idi. Aktual mövzu olduğundan, mediada bu haqda vaxtaşırı yazılır. Jurnalist həmkarım mövzu ilə bağlı deputat Rəfael Cəbrayılovun da fikirlərini öyrənib.

Sitat: “Statistikaya baxanda adama elə gəlir ki, sanki Azərbaycanın yollarında müharibə gedir. Mən bir neçə il əvvəl bu statistikanı araşdırdım və məlum oldu ki, 2014-cü ilə qədər hər il yol qəzalarında 1200-ə qədər insan həyatını itirirdi. Bu çox böyük rəqəmdir. Nəzərə alsaq ki, bunun 3 misli qədər də bədən xəsarəti alan insanlar olur. Qarabağda aktiv döyüş əməliyyatları gedəndə isə il ərzində  heç vaxt Azərbaycanda 1200 insan həyatını itirməyib.  2017-ci ildə bu rəqəm aşağı düşüb. Belə ki, ötən il yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub. Bu rəqəmin özü də böyükdür. Əgər Azərbaycan qədər əhalisi olan Avropa ölkələri ilə Azərbaycan müqayisə etsək görərik ki, bizdə vəziyyət heç də ürəkaçan deyil. Çünki Avropa ölkələrində hər 100 avtoqəzada ölüm faktı 2-4 olduğu halda,  bizdə isə il ərzində 1200-ə qədər adamın dünyasını dəyişdiyi vaxtlarda ölüm faizi 30-dan artıq olurdu. Təsəvvür edin ki, İsveçin əhalisi təxminən bizim ölkənin əhalisi qədərdir, amma avtoqəzalarda ölüm sayı cəmi 2,2 faizdir. Avstriyada 2,7, Türkiyədə 5 faizdir”.  

Hər şeydən öncə, deputatın bu açıqlamasındakı bəzi ziddiyyətlər diqqətimi çəkdi. Rəfael Cəbrayılov həm deyir, 2014-cü ilə qədər hər il yol qəzalarında 1200-ə qədər insan həyatını itirirdi, həm də bildirir ki, 2017-ci ildə bu rəqəm 750 nəfərə düşüb. Fəqət, o, bu rəqəmdən narazıdır. Haqlıdı əslində. Biz də narazıyıq, narahatıq. Vətəndaşlarımız hansısa sürücünün harın davranışının, cahilliyinin, qanmazlığının güdazına gedir.

Fəqət, sabah yol polisi, tutaq ki, Rəfael müəllimin özünü, ya da yaxınlarını yol hərəkəti qaydasını pozduğuna görə saxlasa, səlahiyyətlərindən sui-istifadə edib, cərimədən, cəzadan yayınmayacaqlarına kim qarantiya verər? Bu cür səlahiyyətli adamlar nümunə göstərirmi? Hansı deputat, icra başçısı, nazir qohumu qaydanı pozanda polis onun maşınını cərimə meydançasına apara bilir? Az hallarda olur. Onda da elə hay-küy salırlar ki... Aləmi bir-birinə vururlar. Bəzi deputatlar Milli Məclisin tribunasından “biz toxunulmazıq, bizim avtomobili saxlamaq olmaz” deyib, etiraz edirlər. Sonra da jurnalistlərə deyirlər ki, yol qəzalarının artmasının səbəbi filandı... Sən özün nümunə göstər, yaxınlarını da bu cür nümunəvi davranmağa vadar et, gör avtoqəzalar artır, yoxsa azalır.

İndiyədək onlarla məmurun, deputatın yaxınlarının törətdiyi dəhşətli qəzalarda nə qədər insan həlak olub. Bu əməl sahibi olanların vəzifəli ataları ölkə prezidenti İlham Əliyev tərəfindən sərt formada cəzalandırılıb. Təəssüf ki, bu cür neqativ hallar hələ də qalır. Əsas problem məmur övladlarının, digər səlahiyyətli şəxslərin yaxınlarının avtoxuliqanlığını, özbaşınalığını aradan qaldırmaqdır. Sadə vətəndaş görsə ki, ona rəhbərlik edən vəzifəli şəxsin, onu parlamentdə təmsil edən deputatın özü, övladı qayda pozduqda səlahiyyətindən sui-istifadə etmir, qanuna tabe olur, o zaman kimsə qanunu pozmağa cürət etməyəcək.(“Yeni Müsavat”)

Azər AYXAN

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Yol qəzalarında niyə ölürük, cənab deputat...

Ən çox oxunanalar