Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Çovdarovun oğluna sərt cavablar gəldi


Həbsdəki generalın döydüyü jurnalist Aqil Xəlil: “Ortada fakt var, video var; İnsan nə qədər arsız olar ki, bunları dansın”


Ləğv edilmiş MTN-in hazırda həbsdə olan generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarovun “Yeni Müsavat”a verdiyi müsahibə ciddi rezonans doğurub. 

Xüsusən də onun jurnalist Aqil Xəlilin döyülüb bıçaqlanması, eləcə də Elmar Hüseynovun qətli ilə bağlı dedikləri oxucularda narazılığa səbəb olub. R.Çovdarovun A.Xəlil barədə dediklərini yada salaq: 


“Birincisi, Akif Çovdarov MTN-də yüksək vəzifədə olan adam idi. Polkovnik idi onda. Aqil Xəlilsə onda heç jurnalist deyildi, ”stajor" idi. Yəni siz nə dərəcədə ağlabatan hesab edirsiz ki, MTN-in polkovniki, canlı-cəsədli adam düşsün jurnalistin dalınca, onu tutub döysün? Bu, mümkün idimi, sizcə? Orda təhlükəli hansı hadisə var idi? Yazırdılar ki, Akif Çovdarov “Zeytunluq”da torpaqlar alır. İstintaq həmin vaxt da araşdırdı. Gedin siz də maraqlanın. Akif Çovdarovun adına Zeytunluqda torpaq sahəsi olubmu, varmı? Aqil Xəlillə bağlı hadisəni mən jurnalist fantaziyası hesab edirəm. Populyarlaşmaq, süni ajiotaj yaratmaq üçün atamın adından istifadə etdilər. Aqil Xəlilin bıçaqlanmasına gəlincə, əgər gerçəkdən elə bir şey olsa, indi cinayət işində bu hadisənin də adı olardı. Əgər o, gerçəkdən bıçaqlanmışdısa, gəlib şikayət edərdi". 



Hazırda Londonda təhsil alan Aqil Xəlil “Yeni Müsavat”a R.Çovdarovun onun barəsində, ümumən isə bu hadisə ilə bağlı dediklərinə rəy bildirdi. Müsahibimiz dedi ki, onun üçün Çovdarovların nə deməsi həqiqətən də maraqlı deyil: “Ortada fakt var, video var. İnsan nə qədər arsız olar ki, bunları dansın. Vaxtımın bir saniyəsini belə onlara ”həsr etdiyimə" çox təəssüflənirəm. Sadəcə, jurnalist həmkarıma hörmət olaraq sualları cavablandırıram. Tək onu deyə bilərəm ki, o zamanlar bir qanqsterin əlindən öz ölkəmdə haqlarım tapdanaraq, ölümlə mübarizə apararkən, həmin o Çovdarovun oğlu Londonda atasının və hökumətin hesabına kef edirdi. Təsadüfə baxın ki, hazırda Londonda təhsilim və karyeramı davam etdirirəm. Və üstəlik, kef də edirəm. Amma onlardan fərqli olaraq, nə atam qatildir, nə də rejimin quluyam. Baxın, taleyin əsl möcüzəsi budur! Çəkin cəzanızı! Mən bir də bu mövzuya qayıtmaq istəmirəm". 

Tanınmış jurnalist Eynulla Fətullayev isə elə müsahibənin ilk hissəsi yayımlananda R.Çovdarovun dediklərinə etirazını bildirmişdi. Müsahibə tam yayımlanandan sonra isə ondan bir daha R.Çovdarovun atası ilə bağlı dediklərinə münasibət öyrənmək istədik. Müsahibimiz dedi ki, 2005-ci ildən Azərbaycandakı bütün quldurluq və əks-sədalı cinayət hadisələri, insan oğurluğu, Bakı şəhərində biznesmenlərin başına torba keçirilib, MTN-in zirməmisinə aparılması olayları A.Çovdarovun adı ilə bağlıdır. 

E.Fətullayev dedi ki, A.Çovdarov Hacı Məmmədovdan fərqli olaraq bunu leqallaşdırmışdı: “Sonrakı proseslərdən məlum oldu, Hacı Məmmədova heç kim himayədarlıq etmirdi. Əməlləri üzə çıxandan sonra zərərsizləşdirildi. Amma Akif Çovdarov bunu birbaşa rəhbərinin göstərişi ilə həyata keçirirdi. O, bütün bu cinayətləri leqallaşdırırdı. Onun şəxsi zirzəmiyə ehtiyacı yox idi. Hacı Məmmədov mütəşəkkil cinayətkar qrup yaratmışdı. Bunu DİN qismində yox, qanqster qismində həyata keçirirdi. Akifsə bunu MTN generalı kimi həyata keçirdi”. 

Eynulla Fətullayev: “Mən düşünürdüm ki, onun ailəsi, yaxınları utandıqlarından zirzəmilərdə gizlənərlər; amma bunlar müsahibə verir və Çovdarovun ictimai müdafiəsini təşkil etmək istəyirlər”

E.Fətullayev dedi ki, onun şəxsən tanıdığı 30-40 tanınmış biznesmen zamanında başına torba keçirilərək MTN-ə aparılıb: “Akif Çovdarovu bu məmləkətdə oğlundan başqa müdafiə edən şəxs tapılmaz. Ölkədə bu cür hadisələr yaşanır, törədilirsə, Ruslan Çovdarovun bir şeydə bəxti gətirib ki, Azərbaycan hüquqi dövlətdir, hüquq-mühafizə orqanları Azərbaycanda kriminogen duruma nəzarət edir. Azərbaycan Ruslan üçün təhlükəsiz dövlətdir. O, Azərbaycandan kənarda özünü təhlükədə hiss etməlidir. Ölkədə minlərlə insan var ki, ondan qisas almaq istəyərdi. Akif Çovdarov onlardan halal mallarını-pullarını alıb, yaxınlarının canlarını alıb. Biz hamımız Azərbaycanda yaşayırıq, bura Yupiterdən köçməmişik”. 

E.Fətullayev dedi ki, A.Çovdarovun guya “günah keçisi” elan edilməsi ilə bağlı ailəsinin sərgilədiyi mövqe də yersizdir. Müsahibimizin sözlərinə görə, MTN-in 19 generalı həbs olunub. Bundan başqa, E.Fətullayev niyə məhz diqqətin A.Çovdarovun üzərində cəmləşməsinə də aydınlıq gətirdi: “Çünki bu adam Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına, siyasi aktivistlərə qarşı bu əməlləri edib. Əsasən siyasi olaylarla, ictimai fəaliyyətlə məşğul olan insanlara qarşı cinayətlər törədib. MTN-in digər generalı Sübahir Qurbanov da cinayətlər törədib. Amma o, bunu daha çox elə insanlara qaşı edib ki, onlar bu haqda açıq danışmağa qorxublar. Çovdarovdan narazı olan yüzlərlə insanın ifadəsi var. Onlar deyirlər ki, biz Eldar Mahmudova müraciət edəndə onları Akif Çovdarova yönləndirib. Çovdarov Eldar Mahmudovun şəxsi cəlladı olub”. 

E.Fətullayev R.Çovdarovun atası barədə dediyi “atam qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə aparıb” sözlərinə də aydınlıq gətirdi. Dedi ki, A.Çovdarovla E.Mahmudovun kriminal uyğunlaşması həmin vaxtdan başlayıb: “Onların hər ikisi DİN orqanlarından xaric olunub. Hilal Əsədov, Eldar Mahmudov və Akif Çovdarovu o zaman kriminal maraqlar birləşdirmişdi”. 

Image result for Eynulla Fətullayev
Müsahibimiz hesab edir ki, R.Çovdarovun “əgər atamın Elmar Hüseynovun və Aqil Xəlilin işində əli olsaydı, istintaq bunu da üzə çıxarardı” sözləri isə reallıqdan uzaqdır. E.Fətullayevin sözlərinə görə, istintaq hələ davam edir, məhkəmə isə hazırda bir epizod üzrə gedir: “Digər qətllərlə bağlı istintaq gedir. Biz bilmirik ki, hansı hadisələr açılacaq. Bir ilə yaxındır ki, bu qrup ifşa olunub. Şəxsən Akif Çovdarov onları qətlə yetirməyib. Amma o, bu qətllərin təşkilatçısıdır. Biz bilmirik ki, bu cinayətkarlar birbaşa həyatdadır, ya yox. Mən əminəm ki, məsələ bitmiş sayılmır. Çünki bir çox suallar var. Bu insanların antidövlət fəaliyyəti barədə də xeyli məqamlar var və üzə çıxacaq”. 

Jurnalist dedi ki, A.Çovdarovun guya dövlətə, prezidentə sadiq olması barədə oğlunun dedikləri də cəfəngiyatdır. Müsahibimizin fikrincə, bunca quldurluq edən şəxs Azərbaycan insanlarını hakimiyyətə qarşı yönəldib, özü də dövlətin generalı ranqında: “Bununla da insanların nifrətini hakimiyyətə qarşı yönəldirdi. Budur prezidentə sədaqət? Prezidentə sadiq şəxs ilk növbədə vətəndaş cəmiyyətində olan narazılığı müəyyən mənada öz fəaliyyəti ilə azaltmalıdır. Onlar Azərbaycanın biznes elitasını, sahibkarlıq zümrəsini məhv etdilər. Həyasızlığın da həddi-hüdudu olmalıdır. Mən düşünürdüm ki, Akif Çovdarovun ailəsi, yaxınları utandıqlarından zirzəmilərdə gizlənərlər. Amma bunlar müsahibə verir və Çovdarovun ictimai müdafiəsini təşkil etmək istəyirlər. Aqil Xəlili gözümüzün qabağında döyüb öldürmək istəmirdi? Orada müdaxilə olmasaydı, məktəblilər yaxınlaşıb onu xilas etmək istəməsəydi, bu adam Aqili simlə boğub öldürürdü. Hesab edək ki, digər əməllərlə bağlı istintaq keçirilməli idi. Amma Aqilin bıçaqlanması, Rafiq Tağının xəstəxanada birdən-birə öldürülməsini də Eynulla uydurub? Məktəbdə oxuyanda faşistlərə dərin nifrətim var idi.  İndi də Azərbaycan faşistlərinə nifrətim böyükdür və azalmayacaq”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar