Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda “Soso qalmaqalı”....



Vətənpərvərlər etiraz edir, XİN icazə verir, Emin Ağalarov isə hamını səbrli olmağa çağırır


Soso Pavliaşvilidən zəhər kimi sözlər: “Qarabağı qaytarmaq istəyirlərsə, hücum qrupu yaradıb, gedib qaytarsınlar”
 
Gürcü müğənni Soso Pavliaşvilinin Azərbaycana gözlənilən səfəri və bununla bağlı yaranan qalmaqal ciddi müzakirə mövzusudur. Hər şey gürcü müğənninin Bakıya gəliş xəbərinin yayılmasından sonra Azərbaycanın xalq artisti Ramiz Fətəliyevin məktubu ilə başladı. R.Fətəliyev S.Pavliaşvilidən Bakıda planlaşdırılmış konsertdən imtina etməsi ilə bağlı xahiş məktubu dərc etdi.
 
Azərbaycan kino xadimi həmin məktubda bildirib ki, Soso Qarabağda münaqişələr zamanı Ermənistana səfər edən ilk müğənnilərdəndir, bu səbəbdən də Bakıda çıxış etməyə haqqı yoxdur. 

Amma bu müraciətə S.Pavliaşvili tərəfindən verilən cavab öz hədsizliyi və kino xadimini aşağılayan tonları ilə yadda qalıb. Müğənni deyib ki, onun konsertləri siyasi xarakter daşımır. Ardınca isə aşağıdakı kimi  həddini aşan ifadələrdən istifadə edib: “Siz mənim üçün narahat olmayın. Ağzına gələni danışmaq bekar adamların işidir. Onlara gəmirmək üçün sümük lazımdır. 80-ci illərin sonunda bəzi bədheybətlər əllərinə bıçaq alaraq uşaq və qadınları doğramağa başlayıblar. Bakıya gəlib-gəlməyəcəyimi dramaturqdan soruşmayacağam, onun kim olduğunu bilmirəm. İndi populyar oldu, bu səbəbdən onu təbrik edirəm. Buna görə mənə bir şüşə konyak hədiyyə etsin. Mənim konsertimə dəvət edirəm, gəlsin. Mən sülhsevər insanam. İnsanlarla milliyyəti və ya etiqadına görə yox, hərəkətlərinə görə dostluq edirəm. Allah mənə istedad verib, bunlar üçün oxu, o birilər üçün isə oxuma deməyib. Bu qışqırıq salanlar isə Qarabağı qaytarmaq istəyirlərsə, hücum qrupu yaradıb, gedib qaytarsınlar. Özləri üçün divanda uzanıb, Sosonun gəlib-gəlməyəcəyini düşünürlər. Qarabağın qaytarılması bundan asılı deyil, şükür Allaha. Mən Qarabağı heç kimin əlindən almamışam. Məni harada gözləyirlərsə, ora da gedirəm və oxuyuram!  Bakıdan mənə zəng edirlər və deyirlər ki, ”Soso, biz sənin mahnılarını oxuyuruq, sağ ol ki, varsan. Bakı səni sevir!" Hər bir insan öz fikrini deməkdə azaddır. Demək istəyirsə, qoy desin. Mən heç zaman münaqişəni qızışdırmamışam. Yanan odu hər zaman söndürməyə çalışmışam. Ermənilərlə dostluq etmişəm, edirəm, edəcəyəm də, heç kimdən soruşmayacağam. Mən heç valideynlərimdən çoxdandır ki, kiminlə dostluq edəcəyimə dair məsləhət almıram. Bakıda tezliklə xeyriyyə konsertimiz olacaq. Mən hamını böyük məmnuniyyətlə həmin konsertə dəvət edirəm. Gəlmək istəmirlər, ömürləri uzun olsun, 100 il yaşasınlar, onlara əmin-amanlıq arzu edirəm!", - deyə Soso Pavliaşvili bildirib.

R.Fətəliyev isə “ermənilərin dostu”na aşağıdakı kimi cavab verib və onun səviyyəsinə enməyib: “İndicə bu şəxsin cavabını oxudum. Hələlik onu deyə bilərəm ki, onunla bir məsələdə razıyam - bir butulka konyak məndən! Ona görə ki, mənim iddiam məhz onun hərəkətlərinədir, onun millətinə və ya hansısa digər bir istəyinə görə deyil. Məhz onun bizə qarşı etdiyi hərəkətə görə də mən istəməzdim ki, o, Bakıya gəlib, burada konsert versin. Amma hardasa görüşsək, məni ”məşhurlaşdırdığına" görə ona konyak bağışlayacam - bu problem deyil, bu, sadəcə, onun kino aləmindən xəbərsiz olduğunu göstərir. Biz cənab Pavliaşvilinin yaddaşının zəif olduğuna öyrəncəliyik".

Bu arada Soso Pavliaşvili, eləcə də Bakıya gələcək digər musiqiçi Timur Temirov Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, Azərbaycan  ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş ediblər. Azərbaycan Xarici İşlər Nazirliyindən yayılan xəbərdə isə bildirilir ki, bir müddət bundan əvvəl KİV-də Soso Pavliaşvilinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri və Timur Temirovun isə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin təşviqi ilə məşğul olması barədə məlumatlar verilmişdi.

Məktubda onlar həmçinin Azərbaycan xalqına, onun mədəniyyəti və musiqisinə böyük hörmət və ehtiram bəslədiklərini və ölkəmizin qonaqpərvərlik ənənələrini yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycana səfər etmək və tezliklə Bakıda konsert proqramları ilə çıxış etmək arzusunda olduqlarını bildiriblər.

Timur Temirov və Soso Pavliaşvilinin müraciətləri müvafiq qaydada nəzərdən keçirilib və Azərbaycan ərazisinə daxil olmaq üçün icazə verilib.

S.Pavliaşvili isə bildirib ki, adının Azərbaycanın “qara siyahı”sından çıxarılmasına sevinib: “Mən buna çox sevinirəm, çünki yaradıcı insanlar siyasi məsələlərlə, qadağalarla, ideologiyalarla məhdudlaşdırılmamalıdırlar”. O, adının “qara siyahı”ya necə düşdüyünü, onun Azərbaycanın gözündə reabilitasiyaya necə nail ola bildiyini danışıb. “Bu, dostum Emin Ağalarovun məni keçən il ”Jara" festivalına dəvət etdikdən sonra baş verib. Mən ona Azərbaycana buraxılmamaq səbəbini başa saldım. Emin adamlarla danışdı və hamı başa düşdü ki, bu cəfəngiyyatdır" deyə, müğənni qeyd edib.

O bildirib ki, bu ilin dekabrında Bakıda konsert proqramı planlaşdırır. Tədbirdən yığılan vəsait isə xeyriyyəçiliyə yönəldiləcək.

Müğənni-bəstəkar Emin Ağalarov, yəni konsertin təşkilatlçısı isə “1news.az”a açıqlamasında bu məsələyə aydınlıq gətirib: “”Bu insanların Azərbaycana gəlməsinə icazə verilən rəsmi kağızlar var. Bu məsələyə münasibətim belədir - hər iki sənətçi Azərbaycanla bağlı fikirlərini bölüşüb. Əgər onlar Bakıya gəlməyə hazırlaşırlarsa, deməli, səhvlərini başa düşüb, tutduqları mövqeyə görə, tam cavabdehlik daşıdıqlarını bilirlər.

Həmvətənlərimi qonaqpərvər və tolerant olmağa səsləyirəm. Səbirli olub, onların Azərbaycana gəlişini və hiss etdiklərini Bakıda özlərinin demələrini gözləsinlər. Payızın sonu, qışın ilk aylarında mən və komandam tərəfindən Bakıda Soso Pavliaşvilinin konserti təşkil ediləcək. Ümid edirəm ki, özüm də bu xeyriyyə tədbirində iştirak edə biləcəyəm. Bu təklif Sosonun özündən gəlib. Konsertdə satılacaq biletlərin pulu xəstə uşaqların müalicəsinə sərf olunacaq. Onun gəlişini istəməyən və KİV vasitəsilə hər kəsi konsertə getməməyə səsləyən, damarında azərbaycanlı qanı axan hər kəsə müraciət etmək istəyirəm. Mənim damarlarımdan müsəlman, Azərbaycan qanı axır və mən bu konsertin təşkilatçısıyam. Hər kəsi bu istedadlı insanın konsertinə gəlib, zövq almağa çağırıram. Hətta deyim ki, Soso 2017-ci ildə baş tutacaq “Jara” festivalının qonağı olacaq. Soso Azərbaycanı çox sevir, hər zaman hər yerdə ölkəmiz haqda müsbət fikirlər deyir. Əminəm ki, onun Bakı səfəri zamanı həmvətənlərim bunun şahidi olacaqlar. Hər kəsi sakit olmağa səsləyirəm, musiqi və dostluq bizi xoşbəxt edəcək".

E.Ağalarov eyni zamanda bildirib ki, boykota səsləyənlərin arasında onunla iyirmi ilə yaxındır dostluq edən şəxslər var: “Onlar bilirlər ki, Soso mənim qonağımdır və buna baxmayaraq, belə çağırışlar edirlər. Bu, onların vicdanına qalıb. Virtual aləmdə vətənpərvər olmaq asandır. Sözdə hamı vətənpərvərdir. Bəs əslində onlar nə edirlər?”

 Hələlik böyük qalmaqal bu mərhələdədir. S.Pavliaşvilinin konsertinə isə iki ay var. O vaxta qədər gürcü müğənninin onun gəlişinə etiraz edənləri necə və hansı sözlərlə təhqir edəcəyi isə sual işarəsi yaradır.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar