Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qoca arvadsan, yeri get nəvələrinlə oyna da, ay xala” - Həftənin sitatları


Hamlet İsaxanlı: “Filan yerdə rüşvət azdır, çoxdur, belə şey olmur. Rüşvət ya yüz faiz olur, ya da sıfır faiz”.


Flora Kərimova: “Zeynəb, “müharibə edək, qoy onlar da qırılsın, biz də…” deyirsən. Sən nə qırırsan görəsən? Tarlada çəyirtkə, yoxsa inkubatorda cücələri?”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Baxmayaraq ki, Avropa Komissiyası münaqişənin həlli ilə məşğul olan Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. Biz Avropadan və hər bir ölkədən postsovet məkanında olan bütün münaqişələrə dair vahid standart yanaşmanı gözləyirik. Biz bu gün xanım Merkelin ərazi bütövlüyü ilə bağlı söylədiklərini yüksək qiymətləndiririk. Lakin biz bu prinsipin seçmə üsulla yox, bütün münaqişələrə tətbiq olunmasını istəyirik”.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi: “Vəziyyətin gərginləşməsinin qarşısını almaq, status-kvonu dəyişmək və regionda davamlı sülhü təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd şərtsiz çıxarılmalıdır”.

Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva: “Ölkəmizin gələcəyi, onun inkişafı və firavanlığı üçün bizim hər birimiz cavabdehik. ... Sizi əmin edirəm ki, indiyədək önəm verdiyim prinsiplərə - öz Vətənimə və xalqıma xidmət, mərhəmət və ədalət, tolerantlıq və ümumbəşəri dəyərlərə bundan sonra da sadiq qalacağam. Hər birinizə uğurlar, cansağlığı və firavanlıq, doğma Vətənimizə isə sülh və inkişaf arzulayıram!”.

Ukrayna prezidenti Pyotr Poroşenko: “Şərqi Ukraynanın bəzi hissələrində vəziyyət dramatikdir. Bizdə dəqiq sübutlar var ki, onun dinc sakinlərinə məqsədyönlü şəkildə hücüm edirlər. Putin orada Ukrayna Hələbi yaradır”.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan: “Minsk Qrupunun həmsədri kimi regionda sülh və sabitliyin qorunması üçün çoxlu səylər göstərən müttəfiq bir ölkədən Azərbaycanın silah alması xoşumuza gələ bilməz”.

Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarova: “Bu danışıqlar kimə çatır?! Onsuz da qulaq asan yoxdur. Elə müharibə edək, torpaqları alaq. Öz torpağımızı alırıq, başqasının torpağını yox. 25 ildə nə qədər cavanlarımız şəhid olub, nə qədər şəhid vermişik. Birdəfəlik ya ölüm olsun, ya qalım. Mən ömrü böyü sülh tərəfdarı olmuşam, amma dəyirman öz işidədir. Birdəfəlik dəyirmanı vuraq onların başına. Hər gün ölməkdənsə birdəfəlik ölmək lazımdır. Nə qədər balalar qırılar, nə qədər ana gözyaşları axıdar? Nə vaxta qədər dözməliyik? Kimi gözləyirik? Bir dəfəlik müharibə edək”.

Azərbaycan prezidentinin müşaviri Kamal Abdulla:Cocuq Mərcanlıda erməni vandalizminin nümunəsi olaraq dağılmış evlərin bir hissəsi açıq səma altında bir muzey kimi saxlanılacaq və bizi erməni vandalizmini daim yaddaşımızda saxlamağa çağıracaq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatında mühüm və fəal rol oynayır”.

Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva: “Bu təyinat mənim üçün çox böyük etimad və şərəfdir. Çünki bütün fəaliyyətim boyu mənim üçün əsas prioritet ölkəmizin və xalqımızın maraqları olub”.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu: Britaniyanın gerbində nə var, şir, elə deyilmi? Belə köhnə atalar məsəli var: bütün şirlər pişikdir, ancaq pişiklərin hamısı şir deyil. Qoy hərə öz işi ilə məşğul olsun. Və biz hesab etmirik ki, onların zooparkında ayıya göstəriş verə biləcək vəhşi etişib”.

Xalq artisti Flora Kərimova: “Zeynəb, “müharibə edək, qoy onlar da qırılsın, biz də…” deyirsən. Sən nə qırırsan görəsən? Tarlada çəyirtkə, yoxsa inkubatorda cücələri? Erməninin balası qırılsın, qırılmalıdır da, bəs mənim oğlum, millətimin oğulları? İndiyə kimi şəhid olanlar sənin üçün elə “qırılanlardır”? Vətənim üçün əsgərliyinin birinci günü vurulan əsgəri, əsir düşüb ölənə kimi zorlanılan qızı, ana bətnində doğulmadan öldürülən, bu vətənin bir gün işığını görməyən körpəsi bu 30 ildə heç vicdanını sızlatmadı???!!! Bunlardan sonra “dünyanın xoşbəxti mənəm!” oxuyanda bu 30 ildə baş verən hadisələrin biridəmi yadına düşmədi?”.

Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova: “Ötən gecə cəbhədə baş verənlər bir daha onu göstərir ki, Ermənistan nə beynəlxalq hüququ sayır, nə ölkənin ərazi bütövlüyü prinsipinə hörmət edir, ümumiyyətlə, hər hansı hərəkətinin məsuliyyətini hiss etmir”.

Liviyanın mərhum lideri Müəmmər Qəzzafinin qardaşı Əhməd Qəzzafi əd Dam: “Əgər onlar özlərinin dediyi kimi, Qəzzafi və Səddam Hüseynin başını istəyirdilərsə, o zaman niyə indiyə qədər bu mənasız savaşları aparırlar? Bu müharibədə qalib olmayacaq. Qəzzafi tarixçi və inqilabçıydı. O, Yaxın Şərqə olan təhdidlərlə bağlı informasiyalara sahib idi. Qəzzafi belə təhdidlər haqqında 80-ci illərdə xəbərdarlıq etmişdi. Təəssüf ki, indi onun dedikləri Yaxın Şərqdə bir-bir reallaşır”.

Keçmiş MTN əməkdaşı İlham İsmayıl: “Bu qədərmi özümüzə sahib ola bilmədik, yoxmu ağsaqqalımız, yoxmu qarasaqqalımız? Qisası kimdən alırıq? Erməni kimi düşmənimizdənmi, bizə həqiqəti deyənlərdənmi? Həqiqəti deyənin özündənmi.., onun arvad xeylağı qohumlarındanmı? Torpağı da itiririk, millətin dəyərlərini də. Dəyərini itirən millət torpaq kimi bir dəyərini – Vətənin dəyərini biləcəkmi?”

“Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgər: “Deməli, dollar hər keçən gün artır. Dünən banklarda 1.78, bu gün isə 1.79 və ya 1.80 manat olub. Saytlar isə yazır ki, “Azərbaycanda dolların ucuzlaşması davam edəcək”. Söhbət Zimbabve dollarından gedir, yoxsa Sinqapur?”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu: “Beləliklə, Mehriban Əliyeva ölkədə ikinci fiqura çevrildi. Bu hakimiyyət daxilində yaşlaşan baş nazir Artur Rəsizadənin, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev kimi fiqurların arxa plana keçməsini və gənclərin irəli çəkilməsi prosesini də sürətləndirə bilər. Onsuz da bəzi xəbərlərə görə, hakimiyyət içində bəzi gənclərin nazir postlarına cəlb edilməsində Mehriban Əliyevanın da rolu olub. İndi birinci vitse-prezident olaraq Mehriban Əliyeva bu prosesi sürətləndirməlidir”.

Litvanın xarici işlər naziri Linas Linkyaviçyus:Rusiyanın məqsədyönümlü xarici siyasət strategiyası nəinki Avropa, eləcə də qlobal təhlükəsizlik üçün təhdiddir. Soyuq müharibənin başa çatmasından sonra Avropada ideoloji qarşıdurma aradan qalxmayıb. Rusiya Dnestryanı bölgədə, Dağlıq Qarabağda, Gürcüstanda köhnəlmiş münaqişələri qızışdırır, Ukraynaya qarşı hərbi təcavüzü davam etdirir”.

Jurnalis Anar Gəraylı: “Zeynəb Xanlarova qocalıb, başı xarab olub, nə danışdığını bilmir. Deməli, bir həftə əvvəl Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğu, problemin sülh yolu ilə həllinə töhfə vermək istədiyi və s. bla bla haqda bəyanat yaymışdı. Bu gün də açıqlama verib ki, “gəlin müharibə edək, torpağımızı alaq, nəyi gözləyirik?!”. Qoca arvadsan, yeri get nəvələrinlə oyna da, ay xala”.

Azvision .az saytının baş redaktoru Vüsal Məmmədov: “Yorulmadan, usanmadan, bezmədən barmaqla göstərməliyik ki, Xocalı soyqırımının məzlumları kimdir, zalımları kim. Dünya bizi eşitmək istəməsə də, deməliyik, sifətinə çırpmalıyıq həqiqəti, qulağına bağırmalıyıq. Niyə? Ən azı ona görə ki, üzündə erməni tüpürcəyi olan dünyanın sifətinə baxmaq heç də xoş deyil!”

“Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgər: “Yaxşı bəhanə tapıblar ki, Azərbaycanı işğal edən orduya görə, kişilərimizi təbrik etməyə əlimiz gəlmir. Əla! Kim fikirləşibsə, hamınızdan təcrübəlidir. Amma, lakin və ancaq Klara Setkin də sağlam toxum olmayıb. Bu münasibətlə elə Qızıl Orduya Klaranın cocuqları da deyə bilərik. İndi hansı haqla babalarımızı qıranların mamasının etdiyi bir qələtə görə, 8 martda bizdən hədiyyə istəyirsiniz????!!!!”.

Xalq artisti Flora Kərimova: “Sənətə təzə qədəm qoyan zaman bozqurdlardan olan, dostun “X” nəfərin qan davasından dəfələrlə qurtaran da mən oldum. Dağıl dünya, dünənki cücə cip-cipliyi ilə mənə mənəviyyat, vətəndaş, sənət dərsi öyrətmək xülyasına düşüb. İnsanlar var ki, başına qapazı Allah vurur. Tiplər var ki, özləri özlərini qapazlayırlar. Görünür, Aygün öz təbiətinə uyğun seçimini çoxdan edib. Əvvəl isti-isti danışıb, sonra fərqinə varan- sənin zövqünü tərbiyə etmək fikrindən çox-çox uzağam, artıq gecdir. Sənin bu halına məyusla təəssüflənən müstəqil Azərbaycanın ilk xalq artisti Flora Kərimova!”.

Aparıcı, aktyor Sərxan Kərəmoğlu: “Orxan sələmə pul götürüb yas mərasimlərini verdi. O zaman indiki varislər harada idi? Gülbahar xanım, sizin dilinizdən dəfələrlə eşitmişəm ki, bizim İlhamə ilə işimiz olmaz, o bizim nəslin başını aşağı edib. Bəs indi başınızı aşağı edən birinin var-dövləti sizə necə şirin gəldi? “Bizdən uzaq olsun”, deyən siz deyildinizmi? Mən indi anladım ki, İlhamə sizə oxşayıb. Çünki onun indiyənə qədər etdiyi günahları Allah bilsin. Əldə etdiyi sərvəti mədəni sürətdə dilənib. Dilənçiliklə qalan mirasdan kim necə xeyir tapacaq, onu zaman göstərər”.

Ümid Partiyasının sədri İqbal Ağazadə:Azərbaycan kapitalizmə qədəm qoymayıb. Azərbaycan hələ feodal qaydalarla idarə olunur və feodal təfəkkür hələ də var”.

Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlı: “Bəzən gəlirlər, tələbəni tapşırırlar. Deyirəm nə danışırsan? Mümkün olmayan şeydir bu. Qayıdırlar ki, bura Azərbaycan deyil, necə yəni mümkünsüzdü? Sən oranın sahibi deyilsənmi? Mənə belə müraciətlər olur. Ancaq heç bir xahişi yerinə yetirməmişəm. Və həmişə belə bir şeyin baş vermə ehtimallarının qarşısını almağa çalışmışam. Mən dekana bir uşaq tapşırsam, dekan fikirləşməz ki, sabah bu şeyi mən özüm də eləyə bilərəm?! Filan yerdə rüşvət azdır, çoxdur, belə şey olmur. Rüşvət ya yüz faiz olur, ya da sıfır faiz”.

APA TV-nin repotyoru Mahir Mammadli: “Bu gün Milli Məclis yenə Reyxstaqa dönübmüş. Deputatların hərəsi bir pulemyot götürüb qırıb erməniləri”.

PİA.AZ-ın əməkdaşı Nərminə Umudlu: ““Cəbhə bölgəsində gərginlik artıb, ermənilər yənə atəşkəsi pozub ordumuz da əməliyyat şəraitənə uyğun olaraq cavab verib və itkilərimiz var” - cümlələrini nə qədər eşitmək olar axı? Heç nə olmamış kimi səhəri də ATƏT-in Minsk Qrupu həmsədrləri, Rusiya XİN-i bəyanat verəcəklər ki, cəbhə bölgəsindəki vəziyyətdən narahatdılar. Görəsən bunlar oyun oynamaqdan, bizimkilər də çalınan mahnıya oynamaqdan bezmədilər?”.

Hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov: AzərbaycanErmənistanın xalq artisti Zeynəb Xanlarovanın parlamentdə son çıxışından sonra cəbhədə vəziyyət xeyli gərginləşib, döyüşlər gedir. Allah Ordumuza kömək olsun, şəhidlərimizə rəhmət eləsin!”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu:Ermənistana verilən mesajın mahiyyəti bu olmalıdır ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər atəşkəsi unudun! Rayonlarımızı işğal edib illərdir bizim rahatlığımızı pozmusunuzsa, bizim də vəzifəmiz Sizin rahatlığınızı pozmaq, daima “müharibə bu gün, yoxsa sabah başlayar” qorxusu içində yaşamanızı təmin etməkdir”.

Xalq artisti Flora Kərimova: “Zeynəb, ömrü boyu sülh tərəfdarı olmusan, dediyinə görə və 30 ildir ki, Milli Məclisdəsən. İndimi başa duşdün nə qədər şəhid verdiyimizi? 30 ilmi gərək idi ki, sən bunu anlayasan?”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:Xocalı istintaq komissiyasında bir sıra faktlar üzə çıxsa da, nədənsə bunlar sonradan unuduldu. Xocalının həmin dövrdəki icra başçısı bu şeyləri çox gözəl bilir. Faciədə səhlənkarlıqlarına görə günahkar olan şəxslərin bir qismi hazırda içimizdədir, onlar yüksək vəzifələr sahibidi. İstərdim ki, Elman müəllim açıqlama versin ki, bu olayda kimlərin əli var. Çox təəssüflər olsun ki, biz bu günə qədər ermənilərdən qisasımızı ala bilməmişik. Amma ermənləri Bakıya dəvət edib onlara restoranlarda qonaqlıq veririk. Xocalıdan siyasi oyun kimi istifadə edən bir qrup öz istəyinə nail oldu”.

Umid Partiyasının sədri İqbal Ağazadə: “Neft ölkəsi olan bir yerdə, bu qədər sərvəti olan  ölkədə rəsmi bir dənə milyonçu yoxdur”.

Köşə yazarı Jalə Mütəllimova: “Günəş, niyə yanırsan?!”, “Yer, niyə fırlanırsan?!”, kimi absurd suallarla dolu növbəti Xocalı şeirini iki övladıma öyrətməklə məşğulam. Beynimdə o sual dolanır həm də, əcəba, biz bu ermənilərdən qorxaq, barışaq, yoxsa nifrət edək?!.. Yəqin deyəcəksiniz ki, düzünü Allah bilir. Onda bir təklifim var Allaha: Bizə səbr vermə, bəlkə durub nəsə elədik!...”.

Tanınmış köşə yazarı, jurnalist Zamin Hacı: “Qabaqlar bizdə istənilən çətənə kolu, (marixuana, anaşa; elə arasında “şey” də deyilir - fəlsəfi olaraq), əkəni tutub dama salırdılar. Təzə qanunla isə ancaq xeyli miqdarda çətənə kolu əkənlər həbs ediləcək. “Xeyli miqdar” dedikdə isə 3-15 arası bitki kolu nəzərdə tutulur. İki dənəyə qədər bitki cərimə ilə yaxa qurtarmağa bəs edəcək. Dünyanın çox yerində bu bitkini artıq ümumiyyətlə cinayət sferasından çıxarırlar. Bizdə 3 “şey” bitkisi özü də böyük islahatdır. Tam ləğv eləsən, sabah cibə hansı bitkini atacaqsan? Dövlətçilik baxımından hərc-mərclik yaranar”.

Azvision .az saytının baş redaktoru Vüsal Məmmədov: “Şəhərdə əksər geyim mağazalarının qabağında yazılıb: “70% endirim”. Bu, nə deməkdir? Tutaq ki, mən mağaza işlədirəm. Məsələn, ayaqqabını götürmüşəm 50 manata. Üstünə 50 manat da qoyuram, yəni 100% artırıram, olur 100 manat. Sonra ona 70% endirim etsəm, ayaqqabını 30 manata satmalıyam ki, bu da mümkün deyil... İndi görün, bu vicdansızlar əvvəlcə malın üstünə neçə yüz faiz gəlirlər ki, sonradan 70% endirə bilirlər? Ən azı 400-500%!”.

Jurnalis Anar Gəraylı: “Dəmiryolu idarəsi məlumat yayıb ki, İsveçrə frankı manata qarşı ucuzlaşdığı üçün Bakı-Tiflis qatarına biletlər də ucuzlaşacaq. Əlaqə nədi?”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar