Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Cəfərli: “İslam dünyasının ciddi transformasiyaya ehtiyacı olduğu ortadadır” - Müsahibə

“Artıq dünya terrorun ümumi bəla olduğunu və beynəlxalq terrorun qarşısını yalnız beynəlxalq əməkdaşlıqla almağın mümkün olduğunu dərk etməyə başlayır”


Şahin Cəfərli: “İstanbul terroruna görə Qərb hökumətlərinin reaksiyalarında da səmimi notları hiss etmək mümkün idi”.

Xəbər verdiyimiz kimi 29 iyunda Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında terror aktı həyata keçirildi. Terror aktı nəticəsində ölənlərin sayı 44,  yaralı sayı 239 nəfər olub. Son dövrlərdə Türkiyəni yasa batıran terror aktları tez-tez törədilir. Terrorun məhz Türkiyədə törədiləmisin də bir çox səbəbləri var. Son terror isə məhz xarici turistlərin Türkiyəyə gəlməyə başladığı, Rusiya və İsraillə münasibətlərin düzəldiyi günlərə təsadüf edir və bu da təsadüfi deyil. Çünki Rusiya və İsraillə münasibətləri uğurlu şəkildə düzəldən Türkiyə gələn həftədən başlayaraq, rus və yəhudi turist axınını gözləyirdi. Bu qanlı terror, heç şübhəsiz ki, bu prosesə ciddi təsir göstərəcək.

İstanbul Atatürk Hava limanındakı son qanlı terror hadisəsini və İslam dövlərlərində törədilən terrora Qərbin biganə yanaşması ilə  bağlı politoloq Şahin Cəfərli PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.

Şahin Cəfərli: “İstanbuldakı son terror aksiyasından sonra dünya miqyasında bəlkə də ilk dəfə olaraq həmrəylik müşahidə olundu”.


PİA.AZ siyasi şərhçi, politoloq Şahin Cəfərlinin gündəm mövzu ilə bağlı müsahibəsini oxuğularının diqqətinə çatdırır:

- Şahin bəy, nədənsə dünya, o cümlədən aparıcı Qərb mətbuatı Türkiyədə, İrqada, Pakistanda, Suriyada onlarla, hətta yüzlərlə insanın ölümünə səbəb olan terror aktlarını adi hal kimi qarşılayır. Bu barədə nə deyə bilərsiz? 

- Bunun səbəbləri barədə ən müxtəlif fikirlər söyləmək mümkündür. Qərb sivilizasiyasının İslam sivilizasiyasına skeptik baxışından, Qərbin ikili standartlarından və müasir Qərb dövlətlərinin siyasətindən tutmuş, Qərb cəmiyyətləri ilə müsəlman toplumlarının fərqli inkişaf səviyyələrinə, müsəlman dövlətlərinin öz daxilindəki çoxsaylı sosial problemlərə, məzhəb münaqişələrinin doğurduğu mənfi nəticələrə qədər, çoxlu sayda səbəb göstərmək olar. Məncə, əvvəlcə müsəlman dövlətlərinin daxilindəki duruma, orada formalaşmış münasibətlər sisteminə, siyasi idarəetmə formalarına nəzər salmaq lazımdır. 

Təəssüf ki, müsəlman ölkələrinin əksəriyyəti sülalə rejimləri, avtokratik monarxiyalar, avtoritar liderlər, diktatorlar tərəfindən idarə olunur, təməl vətəndaş haqlarına riayət edilmir, vətəndaşların dövlət idarəçiliyində iştirakı məhdudlaşdırılır, onlar siyasi sistemin xaricinə atılır və s... Bu cəmiyyətlərdə insan həyatının, insan ləyaqətinin dəyəri yoxdur və ya azdır. Kütləvi insan ölümlərinin həmin cəmiyyətlərin öz daxilində adi hal kimi qarşılandığı bir durumda dünyanın bu hadisələrə fərqli reaksiyasından danışmaq doğru olmazdı. Ən əvvəl müsəlman dövlətlərinin və toplumlarının özündə insana münasibəti dəyişməlidir. Ümumən islam dünyasının ciddi transformasiyaya ehtiyacı olduğu ortadadır. 

Şahin Cəfərli: “Əvvəlcə müsəlman dövlətlərinin daxilindəki duruma, orada formalaşmış münasibətlər sisteminə, siyasi idarəetmə formalarına nəzər salmaq lazımdır”.


Lakin bir önəmli məqamı qeyd edək ki, İstanbuldakı son terror aksiyasından sonra dünya miqyasında bəlkə də ilk dəfə olaraq həmrəylik müşahidə olundu. Qərb dövlətlərinin paytaxtlarında və iri şəhərlərində rəsmi binalar, həmin şəhərlərin simvolu olan abidələr Türkiyə bayrağının rəngləri və ay-ulduzla işıqlandırıldı, rəsmi binalarda türk bayrağı qaldırıldı, həmin ölkələrin öz bayraqları yarıya endirildi. Fransa parlamentində İstanbuldakı terror qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anıldı. Futbol üzrə Avropa çempionatının dörddə bir final oyunundan əvvəl stadionda 1 dəqiqəlik sükut elan olundu. 

İstanbul terroruna görə Qərb hökumətlərinin reaksiyalarında da səmimi notları hiss etmək mümkün idi. ABŞ prezidenti Barak Obamanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefon açmasını da qeyd etmək lazımdır.  Artıq dünya terrorun ümumi bəla olduğunu və beynəlxalq terrorun qarşısını yalnız beynəlxalq əməkdaşlıqla almağın mümkün olduğunu dərk etməyə başlayır. Bunu terrorla qlobal mübarizədə çox önəmli bir mərhələ kimi qiymətləndirmək olar.    

Şahin Cəfərli: “Qərbin yanlış siyasəti qayıdıb bumeranq kimi onun özünü də vurdu”.   

  
- Məlumdur ki, terrora qarşı mübarizədə hər bir ölkə öz maraqlarından çıxış edir. Hesab edisinizmi ki, islam terroru böyük və inkişaf etmiş dövlətlərin əlində silaha çevrilir? 

- Terrordan müxtəlif dövlətlərin xüsusi xidmət orqanları zaman-zaman yararlanır. Bu, heç kəsə sirr deyil. Bu məsələdə böyük dövlətlərdən tutmuş, regional oyunçulara qədər, bir çox ölkənin müvafiq strukturlarının iştirakı var. 

Yaxın Şərqdə terror qruplaşmalarının ortaya çıxması və güclənməsində kiçik Corc Buş dövründə ABŞ-ın yeritdiyi xarici siyasətin mühüm rolu olduğu məlumdur. ABŞ-ın İraqa hərbi müdaxiləsi ilə İraq dövlətinin çöküş dövrünə girməsi, mərkəzi hakimiyyətin zəifləməsi terror qrupları üçün münbit şərait yaratdı. Bənzər prosesin Suriyada başlaması nəticəsində terror qol-qanad açdı, əhatə coğrafiyasını genişləndirdi, terrorçular ən müasir silah və hərbi texnika əldə etdilər. Bunun nəticəsində kiçik, mobil terrorçu qruplaşmalar sürətlə böyüyərək öz ordularını quracaq səviyyəyə gəldilər. Yəni, Qərbin yanlış siyasəti qayıdıb bumeranq kimi onun özünü də vurdu. Hesab edirəm ki, onlar bu siyasətin yanlışlığını anlamağa başlayıblar, amma bir az gecdir. Cin “şüşə”dən çıxıb.    

Şahin Cəfərli: “Terror hər şeydən əvvəl hansısa məqsədə çatma vasitəsidir və insanlıq tarixində bu üsuldan hər zaman istifadə olunub”.


- Ötən əsrin 60-70-ci illərindən başlayaraq xristian mənşəli terroristlər hər yerdə meydan sulayırdı. Amma onların dini mənsubiyyəti terrorla eyniləşdirilmirdi. Hazırda faktiki olaraq islam və terror sinonim sözlərə çevrilib. Bu barədə nə düşünürsünüz? 

- Terror hər şeydən əvvəl hansısa məqsədə çatma vasitəsidir və insanlıq tarixində bu üsuldan hər zaman istifadə olunub. O cümlədən, xristian dünyasında. Məsələn, Şimali İrlandiyanın Britaniyadan çıxaraq İrlandiya ilə birləşməsi uğurunda mübarizə aparan “İrlandiya Respublika Ordusu”nu (İRA), İspaniyanın Bask bölgəsinin müstəqilliyi üçün mübarizə aparan ETA-nı, Kolumbiyadakı FARK qruplaşmasını, Livanda vətəndaş müharibəsi illərində fəaliyyət göstərmiş terrorçu “Livan Cəbhəsi”ni, Hindistandakı “Tripura Milli Azadlıq Cəbhəsi”ni, ABŞ-dakı “Ku-Kluks-Klan” irqçi terror təşkilatını, eyni ölkədə abortlara qarşı mübarizə aparan “Tanrı Ordusu”nu və digər qrupları misal kimi göstərmək olar. Orta əsr inkvizisiyasını və daha qədimdəki xaç yürüşlərini də terror hadisəsi hesab edənlər var. Yəni, terrorçuluq təkcə müsəlman aləminə xas bir problem deyil. 

Lakin məsələ ondadır ki, xristian terror qruplaşmalarının əksəriyyətinin fəaliyyətində dini motivlər prioritet təşkil etməyib. Hazırkı müsəlman terrorçular isə öz əməllərini dinlə əlaqələndirirlər və dini motivlə hərəkət edirlər. “İslam terrorizmi” anlayışının yaranmasında məhz bu amil rol oynayır. Mən İŞİD, “Əl-Qaida”, “Ən-Nüsra Cəbhəsi” və s. bu tip radikal islamçı qruplaşmaların islam dinini təmsil etmədiyi və islami dəyərlərin təmsilçiləri olmadığı fikri ilə razıyam. Lakin tarixə nəzər saldıqda, bu ideologiyanın heç də havadan götürülmədiyini və onun köklərinin islamın ilkin dövrlərinə qədər gedib çıxdığını görərək. Əhməd bin Hənbəl, Əhməd ibn Teymiyyə, Məhəmməd bin Əbdülvəhhab kimi şəxslərin təlimləri müasir radikal sələfi qruplaşmaları üçün ideoloji baza rolunu oynayır. Əlbəttə ki, bu mövzunu islam tarixçləri daha yaxşı təhlil edə bilər. 

Şahin Cəfərli: “Terrorla yanaşı, hibrid savaş taktikaları və kiber hücumlar hal-hazırda ön planda olan asimmetrik hücum metodlarıdır”.


- Terrorun qlobal siyasətdəki rolu ilə bağlı nə deyə bilərsiz? Sizin fikrinizcə, teror nə zamana qədər siyasətdə öz rolunu qoruyub saxlaya biləcək?

- Artıq böyük ordularla hücuma keçib, hansısa əraziləri ələ keçirmək, o ərazilərdə mövcud olan dövlətləri məhv etmək dövrü arxada qalıb. Müasir dövrdə asimmetrik metodlar önə çıxıb və konvensional metodlar dəbdən düşüb. Terrorla yanaşı, hibrid savaş taktikaları və kiber hücumlar hal-hazırda ön planda olan asimmetrik hücum metodlarıdır. Təsadüfi deyil ki, dövlətlər və NATO hərbi bloku öz doktrinalarında və strategiyalarında terrorla yanaşı, hibrid müharibələri və kiber hücumları da əsas təhdid mənbələri sırasında göstərməyə başlayıblar. Xüsusən kiber hücumlar istər casusluq məqsədilə istifadə, istərsə də dövlətlərə külli miqdarda zərər vurmaq baxımından getdikcə daha cəlbedici bir hala gəlir. Artıq böyük və inkişaf etmiş dövlətlərin, iri terror təşkilatlarının hamısı “kiber ordulara” sahibdir. Bu ordular həm kiber hücumlardan müdafiə olunmaq, həm də kiber məkanda hücumlar təşkil etmək üçün istifadə olunur. Ola bilsin, illər ötdükcə bir metod kimi terrorun cəlbediciliyi azalsın, lakin texnoloji inkişaf sürətləndikcə, kiber hücumlar və ya kiber terrorçuluq 1 saylı təhdid halına gələcək.

Nərminə UMUDLU
pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar