Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunanıstanı bitirən ən əsas səbəb: “Kremllə dostluq...”


Qərb-Rusiya qarşıdurması daha da dərinləşdi; Ölkə maliyyə böhranından bu vəziyyətə düşsə də, onun indiki çöküşü daha çox siyasi səbəblərə bağlıdır; bu, Rusiya ilə təhlükəli həddə yaxınlıq edən digər ölkələr üçün də bir xəbərdarlıq sayılmalıdır; Kremlin ağuşundakı Ermənistanda Avropa Birliyinin bayraqlarının dalğalanması bəlkə də bu prosesin başlanğıcıdır...


Yunanıstanda iyulun 5-də keçirilən referendumda iştirak edənlərin 61 faizdən çoxu beynəlxalq kreditorların təqdim etdiyi iqtisadi qənaət proqramına “yox” deyib və ölkə növbəti dəfə iqtisadi fəlakət həddinə gəlib. 

2008-ci ildən bu yana iqtisadi böhran girdabında boğulan Yunanıstanda bu ilin yanvarında “Syriza” Partiyasının rəhbərlik etdiyi radikal solçu qüvvələr hakimiyyətə gəlib. Yunanıstanın yeni baş naziri Aleksis Tsipras (Sipras) dərhal avrozonaya “müharibə” açaraq xarici borcları ödəməyəcəyini açıqladı. Yunanıstanın baş naziri bəyan etdi ki, beynəlxalq kreditorlar ölkənin 323 milyard avro borcunun bir hissəsini silməli və sərt iqtisadi qənaət tədbirlərinə dair tələblərini geri çəkib borc verməyi davam etdirməlidir. 

Yunanıstanın yeni hakimiyyətinin “oğru qanunları” psixologiyası ilə davranması, hətta rəsmi tədbirlərdə belə qalstuk taxmayan baş nazirin Kremlin maliyyə dəstəyi ilə iqtidara gəldiyi barədə hələ ilin əvvəlində danışılmağa başlanmışdı. Aleksis Siprasın komandası  2010 və 2012-ci illərdə Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyasından kredit yardımı alan Yunanıstana yeni maliyyə dəstəyi almaq niyyətində idi. BVF-yə ödənilməli olan 1.5 mlrd. avronun müddəti iyun ayının 30-da başa çatdığından, Avropa Birliyi üzvləri danışıqlar prosesində Afinaya kredit yardımının üçüncü mərhələsinin şərtlərini açıqladı. Əsas şərtlər vergi sektorunda və sosial sahədə islahatların aparılması idi. Sipras isə bu şərtləri qəbul etmədiyini bəyanladı və Avropa Birliyini  şantajda günahlandırdı. Beləliklə, Yunanıstan 2015-ci ilin 30 iyununda ödəməli olduğu 1.5 mlrd. avronun ödənişini təxirə saldı, ölkədə bankların fəaliyyəti iyul ayının 7-dək dayandırıldı, bankomatlardan çıxarılacaq məbləğ 60 avroyadək məhdudlaşdırıldı və ölkənin qarşısında qoyulmuş şərtlərə münasibətin bildirilməsi iyulun 5-nə təyin edilmiş referendumla xalqın ixtiyarına buraxıldı. 

Solçu yunan hökumətinin özünəarxayınlığı bununla da yekunlaşmırdı.  Sipras Qərbin sanksiyaları ilə təklənmiş Rusiyaya borcunu qaytarmağa başladı. Sipras Avropa Birliyi liderlərinin iradəsinə zidd olaraq Moskvaya səfər edərək, Vladimir Putinlə görüşdü. Sipras maddi çətinlik çəkən Yunanıstana Putindən kredit, həmçinin Rusiyanın Avropa Birliyi ölkələrinə tətbiq etdiyi sanksiyanın Afina üçün götürülməsini istəyirdi. Sipras eyni zamanda qaz tədarükündə Afinaya endirim edilməsini də arzulayırdı. Putin isə Avropa Birliyinin “parçalandığı”na sevinərək “Yunanıstan kartrı”ndan təkcə qəzəbli olduğu Avropa liderlərinə qarşı deyil, bütün dünyaya qarşı oynamağa başladı. 

Yunanıstanın qaz kəmərləri üçün strateji mövqeyindən istifadə edən Rusiya öncə Azərbaycanın da içərisində olduğu Trans-Adriatik Qaz Kəmərini (TAP) əngəlləməyə başladı. Qeyd edək ki, TAP layihəsi “Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Üstəlik, Yunanıstan hökumətinin ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin SOCAR-a satışına dair 2013-cü ildə imzalanmış müqaviləni pozacağını bəyan edərək Azərbaycan hökuməti ilə ultimativ dildə danışmağa başladı. Sipras hökuməti bəyan etdi ki, DESFA-nın səhmlərinin 66 faizini yox, 49 faizini SOCAR-a sata bilər. Aydın idi ki, bu qərarda da Rusiyanın barmağı var idi. Çünki Yunanıstan DESFA-nın özəlləşdirməyə çıxarılmasından sonra bu şirkətlər uğrunda SOCAR-la bərabər ”Qazprom" şirkəti arasında kəskin rəqabət vardı. 

Azərbaycan bu rəqabətdə Rusiyanı qıcıqlandırmamaq üçün o qədər də maraqlı deyildi, amma Avropa Birliyi Yunanıstanın o vaxtkı hökumətinə DESFA-nın məhz SOCAR-a verilməsi üçün ciddi təzyiq edirdi. “Qazprom” nəticəni bildiyindən son anda tenderdən çəkildi və oyundan kənarda qaldı. Bu məğlubiyyət isə Putini şübhəsiz ki, bərk sarsıtmışdı. Əlbəttə, bu müqavilənin maliyyəti nəhəng şirkətlər üçün qəpik-quruş olsa da, Azərbaycan və Qərb üçün önəmli idi. Qeyd edək ki, bu müqavilənin imzalanmamasında Avropa Birliyinin də müəyyən rolu var. SOCAR-la DESFA arasında müqavilə bir neçə aydır ki, Avropa Komissiyasının Antiinhisar Komitəsində ləngidilir və Azərbaycan tərəfi bununla bağlı bir neçə dəfə etirazını bildirib. Avropa Birliyinin bu ləngiməsinin səbəbləri sırasında rəsmi Bakının Rusiya ilə münasibətlərinin son aylar yaxınlaşması da var...

Ukrayna böhranından sonra Qərblə müharibə həddinə gələn Rusiya özünə “cəhənnəmə gedən yoldaş” axtarır. Yunanıstan hökumətinin ötən ayın sonunda Sankt-Peterburqda Rusiya qazının “Türk axını” qaz kəməri ilə nəqli ilə bağlı memorandum imzalaması isə artıq Avropa Birliyinin bütün siyasətinə tüpürmək idi. Yunanıstanın energetika naziri borc üçün dirəndikləri Avropa liderlərini sakitləşdirmək üçün bəyan etdi ki, müqavilə Avropa Birliyinə qarşı yönəlməyib. Qərbin cidd-cəhdlə əngəllədiyi, hətta bu layihədə yer almaq istəyən bir neçə Balkan ölkəsinin (məsələn, Makedoniyanın) hökumətlərinə qarşı çevriliş planlarını işə salması bu məsələdə necə qətiyyətli olduğunu göstərir. Yunanıstan hökuməti bu memorandumla Rusiya ilə “cəhənnəmə gedən yolunu” rəsmiləşdirdi.

Qərb, xüsusilə Avropada indi xeyli fəallaşmış Amerika bu cür xəyanətləri bağışlamır. Necə ki, Rusiya keçmiş SSRİ respublikalarında Qərbin fəallaşmasını hər cür vasitələrlə, hətta hədə və şantajla əngəlləyir, yeni işğal planları qurur.       

Avropa Birliyi liderlərinin iqtisadi böhrandan çıxa bilməyən Yunanıstan xalqı ilə heç bir düşmənçiliyi yoxdur. Avrozonanın öz iqtisadi şərtləri var və buna uyğunlaşmaq lazımdır. Amma Yunanıstanın baş naziri təkcə Avropa Birliyinin kredit şərtlərinə əməl etməməklə hədəfə gəlməyib, o həm də indiki məqamda kürəyini Kremlə söykəyərək Avropa Birliyinə arxadan zərbə vurub və bunun cəzasını almalıdır. Referendumun nəticələrini “Yunanıstan və Avropa üçün tarixi səhv” adlandıran Sipras hökumətinin əsas fiquru-maliyyə naziri Antonias Samaras artıq istefa verib. Bu, yanvar ayından bəri hökumətdə ilk istefadır və böyük ehtimalla davamı da olacaq. 

Yunanıstandakı referendumun nəticələrini Rusiya KİV-ləri “xalqın və Siprasın qələbəsi” hesab edir. Amma aydındır ki, Kreml indiki çətin maliyyə durumunda Yunanıstanı yanına çəkib dirçəltmək gücündə deyil. Ən əsas Yunanıstan Putinə Avropa Birliyinə üzv olduğu üçün maraqlı və cəlbedicidir. Əgər Afinanı bu qurumdan çıxarsalar, Kreml də Yunanıstana sahib çıxmayacaq, ən yaxşı halda onu Avrasiya Birliyinə və ya ŞORS-a daxil edəcək... Amma Siprasın “Biz təlatümlər içində yaşayırıq bu gün. Dəniz ölkəsi olduğumuzdan buna alışmışıq.

Ancaq bir dəniz ölkəsi olaraq biz daha təhlükəsiz limanlar axtarışına çıxmışıq”, -  bəyanatını da unutmaq olmaz.  Çünki Yunanıstanın “Avropa evi”ndən qovulması Avropa Birliyinin cənub sərhədlərində qüvvələr nisbətinin Rusiyanın xeyrinə dəyişilməsinə gətirib çıxara bilər. 

Referendumun ilkin nəticələrinin açıqlanmasından dərhal sonra Almaniya kansleri ilə Fransa prezidenti arasında telefon danışıqları olub. Merkel və Olland bu gün- iyulun 7-də Avropa Birliyinin fövqəladə sammitini çağırmağı qərara alıblar.

Məlumatlara görə, Almaniya kansleri Angela Merkelin yunan baş nazirini  görməyə gözü yoxdur və Yunanıstanın avrozonadan qovulmasında israr edir. Fransa prezidenti Fransua Olland isə daha yumşaq mövqedədir və Afina ilə danışıqların davam etdirilməsinə tərəfdardır.

Yunanıstan maliyyə səbəbindən bu vəziyyətə düşsə də, onun indiki çöküşü daha çox siyasi səbəblərə bağlıdır. Bu, həm də Rusiya ilə təhlükəli həddə yaxınlıq edən digər ölkələr üçün də bir xəbərdarlıq sayılmalıdır. Rusiyanın ağuşundakı  Ermənistanda Avropa Birliyinin bayraqlarının dalğalanması bəlkə də bu prosesin başlanğıcıdır...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar