Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyevdən sensasion bəyanat... - Fotolar


Azərbaycan qazının Avropa bazarına çıxışını əngəlləməyə yönəlmiş intriqalara cavab olaraq prezident İlham Əliyev gözlənilməz bəyanatla çıxış edib


Prezident ilk dəfə Transadriatik Qaz Kəməri (TAP) layihəsinin həyata keçirilməsində problem yarana biləcəyinə işarə edib. 

Eyni zamanda İlham Əliyev xəbərdarlıq edib ki, əgər TAP layihəsinə bu və ya digər problem yaranarsa, Azərbaycan vəziyyətdən Türkiyəyə daha çox qaz satmaqla çıxacaq.

Azərbaycan prezidentinin uzun illərdir ölkənin enerji strategiyasını həyata keçirməkdə necə düzgün və dəqiq hesablanmış siyasət apardığı məlumdur. 

Təcrübə göstərib ki, İlham Əliyev ən mürəkkəb situasiyalardan çıxış yolu taparaq ölkənin milli maraqlarına söykənən enerji razılaşmalarının baş tutmasına nail ola bilir. Və Cənub Qaz Dəhlizinə dair razılaşmalar da bu siyasətin nəticəsi idi.



İndi prezident bu dəhlizin tam ölçüdə reallaşmasında Azərbaycandan asılı olmayan əngəllərin yarana biləcəyini deyir. Eyni zamanda xəbərdarlıq edir ki, Azərbaycanın bu situasiydan mümkün qədər az itki ilə çıxmaq üçün variantı var.

Prezidentin bu mühüm xəbərdarlığı “Buta Palace”də keçirilən Respublika Günü qəbulundakı çıxışında səslənib. Həmin gün rəsmi KİV-lər prezidentin çıxışından bu sensasion məqama o qədər də diqqət yönəltməyiblər. Lakin prezidentin çıxışı Azərbaycan qazının Avropa bazarlarına çıxışını əngəlləməyə yönələn səylərin göstərildiyini birbaşa təsdiq edir. 

Hansı ki, bu əngəlləri aradan qaldırmaq öhdəliyi birbaşa Avropa İttifaqının, Azərbaycanın avropalı tərəfdaşlarının vəzifələrinə daxildir. Və Azərbaycan prezidenti xəbərdarlıq edir ki, avropalı tərəfdaşlar TAP-a yönəlmiş əngəlləri aradan qaldırmaq üçün kifayət qədər siyasi qətiyyət göstərmir.



“Ümid edirəm ki, TAP qarşısında hər hansı süni maneə meydana çıxmayacaq, ancaq belə əngəllər meydana çıxsa, əlbəttə ki, bundan udan tərəf olmayacaq”- deyə prezident xəbərdarlıq edib.

İlham Əliyev əlavə edib ki, Azərbaycan qazının bazarlara çıxarılması üçün (hansı bazarlardan söhbət getdiyi dəqiqləşdirilməyib, ancaq tamamilə aydındır ki, söhbət Avropa bazarından gedir) konkret addımlar atılır.

“Hər halda qeyd etməliyəm ki, bizim bazarlara çıxışımızla bağlı heç bir narahatlıqlarımız yoxdur. Əgər TAP layihəsində bu və ya digər problem yaranarsa, o zaman biz Türkiyə bazarına daha çox qaz ixrac edəcəyik”- deyə prezident bildirib.

“Hesab edirəm ki, biz qarşımıza qoyulan məqsədlərə vaxtında,  ola bilsin daha tez çata biləcəyik. Sadəcə olaraq TAP layihəsinin bütün iştirakçıları məsuliyyətli olmalıdır və süni problemlər yaratmamalıdır”- deyə İlham Əliyev vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl də prezident çıxışlarının birində TAP layihəsinin qarşısında bəzi əngəllər yaratmaq cəhdlərinin olduğunu deyib. Lakin ilk dəfədir ki, İlham Əliyev bu layihənin baş tutmaması ehtimalına toxunur və xəbərdarlıq edir ki, Azərbaycanın vəziyyətdən çıxmaq üçün variantı var. Bu, Türkiyə bazarıdır.



Azərbaycan hazırda uğurla həyata keçirilməkdə olan TANAP kəməri ilə Türkiyəyə ildə 16 milyard kubmetr qaz nəql etməyə hazırlaşır. Əldə edilmiş hökumətlərarası razılaşmalara, alqı-satqı müqavilələrinə əsasən bu qazın 6 milyard kubmetri Türkiyənin daxili tələbatına yönəldiləcək. Qalan 10 milyard kubmetri isə Türkiyə-Yunanıstan sərhədindən başlanğıc götürəcək TAP kəməri ilə Yunanıstan, İtaliya və Albaniyaya nəql olunacaq.

Lakin indi prezident xəbərdarlıq edir ki, əgər TAP layihəsinə maneələr yaradılsa, Azərbaycan həmin həcmi də Türkiyə bazarına yönəldəcək. Bundan şübhəsiz ki, Azərbaycan da itirəcək. Çünki Türkiyə bazarında qazı Avropaya nisbətən daha ucuz satmalı olacaq. Lakin avropalı tərəfdaşların da itkiləri ciddi olacaq. Qaz alqı-satqı müqavilələri bağlandığına görə Azərbaycan qazının müştəriləri ala bilmədikləri qaza görə TAP-a əngəl yaradan ölkələrdən milyardlarla dollar kompensasiya tələb edə biləcək. Eləcə də Azərbaycan tərəfinin belə kompensasiya tələb etmək haqqı yaranacaq.



Doğrudur, Türkiyə bazarı uğrunda da kəskin rəqabət var. “Qazprom” Qara dənizin dibindən birtərəfli qaydada tikintisinə başladığı “Türk axını” kəməri ilə Türkiyəyə ildə 63 milyard kubmetr qaz çıxarmağa hazırlaşır. Özü də Azərbaycan qazından daha tez - 2018-cı ilin sonuna qədər!

Bu həcmin 10-13 milyard kubmetrini Türkiyəyə satmaq, qalanını Yunanıstan və Makedoniya üzərindən Avropaya nəql etmək planları var. Hərçənd ki, “Türk axını”ına dair bütün planlar ancaq sözdədir, bu layihəyə dair heç bir hökumətlərarası sənəd imzalanmayıb.

Buna baxmayaraq TAP-ın qarşısında əngəllər yaradılsa, Azərbaycan Türkiyə bazarında daha çox qaz satmaq üçün sərt rəqabətlə qarşılaşmağa məcburdur.

Bəs TAP-ın qarşısında yaradılan süni əngəllər hansılardır? Bu layihəni kim əngəlləyir, təkcə iştirakçı ölkələr, yoxsa başqa qüvvələrin də bu işdə barmağı var?

Virtualaz.org saytı bu mövzuda bir neçə dəfə təhlillərlə çıxış edib. Məlumdur ki, bu ilin əvvəlində Yunanıstanda radikal solçuların hökuməti formalaşandan sonra Afinanın TAP kəməri layihəsinə dair mövqeyi dəyişdi. Yeni hökumət əvvəlki hökumətin imzaladığı tranzit müqaviləsinə yenidən baxılmasını, Yunanıstana daha çox tranzit haqqı ödənilməsini tələb etməyə başladı.



Eyni zamanda yunan solçuları ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin SOCAR-a satışına dair müqaviləyə yenidən baxacağını bildirdi. Hansı ki, SOCAR bu şirkəti Azərbaycan qazının TAP kəməri ilə Avropaya nəqlində daha əlverişli mövqelərə malik olmaq üçün alırdı, başqa heç bir iqtisadi və kommersiya marağı yox idi.

Yunanıstanın solçu hökumətinin kaprizlərinin nəticəsidir ki, hələlik TAP kəmərinin bu ölkə ərazisindən keçən hissəsinin tikintisinə dair qərar verilməyib. Nəticədə TAP konsorsiumu BP-nin başçılıq etdiyi “Şahdəniz” konsorsiumunu xəbərdarlıq edib ki, kəmərin işə düşməsi üçün qoyulmuş müddət daha bir il uzadılır.

Son yenilənməyə görə, konsorsium kəmərin 2020-ci ilin sonuna qədər işə düşəcəyinə dair proqnoz verib.

Digər iştirakçı İtaliyada da TAP-a əngəllərin yaradıldığı məlumdur. Uzun müddət kəmərin Adriatik dənizi sahilinə çıxacağı Apiluya bölgəsində ətraf mühit fəalları və bəzi radikal siyasi qruplar TAP-a qarşı aksiyalar keçirib, əks-təbliğat aparılıb.

Arqumentlər belədir ki, kəmər İtaliyanın zeytun bağları ilə məşhur bölgəsində ətraf mühitə zərər vuracaq. Bu kampaniyaya baxmayaraq İtaliyanın federal hökuməti bir neçə gün əvvəl TAP-ın tikintisinə dair qərar qəbul edib. Ancaq Apuliya bölgəsinin yerli hökuməti qərardan şikayət etməyə hazırlaşır.

Hər iki ölkədə TAP-a qarşı əngəllər ilk baxışdan sırf daxili məsələ kimi görünə bilər. Lakin məsələyə dərindən və Avropa qaz bazarı uğrunda gedən geosiyasi mübarizə kontekstində baxanda aydın olur ki, “Azərbaycan borusu”unu əngəlləməyə çalışanlar təkcə yunan radikal solçuları və ya italyan ekoloqları, zeytunçuları deyil.

Bu işin arxasında Avropaya qaz ixracının üçdə ikisinə nəzarət edən, qitənin qaz təchizatı mənbələrini şaxələndirməyə yönəlmiş bütün layihələrə rəqib gözü ilə baxan Rusiyanın kölgəsini görməmək olmur. Yunanıstanın  hakim SYRİZA koalisiyasının Kremllə sıx təmasları məlumdur.



Prezident Vladimir Putin Yunanıstan baş naziri Aleksis Tsiprası “Türk axını” layihəsinə qoşulmaq üçün dilə tutur, yunanlara milyardlarla avro yardım paketi vəd edir. Layihənin Yunanıstan üçün necə sərfəli olacağını əsaslandırır.

O biri tərəfdən isə ABŞ Afinaya təzyiq edir ki, Putinin vədlərinə inanmasın. ABŞ Yunanıstanı “Türk axını” layihəsini rədd edib TAP-a dəstək verməyə çağırıb, bu məqsədlə öz nümayəndəsini Afinaya göndərib.

Ancaq yunan hökuməti hələlik bu təzyiqlərə məhəl qoymur. Və maraqlıdır ki, Avropa İttifaqı liderlərinin TAP kəmərinə dair Yunanıstana güclü çağırışları və təzyiqləri müşahidə edilmir. Axı Azərbaycan qazının Avropaya çıxışı Bakıya nə qədər vacibdirsə, “Qazprom”un cəngindən xilas olmaq yolları axtaran Brüsselə bundan daha artıq vacibdir, elə deyilmi?

İtaliyaya gəldikdə isə bu ölkədə də Kremlin yaxşı dostları və güclü əlaqələri var. Hansısa ekoloji bəhanalərlə TAP-a qarşı təbliğat təşkil etmək elə də çətin deyil. Hərçənd ki, bütün əsas səylər Yunanıstana və TAP-ın bu ölkədən keçən hissəsinin əngəllənməsinə yönəlib. Bu da tamamilə məntiqi görünür - TAP İtaliyanın cənubunda sahilə çıxmazdan əvvəl Yunanıstan ərazisindən keçməlidir.

Görünür, təsadüfi deyil ki, “Qazprom” rəhbəri Aleksey Miller mayın 28-də TAP kəmərinin hər dəfə bir il təxirə salınmasından məmnunluqla danışanda bütün bu amilləri nəzərə alırdı.

A.Miller bildirib ki, “Qazprom”un Avropa bazarında heç 10 min kilometrliyinə də yaxınlaşa biləcək rəqibi yoxdur. Azərbaycan qazının Avropa bazarlarına çıxışı isə hər dəfə bir il təxirə salınır.

“Bu layihənin iştirakçıları əvvəl deyirdilər ki, qaz nəqli 2017-ci ildə başlayacaq. İndi 2021-ci il haqda danışırlar, ötən dörd il ərzində hər il üstünə bir il gəlirlər. Və ekspertlər deyirlər ki, hər dəfə üstünə bir il gəlmək tendensiyası davam edəcək”- deyə Miller bildirib.

A.Millerin bu sözləri deyərkən hansı analitiklərə əsaslandığını məlum deyil. Lakin bu məlumdur ki, “Qazprom” Yunanıstan amilini nəzərdə tutur. Eyham vurur ki, Rusiyanın TAP-ı tam əngəlləmək də olmasa, istədiyi qədər ləngitmək imkanları var... (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar