Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident: “Qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir”


"Bizim siyasətimizdə qarşıya qoyulan vəzifələr icra edilir. Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da ki səhlənkarlıq edilir, yarımçıq icra olunur. Mən dövlət işində işləyənləri məcbur edirəm ki, bu işləri görsünlər"


Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında çıxışı zamanı bildirib. 

Dövlət başçısı deyib ki, Azərbaycan regionlarının inkişafı prioritet məsələ olaraq qalır: "Bu təşəbbüsü 2004-cü ildə mən irəli sürmüşdüm və o gündən bu günə qədər bütün şəhərlər, rayonlar inkişaf edir, abadlaşır. Regional inkişaf proqramımız bizə imkan verir ki, ölkəmiz həm iqtisadi, həm coğrafi baxımdan çoxşaxəli şəkildə inkişaf etsin. Sumqayıtın bu proqramın icrasında xüsusi yeri var. Sumqayıt böyük sənaye şəhəridir. Sumqayıtın əhalisi də kifayət qədər böyükdür. Sumqayıt Bakıdan sonra Azərbaycanın ikinci şəhəridir. Sumqayıtın inkişafına daim böyük diqqət göstərilib. Əminəm ki, Sumqayıtın bugünkü vəziyyəti, bugünkü görkəmi həm şəhər sakinlərini, həm də bütün Azərbaycan xalqını sevindirir. Son illər ərzində Sumqayıtda çox böyük işlər görülüb. Bu gün iştirak etdiyim açılışlar onu əyani şəkildə göstərir. Cəmi 8-9 ay ərzində belə möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılıb. Bu gün Şahmat Məktəbinin, Uşaq İncəsənət Məktəbinin açılışını qeyd etdik. Gözəl, əzəmətli binalardır və bu binalarda uşaqlar oxuyur, dərs alır. Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir. Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilmişdi. Hər zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat verilirdi ki, orada çətinlik, burada çətinlik var. Ancaq bu gün Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində, bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi dörd kilometrdən çox olan bu bulvar göz oxşayır. Burada həm plyaj, həm də bulvar hissələri var, yol çəkilib və bütün infrastruktur, istirahət zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt sakinlərini və şəhərin qonaqlarını sevindirəcək. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, biz Azərbaycanda istənilən işi görə bilərik. Sumqayıt sovet vaxtında kimya sənayesi mərkəzi idi. Kimin ağlına gələ bilərdi ki, Sumqayıt belə gözəl, ekoloji cəhətdən təmiz şəhərə çevriləcək. İndi Sumqayıtın havası çox təmizdir. Sumqayıtda ekoloji problemlər öz həllini tapıb. Şəhərin abadlaşdırılması işi böyük zövqlə və böyük məhəbbətlə aparılır. Küçələr salınır, Sumqayıta giriş küçəsində abadlıq işləri aparılır, yaşıllıq zolaqları yaradılır, ağaclar əkilir. Yəni, bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər".

"Mən çox şadam ki, bizim siyasətimizdə qarşıya qoyulan vəzifələr icra edilir. Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da ki səhlənkarlıq edilir, yarımçıq icra olunur. Mən dövlət işində işləyənləri məcbur edirəm ki, bu işləri görsünlər. Ancaq Sumqayıtda siz özünüz təşəbbüslər göstərirsiniz. Özünüz istəyirsiniz ki, Sumqayıt daha da gözəl şəhərə çevrilsin, daha da abadlaşsın. Onu da qeyd etməliyəm ki, mən dəfələrlə bəyan etmişəm bizim paytaxtımız Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Çalışmaq lazımdır ki, bütün şəhərlər Bakıya oxşasın. Yəni, memarlığa görə yox, çünki hər bir şəhərin öz tarixi, öz siması var. Ancaq abadlıq, rahatlıq, insanların yaşayış səviyyəsi baxımından hər bir şəhər çalışmalıdır ki, Bakıya yaxınlaşsın. Hesab edirəm ki, Sumqayıt artıq Bakının səviyyəsinə gəlib çatıb. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm", - deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Sumqayıtda infrastruktur layihələri uğurla icra edilir: "Mənə verilən məlumata görə, qazlaşmanın səviyyəsi təqribən 100 faizə yaxındır. Şəhər əhalisinin 80 faizini fasiləsiz içməli su təminatı əhatə edir. Çalışmalıyıq ki, bu, 100 faizə çatsın. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Çünki mənim təşəbbüsümlə birinci böyük elektrik stansiyası Sumqayıtda tikilmişdir və biz onun açılışını qeyd etdik. Gücü 525 meqavat olan bir stansiya o vaxt ona görə tikildi ki, mən Sumqayıtın uğurlu inkişafını görürdüm, buna əmin idim və bilirdim ki, Sumqayıta daha böyük həcmdə elektrik enerjisi lazım olacaq. Sumqayıtda yolların salınması işi gedir, sosial infrastruktur yeniləşir, Olimpiya, Paralimpiya kompleksləri, “ASAN xidmət” mərkəzi yaradılıb, xəstəxana təmir olunub. Yəni, şəhər hərtərəfli inkişaf edir və bu, əlbəttə, məni və əminəm ki, sizi çox sevindirir. Sumqayıt tarixən kimyaçılar şəhəri kimi salınmışdır, Sovet İttifaqının kimya sənayesinin mərkəzi olmuşdur. Bu gün isə Sumqayıt müasir, dünya səviyyəli sənaye mərkəzinə çevrilib. Qarşıya məhz belə vəzifə qoyulub ki, Sumqayıtda ən müasir sənaye müəssisələri yaradılmalıdır. Bu, bizim ümumi sənaye potensialımızı gücləndirəcək, minlərlə, on minlərlə yeni iş yeri yaradacaq. Mən çox şadam ki, bu gün Sumqayıtda artıq icra edilmiş və icrada olan sahələr bu məqsədi təmin edib. Son illər ərzində Sumqayıtın sənaye potensialı böyük dərəcədə artıb və əsas məsələ ondan ibarətdir ki, ekoloji məsələlərə çox böyük diqqət göstərilir. Sumqayıt sovet vaxtında həmişə ekoloji problemlərlə dolu bir şəhər kimi təqdim edilirdi və xarici mətbuatda da ekoloji cəhətdən çətin şəhərlərin sırasına həmişə Sumqayıtı da salırdılar. Müəyyən həqiqət var idi. Siz sumqayıtlılar bunu yaxşı bilirsiniz. Amma bu gün Sumqayıt dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən biridir. Bu gün bulvarda, şəhərdə gəzərkən həm gözəlliyi görürsən, həm də görürsən ki, hava da çox təmizdir. Yəni, Sumqayıtın havası kurort havasına yaxınlaşır. Əminəm ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq. Bunu bir neçə il bundan əvvəl təsəvvür etmək çətin idi ki, biz Sumqayıtı, eyni zamanda, turizm mərkəzi kimi görmək istəyirik. Bu gün bu, reallıqdır - gözəl sahil zonası, plyaj, təmiz hava, parklar, ictimai zonalar, istirahət zonaları. İndi Sumqayıt parklar şəhəridir. Mənə bu gün məlumat verildi ki, yeni inşaat layihələri icra ediləcək, bulvara yaxın yerdə yeni yaşayış binaları, otellər tikiləcək. Ona görə, Sumqayıt gələcəkdə Azərbaycanın turizm zonası kimi də özünü göstərməlidir. Yeni inşa olunan sənaye müəssisələrində əsas şərt ondan ibarətdir ki, ekologiyaya tam riayət edilsin və ekoloji təmiz sənaye müəssisələri yaradılsın".

Prezident İlham Əliyev bildirib ki, Sumqayıtın sənaye potensialı ölkəmizi gücləndirir: "Sumqayıt artıq bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Bu gün çıxışlarda həm görülən, həm də görüləcək işlər haqqında məruzələr səslənəcək. Mən xüsusi göstəriş vermişəm ki, bu məruzələrdə həm sumqayıtlılara, həm də respublika əhalisinə görülən və görüləcək işlər haqqında hesabat verilsin. Çünki əlbəttə, siz yaxşı bilirsiniz ki, şəhərinizdə hansı işlər görülüb. Ancaq bu təqdimatlar bu gün daha da geniş formada veriləcək. Hər kəs görəcək ki, Sumqayıt bu gün əgər Cənubi Qafqazın ikinci sənaye şəhəridirsə, bu şərəfli adı daim daşıyacaq. Çünki Sumqayıtda təməlini qoyduğumuz böyük sənaye layihələri, müəssisələr dünya səviyyəli layihələrdir. Sumqayıt Texnologiyalar Parkı artıq neçə ildir ki, fəaliyyət göstərir. Sumqayıtda Kimya Sənaye Parkı yaradılır. Artıq müəssisələr fəaliyyətə başlayıb, o cümlədən boru istehsalı müəssisələri xaricə məhsul ixrac edir. Bu, bizim üçün xüsusilə əhəmiyyətlidir. Çünki biz ixracyönümlü məhsullar istehsal etməliyik. Polimer zavodu artıq inşa edilir. Onun təməlini şəxsən mən qoymuşam. Təqribən 1 milyard manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulub. Azot gübrələri zavodu yaradılır. Bu da həm ölkə tələbatını ödəyəcək, həm də böyük ixrac potensialı yaradacaq. Yüngül sənaye ilə bağlı olan müəssisələr fəaliyyət göstərir. Qida sənayesi inkişaf edir. Yəni, Sumqayıtın inkişafı hərtərəflidir, ilk növbədə, şəhər infrastrukturu. Çünki nəqliyyatla bağlı yeni layihələr var. Mənə bu gün yeni avtobuslar göstərildi. Bu da çox vacib olan sahədir. İnsanlar şəhər nəqliyyatından razı olsunlar. Abadlıq işləri, ictimai zonalar, istirahət mərkəzləri, sənaye potensialı, bax, budur, əsas vəzifələr. Hər bir ölkə, hər bir şəhər üçün əsas vəzifələr bundan ibarətdir - iş yerləri olsun, insanlar yaxşı maaş alsınlar, yaxşı məktəblər, uşaq bağçaları, tibb xidməti olsun, təhlükəsizlik təmin edilsin, şəhər nəqliyyatı yaxşı işləsin, ədalət həmişə zəfər çalsın. Bax, biz bu gün bu yolla gedirik və son illər ölkəmizdə qazandığımız nailiyyətləri, həyata keçirdiyimiz siyasəti Sumqayıtın timsalında əyani şəkildə görürük. Sumqayıtın inkişafı daim diqqət mərkəzində olacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar