Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim İbrahimov qardaşını xilas etdi, qaynını qurban verdi


Üst-üstə 100 mərtəbəli bina komitə sədrinin qardaşının əlindən alınıb ortağına verildi


Sahib İbrahimovla şərikinin 7 illik “müharibə”sinə Ali Məhkəmə son qoyub

PİA.AZ xəbər verir ki, "Bizim Yol" qəzetinə daxil olan məlumata əsasən diasporla İş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimovun Qardaşı Sahib İbrahimov və şəriki arasında yaranan münaqişə İbrahimovların məğlubiyyəti ilə nəticələnib. Bir müddət əvvəl N.İbrahimovun qaynı Məzahir Cəfərovun həbs edildiyi, qardaşı S.İbrahimovun isə hüquq-mühafizə orqanları tərəfindən saxlandığı bildirilirdi. Məlumatlarda S.İbrahimovun "Galaxy Palace" tikinti şirkətində xeyli miqdarda yeyintinin aşkarlandığı, eyni mənzili bir neçə nəfərə satmaqda təqsirləndiyi deyilirdi. Məlumata görə, söhbət nə az, nə çox, 8 milyon manatlıq yeyintidən gedir. S.İbrahimov sudan "quru" çıxsa da, komitə sədrinin qaynı həbsdə qalıb. Baxmayaraq ki, Nazim İbrahimov bu yaxınlarda adıçəkilən şirkətin sahibi olmadığını demişdi, lakin şirkət qardaşının adınadır və qaynı da onunla birgə işləyirdi. S.İbrahimov bir neçə müddətdir mobil telefonunu açmır. İnternetdə şəhərin müxtəlif yerlərində möhtəşəm binalar tikən "Galaxy Palace"ın web-saytı, heç bir hüquqi ünvanı və ya telefonu yoxdur, sadəcə bəzi mənzil satışlarında adı keçir.

Məhkəməyə verdi, 4 binanın şəriksiz sahibi oldu

Rövşən Əliyev küçəsindəki mübahisəli 24 mərtəbəli 4 binanı tapdım. Tikintisi tam başa çatmayıb, son tamamlanma işləri aparılır. Mühafizədən kompleksin sahibini soruşdum, İlham Qasımov olduğunu öyrəndim. Kiminləsə şərik olub-olmadığı ilə də maraqlandım, dedi "əvvəl şərik olublar, indi yox". Onda mən alıcı qismində mənzillərlə maraqlandığımı söylədim. Başqa birini çağırdı. Soruşdum, "İlham müəllim sizsiz", dedi "xeyr, İlham müəllim buranın sahibidir". Tam əmin oldum ki, söhbət elə mənim axtardığım ərazidən gedir. İlkinə mənzillərlə bağlı məlumat verməsini xahiş etdim. Məlum oldu ki, birotaqlı mənzil indiki layihələrin əksəriyyətində olduğu kimi burada da yoxdur. 18-ci mərtəbədə sahəsi 101.5 kvadrat metr olan ikiotaqlı mənzilin qiyməti 92 min manatdır. 24-cü mərtəbədə eyni mənzil isə 72 min manata satılır. Əslində başqa təzə tikililərə görə mənzillərin sahəsi çox deyil. Bir də ki belə göydələndə yaşamaq hər kəsin arzusu olmaz. Elanlardan da göründüyü kimi, bəziləri onu satıb əlavə pul qazanmaq üçün əldə edir. İlkinin dediklərindən: "Binaların tikintisi başa çatıb, hazırda liftlər quraşdırılır, hər binada 2 sərnişin, 1 yük lifti olacaq. 4 binanın zirzəmisi isə qarajdır. 4 binadan ibarət kompleksi artıq satmışıq. Binada iki ikiotaqlı və iki üçotqalı mənzilimiz qalır. İkiotaqlılar 18 və 24-cü mərtəbələrdədir. Üçotaqlı evlər isə 5 və yenə 24-cü mərtəbədə qalıb. Üçotaqlı evlərin kvadrat metri 850 manatdır. Yəni 155.6 kvadrat metr mənzil 132 min manat olacaq. Hazırda 4 otaq yoxdur. 15-ci mərtəbədə sahəsi 226 kvadrat metr olan beşotaqlı mənzil qalır".
Mənzil dedikləri quru dörd divardan ibarətdir. Heç qapı-pəncərəsi də qoyulmayıb. Deyəsən artıq belə edirlər. Əvvəllər ucuz da olsa qapı-pəncərə qoyulurdu. İstəyən sonradan daha keyfiyyətlisinə dəyişdirirdi. İlkin dedi ki, ödəniş nağd qaydadadır, onlar tərəfdən isə alıcıya müqavilə verilir. Ayrıca olaraq müştəriyə şirkət tərəfindən maliyyə arayışı təqdim olunur ki, həqiqətən mənzil konkret adama məxsusdur və onun şirkətə borcu yoxdur. Burada maliyyə hesabatının dövlətə tam həcmdə necə verildiyini bilmirəm, amma nağdsız ödəniş belə tikintilərdə daha məqsədəuyğundur. Bu zaman dövlətdən də yayındırılan vəsaitin həcmi az olar. Eyni zamanda bir mənzilin bir neçə şəxsə satılması riski də aşağı olar. 
 
"Galaxy Palace" getdi, yerinə "Sahil D" gəldi

Kupçaya gəlincə, İlkin dedi ki, mənzilin kupçası binada yaşayış 50 faiz olduqda həll edilir. Eyni zamanda başqa binalarda olduğu kimi, qazlaşma da həmin vaxt baş tutacaq. Digər kommunikasiya xətləri isə artıq çəkilir. Su xətti verilir, elektrik, tv və internet xətti də qoşulur. Hazırda satılan mənzillərin təmirinə icazə verilib. 3 ay müddətində burada yaşayış da mümkün olacaq. Dedim, "çox güman ki, mən telefonda vasitəçi ilə danışmışam, çünki elanda "Galaxy Palace" şirkəti yazırdı". Ilkin bir an duruxdu, sonra "bizim elə şirkətimiz yoxdur, bizimki "Real MTK" və "Sahil D"dir. Maraqlandığınız bu mənzilləri də ikinci tikir. Bu kompleksin adı "Sahil D"dir, o birininki isə "Real MTK"" dedi. Kompleksin yerləşdiyi ərazi üçün qiymətin baha olduğunu irad tutdum, o isə əksini dedi: "Bizdə qiymətlər optimaldır. Yaxınımızdakı "R-Palace"da hər kvadrat metr üçün qiymət "kotlovan"dan (özüldən-H.H.) 1200-1300 manatdır. Bizim hazırda bir neçə mənzilimiz qalır. İşləri yekunlaşdırdığımıza görə belə qiymətə veririk, mənə işləri başa çatdırmaq üçün pul lazımdır. Bu qiymətə verirəm, çünki mənə sərf edir. Amma tikənlər üçün... ərazini gəzsəniz, kvadratı 1000-1100 manatdan aşağı qiymətə ev yoxdur". 

Binadan panorama demək olar yoxdur. Bizə təklif etdikləri qarşı evdəki mənzildən baxanda durduğumuz binadan başqa heç nə görünmür. Yenə bu biri üzdə o künc bu küncdən şəhərin bəzi parçalarını "tutmaq" olur, alacağımız mənzildən isə bu, mümkün deyil. Binanın altı qarajdır. 18 kvadrat metrlik kənarı açıq "qaraj" isə 25 min manatdır.
  
Bu məsələ 7 il sürdü...

Soruşdum müqaviləyə baxa bilərəm, dedi hazırda burada yoxdur. Yəni ki, siz artıq evi bəyənəcəksiz, razılaşacaqsız, müqavilə son anda meydana çıxacaq. Əcəbdir! Bəlkə sizin müqavilədə yazılanlar alıcının xeyrinə deyil və onu qane etmir? Belə çıxır ki, siz öz şərtlərinizi diqtə edirsiniz və alıcı bundan son anda xəbər tutur. Günlərlə əziyyət çəkir, gəlib evə baxır, pul köçürür (əslində banka köçürmür, İlkinin dediyi kimi nağd qaydada ödəyir), nəhayət gəlib baxır ki, müqavilədə onun maraqlarına uyğun olmayan bəndlər var. O zaman nə edir? Təbii ki, 1-2 bəndə görə imtina edə bilmir. Dedim, "son vaxtlar özünüz də eşidirsiz ki, bir mənzil bir neçə nəfərə satılır. Ona görə də bu məsələdə diqqətli olmağa çalışıram, detalları bilmək istəyirəm". Dedi "bizdə elə şey yoxdur, mənzilin açarı sizə verilir, siz özünüz nə vaxt gəlsəniz onun qapısını aça bilirsiz, başqası yox". "Həmin açardan başqasında olsa necə? Ümumiyyətlə, açarın verilməsi o demək deyil ki, ev mənimdir. Hüquqi baxımdan da evin mənə aid olması barədə sənədlər düzgün olmalıdır". Əslində bir mənzilin bir neçə şəxsə satıldığı barədə eşitdiklərimizi dəqiqləşdirməyə çalışırdım. Cavabı belə oldu ki, "başqası gəlib qapı qoya bilməz, binada mühafizə-filan var və s". İlkin müqavilə formasının standart olduğunu söylədi, "hər yerdə necə, bizdə də elə", dedi. Bildirdi ki, müqavilədə fors-major halları, alıcının məsuliyyəti göstərilir. Dedim, "fors-majorun indiki halda bizim müqaviləyə aidiyyatı olmamalıdır, çünki binanın tikintisi artıq başa çatıb. Siz mənə deyin görüm binanın tikintisi nə qədər sürüb". "Bizdə gecikmə yoxdur", desə də binanın neçə ilə başa gəldiyini söyləməyə məcbur oldu. Məlum oldu ki, 4 binanın tikintisi 7 il sürüb. Onda aramızda belə bir dialoq başladı:

- Bu çox uzun müddətdir. Səbəbi ciddi olmalıdır. 

- Bəzi səbəblərdən işlərimizi saxlamışdılar, müəyyən problemlərimiz vardı. O problemlər artıq həll olunub. Ümumilikdə 7 ildir. Kompleksimiz də balaca deyil, üst-üstə sayanda 100 mərtəbədir. 

- Alıcı kimi mənə maraqlıdır, 7 il bir iş adamı üçün az vaxt deyil. Sərmayə qoyur ki, pulunu tez götürsün, başqa iş görsün. Burada isə 7 il iş dondurulub. Nəsə mübahisəli ciddi məsələ var? 

- (əminliklə) Hazırda bizdə heç bir problem yoxdur. 

- Hazırda yoxdur deyirsiz, əvvəl var idimi? 

- Ola bilsin ki, olub. Amma günü bu gün üçün mən sizə qəti cavab deyə bilərəm ki, bizim problemimiz yoxdur. 

- İlham Qasımovun binası olduğunu dediniz. Bu binanın sahibi əvvəllər Nazim İbrahimovun qardaşı ilə şərik olub, bu İlham o İlhamdır? 

- Hə.

- Mətbuatdan oxuduğuma görə onların məhkəmə mübahisəsi olub və hətta bir nəfər də həbsdədir. 

- Bilmirəm, olar. 

- Bildiyimə görə İlham Qasımov Sahib İbrahimovu məhkəməyə verib...

- Bura hazırda İlham müəllimindir və bizim Ali Məhkəmədən qərarımız var. 

- Çox gözəl. Demək bu iş şəriklikdən çıxıb?

- Təbii ki, çıxıb. İndi sırf bizim özümüzə aiddir. Onsuz da belə idi, amma faktiki Ali Məhkəmənin qərarı ilə də artıq dövlət tərəfindən də təsdiqləndi ki, ərazi və binalar yalnız bizə aiddir. 

- Əslində mən jurnalistəm. Qərar barədə məlumatı da bizə verməyiniz yaxşı oldu. Kim bizə daha ətraflı məlumat verə bilər? 

- İlham müəllim burada yoxdur.  

- Siz mümkünsə əlaqə saxlayın.

- Yox, mən onunla əlaqə saxlaya bilmirəm. 

- Bizə məktub daxil olub, biz də məsələni araşdırıb qarşı tərəf kimi İlham Qasımovun da mövqeyini dərc etmək istəyirik.

- Siz necə bilirsizsə o cür araşdırın...

- Elə hal-hazırda mən də onu eləməyə çalışıram. Sonra deyilməsin ki, "bizim mövqeyimiz nəzərə alınmayıb". Qarşı tərəf məhkəməyə pul məsələsinə görə verilmişdi?

- Bilmirəm. 

- Bildiyimə görə bir evin bir neçə nəfərə satılması faktları burada da olub.

- Bilmirəm, mən sadəcə Ali Məhkəmənin qərarını bilirəm ki, İlham müəllimin xeyrinə həll olunub, vəssalam. 
Məsələnin mahiyyətindən xəbərsizəm. Əlaqə nömrənizi saxlayın, mən İlham müəllimə çatdıraram. Məsləhət olarsa sizinlə əlaqə saxlayarıq.

- Bu daha optimal təklifdir ki, yaxşı ki, özünüz verdiniz (telefonumu dedim və qeydə aldı). Xahiş edirəm çatdırın ki, bu, sifariş deyil və bu barədə nə Nazim İbrahimov, nə də onun ailəsi tərəfindən bizə müraciət olunub. 

- Onsuz da məsələyə aidiyyatı instansiyada baxılıb, bu məsələyə nə mən, nə siz, nə də qeyrisi təsir edə bilər. 

- Məhkəmə qərarı ilə də tanış olmaq istəyirəm. Siz Sahib İbrahimov və ya həbsdə olan Məzahir  Cəfərovun İbrahimovların ailə üzvü olduğundan yəqin xəbərdarsız. 

- Mən nömrənizi çatdıracam, vaxtları olanda özləri zəng edəcəklər. 

- Mən zəngi gözləyəcəm. 

İ.Qasımov zəng eləmədi. S.İbrahimov da 1 həftədən çoxdur telefonunu qapalı saxlayır… 

H.Həmidova


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar